facebook logo    Twitter bird logo 2012.svg

Səhnəmizin Ziyası

 

Kazım Ziya - 120

 

        

         Azərbaycan  səhnəsinin qüdrətli sənətkarları içində Kazım Ziyanın  xüsusi yeri var.  Onun səhnədə yaratdığı müxtəlif obrazlar  bir sənətkar üçün  olduqca səciyyəvidir. Geniş aktyorluq diapozununa  malik olan Kazım Ziya səhnəmizdə tamamilə müxtəlif  ruhlu və xasiyyətli rollar oynamış, bir çox yadda qalan surətlər yaratmışdı.

        Kazım Cəfər oğlu Kazımzadə (Kazım Ziya) 1896-cı ildə (bəzi mənbələrdə 1894-cü il göstərilir) Ordubad rayonunun Yuxarı Əylisli kəndində bağçı Cəfərin ailəsində dünyaya göz açıb.

       Kazımın dünyaya gəlişi Cəfər kişini böyük sevincinə səbəb olmuşdu. Necə də sevinmiyəydi. Axı Cəfər kişinin doğulmuş oğlan uşaqları həddi-buluğa çatmamış dünyasını dəyişirdi. Yalnız onun qız övladları qalırdı. Cəfər kişi Kazımın yaşaması üçün Allaha dua edər, nəzir paylayar, sonuncu qəpiyini  mollalara verərdi.

          Ata oğlunu ruhani görmək istəyirdi, ona görə də onu ilk növbədə mollaxanaya və sonra isə mədrəsəyə qoyur.  

          İlk gündən uşağın fenomen yaddaşı müəllimləri heyrətə gətirir.  Lakin təhsilinin birinci ili atası dünyasını dəyişir. Onun ölümündən sonra 6 yaşlı Kazımı əmisi Hüseyn himayəsinə götürür.  Kazım Ziya mədrəsini bitirdikdən sonra birillik şəhər məktəbinə daxil olur. Bir müddət sonra əmisinin ailəsi ilə birgə Bakıya köçür. Burada o, İranın xeyriyyəçi tacirlərin vəsaiti hesabına fəaliyyət göstərən “İttihad” gimnaziyasına daxil olur. Gimnaziyanın proqramına əsasən burada  əcnəbi dillərindən fars, ərəb, fransız, rus dillərini  öyrənməyə üçtünlük verilirdi. Kazım Ziya bu dilləri mükəmməl öyrənməyinə baxmayaraq, şəhərin səsli-küylü həyatı onu ağuşuna çəkirdi. Xeyriyyə axşamlarının birində o ilk dəfə olaraq Azərbaycan aktyor truppasının iştirakı ilə teatr tamaşasına baxır və bundan sonra aktyor olmağı qarşısına məqsəd qoyur.

          Kazım Ziya aktyoluq məharətini ilk dəfə olaraq məktəbdə keçirilən “Novruz bayramı” şənliyində göstərməli olur.

         25 mart 1914-cü il tarixdə  Azərbaycanın qüdrətli aktyoru Hüseyn Ərəblinskinin rejissorluğu ilə fransız yazıçısı Molyerin Kazım Ziya tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş “Zorən Təbib”  komediyası məktəb səhnəsinə qoyulur. Bu tamaşada Kazım Ziyanın yaratdığı rol  məktəb və müəllim heyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Beləliklə Kazım Ziyanın bu əsərlə səhnəyə ilk gəlişi olur. Onun uğur qazanmasında  Ərəblinskinin az rolu olmur.

        Tamaşadan sonra H.Ərəblinski Kazım Ziyaya kömək edəcəyi təqdirdə onun qarşısına məqsəd qoyur:  yalnız dərsdən sonra səhnəyə çıxmağı ona tövsiyyə edir .

         Qüdrətli aktyor sözünün üstə durur və Kazım Ziya 1916-cı ildə gimnaziyanı bitirdikdən sonra “Müsəlman aktyorlarının truppası”na daxil olur və peşəkar aktyorlarla birgə ilk teatr mövsümünə başlayır.

         1917-ci ildə birinci dəfə olaraq “Bakı Türk aktyorlarının ittifaqı” təşkil olunarkən Kazım Ziya buraya katib seçilir. 1918-ci ildə ilk dəfə olaraq Astraxana qastrol səfərinə çıxır və burada N.Nərimanovun yardımı ilə tamaşa və konsertlər verir. Astraxandan Ərəblinski ilə Bakıya qayıtdıqdan sonra “Hacıbəyov qardaşları truppası”na daxil olur və bir müddət sonra truppa ləğv olunur.

         Kazım Ziya 1924-cü ildə Nazçıvan Xalq Komissarlar Sovetinin dəvəti ilə yeni təşkil olunmuş teatrda rejissor fəaliyyətə başlayır. Lakin burada bir qədər işlədikdən sonra, 1925-1937-ci illərdə Azərbaycan Fəhlə-Kəndli teatrının truppasında baş rolların ifaçısı olur.

        1937-ci ildə görkəmli sənətkar Kazım Ziya öz yolunu müəyyənləşdirir,  yaradıcılığının kamillik dövründə o, M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrına keçir.  Kazım Ziyanın burada  yaratdığı bədii surətlər silsiləsindən olan zəngin və rəngarəng, son dərəcə realist bir üslubda ifa etdiyi rollar onun qüdrətli aktyor olduğunu bir daha sübut edir...

        Repressiyaya məruz qalanlar haqqında kitab üzərində işləyirdim. Milli Təhlükəsizlik Xidmətinin arxivinin əməkdaşına erməni daşnaklarının, bolşeviklərin qatı düşməni, Nuru Paşanın yavəri olmuş Əhməd Triniçin şəxsi qovluğunun gətirilməsini xahiş etdim. Həmən qovluğda Ə.Triniçin əleyhinə  çıxış edənlərdən Kazım Ziyanın  ifadəsi fərqli olar. Xalq ar­ti­stinin 13 noy­abr 1935-il­də ver­diyi ifa­də­dən mə­lum olur ki, o, Ə.Tri­niç tə­rə­fin­dən nəinki vəh­şi­lik, öldürmə gör­mə­miş, hətta хa­tır­­l­amır da. Yal­nız 1918-ci ilin mart ha­di­sə­lə­rin­də o həy­ə­ti­nin dar­va­za­sın­da day­a­narkən Əh­məd Tri­niçin əlin­də mau­zer хal­qa müraciət etdiyinin şahididir.

   “Qor­хmayın qar­daş­lar, türk or­du­su ar­tıq gə­lir.”

   So­nra­lar  o, Ə.Tri­ni­çin müsa­vat hö­ku­mə­ti dövrün­də Ba­kı­da “Yar­dım Alayı” za­bi­ti for­ma­sın­da gör­dü­yünü də qeyd edir.

    1937-ci ilin əvvəllərində ölkədə gedən repressiyalar teatr tərəfə istiqamət götürür. İlk növbədə teatrmızın qartalı Abbas Mirzə Şərifzadə, bir neçə ay sonra Ülvü Rəcəb həbs edilir. Müstən­tiq­lər DTK-nın qa­­ra­nlıq zir­zə­mi­sin­də ək­sin­qi­la­bi, mil­lət­çi­liyi təb­liğ edən­lər sı­ra­sın­da aktyor­lar­dan Ələ­sg­ər Şə­ri­fo­v, Mir­zəağa Əli­ye­v, Rza Əf­qan­lı, Nüsrət Fə­tul­lay­e­vlə yanaşı, 1938-ci ildə Tiflisdən Bakıya gələrək Milli Dram Teatrında şöhrətlənmiş Kazım Ziyanın həbsi üçün də “danoslar” hazırlayırdılar. İki qüdrətli sənətkarların həbsindən sonra növbə  Kazım Ziyanın idi. Xalq artisti Fatma Qədri Leyla xanıma Bədirbəyliyə danışarmış ki, onu, Kazım Ziyanı, Mirzağa Əliyevi ləkələməyə çalışırlarmış. O üzdən gecələr gözünə yuxu getməzmiş. Mirzağa Əliyev gecə zəng vurub soruşarmış: Necəsən? Hələ gəlməyiblər? Fatma xanım da deyərmiş: Yox! Mirzağa Əliyev qayıdarmış: Allaha şükür! Lakin həm Kazım Ziya və həm də Mirzağa Əliyev repressiya  məngənəsindən qurtula bilmirlər.

K.Ziyanı vaxtilə Ə.Triniç haqqında dediyi  xoş sözlərə görə  yuxarı dairələr  onu bağışlamaq fikiri yox idi.

Məhz buna  görə də ona əks-inqilabçı, millətçi, üsyançı yarlığı vurulur. 1938-ci ildə Borşev tərəfindən təsdiq olunmuş orderə əsasən  Kazım Ziyanın həbsinə və  evində axtarış aparılmasına icazə verilir...

    Aktyorun ünvanına atılan  iftiralar  müsbət həllini tapmır.  Bir müddət sonra K.Ziya   ölkəni qorxu içində saxlayan  “qara maşınların vəonu idarə edən qara meşinlərin” caynaqlarından qurtula bilir.  Bir müddət sonra aktyor yenidən səhnəyə qayıdır. Hüseyn Cavidin "İblis", "Şeyx Sənan"da, Arif, Dərviş, Səməd Vurğunun "Vaqif" "Xanlar"da Vaqif, Söhbət Sabit Rəhmanın "Toy" və "Xoşbəxtlər"də Surxay, Usta Segah, Süleyman Sani Axundovun "Eşq və intiqam"da Piri baba, Cəlil Məmmədquluzadənin "Ölülər"də, Şeyx Nəsrulla, Cəfər Cabbarlının"Yaşar"  "Oqtay Eloğlu"da, İmamyar, Xaspolad Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri"də  Mirzə Həbib, Xan Lermontovun "İki qardaş"da, Mixail Dmitri, Ənvər Məmmədxanlının "Şərqin səhəri"də General Tomson və başqa rolları müvəffəqiyyət qazanmışdı.  K.Ziya Bakı kinostudiyasının və “Lenfilm”in istesal etdiyi “Səbuhi”, “Bir ailə”, “Sualtı qayıq-T-9”, “Fətəli xan” filmlərinə də  çəkilir (“Fətəli xan” aktyorun ekranda son işidir). O, Hökümə Qurbanova, Ələsgər Ələkbərov, Lyubov Orlova, Mərziyə Davudova, Mustafa Mərdanov, Boris Çirkin, Leyla Bədirbəyli, Mustafa Mərdanov, Oleq Yakov,  Nəcibə Məlikova  və  başqaları ilə birgə bu filmlərə çəkilmişdi.

     K.Ziya eyni zamanda tərcümə ilə də vaxtaşırı məşğul olurdu. L.Tolstoyun “Canlı meyit”, H.İbsenin “Cəmiyyət sütunları”, V.Sobkonun “İkinci cəbhə arxasında”, “Qanlı qala” əsərlərlə ilk dəfə  onun tərcüməsində tanış oluruq.

     İncəsənət xadimləri arasında nadir sənətkarlar var ki, onlar əməkdar artist olmadan birbaşa Azərbaycan SSR-nin xalq artisti fəxri adına layiq görülüb. Həmən nadir sənətkarlardan biri də Kazım Ziya idi. O, 17 iyun 1943-cü il tarixdə “əməkdar artist” adı almadan, birdəfəlik “xalq artisti” fəxri adına layiq görülmüşdü. Aktyor həmçinin 20 aprel 1948-ci ildə Ənvər Məmmədxanlının "Şərqin səhəri" tamaşasındakı Tomson roluna görə Stalin mükafatı laureatına, 2 iyul 1949-cu ildə isə SSRİ Ali Attestasiya komissiyası tərəfindən  “dosent” elmi dərəcəsinə  layiq görülür.

      Görkəmli aktyor, istedadlı tərcüməçi, klassiklərimizin əsərlərini ifadəli nitqi ilə qəlbləri fəth edən, Kazım Ziya 20 noyabr 1960-cı ildə –– 60 yaşında vəfat edir və  o fəxri xiyabanda dəfn olunur.

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR