facebook logo    Twitter bird logo 2012.svg

Səsyazma tarixindən 

 

      Azərbaycan  Respublikası  Dövlət  Səs Yazıları  Arxivinin  fondlarında  1902 - 1914- cü illərdə Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən səsyazma şirkətləri tərəfindən Azərbaycanın klassik xanəndələrinin  səsləri yazılmış 1600- ə qədər nadir qrammofon valları mühafizə edilir. Bu valların köçürülməsi, bərpası və elektron variantda sığorta nüsxələrini hazırlamaqdan ötrü onlara uyğun avadanlıqların olması çox vacibdir . XIX yüzilliyin ikinci yarısından başlayaraq istehsal edilmiş belə cihazların nümunələri arxivdə  saxlanılır və iş prosesində onlardan geniş istifadə edilir.

 

 

           Qədim  dövrlərdə  insanların  yaratdığı  tarixi   abidələr  - qayaüstü  rəsmlər , papirus , perqament  və  daş  üzərində  olan  kitabələr  bu  günə  qədər  yaşamaqdadır .  Bu  tarixi  abidələri  mühafizə  etməyə  çalışan  insanlar  öz  canlı  səslərinin  saxlanılması  haqqında  uzun  müddət  heç  fikirləşməmiş  və  yaxud  bunu  qeyri – mümkün  hesab  etmişlər .

          Orta  əsrlərdə  sənətkarlığın  və  texnikanın  inkişafı  nəticəsində  bir  sıra  ixtiralar  meydana  çıxır .  Bununla  yanaşı  bərabər  olaraq  həmin  dövrdə , əlbəttə  səsin  saxlanılması  deyil , onun  başqa  bir  mexanizm  tərəfindən  yenidən  tələffüz  edilməsi  ixtiraçıları  xeyli  düşündürmüşdür .

          XIII  əsrdə  Almaniyada  müasirlərinin  Böyük  Albert  adlandırdıqları  istedadlı  mexanik  qraf  Albert  Bolştadski  « mexaniki  qadın » düzəltmişdi .Bu  sadə  mexanizm  idi .  Həmin  ixtiradan  sonra  insan  səsinin  mexaniki  tələffüzü  və onun  qeyd  edilməsi  üçün  alimlər  müxtəlif  tədqiqatlar  aparmışlar .  Artiq  1589 – cu  ildə  fizik  Port  belə  nəticəyə  gəlir ki , səs  izsiz  itmir  və  onu  saxlamaq  mümkündür .

          1779 – cu  ildə  Rusiya  Elmlər  Akademiyası  səsin  mexaniki  yolla  tədqiqinə  aid  müsabiqə  elan  edir .  Müsabiqədə  Peterburq  akademiyasının  akademiki  Krotsenşteyn  1-ci  dərəcəli  mükafat  alır .  O , bir  neçə  tərpənməyən  ağac  hissələrindən  insan  ağzı  formasında  fiqur  düzəltmiş  və  onun  içərisinə  dil  kimi  borucuq  qoymuşdu . Bu  cihaz  səsli  hərfləri  asanlıqla  tələffüz   edirdi .  Həmin  il  Avstriya  alimi  V. Gemplenin  ixtira  etdiyi  mexanizm  isə  iki  mürəkkəb  sözü  tələffüz    edə  bilmişdi .Səsin  tələffüzü  əldə  edildikdən  sonra  onun  saxlanılması  üçün  çoxlu  təklif  irəli  sürülür . 1807 – ci  ildə  fizik  T. Yunq  ilk  dəfə  olaraq  səsin  izlərini  kağız  üzərinə  qeyd  edir .  Lakin  bu  hələ  səs  yazılışı  olmayıb  sadəcə onun  titrəməsi  idi .

         1830 – cu  ildə  alman  tədqiqatçısı  Vilhelm  Veber  kamertonun  ayağına  iynə  bağlayır  və  onun  şüşə  lövhəyə  toxundurur .  Lövhə  üzərində  müəyyən  izlər  alınır ,  lakin  səs  çıxmır.

         10  ildən  sonra  fransız  Dyuqamel  şüşə  lövhələr  əvəzinə  iti  ucluqlara  metal  silindr  bərkidir  və  metal  fırlandıqca  onun  üzərində  dairəvi  cızıqlar  əmələ  gəlir .  Kamerton  səsləndikcə  onun  vibrasiyası  (  səs  titrəyicisi )   iynənin  ucuna  verilir  və  səs  eşidilir .  Lakin  bu  səs  aydın  başa  düşülmür .

         Dyuqamel  öz  ixtirasını  vibrosion  adlandırmışdır .  1857 – ci  ildə  bu  ixtiradan  ingilis   alimi  Leon  Skot  hava  titrəməsini  yazmaqda  istifadə  etmiş-dir . O , kamertonun  əvəzinə  silindirin  qarşısına  çəllək  formasında  bir  qab  qoyur .  Adam  danışanda  çəlləyin  boş  tərəfinə  öz  səsini  verir , çəlləyin  dibində  olan  folqaya  ( rəngli  metaldan  nazik  təbəqə )   səs  təsir  etdikcə  titrəməyə  başlayır .  Folqa  silkələndikcə  iynə  silindr  üzərində  hava  titrəməsini  qeyd  edirdi .

        Əvvəlki ixtiralar kimi L.Skotun « fonoavtoqraf »  adlandırdığı  bu  yeni  aparat  da  səs  titrəməsini  qeyd  edir ,  lakin  tələffüz  etmir .fonoqraf

         Nəhayət ,  səsin  dəqiq  yazılması  və  onun  yenidən  eşitdirilməsi  Amerika  ixtiraçısı  Tomas  Alva  Edisona   ( 1847 – 1931 )   nəsib  olmuşdur .

         1877 – ci  ilin  dekabrı ...   Tomos  Alva  Edison  düzəltdiyi  aparatın  qarşısında   « Meri  və  onun  kiçik  quzusu »   adlı  uşaq  şeirini  söyləyir .   Bir  dəqiqədən  sonra  ixtiraçının  köməkçiləri  heyrətlə  aparatın  həmin  şeiri  anlaşılmaz  şəkildə  təkrar  etdiyini  eşidirlər .

         Cəmiyyətin   mədəni  həyatının  canlı  xronikası  olan  səsyazma  belə  yaranır .

         1877 – ci  ildə  T.A. Edisonun  ixtira  etdiyi  cihaz  ilk  baxışda  çox  sadə  görünürdü .  Edison  vintin  üzərinə  latın  silindr  bərkidir  və  folqanı  onun  üstünə  qoyur .  Silindrin  yuxarı  hissəsinə  isə  polad  iynəli  membran  bərkidir .  İxtiraçı  silindiri  fırlatdıqca  iynə  folqanın  üzərində   nazik  səs  xətləri  cızırdı .  Bu ,  yüz  illərlə  axtarılan  səsin  izləri  idi .  Silindr  sürətlə fırlanır  və  dünyada  ilk  dəfə  olaraq  insan  səsini  « tutub  saxlayırdı » .  İynə  səs  xətləri  üzərində  hərəkət  etdikcə  membranı  silkələyir   və  o  , silindirə  yazılmış  səsi  təkrar  edirdi .  T. A. Edisonun  fonoqraf  adlandırdığı  bu  ixtirası  dünyada  ilk   səsyazan  aparat  olmuşdur .

         Fonoqraf  1878 – ci  il  martın  24 – də   Fransa  Akademiyasının  xüsusi  iclasında  nümayiş  etdirildi  və  patentlər  bürosunun  böyük  heyrətinə  səbəb  oldu .  Lakin  Avropada  bu  « danışan  maşın »ı  heç  də  yaxşı  qarşılamadılar .  Akademik  Jan  Bulo  qışqıraraq  iclas  iştirakçılarına  demişdi  : « İcazə  vermək  olmaz  ki , canlı  insanın  səsi  cansız  dəmirlə  əvəz  edilsin » .

         Rusiyada  fonoqraf  almış  bir  nəfəri  « mexaniki  vəhşini »  nümayiş  etdirdiyi  üçün  üç  ay  həbsxanada  saxlamışlar .  Sonralar  bu  aparatı  « təbiətin  izah  olunmaz  tapmacası »   kimi  sirklərdə  göstərməyə  başlayırlar .    

          T.A. Edisonun  ilk  fonoqrafı  indi  London  muzeyinin  nadir  ekspo-natlarındandır .

        1885 -  ci  ildə  Amerikanın  başqa  bir  ixtiraçısı  Çarlz  Taynter  ( 1854 – 1940 )  yeni  « Danışan  maşın – qrammofonu »  ixtira  etmişdir . Bu  cihaz  T.A. Edisonun  aparatından  konstruksiyasının  sadəliyi  ilə  fərqlənirdi . Xarici  görünüşcə  o, bıçaqlı  tikiş  maşınına  oxşayırdı .  Ç. Taynter  qrammafonda  səs  yazmaq  üçün  nazik  metal  təbəqənin  əvəzinə  mumdan  istifadə  etmişdir . Mumun  üzərində  iynə  sərbəst  surətdə  hərəkət  edir  və  ardınca  nazik  izlər  buraxırdı .  Lakin  Ç. Taynter   yaratdığı  bu  aparatı  qrammafona  oxşatmağa  çalışsada  bu  hələ  əsl  qrammafondan  çox  uzaq  idi .

          Nəhayət   1988 – ci  ildə  alman  ixtiraçısı  Emil Berliner Edisonun ixtirasını  təkmilləşdirdi  və  səsyazma  aparatları  tarixinə  qrammafon  adlı  yeni  bir  maşın  əlavə  etdi .  Bütün  əvvəlki  ixtiralardan  fərqli  olaraq  E. Berlinerin  aparatında  hər  cür  val  oxudulurdu . Bu  qrammafon   müxtəlif  ölkələrdə  geniş  yayılır  və  fonoqrafı  tamamilə  əvəz  edir .  E. Berliner  tərəfindən  səsin  surəti  yazılmış  ilk  val  hazırda Vaşinqtonda, Milli  muzeydə  saxlanılır. E. Berliner  1897– ci  ildə  Consonun  birləşmiş  emalatxanasında  (Kemben şəhərində)   dünyada  birinci  val  fabriki  açır .  Bu  fabrikdə  vallar  birüzlü  yazılırdı , ikiüzlü  isə  1909 – cu  ildən  istehsal  etməyə  başlamışlar .      qrammofon 

          Lakin ,  ixtira  olunan  bu  cihazlar ( Fonoqraf , Qrammofon ,  Okstafon   və s .) səsyazma  tarixində əsl  möcüzə  olmalarına  baxmayaraq  çatışmazlıqlar  da  az  deyildi . ( Mexanizmi  çox  mürəkkəb  idi , valoxudan  iynə  keyfiyyətsiz  metaldan  düzəldilirdi , çəkisi  çox  ağır  idi , baha  olduğundan  hər  kəs  ala  bilmirdi  və s ) .

          Çox  keçmədən  (1907 – ci ildə) Fransada  Pete  qardaşları  özlərinin  qrammofon   valları  fabrikini  açırlar  və  Avropa  bazarlarını  , o  cümlədən  Rusiya  İmperiyasının  bazarlarını  qrammofon  valları  ilə  təmin  etməkdən  ötrü  geniş  fəaliyyətə  başlayırlar .  Pete  qardaşlarının  fabrikində  istehsal  olunan val-lar    öz   qeyri – adiliyinə    görə    xeyli   fərqlənirdi  .   Beləki ,  « Qrammofon » , « Ekstrafon » , « Sport – Rekord » və  başqa  qrammofon  valları  şirkətlərinin buraxdığı  vallar   adəti  üzrə  iynənin  valın  kənarından  mərkəzinə  doğru  hərəkət  etdirməklə  qulaq  asmaq  olur .

Yeri  gəlmişkən  qeyd  edək  ki , həmin  şirkətin  buraxdığı  vallarda  25 – i Respublika  Dövlət   Səs   Yazıları  Arxivinin  « Qızıl  fond »unda   mühafizə  edilir. Bu vallar 1908–1910 – cu illərdə  Azərbaycanın  klassik  muğam  ustalarından  Cabbar  Qarryağdı  oğlunun , Keçəçioğlu  Məhəmmədin

(Xəlilov) , Məşədi  Məmməd  Fərzəliyevin  və  başqalarının  ifaları  yazılmış birüzlü  və  ikiüzlü

« Qiqant »  vallarıdır .

         Belə  valları  Qrammofon  və  digər  aparatlarda    oxutdurmaq  məsləhət  görülmürdü . Çünki ,  qeyd  etdiyimiz  kimi   bu  valların  oxutdurma  tərzi fərqli idi  və  səs  cığırları  korlana  bilərdi .  Digər  tərəfdən  Qrammofonun  iynəsi  valın  kənarından  mərkəzinə  doğru  hərəkət  edirdi ...

          Buna  görə  də elə  həmin  ildə ( 1907 )  Qrammofonun  təkmilləşdirilmiş yeni forması  olan  Petefon ( Patefon )  Pete  qardaşlarının  sənaye  firmasında  yaradılmış , onların  şərəfinə  Petefon  adlandırılmışdı .

         Petefon  çox  yüngül  və  rahat  olduğundan  bir  yerdən  başqa  yerə  daşımaq  rahat  idi ,  həmdə  sadə  mexanizmə  malik  və  qiyməti  ucuz  olduğundan  geniş  yayılmışdır .  Petefonda  digər  səsyazma    şirkətlərin də  vallarını  oxutmaq  mümkün idi .  Çünki , onun  mebranın  iynəsinin  ucuna  kiçik  diyircək  bərkidilirdi   ki , bu  da  başqa  iynələr  kimi  birbaşa  valın  səs  cığırlarına  toxunmurdu .

petefon

          Qrammofonun  ürəyi  hesab  edilən  membran  səsin  verilməsi  və  tələffüzündə  həlledici  rol  oynayır .  İlk  membranlar  sadə  və  birdiafraqmalı  olmuşdur  ki , bu  da  səsin  keyfiyyətini  olduğu  kimi  səsləndirmirdi . Rusiya  konstruktoru  Adikayevski  1917 – ci  ildə  ikidiafraqmalı  membran  düzəltdi .  Bu  membran  səslənmənin  keyfiyyətinin  xeyli  yüksəlməsinə  səbəb  olur . Bundan  sonra  dünya  qrammofon  sənayesi  500 -ə  yaxın  membran  növündən  ancaq  Adikayevskinin  ixtirasından  istifadə  etməyə  başlamışdır .

          XX   əsrin  əvvəllərində  səsin  yazılışında  səsi  qəbul  edən  ruporu  elektriklə  işləyən  mikrafon   əvəz  etdi .  1930 – cu  ildən  başlayaraq  sovet  vallarının   etiketləri  üzərində  « elektrozapis »  sözləri  meydana  çıxdı . 

          Bizim  zəmanəmizdə  qrammafonu  əvəz  etmiş  və  məişətdə  yüksək  mövqe  tutan  maqnitafonun  ilk  nümunəsi  XIX  əsrin  axırlarında  meydana  çıxmışdır .  Maqnitli  səsyazmanı  1898-ci  ildə  Danimarka  alimi  V. Paulsen  ixtira  etmişdir . O , səs  yazmaq  üçün  ilk  dəfə  olaraq  polad  məftillərdən  istifadə  edir .  Paulsen  həmin  məftillərdən , indiki  maqnitafonların  sələfi  hesab  edilən  teleqrafon  düzəltmişdir . Teleqrafon  səsi  qəbul  edir , gücləndirir  və  yenidən  tələffüz  edirdi . Burada  səsin  keyfiyyəti  Edisonun  fonoqrafının  səsindəın  o  qədər  də  fərqlənmirdi .  Bəzi  yerlərdə  bu  aparatdan  «diktafon » adı  ilə  stenoqrafiyada  istifadə  edirdilər .

         1920 – ci  ildən  etibarən  Paulsenin  ixtirasından  Amerika  donanmasında  elektrik  gücləndiricisinin  köməyi  ilə  radio  verilişlərini  vermək  üçün  istifadə  etməyə  başlayırlar .  Həmin  ixtira  təkmilləşdirilərək   maqnitafon  adı  ilə  əvvəlcə  Amerikada , sonra  isə  Almaniya  və  İngiltərədə  yayılır .   Lakin  xalq  hələ  ondan  məişətdə  kütləvi  surətdə  istifadə  edə  bilmirdi .  Ona  görə  ki , lentlər  polad  məftillərdən  ibarət  olduğu  üçün  çox  ağır  idi   və çətin  tapılırdı . Alman  alimi  Pafleymer  bu  çətinliyi  aradan  qaldırır .  O , polad  məftilləri  maqnitlənmiş  nazik  lentlərlə  əvəz  edir  və  səsi  həmin  lentlərə  yazır .  Lent  dolanmış  vallar ( kasetlər )  çox  surətlə  fırlandığından ( saniyədə  76  santimetr )   10  dəqiqəlik  səs  qulaq  asmaq  üçün  500   metr  lent  tələb  olunurdu .   1940 – cı  ildə  Amerika  mühəndisi  Karmos  valların  fırlanma  sürətini  tənzimlədi ( sa-niyədə  19  santimetr )   və  bundan  sonra  maqnitafonun  geniş  istehsalına  başlandı .

         Səsyazma  işi  sahəsində  uzun  müddət  ərzində  meydana  çıxan  müxtəlif  ixtiralar  getdikcə  təkmilləşmiş , nəticədə  tarixi  sənədər  sırasında  daha  canlı  yer  tutan  və  böyük  elmi – tədqiqat  əhəmiyyəti  olan  səslərin  , sonralar  video  yazılarının  da  mühafizəsi  mümkün  olmuşdur .

                                                    

 

 

 Həsənxan Mədətov

 

 

                                        Azərbaycan  Respublikası 

                                                     Dövlət  Səs  Yazıları  Arxivinin  direktoru

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR