facebook logo    Twitter bird logo 2012.svg

BƏZİ MƏQAMLAR AYDINLAŞIR

(Deportasiya tariximizdən)

 

1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan azərbaycanlıların özlərinin ata-baba yurdlarından deportasiyası ilə əlaqədar məsələlərin öyrənilməsi və araşdırılması ilə bağlı yeni-yeni faktlar ortaya çıxır ki, bu da həmin məsələlərə daha çox aydınlıq gətirir. Hələ 1991-ci ildə «Vətən səsi» qəzetində dərc etdirdiyim «Köçürmə» başlıqlı məqalədə belə bir cümlə var idi: «Ermənistan SSR Basarkeçər rayonu Zod kəndi sakini Bala Hacıyev 1948-ci ilin fevral ayında şəxsən Azərbaycan SSR Nazirlər Sovetinin sədri T.Quliyevin qəbulunda olur və öz kəndliləri adından xahiş edir ki, 100 ailənin Azərbaycanın Xanlar rayonuna köçürülməsinə icazə verilsin. Onların xahişi yerinə yetirilir və həmin 100 ailə Xanlar rayonuna köçür». 

Əlbəttə həmin sətirləri yazanda Bala Hacıyevin kim olduğu, həyatda olub-olmaması barədə heç nə bilmirdim. Arxivdə saxlanılan sənədlərə istinadən bunu yazmışdım. Həmin məqaləni oxumuş Bala Hacıyev isə bu məsələ ilə bağlı öz təəssüratlarını «Köçürülmə» başlıqlı kiçik məqalədə dərc etdirmişdi. Təəssüflər olsun ki, onun bu yazısı mənə rast gəlməmişdi. Son vaxtlara qədər o özü də bu haqda heç bir məlumat verməmişdi. 

Bu günlərdə Bala Hacıyev 1941-1945-ci illər Böyük Vətən Müharibəsində həlak olmuş Ermənistan SSR Basarkeçər rayonu Zod kənd sakinlərinin onun ünvanına göndərdiyi 35 vərəqdən ibarət 27 ədəd üçgünc əsgər məktublarını Baş Arxiv İdarəsinə mənim adıma göndərmişdir. Bununla bağlı göndərdiyi məktubunda Bala müəllim yazır: «Bu məktubları yarım əsrdən çox vaxt ərzində xatirə kimi saxlamışam. Ömrümün sonu yaxınlaşdığından, Sizə olan xüsusi ehtiramıma görə bu məktubları arxivə təqdim etməyi lazım bildim». 

Basarkeçər rayonunun Zod kəndində doğularaq böyüyüb başa çatmış, 1941-1945-ci illər Vətən Müharibəsi cəbhələrində həlak olmuş nakam soydaşlarımızın bu qiymətli məktublarını arxivimizə təqdim etdiyi üçün Bala müəllimə dərin təşəkkürümüzü bildiririk. 

Bəs Bala Hacıyev kimdir? Azərbaycan SSR Nazirlər Sovetinin sədri Teymur Quliyevin qəbuluna o, necə düşə bilmişdi? Bizə təqdim edilmiş sənədlərdən və əldə etdiyimiz digər mənbələrdəki məlumatlardan aydın olur ki, Bala Hacıyev ziyalı bir ailədə dünyaya göz açmış, böyüyüb başa çatmışdır. Onun atası Əsgər Oruc oğlu Hacıyev əslən Zod kəndindən olub, təkcə bu kənddə deyil bütün Basarkeçərdə dövrünün tanınmış ziyalılarından olub. 

B.Hacıyev ilk təlim-tərbiyəsini də atasından almışdır. Onun göndərdiyi materiallar arasında 1964-cü il oktyabr ayının 7-də Basarkeçər rayonunda çıxan «Bolluq uğrunda» adlı qəzetdə dərc olunmuş Zod kəndində açılmış ilk real məktəbin 80 illiyi münasibətilə Mirzə Əsgər müəllimə həsr olunmuş «hümanist fikirli maarifpərvər» adlı məqalə də vardır. Məqalədə deyilir: «1884-cü ildə Zod kəndində birinci olaraq real məktəb açılır. Zoddan sonra Böyük Məruzədə, daha sonra isə Basarkeçərdə də belə məktəblər açılmağa başladı». 

Zodda açılan real məktəbdə o dövrün qabaqcıl, mütərəqqi fikirli müəllimləri dərs deyirdi. Belə müəllimlərdən biri də Mirzə Ələsgər idi. Kəndli ailəsində doğulmuş Mirzə Ələsgər ömrünün əvvəlindən sonuna kimi yoxsul kəndli balalarını oxutmağa çalışmış, bu sahədə öz səy və bacarığını əsirgəməmişdir. 

Mirzə Ələsgər bir müddət dostu Mirzə Bəylərlə birlikdə İrəvan qubernatorunun dəftərxanasında işləmiş. 1870-ci illərin sonlarında isə doğma kəndinə qayıdaraq ömrünün sonuna kimi burada mirzəlik və müəllimlik etmişdir. 

Bala Hacıyevin göndərdiyi sənədlər arasında 1910-cu ildə atasının Zod kəndliləri adından Rusiya Əkinçilik və Yerquruluşu Baş İdarəsinin Qafqazdakı müvəkkilinin dəftərxanasına yazdığı ərizənin əlyazması da var. Həmin əlyazmasını Mirzə Ələsgərin qardaşı Rəhim Hacıyev qardaşından xatirə kimi uzun illər saxlayaraq oğlu Meydan Hacıyevə vermişdir. Meydan Hacıyev isə 1975-ci il dekabrın 25-də həmin yazını xüsusi məktubla Əsgər Hacıyevin oğlu Bala Hacıyevə göndərilmişdi. 

İrəvan Quberniyası Yeni Bayazid qəzası Zod kəndinin yoxsul kəndlilərinin səlahiyyətli nümayəndələri Əkbər Əsəd oğlu və Məşədi Ağakişi oğlunun adından yazılmış həmin ərizədə göstərilirdi ki, 36 ilə yaxındır ki, Zod kəndliləri icması xəzinəyə məxsus «Səngər-Qatar Qaya» adlı yay və qış otaqlarından istifadə etməklə ildə xəzinəyə 367 manat 44 qəpik haqq ödəmişlər. Son vaxtlar hökumətin yoxsul kəndlilərin ağır vəziyyətini yüngülləşdirmək üçün bir sıra tədbirlər gördüyü bir vaxtda yenə də kəndin yoxsul kəndliləri Zod kəndinin ağaları Qiyasmanskilərin dözülməz zülmü altındadırlar. Onlar heç bir haqq ödəmədikləri halda kəndliləri həmin otaqlardan sıxışdırırlar. Kəndlilər öz ərizələrində yazırdılar ki, onlar bu barədə 1910-cu il iyun ayının 4-də əkinçilik və dövlət əmlakı nazirliyinin Qafqazdakı müvəkkilinə müraciət etsələr də heç bir cavab almamışlar. 

Dövrünün tanınmış ziyalısı olan atası Mirzə Əsgərdən dərs alan Bala Hacıyev də sonralar kəndin sayılan ziyalılarından olmuşdur. O, 1942-1948-ci illərdə, yə’ni öz doğma kəndlərindən köçənə qədər həmin kənddə Sovet sədri işləmişdir. Müharibə cəbhələrindən ona yazılmış əsgər məktublarının məzmunlarından da görünür ki, həmkəndliləri Bala Hacıyevi bir kənd Sovet sədrindən daha çox həmməslək, kənd camaatının qayğısına qalan bir həmyerli kimi tanınmış və öz ailələrinin vəziyyəti ilə əlaqədar dərd sərlərini onunla bölüşmüş, ondan kömək diləmişlər. 

Köçürülmələri ilə əlaqədar Bala Hacıyevin yazdığı məqalə bu məsələnin bir sıra qaranlıq məqamlarını aydınlaşdırır. O yazır ki, 1948-ci il fevral ayının əvvəllərində Basarkeçərdə azərbaycanlılar yaşayan kənd rəhbərlərinin yığıncağı keçirildi. Bu rayondakı 37 kənddən 30-u azərbaycanlı, 5-i erməni və 2-si qarışıq kəndlər idi. 1 O vaxt raykomun birinci katibi Talıb Musayev idi. Yığıncaqda Bakıdan gələnlər də var idi. Bakıdan gələn A.Gözəlov çıxış edib dedi ki, İttifaq hökumətinin razılığı ilə Ermənistanda yaşayan azərbaycanlılar könüllü qaydada Azərbaycana köçürüləcəklər. Bala Hacıyevin yazdığına görə köçürülmə şərtlərini izah edən A.Gözəlov onlara ediləcək güzəştlər haqqında geniş məlumat verir. Hətta kolxoz əmlakının bölünmə aparılması və evlərinin satılmasının da təmin ediləcəyini bildirir. 

Bu yaxınlarda dünyasını dəyişən, o vaxt Basarkeçər rayonu partiya komitəsinin birinci katibi işləmiş Talıb Musayev bu məsələ ilə əlaqədar «Xalq qəzeti»nin 1997-ci il 23 iyun tarixli nömrəsində dərc etdirdiyi məqaləsində yazır: «Mən 1948-ci ilin yanvar ayında Bakıda Bağırovun qəbuluna gəldim. Məni qəbul etdi və çox sərt danışdı. O, eşitmişdi ki, mən köçürülməyə zidd olmuşam». 2 

Talıb müəllim yazır ki, mən ona təmkinlə dedim ki, «Yoldaş Bağırov sizin himayənizdə yaşayıb işləməyə camaat hazırdır. Ancaq bir neçə şərtimiz var». 

Bu şərtlər – onlara dağlıq və dağətəyi rayonlarda yer verilməsi, ictimai və şəxsi mülkiyyətin Ermənistandan köçürülüb gətirilməsi, köçürülməni tezləşdirmək üçün Xanlar rayonundan köçürülmüş almanların evlərinə Basarkeçər rayonu əhalisinin yerləşdirilməsinə icazə verilməsindən ibarət idi. 

T.Musayev yazır ki, bu məsələlərə öz münasibətini bildirən Bağırov mənə tapşırdı ki, «Xanlara alman evlərinə hansı kəndin əhalisini köçürmək istəyirsənsə o kəndin rəhbərlərini mənim yanıma göndər. Mən də rayonun ən böyük kəndi olan Zod kəndinin Sovet sədri Bala Hacıyevi və partiya təşkilat katibi Kirazlı Nəsirovu onun yanına göndərdim». 3

Bala Hacıyev yazır ki, mən mərhum Kirazlı Nəsirov və Zod kəndindən olan icraiyyə komitəsinin təlimatçısı mərhum Əli Rzayev birlikdə Bakıya gəldik. Biz Teymur Quliyevin qəbulunda olduq, köç barədə söhbət etdik. Sonra bizi mehmanxanada yerləşdirdilər. Sabahı günü tanımadıqları bir nəfər onları Mərkəzi Komitəyə aparır. Əvvəlcə onları Mərkəzi Komitənin şöbə müdiri İlyas Abdullayev qəbul edir və bildirir ki, «sizi kişi, yəni M.Bağırov qəbul edəcək və bu barədə bizi təlimatlandırdı. Sonra özü ilə birlikdə M.Bağırovun iş otağına getdik. Burada T.Quliyev, H.Seyidov (MK-ın katibi) oturmuşdular. M.Bağırov stoldan qalxıb iki-üç addım qabağımıza gəlib bizimlə görüşdü. M.Bağırov bir saatdan çox bizimlə söhbət etdi». 4 

Bala Hacıyevin yazdığına görə M.Bağırov Ermənistanda yaşayan azərbaycanlıların necə dolandığını soruşur və sonra Ermənistandan azərbaycanlıların köçürülməsi ilə əlaqədar belə deyir: «Bu məsələ üç ildi məni məşğul edirdi. Keçən il yə’ni 1947-ci ildə mən sanatoriyada olanda Moskvada Ermənistan KP MK-nın birinci katibi Q.Artyunovla görüşdükdə belə bir razılığa gəldik ki, Ermənistanda yaşayan azərbaycanlılar «könüllü qaydada» Azərbaycana köçürülsün. Bu barədə Q.Artyunov İ.Stalinə deməli idi, ancaq o deyə bilmədi. Mən İ.Stalinin qəbulunda oldum və o, buna razılıq verdi». 5

Azərbaycanlıların Ermənistan SSR-dən köçürülməsi ilə bağlı «Vətən səsi» qəzetində dərc etdirdiyim məqalədə yazmışdım: «Azərbaycanda heç kəsin gözləmədiyi bir halda 1947-ci il dekabr ayının 23-də «Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» SSRİ Nazirlər Sovetinin İ.Stalin tərəfindən imzalanmış qərarı çıxır». 

Sonralar Respublika Dövlət Siyasi Partiyalar arxivində aşkar etdiyimiz M.C.Bağırov və Q.Artyunovun birlikdə İ.Stalinə ünvanladıqları 1947-ci il dekabr tarixli məktubun surəti (bu surətdə günün yeri boşdu. «Qolos Armeniya» qəzetində verilmiş məlumata görə isə bu tarix «3» dekabrdı – A.P.) və B.Hacıyevin yuxarıda yazdıqları bir daha sübut edir ki, Azərbaycanda təkcə sadə insanlar deyil, hətta çoxlu rəhbər kadrların belə bu işdən məlumatı olmasa da bu köçürülmənin şəxsi təşəbbüskarlarından biri, bəlkə də birincisi M.C.Bağırov özü olmuşdur. Görünür əhatəsindəki məkrli ermənilər onu inandıra bilmişdilər ki, Mingəçevir dəryaçasının tikintisindən sonra Respublikada pambıqçılığın inkişafı üçün belə bir tədbirin həyata keçirilməsi mütləq lazımdır. Göründüyü kimi ermənilərin fitvasına uyaraq diqqətlə düşünüb, götür-qoy edilməmiş bu cür köçürmə xalqımızı XX əsrin ortalarında ən böyük mərhumiyyətlərdən birinə kütləvi deportasiyaya məruz qoymuşdu. 

Bala Hacıyevin yazdığına görə M.Bağırovun göstərişi ilə kənd təsərrüfatı nazirinin müavini Rəsul Həsənov bir «Villis» maşınında onları Bakıdan Gəncəyə aparır. Yollarda onlar Şamaxı, Ağsu, Göyçay rayonlarına baxır, axırda isə Şamxor və Xanlar rayonlarında olurlar. Onlar Xanlara köçməyi qərarlaşdıraraq Ermənistana qayıdırlar. Basarkeçərdə erməni millətindən olan məsul rayon rəhbərləri, xüsusilə orqan işçiləri bu cür köçməyə heç cür razılıq vermək istəmirlər. B.Hacıyevin yazdığına görə yalnız Basarkeçər rayon partiya komitəsinin birinci katibi Talıb Musayevin bu işə qarışması Zod kəndindən 100 ailənin Xanlara köçməsi üçün şərait yaradır. O, həm də bu kənddəki kolxozdan 100 ailənin payına düşən əmlakın da düzgün bölünüb verilməsi işini təşkil edir. 6 

Bu məsələ ilə əlaqədar Talıb müəllim özü də yuxarıda göstərilən məqaləsində yazır: «Köçmə işi bir il müddətində çox mütəşəkkil şəkildə təşkil olundu və zodlular köçdülər. Zod camaatı Xanlara köçüb gələnə qədər Azərbaycan Respublikasının daxili işlər naziri işləyən X.Qriqoryan (sonralar Bağırovla birlikdə məhkum edilmişdi) öz qohum və dostlarını Xanların alman evlərində yerləşdirmişdi. Xanlara köçən zodlular alman evlərində yerləşmiş erməniləri zorla çıxarıb «yoldaş Bağırov bu evləri bizə verib» deyərək özləri məskunlaşırdılar. X.Qriqoryanın xalasının yerləşdiyi evi Sovet sədri B.Hacıyev zorla boşaltdırıb özü məskunlaşmışdı. İndi də B.Hacıyev öz uşaqları ilə həmin evdə yaşayır». 7

Sonda bizim 1991-ci il may ayının 22-də «Vətən səsi» qəzetində dərc etdirdiyimiz «Köçürülmə» adlı məqalədə istinad etdiyimiz sənəd haqqında bir qədər açıqlamaya ehtiyac var. 

Məlumdur ki, şəxsən M.Bağırovun köməkliyindən istifadə edərək Xanlardan köçürülmüş almanların evlərində qeyri-qanuni yerləşmiş erməniləri həmin evlərdən qovaraq özləri məskunlaşmış azərbaycanlılara qarşı təkcə onların alman evlərindən qovduqları ermənilər deyil, habelə Xanlar rayonunun erməni millətindən olan üzdə kommunist, batində isə iliyinə qədər millətçi olan partiya və sovet rəhbərləri bunu heç cür zodlulara bağışlaya bilmirlər. İmkan düşdükcə Zod kəndindən köçüb gəlmiş azərbaycanlıları incidirdilər. Ermənilərin bu hərəkətlərinə dözə bilməyən Bala Hacıyev 1953-cü il oktyabr ayının 22-də yenidən Teymur Quliyevə məktubla müraciət edir. Məktubunun əvvəlində Ermənistan SSR Basarkeçər rayonunun Zod kəndindən köçüb gəlmiş 100 ailənin Xanlar şəhərində yerləşdirilməsində kömək üçün Teymur Quliyevə bir daha minnətdarlığını bildirən Bala Hacıyev sonra yazırdı: «Yoldaş Quliyev bir sıra qeyri-qanuni hərəkətlər, məhdudlaşdırmalar 100 ailənin bir neçəsinin geri qayıtmasına səbəb olmaqla hal-hazırdakı vəziyyətə görə bizim Xanlarda yaşamağımız olduqca çətinləşir. Mənim öz fikrimi yazı vasitəsilə sizə bildirməyim olduqca çətinləşib. Artıq dərəcədə xahiş edirəm ki, məni Nazirlər Sovetində bir neçə dəqiqə qəbul edib, şikayətimi eşidib, sonra lazımi binagüzarlıqda bulunasınız. Əminəm ki, mənim bu xahişimi də rədd etməyəcəksiniz». 

Təəssüflər olsun ki, Bala Hacıyev öz əminliyində yanılmışdı. Arxivdə olan sənədlərdən görünür ki, məktub rus dilinə tərcümə olunmuş T.Quliyev tərcümənin üzərində Nazirlər Sovetinin kənd təsərrüfatı şöbəsinin müdiri Ç.Zimenkovun adına belə bir dərkənar qoymuşdu: «Yoldaş Zimenkov mənimlə danışın», N.Zimenkovun isə belə bir qeydi var: «Yoldaş T.Quliyevə məruzə olundu». Sənəddən görünür ki, B.Hacıyev 1953-cü ildə nəinki T.Quliyev tərəfindən qəbul edilməmiş, hətta onun məktubuna cavab belə verilməmişdir. 

Bütün bu göstərilənlər xalqımızın deportasiya tarixində Zod kəndindən olan kolxozçuların Xanlar şəhərinə köçürülməsi məsələsinə tam aydınlıq gətirməklə yanaşı bir daha sübut edir ki, 1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan soydaşlarımızın öz tarixi-etnik torpaqlarından deportasiyanın təşəbbüskarları və təşkilatçıları arasında özümüzün ən yüksək vəzifəli məmurlarımız da olmuşdur. Bütün başqa günahları bağışlamaq mümkün olsa da bu cür günahları bağışlamaq çətindir.



ATAXAN PAŞAYEV

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR