facebook logo    Twitter bird logo 2012.svg

MİLLİ ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN ƏZİZ MÜƏLLİMİ

   

Əziz Mirəhmədov11     Milli ədəbiyyatımızı təbliğ edən neçə-neçə görkəmli simalardan biri  mətnşünas alim, tənqidçi, əməkdar elm xadimi, filologiya elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, milli ədəbiyyatımız haqqında neçə-neçə qiymətli əsərlərin müəllifi, neçə-neçə aspirant və dissertantın elmi rəhbəri və hər şeydən əvvəl bu sadaladıqlarımızın fövqündə duran unudulmaz müəllim Əziz Mirəhmədov olmuşdur.

     Görkəmli alim 1920-ci il fevralın 11-də Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat və Azərbaycan Dövlət Universitetinin filologiya fakultələrini bitirmişdir. Əmək fəaliyyətinə Respublika Uşaq Bədii Tərbiyə Evində ədəbiyyat  şöbəsi müdiri kimi başlamışdır. SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır. Ə.Mirəhmədov eləcə də Azərbaycan Dövlət Universitetində baş müəllim, “Azərnəşr”də redaktor və Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Muzeyində direktor olmuşdur. Bu müddət ərzində o, əmək fəaliyyəti ilə yanaşı elmi fəaliyyətini də davam etdirmişdir. 1946-cı ildə ADU-nun aspiranturasını bitirən gənc Ə.Mirəhmədov  bir il sonra “Məhəmməd Hadinin həyat və yaradıcılığı” mövzüsunda namizədlik dissertasiyası müdafiə etmişdir. Lakin  dahi Məhəmməd Hadinin vurğunu olan bu gənc dissertantın elmi işində etdiyi “səhvlər”i “görənlər” olmuşdu. Bu səbəbdən, 1951-ci ildə disser-tasiyanın nəticəsi ləğv olundu. Ancaq sonralar bu gənc dissertant böyük alim olduğu zaman dönə-dönə həmin vətən və millət şairinin yaradıcılığına müraciət edəcək, onu dünyada tanıdacaqdı.

       Ə.Mirəhmədov 1955-ci ildə “M.Ə.Sabirin həyat və yaradıcılığı” mövzusunda təkrar namizədlik işi, 1976-cı ildə isə “Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) və XX əsrin əvvəllərində Azərbaycan dövrü mətbuat məsələləri” mövzusunda doktorluq işi müdafiə etmişdir.

        Əziz Mirəhmədovun bir mətnşünas alim olaraq əsas fəaliyyəti XIX əsrin sonu – XX əsrin əvvəlində yaşayıb-yaradan mütərəqqi şəxsiyyətlərin ədəbi irsini tədqiq edib öyrənmək, tərtib etmək və çap etdirmək idi. O, M.F.Axundov, H.Zərdabi, İ.Qutqaşınlı, M.Ə.Sabir, C.Məmmədquluzadə, M.Hadi, A.Şaiq və digər ədiblərimizin söz irsini yaşatmaq üçün, bu irsi gələcək nəsillərə çatdırmaq üçün neçə-neçə əvəzsiz elmi əsərlər, monoqrafik məqalələr və oçerklər yazmış, kitablar çap etdirmişdir. Bunlara misal olaraq, “Mirzə Fətəli Axundov” (1953), “Abdulla Şaiq” (1956), “Sabir” (1958), “Felyetonlar, məqalələr, xatirələr, məktublar” (Cəlil Məmmədquluzadə haqqında, 1960), “Məhəmməd Hadi” (1962) və başqalarını göstərmək olar.  

        Azərbaycan müstəqillik qazandıqdan sonra qocaman alim qarşısında demək olar ki, heç bir maneə qalmamışdı. Belə ki, o artıq görkəmli vətənpərvər və millətçi ziyalılarımızdan Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu haqqında da geniş araşdırmalar aparır, onların yaradıcılığını və bioqrafiyalarını xalqa olduğu kimi çatdırmağa çalışırdı. Halbuki, bir vaxtlar bu vətənsevər şəxsiyyətlərin ünvanına xoş söz demək sovet dövlətini təhqir etməyə bərabər idi. Elə alimin özü də o dövrdə onlar haqqında kəskin yazmağa məcbur olmuşdu. Bunu vicdan sahibi olan qocaman ziyalımız özü də ürək ağrısı ilə dönə-dönə mətbuatda etdiyi çıxışlarla etiraf edirdi. Qocaman alim “Vətənpərvər” qəzetinə verdiyi müsahibədə Əli bəy Hüseynzadə haqqında deyirdi: “Əli bəy Hüseynzadə bizim ən bədbəxt mütəfəkkirimizdir. Hansı epitet qalıb ki, onun haqqında söyləməyək? Bircə faşist sözünü işlətməmişik onun adının qabağında. Biz Əli bəyin əsərlərində, şəxsiyyətində olan işığı, həqiqəti görə bilməmişik. Biz də görə bilməmişik, bizim müəllimlərimiz də görə bilməyib, heç müəllimlərimizin müəllimləri də görə bilməyib” (Aslan Salmansoyun xatirələrindən).

        Əziz Mirəhmədov öz işinə təkcə ədəbiyyatşünas alim kimi deyil, həm də vətənsevər vətəndaş kimi yanaşırdı. O, Azərbaycanın tarixi keçmişinə aid hər bir çaların millətin, xüsusən də gənc nəslin yaddaşında yaşaması üçün əlindən gələni edirdi. Onun Əzizə Cəfərzadə, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə və Xudu Məmmədov ilə birlikdə böyük söz ustadı Məhəmməd Füzulinin mənsub olduğu Bayat qəbiləsinin adını daş abidə ilə əbədiləşdirilməsi üçün o zaman ki, respublika rəhbərliyinə etdikləri 2 dekabr 1983-cü il tarixli yazılı müraciət buna bariz sübutdur.       

 Əziz Mirəhmədovun Azərbaycan kitab və mətbuat mədəniyyəti tarixinə aid gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Onun “Sovet Azərbaycanının kitab mədəniyyəti” adlı kütləvi oçerklər toplusu 1975-ci ildə işıq üzü görmüş, “Əkinçi” qəzetinin və “Molla Nəsrəddin” jurnalının faksimil nəşrlərinin geniş oxucu kütləsinə çatdırılmasında böyük əməyi olmuşdur. 

         Azərbaycan Elmlər Akademiyasında bir çox məsul vəzifələrdə çalışmış filologiya elmləri doktoru Əziz Mirəhmədov 1980-ci ildə Akademiyanın müxbir üzvü seçilmişdir. Görkəmli alim bu illər ərzində neçə-neçə savadlı kadrlar hazırlamış və bir çox elmi layihələrin müəllifi olmuşdur. Ömrünün 60 ilini Azərbaycan ədəbiyyat elminin inkişafına həsr etmiş Əziz Mirəhmədov xidmətlərinə görə Azərbaycan Ali Soveti Rəyasət Heyəti tərəfindən “Əməkdar elm xadimi” fəxri adı ilə təltif olunmuşdur.

         Unudulmaz alim Əziz Mirəhmədovun həyatının hər bir anı ona çox doğma olan bu torpaqla bağlı olmuşdur. O, bu torpaqda doğulmuş, boya-başa çatmış, təhsil almış, bu torpaqda Vətən elminə vicdan və sədaqətlə xidmət etmiş və bu torpaqda dünyadan köçmüşdür. Onun elmi irsi milli ədəbiyyatşünaslığımızın tədqiqində gənc həmkarlarına həmişə meyar olacaqdır.

    

        Məqalənin yazılmasında ARDƏİA-də mühafizə olunan 724-cü fondun materiallarından istifadə edilmişdir.                                                                              

                                               Cavid MƏMMƏDLİ

 

                                                           Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin

                                                           şöbə müdiri

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR