facebook logo    Twitter bird logo 2012.svg

                                            AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT SƏS YAZILARI ARXİVİ

ƏLAQƏ

  • Ünvan:                 AZ1122, Bakı şəh., H. Zərdabi pr., 598
  • Telefon:               (+99412) 433 70 94
  • E-poçt:                 Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Qəbul günləri:      Həftənin 1, 3, 5- ci günləri,                                         
  •                             Saat 10:00 –dan 17:00 - dək
  • Fasilə:                  Saat 13:00 - dan 14:00 – dək

 

 

 

RƏHBƏRLİK

 

  • Arxivin direktoru                  MƏDƏTOV HƏSƏNXAN ƏLİXAN OĞLU
  • Telefon:                               (+99412) 434 36 14

ARDSYA-nin qısa tarixi

Arxivdə 32.983 fono sənəd, 1.677 video sənəd mühafizə edilir. Sənədlərin xronoloji dövr 1903 – 2011-ci illəri əhatə edir.

 

         Azərbaycanın digər tarixi abidələri ilə yanaşı fono (səs yazılar) sənədlərin də qiymətli arxiv materialları kimi toplanıb mühafizə edilməsi məqsədilə Nazirlər Kabinetinin 1968-ci il 5 aprel 154 saylı qərarı ilə Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivi yaradıldı.

        Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivi Azərbaycanın ictimai-siyasi, xalq təsərrüfatı, elm və mədəni həyatını özündə əks etdirən sənədli bədii fono sənədləri, habelə, dövlət siyasi və ictimai xadimlərin çıxışlarının lent və görüntü yazılarını, müharibə və əmək veteranlarının, əmək qabaqcıllarının, elm və incəsənət xadimlərinin səs yazılarını mühafizə edir. Arxivin fono sənədlərinin yaranma tarixi 1902-ci ildən bu günə qədər olan dövrü əhatə edir.

     1902-1915-ci illərin fono sənədlərini əsasən Azərbaycanın klassik xanəndələrinin səsləri yazılmış qrammafon valları təşkil edir. Arxivin fondlarında vallarda Azərbaycan musiqi mədəniyyətini xüsusi bir mərhələyə qaldırmış xanəndələrdən Cabbar Qaryaqdıoğlunun, qadın-xanəndə Mirzə Güllər xanımın, Məcid Behbudovun (xalq artisti Rəşid Behbudovun atası), Seyid Şuşinskinin, Keçəçi oğlu Məhəmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Mirtağı Mirbabayevin (Seyid), Ələsgər Abdullayevin, Musa Şuşinskinin, Həmid Malıbəylinin, Məşədi Qafarın, Musa Səfərovun, Əbdülqədir Cabbarovun, qarmonçalan Mirtağının, Cəmil Əmirovun (bəstəkar Fikrət Əmirovun atası), tarzənlərdən Qurban Pirimovun, Mirzə Fərəcin, Şirin Axundovun və başqa sənətkarların ifasında onlarla muğam, təsnif, xalq mahnıları və el havaları yazılmış qrammafon valları cəmlənib. Bu vallar dünyanın məşhur səsyazma şirkətləri olan İngiltərənin “Qrammafon”, Fransanın “Pete”, Varşavanın “Sport-Rekord”, Kiyevin “Ekstrafon”, habelə Tiflisdə fəaliyyət göstərən “Konsert-Rekord” və Bakının “Qrammafon-Rekord” şirkətlərində yazılıb yayılmışdır.

    Sazəndə dəstələrinin vala yazdırdığı “Vağzalı”, “Mirzəyi”, “Tərəkəmə”, “Əsgərani”, “Uzundərə” kimi oyun havaları, xanəndələrin “Gülə-gülə”, “Eşq atəşi”, “Vətən şərgisi”, “Mən bir türkəm”, “Tello” və başqa xalq mahnılarını xorla birlikdə oxuyub yazdırdıqları valların nümunələri 500-ə qədərdir.

    İyirminci yüzilliyin əvvəllərində fəaliyyət göstərmiş musiqiçilərimizin canlı səsləri ilə yanaşı onların həyat və yaradıcılıqlarına, habelə o dövrün səsyazma işinə dair kifayət qədər məlumat var.

    Bunlardan başqa arxivin fondlarında F.İ.Şalyapinin, S.V.Raxmaninovun, L.V.Sobinovun, A.V.Nejdanovanın, S.Y.Lemeşevin, Enriko Karuzonun və digər rus, avropa səhnə ustalarının da nadir qrammafon valları mühafizə edilir.

   Fono sənədləri arasında “Ədəbiyyat” bölməsi daha zəngindir. Bu fono sənədlərdə Səməd Vurğunun, Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Əliağa Vahidin, Əli Vəliyevin, Rəsul Rzanın, Mirvarid Dilbazinin, Nigar Rəfibəylinin, Mədinə Gülgünün, Süleyman Rəhimovun, Mehdi Hüseynin, İslam Səfərlinin, İlyas Əfəndiyevin, Bəxtiyar Vahabzadənin, İsmayıl Şıxlının, Məmməd Rahimin, Söhrab Tahirin, Cabir Novruzun, Nəbi Xəzrinin və bir çox başqalarının canlı səsləri və görüntü yazıları, habelə, dahi söz sərrafları Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin, Molla Pənah Vaqifin, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Cəlil Məmmədquluzadənin və digərlərinin həyat və yaradıcılıqları, onların səhnə əsərləri lent yazılarında və qrammafon vallarında əbədiləşib.

     Azərbaycan teatr tarixi və onun ilk yaradıcılarına dair səs yazıları arxivinin fondlarında xüsusi yer tutur. Burada Abbas Mirzə Şərifzadə, Hüseynqulu Sarabski, Dadaş Şaraplı, Mirzağa Əliyev, Şövkət Məmmədova, Ə;ləsgər Ələkbərov, Sidqi Ruhulla, Fatma Qədri, Rza Təhmasib, Ağadadaş Qurbanov, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli, Kazım Ziya, Adil İsgəndərov, Hökümə Qurbanova, Ülvi Rəcəb, Hacıağa Abbasov və daha neçə-neçə sənətkarların səsləri xüsusi qayğı ilə mühafizə edilir. Eyni zamanda onların həyat və yaradıcılığı, səhnə fəaliyyəti və yubiley təntənələrinə dair xeyli fono sənədlərin toplanıb saxlanılması incəsənət tariximizin tədqiqatçıları üçün geniş imkanlar yaradır.

      Musiqi mədəniyyətimizin örnəyi olan “Aşıq yaradıcılığı fondu”nda Azərbaycan, onun dilbər güşələrinin tərənnümü, xalqımızın əmək şücaətindən, el qəhramanlarından söz açan dastanları və saz havaları arxivdə özünəməxsus yer tutur.

     Arxivdə mühafizə edilən xeyli miqdarda səs yazılarında ölkəmizin mədəni irsinin ən yaxşı nümunələri toplanıb. Bu sənədlər arasında Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Qara Qarayevin, Rəşid Behbudovun, Hacıbaba Hüseynovun, Rübabə Muradovanın, Şövkət Ələkbərovanın, Bülbülün, Yavər Kələntərlinin, Gülağa Məmmədovun, Qulu Əsgərovun, Nəzakət Məmmədovanın, Zeynəb Xanlarovanın, Əlibaba Məmmə ovun, İslam Rzayevin, Sara Qədimovanın və bir çoxlarının canlı səsləri və yaradıcılıqları hərtərəfli təmsil olunub.

    Son illərin məlum hadisələri ilə əlaqədar olaraq arxivə qəbul edilən fono sənədlər əsasında “Milli azadlıq hərəkatı”, “Qanlı yanvar”, “Köçkün və qaçqınlar”, “Qarabağ hadisələri” kimi fondlar da yaradılıb. Bu fondlarda meydan hərəkatının və digər tədbirlərin materialları, qanlı yanvar hadisələrinin şahidlərindən, yaralılardan alınan müsahibələr, xəstəxanalardan reportajlar, məcburi köçkünlərin, qaçqınların çoxsaylı çıxışları və Qarabağ hadisələri barədə mühüm fono sənədlər toplanıb.

     Bunlarla yanaşı müxtəlif xalq yaradıcılığı janrlarının nümunələri, opera və dram əsərlərinin lent yazıları habelə, milli musiqimizin və teatr mədəniyyətinin inkişafına, Azərbaycanın dünya xalqları ilə mədəni əlaqələrinin möhkəmləndirilməsinə dair fono sənədlər də mühüm əhəmiyyət kəsb edir. Bunların arasında Azərbaycan və xarici ölkə şair, yazıçı və bəstəkarlarının, artistlərinin, xor və musiqi əsərlərinin, folklor səs yazıları və s. də diqqətə layiqdir.

     Respublika Dövlət Səs Yazıları Arxivinin fondları müntəzəm olaraq ölkəmizin ictimai-siyasi və mədəni həyatını özündə əks etdirən yeni-yeni sənədli və bədii fono sənədlərlə zənginləşir.

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR