facebook logo    Twitter bird logo 2012.svg

                                                                               Operamızın ilk qadın sənətkarı

 

 

shovket memmedovaBir əsrdən çox yaşı olan teatrımız keşməkeşli amma bir o qədər də maraqlı tarix yaşamış, səhnəsində bir-birindən istedadlı, bacarıqlı və unudulmaz sənətkarlar görmüşdür. Heç şübhəsiz ki, bu unudulmazların içində saysız-hesabsız qadın sənətkarlarımız da olmuşdur. Bu gün onlardan birinin – anadan olmasının 120 illiyini qeyd etdiyimiz Şövkət Məmmədovanın keçdiyi ömür yoluna ötəri də olsa nəzər salacağıq.

Azərbaycanın ilk professional qadın opera ifaçısı olan Şövkət Məmmədova 18 aprel 1897-ci ildə Tiflis şəhərində doğulmuşdur. Atası əslən Borçalıdan olan Həsən kişi 1889-cu ildə Tiflis şəhərinə köçərək burada kiçik çəkməçi dükanı açmışdı. O, ailəcə yaxın olduqları general Yadigarovların evində varlı ailənin qızı olan Xurşud xanım Sultanova ilə tanış olaraq evlənir. Şövkət xanım bu izdivacın ilk gözağrısı olur.

Gözünü musiqi səsi ilə açan kiçik Şövkət get-gedə daha da bu aləmə bağlanırdı. Valideynləri onda olan musiqiyə həvəsi görür və bəyənirdilər. Onu musiqi məktəbinə yazdırdılar. Musiqi bacarığı, fitri istedadı və verilən tapşırıqları məharətlə yerinə yetirməsi müəllimlərini də bu kiçik qıza heyran etmişdi. Kiçik istedad daha sonra musiqi savadını artırması üçün Romanovlar Musiqi Cəmiyyətinin nəzdindəki musiqi məktəbinin fortepiano sinifinə yazdırılır. O, öyrənməkdən əsla usanmır və əlavə olaraq evdə də dayısının hədiyyəsi olan fortepianoda saatlarla məşğul olurdu. Məhz, zəhmətinin sayəsində məşhur klassik bəstəkarların - İ.S.Baxın, V.A.Motsartın və F.İ.Haydnın əsərlərini sərbəst ifa edə bilirdi.

Tiflis opera səhnəsində oynanılan Avropa bəstəkarlarının əsərlərinə hələ kiçik yaşlarından böyük həvəslə tamaşa edən Şövkət xanım italyan opera müğənnisi Aida Qonzalın səsinə heyran olmuş, vokal sənəti getdikcə onun qəlbində əvəzolunmaz arzuya çevrilməyə başlamışdı. Artıq o, evdə fortepiano ilə özü öz ifasını müşayiət edərək Azərbaycan və gürcü xalq mahnılarını, Avropa və rus bəstəkarlarının romanslarını tez-tez oxuyurdu.

1910-cu ildə Şövkət xanımın ailəsində kədərli hadisə baş verir. Atası Həsən kişi qəflətən vəfat edir. Bu hadisədən sarsılan qızcığaz anasının və müəllimlərinin nəvazişini və qayğısını görür. Həmin il Qafqaz canişini qraf İllarion İvanoviç Vorontsov-Daşkovun həyat yoldaşı qrafinya Yelizaveta Andreyevna Vorontsova-Daşkova tərəfindən Tiflis Artistlər Cəmiyyətinin binasında təşkil edilən böyük ziyafətə on üç yaşlı Şövkətdə dəvət olunur. O, bu mərasimdə italyan və rus romansları ilə yanaşı Azərbaycan xalq mahnısı da ifa edir. Onun ifası ziyafət iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanır. Bu çıxışı Şövkət Məmmədovanın gələcək uğurlarının təməli saymaq olar. Elə həmin il musiqi məktəbini bitirərək nənəsi ilə Bakıya gəlir.

Şövkət Məmmədova 1911-ci ildə təhsilini davam etmək üçün İtaliyanın Milan şəhərinə yola düşür. Burada o, Milan Konservatoriyasının müəllimi, məşhur opera müğənnisi Dotti Ambrozionun tələbəsi olur. Artıq səkkiz aylıq gərgin məşğələlərin sonunda gənc müğənni XVII və XVIII əsr italyan bəstəkarlarının mürəkkəb əsərlərini böyük məharətlə ifa edə bilirdi. Lakin 1912-ci ildə təhsilini yarımçıq qoyaraq Bakıya geri qayıtmalı olur. Buna səbəb isə ona hər ay xüsusi təqaüd göndərən Bakı neft milyonçusu Zeynalabdin Tağıyevin naməlum səbəblərdən maliyyə yardımını kəsməsi olur.

Həmin il Bakıda Tağıyev teatrının səhnəsində shovket memmedova1Üzeyir Hacıbəyovun “Ər və arvad” operettasından bir neçə parça ifa edərək ilk dəfə professional sənətçi olduğunu nümayiş etdirir (Milanda tanış olduğu mühəndis Yakov Lübarskinin fortepianoda müşayiəti ilə). Konsert Şövkət Məmmədovanın nəfinə təşkil olunduğundan, toplanacaq vəsait də gənc ifaçının İtaliyada yenidən təhsilini davam etməsinə xərclənəcəkdi. Lakin bir müsəlman qızının səhnəyə çıxması və üstəlik dövrün “dress-kod”una əməl olunmaması konsertə gələn Bakı qoçularını qəzəbləndirir. Onlar Şövkət Məmmədovanı öldürmək istəyirlər. Bunu hiss edən Üzeyir Hacıbəyov və həkim Bəhram Axundov (Şövkət xanım Bakıya gələrkən onun evində yaşayırdı) gənc müğənnini gizli şəkildə teatrdan çıxararaq Biləcəri stansiyasından Tiflisə yola salırlar. O, doğma şəhərində yenidən musiqi təhsilini davam etdirir.

Şövkət Məmmədova 1915-ci ildə mühəndis Yakov Lübarski ilə Kiyevdə ailə həyatı qururlar. Gələcəyin qüdrətli opera ustası Kiyev Konservatoriyasında professor A.N.Şperlinqin sinfində vokal dərsləri almağa başlayır. Burada, böyük musiqi xadimləri ilə o cümlədən, görkəmli bəstəkar Reynqold Qliyerlə də tanış olur. Bu tanışlıq nəticəsində R.Qliyer Azərbaycan musiqisi ilə maraqlanır və maraq onu Qarabağa səfər etməyə həvəsləndirir. O, səfəri əsnasında görkəmli musiqiçilərimizlə görüşür və milli musiqimiz haqqında geniş məlumat əldə edir. Görkəmli bəstəkarın “Şahsənəm” operasının ərsəyə gəlməsi onun Azərbaycan musiqisinə vurğunluğunun və Şövkət Məmmədovaya təşəkkürünün nəticəsi idi.  Heç şübhəsiz ki, 1934-cü ildə Şahsənəm rolu ilə Şövkət xanım özünün yaddaşlardan silinməyəcək ifalarından birinə imza atmışdı.

 

shovket memmedova3

                    Şövkət Məmmədova tarzən Qurban Pirimov və bəstəkar Reynqold Qliyerlə birgə, 1955-ci il

           

1921-1948-ci illəri Şövkət Məmmədovanın sənət fəaliyyətində “qızıl dövr” adlandırmaq olar. Belə ki, bu müddət ərzində görkəmli xanım sənətkar Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində bir-birindən baxımlı rollar yaratmaqla yanaşı Moskva, Leninqrad, Paris, Milan, Təbriz və Tiflis opera səhnələrində geniş repertuarla çıxış edir (1921), eləcə də, təhsilini Milan və Paris Konservatoriyalarında tamamlayır (1927-1930).

 

shovket memmedova2

  Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyü zamanı, 1959-cu il

 

Şövkət Məmmədovanın səhnə ifaçılığı ilə yanaşı pedaqoji fəaliyyəti də yüksək qiymətləndirilməlidir. Məhz onun təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) yaradılmışdır. 1923-1925-ci illər ərzində bu təhsil ocağının direktoru olmaqla yanaşı yenə də özünün 1924-cü ildə təsis etdiyi Respublika Not Nəşriyyatına da rəhbərlik etmişdir. Görkəmli səs ustası daha sonra pedaqoji fəaliyyətini respublikanın bir nömrəli vokal sənəti üzrə təhsil ocağında – Azərbaycan Konservatoriyasında davam etdirdi və professor olaraq ömrünün sonuna kimi Azərbaycan vokal sənətinə xidmət edəcək istedadlı mütəxəssislər yaratdı. SSRİ xalq artistləri Müslüm Maqomayev, Firəngiz Əhmədova, Fidan Qasımova və onun bacısı, respublika xalq artisti Xuraman Qasımova Şövkət Məmmədova vokal məktəbinin ən tanınmış nümayəndələridirlər. Şövkət  Məmmədova sevdiyi musiqi  sənətində  uğurlar qazanmaqla yanaşı   respublikanınictimai  həyatında  da  fəal iştiraketmişdir.                                                                           Belə ki, Azərbaycan SSR Ali Sovetinə 1938-1959-cu illər  ərzində 4 dəfə xalq deputatı seçilmişdir.Ölkə mədəniyyətinin inkişafında etdiyi xidmətlərinə görə hökümət tərəfindən SSRİ xalq artisti fəxri adı ilə yanaşı (1938), Lenin ordeni (2 dəfə), Qırmızı Əmək Bayrağı ordeni (2 dəfə) və Şərəf ordeni ilə təltif olunmuşdur.

Görkəmli opera ustası 8 iyun 1981-ci ildə 84 yaşında Bakıda vəfat etmişdir.

Şövkət Məmmədova Azərbaycan peşəkar qadın vokal məktəbinin bünövrəsini qoymuş, onu inkişaf etdirərək formalaşdırmış avanqard incəsənət xadimidir. Onun istər səhnə ifaçılığı, istərsə də pedaqoji fəaliyyəti öz əzəməti və möhtəşəmliyi ilə dünya səviyyəsində tanınmış, sevilmiş və şöhrət tapmışdır. Dünya vokal məktəbinin yüksək nailiyyətlərini Azərbaycan musiqi ənənələri ilə həmahəng şəkildə əlaqələndirərək milli opera sənəti tarixinə parlaq səhifələr yazmışdır.

Məqalənin hazırlanmasında 472, 526 və 591 nömrəli fondlarda mühafizə edilən sənədlərdən istifadə edilmişdir.

                                                                               

                                                                                                                 

                                                                                                                                                       Cavid Məmmədli

                                                                                                                                    S.Mümtaz adına Dövlət Ədəbiyyat və

                                                                                                                                           İncəsənət Arxivinin şöbə müdiri

 

 

 

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR