az | ru | en
 
  ГЛАВНАЯ   MİLLİ ARXİV
  ARXİV İŞİ   ARXİV ŞƏBƏKƏSİ   BEYNƏLXALQ ƏMƏKDAŞLIQ   QANUNVERİCİLİK   QALEREYA   ƏLAQƏ
  





MƏKTUB YAZ
QƏBUL GÜNLƏRİ
MENU
Mərkəzi Ekspert-Yoxlama komissiyası
Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi
Nəşrlər
Linklər
E L A N L A R
TARİX

 

1920-ci ildə Azərbaycanda "Vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında" dekret imzalanmışdır.


1921-ci ildə Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi kimi fəaliyyətə başladı.


1922-ci ildə Mərkəzi dövlət arxivinə rəhbərlik bilavasitə Azərbaycan Respublikası Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət (MİK) Heyətinə həvalə olunur.


1925-ci ildə Naxçıvan Muxtar Respublikasının Mərkəzi arxivi yaranır.


1928-ci ildə Azərbaycanın qəzalarında qəza arxiv bürolarının yaradılmasına başlanılır.


1930-cu ildə Arxivlərin fəaliyyət dairəsi genişləndirilir və onların işlərinin canlandırılmasıüçün Azərbaycan SSR MİK Rəyasət Heyəti Respublika Mərkəzi Arxiv İdarəsinin yaradılması haqqında qərar qəbul edir və onun Əsasnaməsini təsdiq edir. Bu Əsasnaməyə görə Mərkəzi Arxiv İdarəsinə yalnız sənədlərin komplektləşdirilməsi, sistemləşdirilməsi və mühafizəsi deyil, həmçininsiyasi, xalq təsərrüfatı və mədəni quruculuq işlərinə kömək məqsədilə elmi-tədqiqat işlərində arxiv sənədlərindən istifadənin təşkili işi də tapşırılır. Azərbaycan SSR MİK Rəyasət Heyətinin qərarı ilə həmin ilin aprelində 1920-ci ildə yaradılmış mərkəzi arxivin bazasında Respublikamızda iki mərkəzi dövlət arxivi: Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivi (kino-foto şöbəsi ilə) və Mərkəzi Dövlət Tarix Arxivi yaradılır.


1938-ci ildə Azərbaycanda arxiv təşkilatları xalq daxili işlər komissarlığının tabeçiliyinə verilir.


1960-cı ildə Arxiv təşkilatları daxili işlər nazirliyinin tabeliyindən Azərbaycan Respublikası Nazirlər Sovetinin tabeliyinə verilir.


1966-cı ildə Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi yaradılır.


1968-1969-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Dövlət Səs Yazıları Arxivi və Mərkəzi Dövlət Elm, Texnika və Tibb Sənədləri Arxivi, 15 şəhər və rayon mərkəzlərində Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivinin filialları yaradılır, 50 rayon dövlət arxivi isə sənədlərin müvəqqəti mühafizəsini həyata keçirən dəyişən tərkibli arxivlərə çevrilir.


1999-cu ildə «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilir.


2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» 816 Nli Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini yaradılır.

Bu gün Azərbaycan Respublikasının arxiv sisteminə bilavasitə Milli Arxiv İdarəsinə tabe olan respublika əhəmiyyətli 6 dövlət arxivi, Dövlət arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının dövlət arxivi, habelə 55 rayon və şəhər dövlət arxivləri daxildir.


 AZƏRBAYCANDA  ARXİV QURUCULUĞU TARİXİNDƏN 


Azərbaycanda arxiv quruculuğu çox çətin və ağır bir yol keçmişdir. Qədim dövlətçilik tarixinə və mədəniyyətə malik Azərbaycan strateji bir region kimi daima yadelli işğalçıların diqqətini cəlb etmişdir. Uzun illər Azərbaycanın ərazisi müxtəlif işğalçı dövlətlərin mübarizə meydanına çevrilmişdi. Nəticədə də bu ərazidə yaranan qiymətli arxiv sənədləri ya məhv edilmiş, yaxud da xarici işğalçılar tərəfindən talanıb aparılmışdır. Bu gün Avropa, Asiya, Amerikanın müxtəlif ölkələrindəki muzey və arxivlərdə xalqımızın tarixinə aid saxlanılan çoxlu qiymətli sənədlər və nadir əlyazmaları dediyimizə əyani sübutdur.

İyirminci əsrin əvvəllərinə qədər Azərbaycanda dövlət idarəçiliyinin əsas atributlarından olan və hər bir xalqın mənəvi sərvətini təşkil edən arxiv olmamışdır. Ölkəmizdə arxiv işinin əsası yalnız 1920-ci il dekabr ayının 6-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış «vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında» dekretlə qoyulmuşdur. Həmin dekretə müvafiq olaraq Azərbaycan ərazisində keçmişdə mövcud olmuş və dekret verilərkən fəaliyyətdə olan idarə, təşkilat və müəssisələrin arxivləri Vahid dövlət arxiv fondunun tərkibinə daxil edilməli və kargüzarlıqdan qurtarmış işlər isə mərkəzi dövlət arxivinə verilməli idi. 1921-ci ilin yanvarından Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi oldu. 

Azərbaycanda sovet hakimiyyətinin ilk illərində respublikanın arxivçiləri çar hakimiyyəti orqanlarının Bakı və Yelizavetpol quberniyalarındakı idarələrin, Azərbaycan ərazisində fəaliyyət göstərmiş xüsusi firmaların, ictimai təşkilatların, habelə 1918-1920-ci illərdə yaranmış ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə aid sənədlərin toplanılması və qaydaya salınması sahəsində fəaliyyət göstərmişlər. 

1922-ci ilin avqustunda Mərkəzi Dövlət Arxivinə rəhbərlik bilavasitə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət (MİK) Heyətinə həvalə olunur ki, bu da arxiv orqanlarının nüfuzu və rolunun artmasına kömək edir. 20-ci illərdə yerlərdə də arxiv təşkilatları yaradılırdı. 1925-ci il dekabrın 13-də Naxçıvan Muxtar Respublikasında Mərkəzi arxiv, 1928-ci ildən isə Azərbaycanın qəzalarında qəza arxiv bürolarının yaradılmasına başlanılır. 

1930-cu ildə arxivlərin fəaliyyət dairəsi genişləndirilir və onların işlərinin canlandırılması üçün Azərbaycan SSR MİK Rəyasət Heyəti Respublika Mərkəzi Arxiv İdarəsinin yaradılması haqqında qərar qəbul edir və onun Əsasnaməsini təsdiq edir. Bu Əsasnaməyə görə Mərkəzi Arxiv İdarəsinə yalnız sənədlərin komplektləşdirilməsi, sistemləşdirilməsi və mühafizəsi deyil, həmçinin siyasi, xalq təsərrüfatı və mədəni quruculuq işlərinə kömək məqsədilə elmi-tədqiqat işlərində arxiv sənədlərindən  istifadənin təşkili işi də tapşırılır. Azərbaycan SSR MİK Rəyasət Heyətinin qərarı ilə həmin ilin aprelində 1920-ci ildə yaradılmış mərkəzi arxivin bazasında respublikamızda iki mərkəzi dövlət arxivi: Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivi (kino-foto şöbəsi ilə) və Mərkəzi Dövlət Tarix Arxivi yaradılır. 

Otuzuncu illərdə yerlərdə arxiv sənədlərinin mühafizəsi və istifadəsi məqsədi ilə respublikanın bir sıra şəhər və rayonlarında arxiv büroları yaradıldı ki, onlar da sonralar şəhər və rayon dövlət arxivlərinə çevrildilər. 

1938-ci ildə bütün sovetlər birliyində olduğu kimi Azərbaycanda da arxiv təşkilatları xalq daxili işlər komissarlığının tabeçiliyinə verilir. 1960-cı ilə qədər arxivlərin daxili işlər komissarlığı orqanlarına tabe edilməsi demək olar ki, arxivləri qapalı təşkilatlara çevirir, bu da arxivlərdə elmi-tədqiqat işlərinin aparılmasına və arxiv sənədlərindən istifadəyə böyük əngəllər törədirdi. 

1960-cı ildə keçmiş  SSRİ-nin başqa respublikalarında olduğu kimi arxiv təşkilatları respublikamızda da daxili işlər nazirliyinin tabeliyindən Azərbaycan SSR Nazirlər Sovetinin tabeliyinə verilir. Bundan sonra arxiv işinə və arxiv sənədlərindən istifadəyə diqqət artırılır, dövlət arxivləri şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi işinə başlanır. 1966-cı ildə Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, 1968-1969-cu illərdə isə Azərbaycan SSR Mərkəzi Dövlət Səs Yazıları Arxivi və Mərkəzi Dövlət Elm,Texnika və Tibb Sənədləri Arxivi, 15 şəhər və rayon mərkəzlərində  Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivinin filialları yaradılır, 50 rayon dövlət arxivi isə sənədlərin müvəqqəti mühafizəsini həyata keçirən dəyişən tərkibli arxivlərə çevrilir. 

SSRİ dağıldıqdan sonra keçmiş partiya arxivi Baş Arxiv İdarəsinin sərəncamına verilərək Nazirlər Kabinetinin qərarı ilə onun bazasında Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi yaradılır.           

Bu gün Azərbaycan Respublikasının arxiv sisteminə bilavasitə Milli Arxiv İdarəsinə tabe olan respublika əhəmiyyətli 6 dövlət arxivi, Dövlət arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının dövlət arxivi, habelə 55 rayon və şəhər dövlət arxivləri daxildir. 

Milli Arxiv İdarəsi sistemində sənədlərin bərpası, cildlənməsi, qiymətli və nadir sənədlərin sığorta fondunun yaradılması üçün xüsusi laboratoriya da  fəaliyyət göstərir. 

Azərbaycan müstəqillik əldə edənə qədər respublika dövlət arxivləri barədə söhbət gedərkən burada bir məsələyə xüsusi diqqət yetirməliyik. 1922-ci ildə SSRİ-nin yaranması ilə əlaqədar ayrı-ayrı respublikaların xarici və daxili siyasət sahəsindəki nisbi sərbəstlikləri başqa sahələrdə olduğu kimi arxiv işi sahəsində də tədricən məhdudlaşdırılmağa başlanır. Əgər N.Nərimanovun dekreti ilə Azərbaycan SSR-də  vahid dövlət arxiv fondu yaradılmışdısa da sonralar bu səlahiyyətlər müttəfiq respublikaların əlindən alınaraq arxiv təşkilatları ittifaq-respublika tabeli orqana çevrilir, onların işinə məhz Moskvadan rəhbərlik edilməyə başlanılır. Artıq arxivlər öz işləri haqqında respublika hakimiyyət orqanları qarşısında deyil ittifaq təşkilatları qarşısında əvvəlcə Daxili İşlər Nazirliyinin Baş Arxiv İdarəsinə sonra isə SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinə hesabat verir, onlara əməli rəhbərlik də bu təşkilat tərəfindən həyata keçirilirdi.

Bunun üçün hüquqi baza isə SSRİ Xalq Komissarlar Sovetinin 1920-30-cu illərdə qəbul etdiyi arxiv işinə aid bir sıra qərarları və 1958-ci il avqust ayının 13-də SSRİ Nazirlər Soveti tərəfindən təsdiq olunmuş «Sovet İttifaqının dövlət arxiv fondu haqqında əsasnamə» idi. Həmin Əsasnamədə deyilirdi: «Sovet İttifaqının Dövlət arxiv fondu sənəd materiallarını  mərkəzləşdirilmiş şəkildə hesaba almaq, saxlamaq, elmi və əməli cəhətdən istifadə etmək üçün təşkil olunmuşdur. 

Sovet İttifaqının Dövlət arxiv fondu yarandığı vaxtdan nə kimi texnika və üsulla istehsal olunduğundan asılı olmayaraq, Sovet dövlətinə məxsus olan elmi, siyasi və əməli əhəmiyyətli sənəd materiallarının məcmusunu təmsil edir.» 

1980-cı il aprel ayının 4-də SSRİ Nazirlər Soveti tərəfindən təsdiq edilmiş Dövlət arxiv fondu haqqında yeni Əsasnamədə isə bütün yuxarıda göstərilənlərə bu da əlavə edilmişdir ki: «SSRİ Dövlət Arxiv Fondu SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin sərəncamındadır.» Göründüyü kimi bütün ittifaq ərazisindəki arxivlər mərkəzə – SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinə tabe edilmişdir. Yəni başqa müttəfiq respublikalar kimi Azərbaycan da faktiki olaraq özünün mənəvi sərvətləri olan arxivlərinin tam hüquqlu sahibi deyildi.  

Azərbaycan xalqı öz mənəvi sərvəti olan arxivlərinə  yalnız 1991-ci ildə keçmiş SSRİ dağıldıqdan sonra sahib oldu. Özünün tam müstəqilliyini əldə etmiş respublikamızın ərazisində olan bütün arxivlər Azərbaycan xalqının həqiqi mənəvi sərvətinə çevrildi. Bu sənədlər üzərində sahiblik hüququ Azərbaycan xalqına məxsus oldu. İllərlə yeddi qıfıl arxasında gizlədilmiş bu sənədlərdən tariximizin tədqiqində geniş şəkildə istifadə olunmağa başlandı. Arxivlərimiz beynəlxalq arxiv təşkilatları və ayrı-ayrı dövlətlərin arxiv xidməti orqanları ilə əlaqələr yaratdı. 1996-cı ildə Baş Arxiv İdarəsi YUNESKO yanında Beynəlxalq Arxiv Şurasına tam hüquqlu üzv qəbul edildi. Arxivlərimiz Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin arxivləri ilə yanaşı bir sıra qonşu  ölkələrin arxivləri, xüsusilə Türkiyə və İran arxivləri ilə geniş əlaqələr yaratdı. Bu gün ABŞ, İngiltərə, Fransa, Almaniya, Türkiyə, İran, Belçika, Polşa və başqa ölkələrdən olan tədqiqatçılar respublikamızın arxivlərində saxlanılan elmin müxtəlif sahələrinə aid sənədlərdən geniş istifadə edirlər. Bu ölkələrin arxivlərində saxlanılan xalqımızın tarixinə aid sənədlərin toplanması üçün bizim qarşımızda geniş imkanlar yaranmışdır. Yalnız maddi çətinliklər üzündən bu gün biz həmin imkanlardan tam şəkildə istifadə edə bilmirik. Ancaq tez bir zamanda belə bir şəraitin yaranacağına da şübhə etmirik. 

Yenidən müstəqilliyini əldə etmiş Respublikamızda başqa sahələrdə olduğu kimi arxiv işi sahəsində də müstəqil dövlətə məxsus yeni qanunvericilik və normativ aktlar yaranmalıydı. «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikasının Qanunu bu işin həyata keçirilməsi üçün demək olar ki, məhək daşıdır. Onu da qeyd etmək lazımdır ki, keçmiş SSRİ məkanında arxiv işinə aid heç vaxt qanun qəbul edilməmiş, arxiv işi sahəsində normativ aktlar yalnız SSRİ  Nazirlər Sovetinin təsdiq etdiyi «SSRİ Dövlət arxiv fondu haqqında Əsasnamə» ilə tənzimlənmişdir. SSRİ dağıldıqdan sonra keçmiş Sovetlər İttifaqı ərazisində yaranmış respublikaların hamısında arxiv işinə aid yeni qanunlar qəbul edilmişdir. 

Respublikamızda da Milli arxiv fondu haqqında qanunun layihəsinin hazırlanması üzərində uzun müddət iş aparılmış, hazırlanmış layihə 1998-ci ildə Milli Məclisə təqdim edilmişdir. 

Milli Məclisin 1999-cu il yaz sessiyası dövründə bu qanunun layihəsinə baxılması və onun müzakirəsi işi intensiv şəkildə davam etdirilmiş və həmin ilin iyununda Milli Məclis «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikasının Qanununu qəbul etmiş və Prezident tərəfindən o 1999-cu il iyun ayının 22-də imzalanmışdır. 

1999-cu il iyul ayının 27-də isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalanmışdır. Bu fərmanda Qanundan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Respublika Nazirlər Kabineti və digər  icra hakimiyyəti strukturları qarşısında konkret vəzifələr qoyulmuş, həmin Qanunun həyata keçirilməsi üçün kimin hansı vəzifələri yerinə yetirməli olacağı müəyyənləşdirilmişdir. Bu fərmanla Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, arxiv işi sahəsində Qanundan irəli gələn vəzifələrin tənzimlənməsi məqsədi ilə yeni əsasnamə və qaydaları təsdiq etsin, dövlət arxivləri işçilərinin əmək haqqını qanunda nəzərdə tutulan qaydada müəyyənləşdirsin, habelə öz səlahiyyətləri daxilində «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin. 

Respublikamızda arxiv quruculuğunun gələcək istiqamətlərini, yə’ni arxivlərimizin strategiyasını müəyyənləşdirən beş fəsil və 23 maddədən ibarət olan bu Qanun Azərbaycan Respublikasında Milli arxiv fondunun formalaşdırılması, mühafizəsi, istifadəsi və arxivlərin  fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir. 

«Ümumi müddəalar» adlanan birinci fəsildə arxivlər haqqında əsas anlayışlar, Milli arxiv fondu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, arxiv işi sahəsində dövlətin vəzifələrindən bəhs olunur. 

Qanunda ilk dəfə olaraq arxiv işi sahəsində dövlətin vəzifələri çox aydın şəkildə müəyyən edilmişdir: «arxiv işi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi; arxiv işinin təşkilinin vahid prinsiplərinin müəyyən olunması; arxiv fondu sənədlərinin komplektləşdirilməsi, uçotu, mühafizəsi və onlardan istifadə qaydalarına əməl olunmasına nəzarət; arxivlərin qorunmasına və inkişafına dövlət təminatı; arxiv kadrlarının hazırlanması; arxiv fondlarının və dövlət arxiv fondu sənədlərinin komplektləşdirilməsi, uçotu, mühafizəsi, istifadəsi və bu sənədlərlə bağlı mülkiyyət məsələlərinin tənzimlənməsi, arxivlərin maddi-texniki bazasının möhkəmləndirilməsi; arxiv fondu sənədlərinin Azərbaycan Respublikasından müvəqqəti olaraq xaricə aparılması ilə bağlı məsələlərin tənzimlənməsi; xarici ölkələrin arxivlərində saxlanılan, Azərbaycanın tarixinə və mədəniyyətinə aid olan, xalqın maddi və mənəvi həyatını əks etdirən sənədlərin (onların surətlərinin) Azərbaycan Respublikası dövlət arxivlərinə gətirilməsi, onların uçotu və mühafizəsinə nəzarət». 

«Milli arxiv fondunun tərkibi və onun təşkili» adlanan ikinci fəsildə milli arxiv fondu və onun tərkibi; Milli arxiv fonduna daxil edilən sənədlərin təsnifatı; arxivlərin yaradılması və Milli arxiv fondunun formalaşdırılması mənbələri; arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi və bu tərkibdən çıxarılması qaydası; dövlət arxiv fondunun  xüsusi hissəsi və arxiv fondlarının sənədləri üzərində mülkiyyət bölmələrindən ibarətdir. 

Yaranma mənbəyindən, mühafizə yerindən və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisindəki arxiv sənədləri Milli arxiv fonduna daxil edilir. Dövlət mülkiyyətində olan arxiv fondları və arxiv sənədləri Milli arxiv fondunun dövlətə məxsus hissəsini təşkil edir. Dövlət mülkiyyətində olmayan arxiv fondları və arxiv sənədləri isə Milli arxiv fondunun qeyri-dövlət hissəsini təşkil edir. 

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli fərmanına uyğun olaraq Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və onlardan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən əsasnamə ilə müəyyən olunur. 

Milli arxiv fonduna Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş və fəaliyyət göstərən təşkilatların qanunvericilik aktları, idarəetmə sənədləri, məhkəmə və prokurorluq orqanlarının sənədləri; statistika, elmi, texnologiya, normativ-texniki, layihə, konstruktor, patent, kartoqrafiya sənədləri, kino, foto, fono (səs yazıları), video materialları, dizayn işləmələri və memarlıq layihələri; əlyazmaları, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları; sənət əsərləri, elmi, ədəbi və musiqi əsərləri; partiya, ictimai və qeyri-dövlət təşkilatlarının sənədləri; gündəliklər, memuarlar, məktublar və şəxsi xarakterli digər sənədlər daxildir. 

İlk dəfə olaraq bu Qanunla müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında dövlət, ictimai, dini və digər təşkilatlar, vətəndaşlar qanunvericilikdə müəyyən olunmuş qaydalarla arxiv yaratmaq hüququna malikdirlər. Yaradılmış bu arxivlər küll halda Azərbaycan Respublikasının milli arxiv fondunu təşkil edir.  

Azərbaycanda Milli arxiv fondunu qanunvericilik və icra hakimiyyəti orqanlarının; məhkəmə və prokurorluq orqanlarının; hərbi hissələrin və birləşmələrin, hərbi tədris müəssisələrinin; yerli özünüidarə orqanlarının; sənaye, tikinti, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə idarə, müəssisə və təşkilatların; elm, mədəniyyət, səhiyyə, təhsil və idman müəssisələrinin; kütləvi informasiya vasitələri və nəşriyyatların; qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında fəaliyyət göstərən birgə müəssisələrin, ictimai birliklərin, siyasi partiyaların və dini təşkilatların; qeyri-dövlət idarə, təşkilat və müəssisələrin; Azərbaycan Respublikasının xarici ölkələrdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərinin, digər idarə, müəssisə və təşkilatlarının; Azərbaycan Respublikası vətəndaşlarının arxiv sənədləri ilə komplektləşdirilir. 

Dövlət arxiv fondu hüquqi və fiziki şəxslərdən bağışlama, vərəsəlik və qiymətli sənədlərin satın alınması yolu ilə də formalaşdırıla bilər. 

Bu qanun əsasında müəyyən edilmişdir ki, arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar əsasında Milli Arxiv İdarəsi tərəfindən müəyyən edilir. Bu qanunla Milli arxiv fondunun xüsusi tarixi-mədəni dəyəri olan arxiv sənədləri və sənəd kolleksiyaları nadir sənəd abidələri hesab olunur. Habelə Qanun tələb edir ki, Milli arxiv fondu sənədlərinin dəyərinin ekspertizası keçirilmədən və ya ekspertizanın aparılma qaydaları pozulduqda sənədlərin məhv edilməsinə yol verilmir. 

Yeni qanuna əsasən Milli arxiv fondu sənədlərinin dövlətə məxsus hissəsi dövlət mülkiyyətinin obyekti kimi mühafizə olunur. Dövlət mülkiyyətində olan sənədlər alqı-satqı, yaxud mülkiyyət formasının dəyişdirilməsini nəzərdə tutan müqavilələrin obyekti ola bilməz və yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadə  edilə bilər. 

Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasında qanunvericiliklə müəyyən olunmuş qaydada fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin sənəd fondları həmin təşkilatların mülkiyyətidir. Fiziki şəxslərin  sənəd fondları onların şəxsi mülkiyyətidir. Bu qanunla mülkiyyət formasından asılı olmayaraq, arxiv sənədlərinin mülkiyyətçilərinin hüquqlarına dövlət təminat verir. Dövlət orqanları tərəfindən arxiv sənədlərinin götürülməsi və ya müsadirə olunması qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilə bilər. 

Bu qanunun 8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının milli təhlükəsizlik, daxili işlər və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının sənədləri Milli arxiv fonduna daxil edilir, lakin onların arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçirilir. 

Qanunun üçüncü fəsli Milli arxiv fondu sənədlərinin uçotu və mühafizəsi adlanır. Bu fəsil Milli arxiv fondu sənədlərinin mühafizəsinin təminatı; Milli arxiv fondu sənədlərinin qeydiyyatı və Milli arxiv fondunun külliyyatı maddələrindən ibarətdir.             

Milli arxiv fonduna daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilənə qədər dövlət idarə, təşkilat və müəssisələrində yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. İdarələrin əhəmiyyətlilik dərəcəsindən, sənədlərin növündən və s. asılı  olaraq həmin sənədlərin idarə arxivlərində saxlanılma müddətləri də müxtəlifdir. Məsələn, bu qanuna görə respublika dövlət hakimiyyət və icra orqanlarının sənədlərinin idarə arxivlərində saxlanılması üçün 15 il, şəhər, rayon hakimiyyət orqanlarının sənədləri üçün isə 5 il müəyyən edilib. Yerli özünüidarə orqanlarının sənədlərinin onların öz arxivlərində saxlanılması müddəti də 5 il müəyyən olunub. Elmi-texniki sənədlər üçün 15 ildən artıq olmamaq şərtilə, praktiki  əhəmiyyətini  saxladığı müddətə qədər,  kino-foto-fono (səs) və videoyazılar üçün 3 il, vətəndaşlıq vəziyyəti aktları, notarial fəaliyyət, məhkəmə işləri və şəxsi heyətə aid sənədlər üçün isə 75 il müəyyən edilmişdir. 

Ləğv edilmiş dövlət,  idarə, təşkilat və müəssisələrin varisi olmadıqda onların arxiv fondları qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət arxivlərinə verilməlidir. 

«Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununda göstərilir ki, sənədləri əməli məqsədlər üçün daha çox uzun müddətli istifadə edilən idarələr – geodeziya və xəritəçəkmə, geologiya və mineral ehtiyatlar, ekologiya və təbiətdən istifadəyə nəzarət, standartlaşdırma, meteorologiya və hidrometeorologiya üzrə dövlət orqanlarının və Azərbaycan Elmlər Akademiyasının arxiv sənədləri müvafiq icra hakimiyyəti orqanlarının icazəsi ilə həmin təşkilatlarda daim mühafizə olunur. «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununun  tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə bu hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinə həvalə edilmişdir. 

Göstərilən qanunla müəyyən olunmuşdur ki, dövlət mülkiyyətində olan arxiv fondlarının sənədləri, dövlət arxivlərinin və onların filiallarının, şəhər və rayon dövlət arxivlərinin binaları, onların yerləşdiyi torpaq sahələri və avadanlıqlar özəlləşdirilə bilməz. 

Bu qanun və onun tətbiqi barədə Prezident fərmanına əsasən qeyri-dövlət arxiv fondlarının mülkiyyətçiləri arxiv fondlarının mühafizəsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydalara əməl etməlidirlər. 

Yeni qanuna və Prezidentin fərmanına əsasən mülkiyyət formasından və mühafizə yerindən asılı olmayaraq Milli arxiv fonduna daxil edilmiş sənədlər Baş Arxiv İdarəsi tərəfindən dövlət qeydiyyatına alınır. 

«Milli arxiv fondu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən ilk dəfə olaraq Milli arxiv fondunun külliyatı buraxılmalıdır. Milli arxiv fondunun külliyyatını dövlət arxivləri hazırlayırlar. Azərbaycan Respublikasının hüquqi şəxsləri Milli arxiv fondunun külliyyatı üçün müvafiq mə’lumatları hər il müəyyən edilmiş qaydada Milli Arxiv İdarəsinə təqdim etməlidirlər. Vətəndaşlarda saxlanılan tarixi və mədəni dəyəri olan sənəd fondları və kolleksiyaları da Milli arxiv fondunun külliyyatına daxil edilə bilər. 

Qanunun «Arxiv işinin idarə olunması» adlanan dördüncü fəsli arxiv işinin dövlət idarəetməsi; aşkar edilmiş və ya tapılmış arxiv sənədlərinin və sənəd kolleksiyalarının təhvil verilməsi, Azərbaycan Respublikasında arxiv xidməti; Milli arxiv fondunun sənədlərindən istifadə qaydaları; arxivlərin maliyyələşdirilməsi; arxiv işçilərinin sosial müdafiəsi; qeyri-dövlət arxiv fondlarına dövlət himayəsi və arxiv işində ictimaiyyətin iştirakı bölmələrindən ibarətdir. 

Yeni Qanunla müəyyən edilmiş arxiv işinin dövlət idarəetməsi vəzifələrini Prezidentin mə’lum fərmanı ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. 

Bu qanunla müəyyən edilir ki, aşkar edilmiş və ya tapılmış arxiv sənədləri və sənəd kolleksiyaları barədə onu tapan şəxs tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına mə’lumat verilməlidir. Həmin arxiv sənədlərini və sənəd kolleksiyalarını tapan və ya aşkar edən şəxs Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalarla mükafatlandırılır, həmin sənədlər və kolleksiyalar qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına götürülür. 

Bu qanunla Azərbaycan Respublikasında arxiv işinin həyata keçirilməsi, Milli arxiv fondunun formalaşdırılması, mühafizəsi və istifadəsi məqsədi ilə arxiv və kargüzarlığın vahid dövlət sistemini özündə birləşdirən dövlət arxiv xidməti yaradılır. 

«Milli arxiv fondu haqqında» Qanununa görə Azərbaycan Respublikasının bütün hüquqi və fiziki şəxsləri dövlət arxivlərində saxlanılan sənədlərdən istifadə etmək hüququna malikdirlər. Mühafizə müddətindən asılı olmayaraq dövlət arxiv fondu sənədlərindən istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Qeyri-dövlət arxiv fondlarının sənədlərindən isə onların mülkiyyətçilərinin razılığı ilə istifadə oluna bilər. 

İlk dəfə bu qanunla tərkibində dövlət sirri olan və vətəndaşların şəxsi həyatı (onların sağlamlığı,ailə və intim həyatı, əmlak vəziyyəti) haqqında informasiya daşıyıcısı olan sənədlərdən istifadə müddəti müəyyən edilmişdir. Bu qanunla tərkibində dövlət sirri olan sənədlərdən qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa yalnız onların yaranmasından 30 il sonra istifadəyə icazə verilir. Müstəsna hallarda  bu müddət  yalnız Respublika Nazirlər Kabineti tərəfindən dəyişdirilə bilər. 

Vətəndaşların şəxsi həyatına aid sənədlərdən istifadəyə isə qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa həmin sənədlərin yaranmasından yalnız 75 il sonra icazə verilir. Bu müddətdən tez həmin sənədlərdən istifadəyə yalnız vətəndaşın özünün, onun vəfatından sonra isə varislərinin razılığı ilə icazə verilir. 

Vətəndaşlar Milli arxiv fondu sənədlərindən istifadə zamanı müəlliflik hüququ barədə qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Fiziki və hüquqi şəxslər arxiv sənədlərindən və sənəd kolleksiyalarından istifadə qaydalarına əməl etmədikdə qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 

Yeni qanunla arxivlər mülkiyyət formasından asılı olaraq dövlət büdcəsindən, yerli büdcələrdən, mülkiyyətçinin vəsaitləri, habelə özlərinin fəaliyyətindən əldə edilmiş gəlirlər və qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Bu da arxivlərimizin maddi-texniki bazasını yaxşılaşdırmaq üçün yeni imkanlar açır. 

Qanunda arxivlərimizdə çalışan arxiv işçilərinin sosial müdafiəsinə də ciddi fikir verilir. Dövlət arxivləri işçilərinin sosial müdafiəsinə dövlət tərəfindən tə’minat verilir. Onların sosial müdafiəsi «mədəniyyət haqqında» Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən həyata keçirilir. 

İlk dəfə olaraq bu qanunla dövlət arxivləri işçilərinin əmək haqqları arxiv işi sahəsində müvafiq icra hakimiyyəti orqanında – yəni Baş Arxiv İdarəsində çalışan işçilərin vəzifə maaşlarına bərabər tutulmuşdur. Bu da arxivlərimizin savadlı və bacarıqlı kadrlarla komplektləşdirilməsi işi üçün yaxşı zəmin yaratmışdır.  

Qanunda qeyri-dövlət arxiv fondlarına dövlət himayəsinə də xüsusi yer verilib. Burada göstərilir ki, qeyri-dövlət arxiv fondlarının komplektləşdirilməsinə, mühafizəsinə və onlardan istifadəyə dövlət yardım göstərir. Milli arxiv fondunun tərkibinə daxil edilmiş və dövlət qeydiyyatına alınmış qeyri-dövlət arxivlərinin və arxiv sənədlərinin, eləcədə sənəd kolleksiyalarının mülkiyyətçiləri öz arxivlərini mühafizə, bərpa və sənədlərin surətlərinin çıxarılması üçün dövlət arxivlərinə verə bilərlər. 

Qanunun  arxiv işində ictimaiyyətin iştirakı maddəsində dövlət və qeyri-dövlət idarə, müəssisə və təşkilatları, vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, o cümlədən xarici ölkələrin vətəndaşları olan azərbaycanlılar arxiv fondlarının zənginləşdirilməsi, arxiv xidmətinin təkmilləşdirilməsi, arxiv işi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak edə bilərlər. 

Qanunun beşinci – yekun müddəalarında – beynəlxalq əməkdaşlıq, Milli arxiv fondu sənədlərinin müvəqqəti xaricə aparılması və bu Qanunun pozulmasına görə məsuliyyət məsələlərindən bəhs edilir. 

Bu qanunla dövlət arxiv xidməti müəssisələrinə, dövlət və qeyri-dövlət arxiv fondu sənədlərinin sahibləri olan hüquqi və fiziki şəxslərə beynəlxalq arxiv təşkilatlarına daxil olmaq, beynəlxalq konfranslarda və digər tədbirlərdə iştirak etmək, beynəlxalq əlaqələr yaratmaq hüququ verilmişdir. 

Bu Qanunla Milli arxiv fondu sənədlərinin orijinal və ya onları əvəz edən nüsxələrinin xaricə aparılması qadağan olunur. «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununu və onun tətbiq edilməsi barədə Prezidentin fərmanı ilə beynəlxalq əməkdaşlıq məqsədilə arxiv sənədlərinin və ya sənəd kolleksiyalarının xaricə müvəqqəti aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalarla həyata keçirilə bilər. 

Nəhayət Qanunun axırıncı, sonuncu maddəsində göstərilir ki, həmin qanunun pozulmasında təqsiri olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının  qanunvericiliyinə uyğun olaraq törətdikləri əmələ görə  məsuliyyət daşıyırlar. 

Göründüyü kimi «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası qanunu ölkəmizdə arxiv işi və onun inkişafı ilə bağlı bütün məsələləri əhatə edərək onun strategiyasını, gələcək işlərimizin başlıca istiqamətlərini müəyyənləşdirmişdir. 

Əldə etdiyimiz Dövlət Müstəqilliyi, «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanunu respublikamızın dövlət arxivlərində qiymətli sənədlərin intensiv şəkildə cəmləşdirilməsi, onlardan siyasi, iqtisadi, elmi və mədəni məqsədlər üçün istifadə işinin təşkilinə geniş imkanlar yaradır. 

Düzdür bütün sahələrdə olduğu kimi ölkəmizdə arxiv quruculuğu sahəsində də işlər asanlıqla başa gəlmir. Sovetlər birliyinin süqutu və iqtisadi əlaqələrin kəsilməsi başqa Sovet respublikalarında olduğu kimi Azərbaycanda da iqtisadiyyatın dağılmasına səbəb olmuşdu. Ölkə daxilində yaranmış hərc-mərclik və Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində yaranan çətinliklər onsuzda Sovet hakimiyyəti illərində o qədər də fikir verilməyən arxivlərdən də yan keçmədi. 1972-ci ildə Dövlət arxivləri üçün tikintisinə başlanmış binanın uzun illər yubadılması və başa çatdırılmaması  habelə əlavə binaların ayrılmaması arxivlərin işini daha da çətinləşdirmişdir. Nəticədə arxivlər bu günə qədər də nazirlik, komitə, idarə, təşkilat və müəssisələrdə saxlanan işləri qəbul edə bilməmişlər. 

Maddi çətinliklər üzündən arxivlərimizin müasir avadanlıqlarla təchizi və sənədlərin mühafizəsi işində də ciddi çətinliklər yaranmışdır. Bu işlərin müvəffəqiyyətlə həlli üçün Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin 2002-ci il dekabr ayının 2-də imzaladığı «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında»kı 816 №-li fərmanının müstəsna əhəmiyyəti var. Prezident fərmanında göstərilir ki, xalqımızın əvəzsiz mənəvi sərvəti olan arxiv sənədlərinə müntəzəm müraciət olunur. Dövlət hakimiyyəti orqanlarının, idarə və müəssisələrin informasiyaya olan gündəlik tələbləri ödənilir, respublikanın və xarici ölkələrin yüzlərlə alimi öz elmi tədqiqatlarında, monoqrafiya və dərsliklərin yazılmasında arxivlərimizin sənədlərindən geniş istifadə edirlər. Arxivlər tərəfindən sənədlər külliyyatları nəşr olunur, radio və televiziya verilişləri hazırlanır, sənədlər dövri mətbuatda dərc edilir. Respublikamızın və xarici ölkə vətəndaşlarının sosial-hüquq xarakterli ərizə və sorğuları icra olunur. 

Bununla yanaşı fərmanda qeyd olunmuşdur ki, arxiv xidmətinin statusu və strukturu müstəqil Azərbaycan Respublikasında gedən dövlət quruculuğu işinin tələblərinə tam cavab vermir. Arxiv işi sahəsində indiyə qədər vahid informasiya bazasının yaradılmaması, elektron-informasiya daşıyıcılarının imkanlarından lazımınca istifadə olunmaması, arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının müasir standartlara uyğun gəlməməsi bu sahədə problemlər yaradır. Fərmanda arxiv binalarının yararsız vəziyyətdə olması, arxiv işinin bəzi sahələrində pərakəndəlik hallarının meydana çıxması, yerlərdəki müəssisə, idarə və təşkilatlarda kargüzarlıq və arxiv işinin lazımi səviyyədə olmaması nəzərə çatdırılır.             

Azərbaycan xalqının tarixinin ilk mənbələr əsasında öyrənməsində idarə və müəssisələrin, habelə vətəndaşların informasiyaya olan gündəlik tələbatının ödənilməsində Milli arxiv fondunun böyük əhəmiyyətini nəzərə alaraq arxiv işinin təkmilləşdirilməsi məqsədi ilə Respublika Prezidenti Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini yaratmaq barədə qərar qəbul edir.  

Göstərilən Fərmanla Prezident Azərbaycan Respublikası Nazirlər Kabinetinə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Əsasnaməsinin layihəsini hazırlayaraq təsdiq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etməyi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi aparatının say həddini təsdiq etməyi tapşırır. 

Habelə həmin fərmanla arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi, arxiv xidmətinin lazımi binalarla təmin olunması, mövcud arxiv binalarında təmir və bərpa işlərinin aparılması, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması barədə müvafiq proqram tərtib edərək Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılır. 

Prezidentin bu fərmanında Respublikanın İqtisadi İnkişaf Nazirlyinə, şəhər və rayon icra hakimiyyəti başçılarına dövlət arxivinin yerlərdəki filiallarını, şəhər və rayon dövlət arxivlərinin sənədlərinin saxlanılması üçün yararlı binalarla təmin edilməsi tapşırılmışdır. 

Göründüyü kimi Respublika Prezidentinin arxiv işinin təkmilləşdirilməsi haqqındakı bu fərmanı ölkəmizdə arxiv işi sahəsində geniş prespektivlər açır. Ümid edirik ki, bu fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə arxivlərimiz xalqımızın tarixinə, xüsusilə müstəqillik dövrü tarixinə aid sənədlərin toplanması, mühafizəsi və onlardan hərtərəfli istifadə işinin təşkili sahəsində əsil məxəz funksiyasını müvəffəqiyyətlə yerinə yetirəcəklər. 

Dövlət arxivlərində saxlanılan sənədlərdən daha səmərəli və hərtərəfli istifadə etmək məqsədi ilə onlar üçün axtarış-məlumat sistemi yaradılır. Arxivlərdə saxlanılan sənədlərin tərkib və məzmunu haqqında yaradılan axtarış-məlumat sisteminə-siyahılar, arxivlərin yaddaş kitabları, xülasələr, kartotekalar və sair uçot və məlumat sənədləri daxildir. Dövlət arxivləri həm də Respublika əhalisinin, habelə əvvəllər ölkəmizdə fəaliyyət göstərmiş hazırda müstəqil dövlətlər birliyinin digər respublikalarında yaşayanları iş stajı və başqa sosial-hüquq xarakterli sənədlərlə təmin etmək sahəsində də böyük işlər görür. 

Arxiv tədqiqatçıların istifadəsinin təşkili işi ilə yanaşı arxivlərin özləri də sərgilərin təşkilində, dövri mətbuatda, radio və televiziya verilişlərinin hazırlanmasında sənədlərdən geniş istifadə edirlər. 

Milli Arxiv İdarəsi və dövlət arxivləri müstəqil surətdə yaxud, başqa elmi-tədqiqat idarələri ilə birlikdə  arxivlərdə saxlanan qiymətli tarixi sənədlər əsasında sənəd topluları hazırlayaraq nəşr etdirirlər.            

Azərbaycan 1991-ci ildə öz müstəqilliyini əldə etdikdən sonra Milli Arxiv İdarəsi və dövlət arxivləri bu sahədə xüsusilə fəallıq göstərmişlər. Uzun illər arxivlərimizdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, ermənilərin xalqımıza qarşı törətdiyi vəhşilikləri özündə əks etdirən və onun həqiqi sahibi olan xalqdan gizli saxlanılan sənədlər və materiallar əsasında hazırlayaraq nəşr etdirdikləri çoxcildli sənəd topluları respublika ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. 

Arxiv İdarəsinin mətbu orqanı olan «Elmi-məlumat bülleteni» 1959-cu ildən nəşrə başlamışdır. 1962-ci ildə o «Azərbaycan SSR arxivlərinin xəbərləri», 1969-cu ildən başlayaraq isə «Azərbaycan arxivi» adı ilə nəşr olunmuşdur. Maddi çətinliklər üzündən bu məcmuənin nəşri 1991-ci ildən dayandırılmışdır. Göstərilən müddət ərzində həmin jurnalın 33 nömrəsi buraxılmışdır ki, onlarında səhifələrində xalqımızın tarixinin müxtəlif dövrlərini özündə əks etdirən çoxlu arxiv sənədi dərc olunmuşdur. 

Arxivlərimiz haqqında məlumat kitabı 1987-ci ildə rus dilində buraxılmışdır. Azərbaycan dilində çapa hazırlanan sonuncu məlumat kitabının isə əvvəlkilərdən fərqi ondadır ki, ilk dəfə olaraq uzun illər Sovet xalqlarının qardaşlıq ailəsinin Lenin dostluğundan, sosializmin qələbəsindən, bu qələbənin Azərbaycanda həyata keçirilməsində Leninin «sədaqətli silahdaşları» İ.Stalinin, S.Şaumyanın, S.M.Orconikidzenin, S.Kirovun, A.Mikoyanın və başqalarının fəaliyyətindən bəhs edən məlumatlar əvəzində yeni məlumat kitabına daxil edilmiş xülasələrdə bilavasitə həmin şəxslərin öz rəhbərlikləri dövründə uzun illər xalqımızın başına açdıqları müsibətlər barədə Azərbaycanın müstəqilliyi gününə qədər tam gizli saxlanılmış sənədlər əsasında daha geniş məlumatlar verilir. 

Göstərilən məlumat kitabını nəşr etməkdə məqsəd elm sahəsində fəaliyyət göstərən tədqiqatçıları, arxiv sənədləri ilə maraqlanan geniş oxucu kütləsini respublikamızda arxiv quruculuğunun qısa tarixi, müstəqil Azərbaycanın milli sərvəti olan dövlət arxivlərində saxlanılan fondlardakı sənədlərin tərkibi və məzmunu ilə, habelə arxivlərə müraciət edən vətəndaşları onlardan lazımi məlumatlar almaq qaydaları ilə tanış etməkdir. Bu məlumat kitabından tarixçilər, elmin digər sahələri ilə məşğul olan tədqiqatçılar və mütəxəssislər, habelə Azərbaycanın arxivləri və orada saxlanılan sənədlərlə maraqlanan digər şəxslər də bəhrələnə bilərlər. 

Məlumat kitabına Azərbaycan Respublikası dövlət arxivləri, Dövlət arxivinin yerlərdəki filialları, Naxçıvan MR Dövlət arxivi və rayon dövlət arxivlərində mühafizə olunan sənədlərin tərkibi və məzmunu, bir arxivin poçt indeksi və ünvanı, onun yaranma tarixi, strukturu haqqında məlumatlar daxil edilmiş, hər bir arxivdə saxlanılan fondların tərkibi və məzmunu haqqında əvvəllər nəşr olunmuş məlumat kitabları, xülasələr, siyahılar və arxivlərin sənəd nəşrləri haqqında məlumatlar da əlavə edilmişdir.  

                                  Azərbaycan  Respublikası

Milli  Arxiv  İdarəsinin  rəisi 

 

                                                                                                                                                                                                                                                                                                                               ATAXAN  PAŞAYEV
  

ELEKTRON XİDMƏTLƏR

Milli Arxiv İdarəsi Beynəlxalq Arxivlər Şurasının üzvüdür.

Erməni təcavüzü tarixi sənədlərdə

  ÜNVAN 

        Bakı şəh.,   AZ1106,  Z. Bünyadov pr.,  3