facebook logo    Twitter bird logo 2012.svg

DÜNYADAN NİGARAN USTAD

 

         aşıq kərəm 608Qazax mahalının sazlı-sözlü  İncə dərəsi ustad aşıqların dünyamıza göz açdığı bir məkandır. Aşıq Kərəm İncəli də belə ustad aşıqlardan biri idi. Mən onu həmişə rayonumuzda keçirilən respublika əhəmiyyətli bayram tədbirlərində, məhsul yığımlarına həsr olunmuş konsert proqramlarında çıxışlarının canlı şahidi olmuşam.

O, ustad aşıq Kamandar Əfəndiyevin yetirməsi idi. Onun həzin, yanğılı səsi ilə sazı döşünə basıb dilləndirməsi uşaqlıq illərimin ən yaddaqalan xatirələridir. Azərbaycanımızın şair və yazıçılarının şərəfinə təşkil olunmuş məclislərimiz bu iki sənətkarsız keçməzdi.

Aşıq Kərəm həmişə yorulmadan öz üzərində çalışır, aşıq sənətinin ən incə sahələrinə yaradıcı bir insan kimi yollar arayıb axtarmışdır. O, aşıqlıq məharətini nə qədər qoruyub inkişaf etdirmişdirsə, bir o qədər də səhnə mədəniyyəti, abır-həyasını saxlamağı bacaran insan idi. Kərəm İncəli aşıq havalarını mükəmməl ifa etməklə, xeyli dastanları öz hafizəsinə həkk eləmişdi. Onun şeirləri, bir çox qoşmaları dillər əzbəridir. Filologiya elmləri doktoru, akademik Nizami Cəfərov ustad aşıq haqqında lakonik və mənalı bir fikir bildirmişdir : ”Aşıq Kərəm bilən, bildiyini təhlil edən, şərh edən aşıq idi”.

Simləri göynədən barmaqlar nə biləydi ki, sahibinin ömrü belə qısa olacaq. Bu pərdələr “köçdü Kərəm” deyib qəm ağlayacaq, dərd söyləyəcək, əllinci baharında əbədi susacaq...

Evinin divarında asılı qalan telli sazı kədərə büründü, sazının simləri üstündə bir kədər ağladı... Bəli, əlli il !... Cəmi əlli il ömür sürdü, dünyaya göz açdığı tarixdə haqq dünyasına qovuşdu. Ustad taleyinin sonunu görürmüş kimi dünyadan narazılıq eləyir. Dünyadan nigaran idi ustad...

                                   

                                    Bir üzün ağ eşitmişdim,

                                    İki üzü qara dünya.

                                    Beşcə gün möhlət vermədin

                                    Dərdi deyək hara, dünya?

 

                                    Yapalağa zinət verdin,

                                    Çəkdin başa qiymət verdin,

                                    Müxənnətə fürsət verdin,

                                    Çəkir məni dara dünya.

 

                                   De haradasan, ay Allahım,

                                   Bircə Sənsən, bil pənahım,

                                   Ürəyimdə aman, ahım,

                                   Gedəcəkmi gora, dünya?

 

                                  Kərəm, nahaq ağlayırsan,

                                  Ürəyimi dağlayırsan,

                                  Əl-qolumu bağlayırsan,

                                  Nə salıbsan tora, dünya?

 

Çox qəribə bir taledir. O, bu gün aramızda olmasa da onun yaradıcılığı, həzin, yanğılı səsi, ifa elədiyi havacatlar kərəmsevənlərin qəlbində daima yaşayacaqdır.  

Məqalənin hazırlanmasında 608 nömrəli fondda mühafizə olunan sənədlərdən istifadə edilmişdir.                                                                                                                                                                                                                                                

                                                                                                                                                KÖNÜL   NƏSİBOVA                                                                 

                                                                                                                                 S.Mümtaz adına Dövlət Ədəbiyyat

                                                                                                                                   və İncəsənət Arxivinin direktoru

      

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR