facebook logo    Twitter bird logo 2012.svg

 

Xalqa xidmətə həsr olunmuş ömür!

 

Ömrünü xalqın zərrəsi sayan, həyatını xalq işinə həsr edən, xalqın kədəri ilə kədərlənib, sevinci ilə sevinən adamlar öz həyatını deyil, xalqın həyatını yaşayır. Belə adamlar fərdilikdən çıxıb şəxsiyyət səviyyəsinə yüksəlir. İnsan üçün bir  gün də ömürdür, hər saat da. Hər dəqiqə də ömürdən gedir...

 

Fəqət ömrün günləri o zaman qiymətli olur ki, insanların səadətinə, vətəninə xidmətdə keçir.

Azərbaycanın görkəmli elm xadimi, kimya elmləri doktoru, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Teymur qızı Süleymanova belə şəxsiyyətlərdən biridir.

Elmira xanım 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olmuş, 1944-1954-cü illərdə Bakı şəhərindəki 134 saylı orta məktəbdə oxumuş, 1955-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbə olan Elmiranın elmə həvəsi böyük alim, Akademik Yusif Məmmədəliyevin diqqətindən yayınmamışdır. Bu gözəl insanın məsləhəti ilə universiteti yenicə bitirmiş gənc qız 1959-cu ildə Neft-Kimya Prosesləri İnstitutunun monomerlər laboratoriyasında Akademik Soltan Mehdiyevin rəhbərliyi altında işləməyə başlamış, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri işləmiş, namizədlik, doktorluk dissertasiyalarını müdafiə edərək, bu uzun yolun çətinliklərini görmüş, sevinclərini də dadmışdır.

Kimya elmləri doktoru Elmira Süleymanovanın apardığı elmi araşdırmaların tutumu geniş, kəşflərinin sayı isə çoxdur.

O, Azərbaycan neftində geniş yayılmış karbohidrogenlərin əsasında yanacaq komponentləri, perspektiv polimerlər yaratmaq üçün yeni monomerlər, polimer materiallarının keyfiyyətini yaxşılaşdıran əlavələr, yüksək keyfiyyətli lak və örtüklər, yeyinti sənayesində və ətriyyatda işlədilən sintetik ətirli maddələr... almaq problemləri üzərində işləmişdir.

İndiyə qədər işləyib hazırladığı maddələr sənayedə uğurla tətbiq edilməkdədir.

Elmira xanım bir neçə beynəlxalq, ümumittifaq və respublika konfranslarında iştirak etmiş, dəfələrlə Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin və onun respublika bölməsinin Fəxri fərmanı və diplomu ilə təltif edilmişdir.

Alimin yaratdığı və ölkəmizin müxtəlif müəssisələrinin istehsal etdiyi ətirlər (“Azərbaycanım”, “Azərbaycan təranələri”) isə Mockvadakı 4-cü beynəlxalq kimya sərgisinin Fəxri diplomuna, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləric Sərgisinin bürünc medalına layiq görülmüşdür.

Elmira Süleymanova özünə tələbkarlıqla yanaşan ciddi alim olmuşdur. O, 200-dən artıq elmi əsərin və 40 ixtiranın müəllifidir. Neft-kimya sintezi və incə üzvi sintez üzrə mütəxəsisdir. Hələ keçmiş sovetlər dövründən gənc alim elmimizin nailiyyətlərini həvəslə təbliğ etmişdir. Bu barədə Azərbaycan Respublika Dövlət Elm və Texnika Sənədləri Arxivində alimin 1961-1992-ci illəri əhatə edən zəngin iş fəaliyyətinə dair şəxsi fondu qorunub saxlanılır. Sənədləri vərəqlədikcə alimin 1967-ci ildə əlyazmaları əsasında tərtib edilmiş avtoreferatı,  keçmiş sovet dövlətləri içərisində keçirilmiş Neft-Kimya Simpoziumlarının məruzələri (1975-1976-ci illər), müxtəlif illərdə çəkilmiş hər biri bir tarixi günü xatırladan foto şəkillər, xarici dövlətlərdə yaşayan elm adamları ilə yazışdığı məktublar mövcuddur.

1967-ci ildə kimya elmləri namizədi, 1980-cı ildə elmlər doktoru adına layiq görülmüş, 1982-ci ildə isə professor olmuş, 3 elmlər doktoru, 15 elmlər namizədi yetişdirmiş Elmira xanım Süleymanova 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür. 

Elmira Swleymanova 2Məhz, elə kimya elminin inkişafında, yüksək ixtisaslı kadrların hazırlanmasındakı nailiyyətlərinə görə istedadlı alim 1979-cu ildə CCRİ-nin “Fəxri kimyaçısı”, ətriyyat, qida və lak-boya sənayesində tətbiq olunmuş ixtiralara görə “CCRİ ixtiraçısı” fəxri adlarına layiq görülmüşdür.

Elmira xanım elmi fəaliyyətləri ilə yanaşı ictimai işlərdə də fəallıq göstərmişdir. Xanım alimimiz Azərbaycanda BMT-nin iqtisadi və sosial şurası ilə xüsusi məsləhətçi statusu alan yeganə qeyri-hökumət təşkilatı- Azərbaycan Qadın və İnkişaf Mərkəzinin yaradıcısı və prezidentidir. 30-dan çox beynəlxalq konfranslarda BMT-nin Baş Assambleyasının 5 xüsusi sessiyasında iştirak etmişdir. Məhz ictimai işlərdə  göstərdiyi fəallığa görə 2 iyul 2002-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudcman) seçilmişdir.  Elmira Süleymanova hər zaman  insan hüquqlarının müdafiəsi və həyata keçirilməsi ilə yanaşı tələbə və magistrantların səmərəli istehsalat və elmi-tədqiqat təcrübəsi keçməsi, ixtisaslaşmış kadrların hazırlanması, əməkdaşların bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət yetirmiş, bərabərliyin təmin edilməsi üzrə qurumların səlahiyyətlərinin artırılması, qadınlara və uşaqlara qarşı zorakılıqla mübarizədə fəal olmuşdur.

Ölkəmizdə hüquqi maarifləndirmə işinin genişləndirilməsi məqsədi ilə şəxsən Elmira xanımın rəhbərliyi ilə 178 adda çap məhsulu nəşr edilmişdir. Ombudcmanın illik məruzələri, Azərbaycan haqqında, Xocalı faciəsi və erməni təcavüzü barədə olan məlumatlar dicklərdə beynəlxalq təşkilatlara, Ombudcman İnstitutlarına, beynəlxalq ekspertlərə göndərilmişdir.

Məhz, Elmira xanımın təşəbbüsü ilə ingilis və başqa xarici dillərdə olan 23-dən artıq tədqiqat əsərləri, dərslik və dərs vəsaitləri azərbaycan dilinə tərcümə olunmuş və nəşr edilmişdir. Bu kitabların sırasında “İnsan hüquqları və layiqli idarəetmə”, “İnsan hüquqları üçün yeni mərhələ”, Ralf Kuroşo “Polis və insan hüquqları” kimi qiymətli kitabları qeyd etmək olar.

Aparatın nəşrləri Ombudcmanın regional mərkəzlərin, əməkdaşlıq etdiyi kitabxanalara, o cümlədən Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublikası kitabxanasına, cəzaçəkmə müəssisələrinin kitabxanalarına mütəmadi olaraq göndərilir. Yalnız Aparatın nəşrləri deyil, eləcə də  BMT-nin, ATƏT-in və digər nüfuzlu beynəlxalq təşkilatların Azərbaycan nümayəndəlikləri tərəfindən çap edilmiş hüquq ədəbiyyatı Ombudcmanın dəstəyi ilə kitabxanalar və əhali arasında yayılır. Bu günə qədər ümumilikdə 30 mindən çox hüquq   ədəbiyyatı paylanmışdır.

Elmira xanım Süleymanova hər zaman ulu öndərimiz Heydər Əliyevin “Dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdir və bu hüquqlar qorunmalıdır!” ideyasını rəhbər tutaraq öz işinə layiqlə yanaşmış və xalqına sevə-sevə qulluq etməkdədir.

Əbəs yerə Elmira xanıma Dinlərarası və Beynəlxalq Dünya Federasiyası tərəfindən 2005-ci ildə “Sülhməramlı səfir” fəxri adı verilməmişdir. Bu mükafat   dinlərarası əməkdaşlığa, beynəlxalq mənəvi dəyərlərə, sülh mədəniyyətinin yaradılmasına yardımçı olan şəxslərə təqdim edilir.

2003-cü ildə isə ABŞ-ın Mədəni Konvensiya qurumu tərəfindən  Beynəlxalq Sülh Mükafatı ilə təltif olunmuşdur. Ombudcman bu mükafata insan hüquqlarının qorunması və həyata keçiirilməsi sahəsində səmərəli fəaliyyətinə, insanlıq harmoniyasının yaradılmasında xidmətlərinə görə layiq görülmüşdür. 

Vətəninə, xalqına göstərdiyi fəal xidmətlərinə görə Elmira Teymur qızı Süleymanova Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 iyul tarixli sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif edilmişdir. Ötən gün isə Elmira Süleymanova Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Şərəf” ordeni ilə təltif edilmişdir.

Bu il Elmira xanım üçün əlamətdar bir ildir. Belə ki, görkəmli elm və ictimai xadimin qarşıdan 80 illik yubileyi gəlir. Tutduğu yolda əzmlə, yorulmadan irəliləyən Elmira xanıma can sağlığı, yeni-yeni nailiyyətlər arzu edirik.

 

Məqalənin hazırlanmasında Elmira Süleymanovanın Dövlət Elm və Texnika Sənədləri Arxivində 148 №-li şəxsi fondunda mühafizə edilən foto və sənədlərdən istifadə olunmuşdur.

 

                                                           

                                                                                                                                               SƏADƏT CABBARLI

                                                                                     ARDETSA-nin aparıcı  arxeoqrafı 

                                                                       

                                                                                            

         

        

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR