facebook logo    Twitter bird logo 2012.svg

ZƏNGƏZUR VƏ QARABAĞDA AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMI

1918-ci ildən 1920-ci il aprel çevrilişinə qədər erməni vəhşiliklərindən ən çox ziyan görmüş Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuşdur. Bu müddət ərzində erməni quldur dəstələrinin həmin qəzanın müsəlman əhalisinə qarşı güc işlətmək siyasəti bir an da olsun belə kəsilmir, hərdən səngisə də sonra daha yeni qəddarlıqlarla təkrar olunurdu. Fövqəladə İstintaq Komissiyasının, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, müxtəlif nazirliklərin arxivlərində bu haqda çoxlu tarixi sənədlər qorunub saxlanılır. Onların arasında Fövqəladə təhqiqat komissiyasının məruzələrini, Azərbaycan parlamentinin 1918-ci il dekabrın 20-də keçirdiyi və bu məsələyə həsr olunmuş xüsusi fövqəladə iclasının materiallarını, xüsusilə orada Baş nazir F.X.Xoyskinin çıxışını, parlamentin adına gəlmiş teleqramları və s. qeyd etmək olar.

Hündür dağ bölgəsində yerləşən bu qəzanın demək olar ki, əlaqələri Şuşa qəzası ilə tamamilə, Cəbrayıl qəzası ilə qismən kəsilmişdir. Müsəlman kəndləri tək-tək erməni kəndlərinin aralarında qaldıqlarından bir-biriləri ilə əlaqə saxlamaq üçün yalnız erməni kəndlərindən istifadə etməyə məcbur olduqları üçün ilk gündən özlərinin bu üstün vəziyyətini hiss edən ermənilər həmin qəzada üstünlüyü öz əllərinə almışlar. Qəzanın müsəlman əhalisinin Azərbaycanın başqa əyalətlərinə nisbətən vəziyyəti bir də ona görə pisləşmişdir ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı bu qəzada general Andronikin çox yaxşı təşkil edilmiş erməni əsgərlərindən ibarət nizami qoşunları da vardı. Andronik öz ətrafında nizami qoşun və erməni quldur dəstələrini cəmləşdirərək görünür ki, Erməni Respublikası hökumətinin tapşırığı ilə Azərbaycan ərazisinə soxularaq müsəlman əhalidən tələb edir ki, ya Ermənistan hökumətinə tabe olsunlar, ya da qəzanın ərazisini tərk etsinlər. Guya bu qəza Ermənistan Respublikasına daxildir. Qəzanın demək olar ki, bütün dünyadan təcrid olunmuş və çox zəif silahlanmış əhalisi Andronikin bu tələblərini rədd edir. Buna görə də ermənilər həmin əhaliyə qarşı eşidilməmiş vəhşiliklər törədirlər. Öz respublikalarının ərazisini genişləndirməyə cəhd edərək ermənilər müsəlmanlara aman vermirdilər. Hətta müsəlmanlar  könüllü  olaraq  öz  doğma ocaqlarını tərk etdikdə belə ermənilər onların kəndlərini yandırır, özülünə qədər dağıdır, əhalini görünməmiş vəhşiliklərlə qətlə yetirir, onların mal-heyvanlarını sürüb aparır, əmlaklarını müsadirə edir, onların torpaq sahələrini zorla ələ keçirib əkirdilər. Məruzədə göstərilirdi ki, hazırda bu qəzada yalnız Oxçu dərəsi müsəlman kəndlərinin əhalisi çox mərdliklə öz doğma ev-eşiklərini, ata-baba ocaqlarını müdafiə edirlər.

Sisyan mahalının birinci polis sahəsində olan bütün müsəlman kəndləri, ikinci polis sahəsində olan kəndlərin əksəriyyəti, üçüncü, dördüncü və beşinci polis sahəsindəki müsəlman kəndlərinin isə çox hissəsi məhv edilmişdir. Bəzi kəndlər ümumiyyətlə yer üzərindən silinmiş, həmin kəndlərin torpaqları ermənilər tərəfindən əkin üçün şumlanmışdır. 50 mindən yuxarı müsəlman qaçqını qismən dördüncü polis sahəsindən, qismən də Cəbrayıl qəzasında özlərinə sığınacaq tapmışlar.

Fövqəladə təhqiqat komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzərindən silindiyi qeyd olunur. Dağıdılmış bütün kəndlərin adları sadalanır.

Məruzədə göstərilən 115 kənd ermənilər tərəfindən yandırılmış, əmlakı oğurlanıb aparılmış, ərazisi ermənilər tərəfindən zəbt olunmuşdur. Bu kəndlər məhv edilərkən o qədər haqsızlıqlar, vəhşiliklər törədilmişdir ki, onları ayrı-ayrı kəndlər üzrə göstərməyə imkan yoxdur. Ermənilərin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklər haqqında təhqiqat komissiyasının aktları, onlara əlavələrdə kifayət qədər məlumatlar vardır.

Yuxarıda göstərilən 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Nəticədə tam olmayan məlumata görə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilmişdir. Məruzədə deyilirdi ki, bu dəhşətli rəqəmlər hələ erməni vəhşilikləri haqqında tam məlumat vermir. Belə ki, erməni vəhşiliklərinin qurbanları daha çox olmuşdur. Ancaq indiki dəhşətli qarışıqlıq şəraitində onları tam şəkildə müəyyənləşdirmək mümkün olmamışdır.

Şahidlərin ifadələri əsasında tərtib olunmuş məruzədə ermənilərin törətdikləri vəhşiliklər haqqında ətraflı məlumatlar verilmişdir. Vaqudu kəndində erməni əsgərlərinə paylanmış və zorlanmış 15 nəfər gözəl azərbaycanlı qızları namussuzluq əzabına dözə bilməyərək özlərini məhv etmişlər. Elə həmin kənddə 400-dən yuxarı azərbaycanlı əhali məsciddə sığınacıq tapır və güman edirlər ki, ermənilər müqəddəs yer olan məscidə dəyməzlər. Ancaq məscidi mühasirə edən erməni vandalları əvvəlcə məscidə əl bombaları atır, sonra isə ona od vuraraq adamlarla birlikdə yandırırlar. Həmin kənddə Qədəm Tahir qızı qılıncla doğranmış və döşü kəsilərək başı kəsilmiş südəmər uşağın ağzına soxulmuşdur. Həmin kənddə ermənilər Yolçu Şıx Hüseyn oğlunu öldürərək, cinsiyyət üzvünü kəsib ağzına soxmuşlar. Həmin kənddən dörd nəfər cavan qız – Nisə Əmən qızı, Acib Nuhbala qızı, Sona Cəfər qızı və Şahnur Cəlal qızı ölənə qədər ermənilər tərəfindən zorlanmışlar. Həmin kəndin yaxınlığında Gülməstə Qasım qızı öldürülmüş, döşləri kəsilmiş, kürəklərinin arasına at nalı mıxlanmışdır. Nüvədi kəndində ermənilər yorğan-döşəkdən dura bilməyən yüz yaşlı Əsəd bəy Məlik Abbasovu süngü ilə dəlik-deşik etmişlər.

Həmin kənddə küçələrdə qaçıb canını qurtarmaq istəyən uşaq və qadınların şaşka və xəncərlərlə başlarını üzmüşlər. Şəki kəndinin küçələrində döşləri kəsilmiş qadın və iki yerə şaqqalanmış uşaq meyidləri atılıb qalmışdır. İrmişli kəndini talan edərkən ermənilər südəmər uşaqları süngülərə taxaraq göyə qaldırır, öldürülənlərin meyidləri tiki-tikə doğranırdı. Aqudi kəndində ermənilər müsəlmanlardan xristianlığı qəbul etməyi tələb edirlər, bundan imtina edən qadınların döşlərini kəsir körpə uşaqların ağzına soxurdular. Elə həmin kənddə ermənilər sağ-sağ Qulam Şakir oğlunun ayaqlarını kəsmiş, sonra süngü ilə onu dəlik-deşik edərək qanı qurtarıb ölənə qədər kəsik ayaqları üzərində hərəkət etməyə məcbur etmişlər. Həmin kənddə gözəl qızlar əvvəl zorlanmış, sonra isə öldürülmüşlər. Çullu kəndində ermənilər yorğan-döşəkdə xəstə yatan 9 nəfər müsəlmanı qılıncla doğramışlar. Bağır-bəyli kəndində ermənilər 7 nəfər azərbaycanlını bir evə yığıb evlə birlikdə diri-diri yandırmışlar. Müsəlmanlar kəndində meyidlərin əli, ayağı, başı kəsilmiş və o qədər eybəcər hala salınmışlar ki, bilmək olmurdu ki, həmin əzalar hansı meyidə məxsusdur. Qatar kəndində çox hörmətli Məşədi Qələndər Məşədi Qulu oğlunun üzərinə ermənilər neft tökərək diri-diri yandırmışlar. Həmin kənddə ermənilər Kərbəlayı Allahverdi Hüseynəli oğlunun əl-ayağını bağlayaraq qoyun kimi boğazından kəsmişlər. Vartanazur kəndində ermənilər xüsusilə çox uşaq və qadını xəncərlə doğramışlar. Bu göstərilənlər ermənilərin törətdikləri vəhşiliklərin cüzi bir hissəsi idi. Bu cür və bundan daha dəhşətli vəhşiliklər ermənilərin dağıtdıqları bütün kəndlərdə təkrar olunurdu. Lakin təəssüflər olsun ki, o kəndlərin çoxunda bu vəhşiliklərin şahidləri belə qalmamışdır.

Çoxlu şahidlərin dediyinə görə Zəngəzur qəzasında 1918-ci ilin yayın axırları və payızında baş verən bu hadisələr bilavasitə cəllad Andranikin rəhbərliyi altında keçirilmişdir. Zəngəzur qəzasının müsəlman kəndlərinə hücum etmiş erməni quldur dəstələrinin başçıları və bu dəstələrin yüzlərlə üzvləri şahidlər tərəfindən tanınmışlar. Onlardan Gorus şəhərindən Nikolay Osipov, Simon Mirumov, Darabas kəndindən – Şamir Şahnazarov, Meğri kəndindən David Arşak, Matevos Maçiants, Kəvər kəndindən Amazasp, Xatanan kəndindən zabit Avanes Ter-Petrosov, Arnazur kəndindən Sumbat Melik-Stepanov və onlarla başqaları idi. Zəngəzur qəzasının 100-dən çox müsəlman kəndi dağıdılmış, 10 minlərlə iribuynuzlu mal-qara və 100 minlərlə xırdabuynuzlu qoyun-keçi ermənilər tərəfindən sürülüb aparılmış, bağlar, taxıl zəmiləri və otlaq sahələri yandırılmış, dağıdılmış bir sözlə qəzanın müsəlman əhalisinin iqtisadi vəziyyəti üçün zəmin kökündən məhv edilmişdir. Qəzanın Azərbaycanın müxtəlif kəndlərinə qaçıb dağılmış əhalisinə ermənilər tərəfindən o vaxtın qiymətləri ilə 1 milyard manata yaxın maddi ziyan vurulmuşdur. Ermənilərin Zəngəzurun müsəlman əhalisinə qarşı hücumları 1919-cu ilin dekabrından yenidən şiddətlənir. Artıq noyabr aylarında ermənilər müsəlmanlar yaşayan Oxçu, Atqız, Şabadan, Pirdavdan kəndlərinə qarşı geniş hərbi əməliyyata başlayırlar. Özü də bu vaxt artıq Ararat Respublikasının rəsmi nizami ordusu bu işdə iştirak etməyə başlayır.

1920-ci il yanvarın 6-da keçirilən iclasında Azərbaycan Cümhuriyyəti Dövlət Müdafiə Komitəsi «Zəngəzurun müsəlman kəndlərinin ermənilər tərəfindən dağıdılmasının davam etməsinə qarşı tədbirlər görülməsinin zəruriliyi haqqında» daxili işlər nazirliyinin məlumatını müzakirə edir və qərara alınır ki, dinc əhaliyə qarşı ermənilərin bu hərəkətlərinin qarşısını almaq üçün müəyyən tədbirlər görülsün və bu haqda müttəfiq qoşunlarının bölgədəki nümayəndəsinə məlumat verilsin.

Erməni millətçilərinin azərbaycanlılara qarşı Zəngəzurdakı vəhşilikləri 1920-ci ilin əvvəllərində özünün kulminasiya nöqtəsinə çatır. Həmin il yanvarın ortalarında Paris sülh konfransı ölkələri tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması ilə əlaqədar  olaraq   ermənilər   Zəngəzurda   daha   da   fəallaşırlar.   Özü   də   əvvəllər Zəngəzurda baş verən hadisələrin bilavasitə təşkitlatçısı olan Ararat Respublikası rəsmi yazışmalarda bu işlərdən qətiyyən xəbəri olmadığını iddia edir. Həmin hadisələrin günahını gah Andronikin, gah da Zəngəzurda yaradılmış digər erməni təşkilatlarının üzərinə atırdı. Lakin 1920-ci ilin yanvarından Zəngəzurda baş verən bütün hadisələrin bilavasitə təşkilatçısı məhz Ararat Respublikasının özü idi. Burada da əsas məqsəd Zəngəzur qəzasını tezliklə tamamilə müsəlmanlardan təmizləyərək sülh konfransı ölkələrini bu məsələnin Ermənistanın xeyrinə həllində həyata keçirilmiş fakt qarşısında qoymaq idi. Artıq bu təmizləmə siyasətində Zəngəzurdakı erməni quldur dəstələri ilə yanaşı Ararat Respublikasının top və pulemyotlarla silahlanmış on mindən yuxarı nizami qoşun dəstələri də iştirak edirdi.

Bu hücumla əlaqədar olaraq 1920-ci il yanvarın 20-dən Azərbaycan Cümhuriyyəti Parlamentinə, hökumətinə müxtəlif partiya fraksiyalarının rəhbərlərinə Zəngəzur, Cəbrayıl və Şuşadan çoxlu həyəcanlı xəbərlər daxil olur. İlk teleqram 1920-ci il yanvarın 21-də Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü Cəlil Sultanov tərəfindən Cəbrayıldan Azərbaycan Parlamentinə göndərilmişdir. Orada deyilirdi: «Zəngəzur qəzasında dörd gündür ki, erməni quldur dəstələrinin, nizami ordu ilə birlikdə top və pulemyotların atəşi altında hücumları davam edir. Cəbhə xətti Qubadlıdan Xocahana qədər 50 verst məsafədə uzanır. İtgilər olduqca çoxdur. Əhali vahimə içərisində qaçır və kömək umur. Artıq dərəcədə xahiş edirəm çox sayda ordu və patron göndərmək haqqında təcili tədbirlər görün. Qəzanın bədbəxt əhalisi adından yalvarıram, kağız üzərindəki etirazlardan fəal hərəkətə keçin. Azərbaycanın ən gözəl guşələrindən birini tamamilə məhv olmaqdan xilas edin. Zəngəzurun ardınca növbə Qarabağındır. Bütün bunların itirilməsi üçün siz türk (azərbaycan – A.P.) xalqı və Azərbaycan qarşısında cavab verəcəksiniz».

Elə həmin gün Şuşadan da Azərbaycan Parlamentinin ünvanına Məmməd Həsən Xocahanlı, Fərrux bəy Sarmasbəyov, Abbas bəy Mirzəyev, Baqrat bəy Cavanşir, İsmayıl Muxtarov tərəfindən vurulmuş teleqramda deyilirdi: «Yanvarın 19-dan başlayaraq ermənilər nizami ordu və artileriyanın köməyi ilə Zəngəzur müsəlmanlarını qırmağa başlayıblar. Artıq Əliqulu uşağı, Eyvazlı, Şamsız, Şurnux, Məzrə, Novla, Tarovlu kəndləri tamamilə dağıdılıb, hücum davam edir. Müsəlmanların vəziyyəti çıxılmazdır. Heç yandan kömək yoxdur. İranlı ermənilər tərəfindən də təhlükə gözlənilir. Yalvarırıq, təcili tədbirlər görün».

Yanvarın 22-də isə Cəbrayıl məktəbinin nəzarətçisi H.Axundzadə Azərbaycan Parlamentinə göndərdiyi teleqramda yazırdı: «Ayın 19-da səhərdən erməni silahlı qüvvələri Zəngəzurda Xocahandan Qaladərəsinə kimi ərazidə bütün cəbhə boyu toplardan və pulemyotlardan müsəlman kəndlərini atəşə tuturlar. Altı  kənd tamam dağıdılmış, doqquz kənd isə od içərisində yanır. Ermənilər qadınlara və uşaqlara belə rəhm etmədən qəddarlıqla müsəlmanları qırır, kəndləri dağıdırlar. Müqavimət göstərməyə heç bir qüvvəlləri olmayan müsəlmanlar bütün əmlaklarını ermənilərə qoyaraq yalnız qaçmaqla canlarını qutarırlar». Erməni millətçilərinin Zəngəzurdakı dəhşətli cinayətləri və onlara layiqli cavab verilməməsi – azərbaycanlı əhali arasında ümidsizlik doğurur. 1920-ci il yanvar ayının 23-də Cəbrayıldan müəllim Hüseyn Axunzadə və başqaları tərəfindən kiril əlifbası ilə azərbaycan dilində Azərbaycan Cümhuriyyəti Parlamenti və hökuməti adına göndərdikləri teleqramda deyilirdi: «İkinci dəfə olaraq teleqraf edirik. Zəngəzur müsəlmanları tərəfindən başınız sağ olsun. Nə qədər Zəngəzurlular ağladılarsa da nalələri Zəngəzur dağları, dərələri və obaları arasından bir tərəfə çıxmadı. Qarı arvadların məmələri kəsilmiş, mə’sum balalarının başsız bədənləri qırmızı qanlarına bulaşmış çöllərdə qalıblar. Qızlar və gəlinlər ermənilərin əlinə keçmiş, onların namuslarına təcavüz edilmişdir. Zəngəzurda düşmən müqabilində bir az kişi qalıb. Lakin onlar da tam ümidsiz vəziyyətdədirlər. Heç bir tərəfdən kömək gəlməmişdir. Ermənilərin nizami orduları on min nəfərə çatmışdır və hər an qüvvələri artmaqdadır. Ararat (Respublikası – A.P.) tərəfindən hər an onlara kömək gəlir. On ədəddən yuxarı topları və çoxlu pulemyotları vardır. Topların gurultusu Cəbrayılı həyacana gətirmişdir. On minlərlə Zəngəzur qaçqını Cəbrayıl qəzasına yayılmışdır. Üzümüzü çeviririk ümumi Azərbaycan dindaşlarınmıza. Onları Zəngəzurdakı qardaşlarımızın, bacılarımızın, məsum balaların məzlumanə şəkildə şəhid olmalarına qarşı kömək, kömək deyə yalvarışlarına cavab verməyə çağırırıq.

Ermənilərin fikri budur ki, Zəngəzurla qurtarmaqla Cəbrayıl erməniləri ilə birləşib buralarda da dəxi dava etsinlər və Naxçıvan ilə bizim əlaqələrimizi tamamilə kəssinlər. Əgər hökumət tərəfindən fövqəladə binagüzarlıq olmazsa müsəlmanların işi fəna olacaqdır». Elə həmin gün Cəlil Sultanovdan da Azərbaycan Parlamentinə, hökumətinə, bütün Parlament fraksiyalarının sədrlərinə aşağıdakı məzmunda ikinci teleqramı daxil olmuşdur: «İndicə aldığım səhih məlumata görə yanvarın 19-da erməni nizami ordusu 10 top və çoxlu pulemyotlarla Xocahan və Qaladərəsi arasındakı bir sıra tatar (azərbaycanlı – A.P.) kəndlərinə hücum etmişlər. Dünənə qədər 15 kənd məhv edilmişdir. Hücum Cəbrayıl qəzasının Xanlıq kəndi yaxınlığında davam edir… Qaçqınlar böyük sayda Cəbrayıla gəlirlər. Təkrar edir və yalvarıram ki, təcili tədbir görərək ordu göndərin. Xahiş edirəm mənim teleqramımı bütün Parlament üzvlərinə elan edəsiniz. Mən hərbi əməliyyat yerinə gedirəm».

Cəlil Sultanov yanvarın 23-də hərbi əməliyyat yerindən Parlamentə göndərdiyi üçüncü teleqramında yazırdı: «Bu gün axşam vaxtı qəza rəisi ili birlikdə Cəbrayıla gəldim. Açıq səma altında Zəngəzurdan təzəcə gəlmiş on minlərlə lüt, ac qadın və uşaq qaçqınları gördüm. Zəngəzur qəzası İrəvandan on top və pulemyotlarla gəlmiş nizami ordu tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusunun sayı on minə çatır. Ermənilərin döyüş meydanında qalmış ölüləri arasında bir neçə rəngli ingilis əsgəri də vardı. Xocahan və Zabux arasındakı bütün yüksəkliklər ermənilər tərəfindən tutulmuşdur. Əkərə çayının sağ sahili boyu üçüncü polis sahəsi tamamilə toplarla və pulemyotlarla məhv edilmişdir. Bu gün Zəngəzur qəzasının dördüncü polis sahəsinin sağ qalan hissəsini ermənilər mühasirə ilə kəsib ayıraraq onun da axırına çıxırlar. Zəngəzurda tam hakimiyyətsizlik hökm sürür. Döyüşmək və müqavimət göstərmək üçün heç bir vəsait yoxdur. Hökumətin köməyinə ümidini itirən əhali bütün Azərbaycan türk xalqına müraciət edir. Aldığımız məlumata görə sabah Zəngəzur tərəfdən Cəbrayıl qəzasına hücum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşməkdir. Nəticədə Naxçıvanla əlaqəni tamam kəsmək, beləliklə də həm Qarabağ və həm də Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Qarabağın Dağlıq hissəsinin erməniləri sürətlə üsyana hazırlaşırlar. Hökumətin cinayətkarcasına fəaliyyətsizliyi Zəngəzur və Qarabağın məhvinə gətirib çıxarıb. Artıq kağız üzərindəki etirazlara son qoymaq, iki yüz mindən yuxarı Zəngəzur müsəlman əhalisinin məhvinə gətirib çıxarmış xain xatisovların təntənəli ziyafətləri, Azərbaycanın erməni təbəələrinin həyasızlığı yetər. Xahiş edirəm təcili tədbir görün ki, heç olmasa Şuşa və Cəbrayıl qəzaları  xilas edilsin.  Hər  dəqiqə  qiymətlidir.  Yubanmaq  xalq  və  vətən qarşısında cinayət və satqınlığa bərabərdir. Hərbi nazirin iştirakı çox vacibdir».

1920-ci il yanvarın 24-də Cəbrayıldan C.Sultanovun Azərbaycan Parlamenti adına göndərdiyi son teleqramında deyilirdi: «Bütün teleqramlarıma əlavə olaraq hərbi əməliyyat yerindən məlum edirəm ki, Zəngəzur sarıdan başınız sağ olsun. Ermənilər öz qüvvələrini Cəbrayıl qəzasının sərhədlərində – Əkərə çayı ətrafında cəmləşdirirlər. Qarabağı xilas etmək lazımdır. Erməni xəyanəti və hiyləgərliyi qurbanlarının sayı hesaba gəlməzdir. Yalvarıram təcili və qəti tədbirlər görün». Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin Qarabağın general-qubernatoru X.Sultanova 1920-ci il 24 yanvar tarixli gizli məktubundan məlum olur ki, Zəngəzur və Qarabağda ermənilərin yaratdığı bu həyacanlı vəziyyətlə bağlı hərbi nazirliyin xüsusi tədbirlər planı hazırlaması ilə yanaşı Dövlət müdafiə komitəsinin qərarı ilə daxili işlər orqanlarına yerli əhalidən müdafiə dəstələri yaratmaq üçün 5 milyon manat vəsait ayrılmış, bu vəsaitin lazımi yerlərə çatdırılması və nəzərdə tutulan məqsəd üçün sərf edilməsi işində yardımçı olmaq vəzifəsi həvalə edilmişdir. Lakin bu vəsait, xüsusilə hərbi sürsatın yerlərə çatdırılmasında böyük çətinliklər yaranmasına baxmayaraq, nəhayət ki, bu çətinliklər aradan qaldırılaraq qəzanın əhalisindən ayrı-ayrı müdafiə dəstələri yaradılaraq Abdallardan Zəngilana qədər cəbhə boyu xəttində yerləşdirilmişdir.

Dövlət müdafiə komitəsinin qərarı ilə hərbi nazirlik Xankəndi qarnizonunda və Gəncədə olan əsgəri qüvvələri Cəbrayıla yönəldilir. Daxili işlər naziri vəzifəsini ifa edən M.Vəkilov 1920-ci ilin fevralında Qarabağ general-qubernatoruna, Zəngəzura hərbi yardım məqsədilə digər yerlərin əhalisindən  təşkil olunmuş min nəfərlik müdafiə dəstəsi yaradaraq bölgəyə gətirilməsini tapşırır. Görülmüş tədbirlər nəticəsində Cəbrayıl qəzasından göndərilən 600 nəfərlik süvari dəstəsinin və Zəngəzur qəzası 3-cü sahəsinin pristavı Cəmilbəyovun 2 pulemyotla göndərdiyi 300 nəfərlik silahlı dəstələr birgə səy  nəticəsində həm əsgərlərin sayı, həm hərbi texnika cəhətdən özlərindən 6 dəfə üstünlüyə malik erməni ordusuna böyük zərbələr endirərək  Dondarlı  ilə bərabər  Qubadlı  və digər kəndləri ermənilərdən geri  aldılar. Dondarlıdakı məğlubiyyətdən sonra erməni silahlı qüvvələri Əliquluşağı kəndindən Zəngilana qədər olan ərazidə geri çəkilməyə məcbur olurlar. Bu həm də azərbaycanlı əhalidə mübarizəyə ümid oyatdı və sübut etdi ki, azərbaycanlılar yaxşı təşkil olunduqda ermənilərə layiqincə cavab verə bilirlər. Bu qələbənin əsas əhəmiyyətlərindən biri də onda idi ki, ermənilərin Qarabağa soxulmaq planları pozuldu. Həm də bu vaxt Türkiyə hərbi hissələri Naxçıvan mahalında yerli əhali ilə birlikdə ermənilərə qarşı döyüşlərdə erməni qüvvələrinə üstün gəlməsi erməniləri məcbur edir ki, özlərinin Zəngəzurdakı hərbi qüvvələrinin 2 minlik bir hissəsini kömək üçün geri çağırsın.

Nəticədə Azərbaycan Ordu birləşmələri Cəbrayıl və Zəngəzur partizanları ilə birlikdə apardıqları müvəffəqiyyətli əməliyyatlar nəticəsində bir neçə kəndi ermənilərdən geri almış, hətta onlardan əsir götürmüş və hərbi sürsat ələ keçirmişdir. Azərbaycan ordusu və partizan dəstələrinin müvəffəqiyyətli əməliyyatlarını pozmaq, onlar arasında çaşqınlıq yaratmaq məqsədilə 1920-ci ilin martında Novruz bayramı günü ermənilər azərbaycanlıların bayram şənliklərinə başı qarışdığı bir vaxtda Qarabağda qiyam qaldırır və Azərbaycan ordusunun xan kəndindəki hərbi hissənin düşərgəsinə xaincəsinə basqın edirlər. Qarabağ qiyamı Azərbaycan ordusu tərəfindən müvəffəqiyyətlə yatırılır. Öz təcavüzkarlıq niyyətindən əl çəkməyən Ermənistan daşnak hökuməti Zəngəzura əlavə silahlı qüvvələr göndərməklə burada hərbi əməliyyatları yenə də qızışdırırdı. Nəticədə əlavə yeni qüvvələr alan erməni hərbi hissələrinin martın 27-də başlanan yeni hücumları nəticəsində bölgədə vəziyyət yenə də ağırlaşır. Güllə çatışmadığı üçün partizan dəstələri geri çəkilməyə məcbur olurlar. Fürsətdən istifadə edərək Qarabağ ermənilərindən yardım alan Zəngəzurdakı daşnak ordusu martın 27-də partizanların geri aldıqları Fərican kəndinə hücum etmişlər. Martın 29-da gedən döyüşlər nəticəsində azərbaycan əsgər və partizanları heç bir itgi vermədən Əliquluşağı kəndini geri almış və 300-ə qədər ermənini məhv etmişdir. Lakin martın sonu aprelin əvvələrində Zəngəzur və Qarabağ erməni silahlı dəstələrinin xeyli üstün qüvvələrlə güclü hücumları Həkəri çayından Şuşaya qədər olan ərazidəki Əliyanlı, Müsəlmanlar, Muradxanlı, Qaraimanlı və s. kəndlərin əhalisinin öz yaşayış yerlərini tərk edərək Cəbrayıl qəzasına qaçmağa məcbur oldular.

Martın 31-də axşam Qubadlı və Dondarlı kəndlərinin ermənilərin əlinə keçməsi ilə əlaqədar olaraq polkovnik Qacarın başçılıq etdiyi hərbi hissələr Cəbrayıl qəzasının Xanlıq kəndinə çəkilməyə məcbur oldular. Bununla da Zəngəzurdakı erməni silahlı qüvvələri Qarabağdakı erməni hərbi dəstələri ilə birləşərək region üçün ciddi təhlükə yaradır. Belə ki, Zəngəzurun çox hissəsinin erməni hərbi birləşmələrinin əlinə keçməsi və onun Şuşa üzərinə hücum üçün real zəmin yaranması, Cəbrayıl qəzasını tutaraq Ağdam ilə əlaqəni tamamilə kəsə bilmək təhlükəsi yaranır. Buna görə də həmin il aprelin 1-də hərbi şuranın müşavirəsində ertəsi gün bütün Cəbrayıl qəzası üzrə hücuma keçmək qərara alınmışdır. Görülən bütün tədbirlər nəticəsində aprel ayında aparılan döyüşlər nəticəsində Ermənistanın nizami silahlı dəstələri Zəngəzurda xeyli sıxışdırılmış və hadisələrin gedişi üzərində nəzarət artıq bərpa edilmiş, daha müvəffəqiyyətli əks hücumlar üçün zəmin yaranmışdır. 1920-ci il aprelin 27-də XI Qızıl ordunun Bakını, sonra isə Azəraycanın başqa bölmələrini işğal etməsi Azərbaycanın ərazi bütövlüyünü tə’min etmək üçün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Azərbaycanın ərazi bütövlüyünün təmin etmək üçün gördüyü tədbirləri başa çatdırmağa imkan vermədi. Ermənistan Sovetləşən kimi 1920-ci ilin dekabrında heç bir qeyri şərtsiz Zəngəzur Sovet Ermənistanına bağışlandı. Bununla da mənfur Z.Balayan «Ocaq» kitabında yazdığı kimi «Türkün ürəyinə çalınmış paz» onsuzda iki yerə paçalanmış Azərbaycanın Şimal hissəsini yenidən iki yerə böldü. 1918-1920-ci illərdə ermənilərin ən çox vəhşiliklər törətdiyi Azərbaycan ərazilərindən biri də Qarabağ bölgəsi olmuşdur. Azərbaycanın dilbər guşələrindən olan bu əraziyə ermənilər çoxdan göz dikmişdilər. Hələ XIX əsrin əvvəllərində ruslar erməniləri bu yerə köçürdükdən sonra əsasən gəlmə ermənilər, həmişə Azərbaycana qarşı hiylə və məkr yuvası olan erməni məlikliklərindəki ermənilərlə birləşərək xalqımıza qarşı əsil təhlükəyə çevrilməkdə idilər. Həmişə «Yersiz gəldi yerli qaç» prinsipi ilə hərəkət edən ermənilər çar hakimiyyət orqanlarının onlara qarşı himayədarlıq  siyasətindən  məharətlə  istifadə  edərək  yerli  azərbaycanlıları getdikcə sıxışdırmağa başlayırlar. Onların bu hərəkəti XX əsrin əvvəllərindən başlayaraq artıq sistemli şəkil alır. Ermənilərin «Kiçik Ermənistan» adlandırdıqları Qarabağ torpaqlarına ilk açıq iddiaları Rusiyada çarizmin devrilməsindən sonra başlandı. Rusiyada əvvəlcə fevral inqilabı, sonra isə oktyabr çevrilişindən ermənilər öz ərazi iddiaları üçün məharətlə istifadə etdilər. Onsuz da hələ Birinci Dünya Müharibəsi və rus inqilabından əvvəl də kifayət qədər silah əldə etmiş ermənilər vəziyyətdən istifadə edərək daha sürətlə silahlanmağa başladılar. Cəbhələrdən fərarilik edərək qaçan erməni əsgər və zabitləri hesabına Azərbaycan ərazisindəki erməni silahlı quldur dəstələrinin sayı getdikcə çoxalır. Nəticədə özlərində güc və qüvvə hiss edən ermənilər azərbaycanlılara qarşı özlərini çox həyasızcasına aparmağa başlayırlar. Türkiyə təbəəsi, türk xalqının cəlladı Andronikin bu əraziyə gəlməsi ilə ermənilərin bu hərəkatı daha da azğınlaşır.  Daşnak partiyasının rəhbərliyi ilə ermənilərin Qarabağın-Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında törətdikləri vəhşiliklər Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyası tərəfindən geniş təhqiq olunmuşdur. Bu haqda çoxlu şahid ifadələri, baxış protokolları, məruzələr, bu qəzaların polis idarələrində tərtib olunmuş rəsmi sənədlərdə çoxlu faktiki məlumatlar toplanmışdır. Hələ Sovet Rusiyasının Birinci Dünya Müharibəsi cəbhələrində hərbi əməliyyatları dayandırmasından çox-çox əvvəl çoxlu erməni əsgərləri cəbhədən fərarilik edərək öz kəndlərinə qayıdır və özləri ilə çoxlu oğurluq tüfəng, pulemyot və digər hərbi sürsatlar da gətirirdilər. Bu cür cinayət hallarına bir tərəfdən yerli erməni ziyalıları və erməni kənd icmaları kömək edirdisə, digər tərəfdən isə Rusiyada polis hakimiyyətinin fəaliyyətsizliyi, bəzən isə onların bilərəkdən buna imkan vermələri olurdu. Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.Mixaylovun toplanmış faktlar əsasında hazırladığı məruzədə deyilirdi ki, Cavanşir qəzasının müsəlman əhalisi özlərinin tarixi qonşuları olan ermənilərə çox sadəlövhlüklə inanır və hər ehtimala qarşı həmin silahların gələcəkdə onlara qarşı yönəldiləcəyini təsəvvürlərinə belə gətirə bilmirdilər. Nəticədə onlar həmin silahların gətirilməsinin qarşısını almaq üçün heç bir tədbir görmürdülər. Yevlax stansiyasında və Bərdə şosse yolu üzərində bu cür silah gətirilməsi halları azərbaycanlılar tərəfindən dəfələrlə aşkar edilmiş, lakin onlar buna elə bir prinsipial əhəmiyyət verməmişdilər.

Rusiyada bolşeviklərin oktyabrda etdiyi dövlət çevrilişindən sonra isə Yuxarı Qarabağa, o cümlədən Cavanşir qəzasının erməni kəndlərinə silah və sursat gətirilməsi demək olar ki, açıq şəkildə həyata keçirilməyə başlandı. Həmin vaxtdan ermənilər müsəlmanlara qarşı özlərinin düşməniçilik niyyətlərini açıq şəkildə biruzə verməyə və onlara qarşı zor tətbiq etməyə başladılar.

N.Mixaylovun məruzəsində daha sonra göstərilirdi ki, Cavanşir qəzasındakı azərbaycanlı kəndləri əsasən düzənlik hissələrdə yerləşirdi. Lakin Kolanlı və Avrayan kənd icmalarından birincisi Cavanşir qəzasının dağətəyi, ikincisi isə yüksək dağ zolağında yerləşirdi. Kolanlı icmasına daxil olan 12 kənd (Dəmirlər, İmrat-Qərvənd, Umudlu, Qaralar, Sırxavənd, Çıraqlı, Əli-Ağalı və b.) hər tərəfdən erməni kəndləri ilə əhatə olunmuşdur. Bu kənd icmasına daxil olan kəndlərin əhalisi yalnız erməni kəndlərindən keçərək digər azərbaycanlı kəndləri ilə əlaqə saxlaya bilirdilər. Avrayan icmasına daxil olan kəndlər isə yüksək dağ zirvəsində, erməni kəndlərindən hündürdə yerləşməklə çox əlverişli vəziyyətdə idilər. Əhalisi isə qorxmaz kürd tayfaları idi. Ona görə də bu hadisələr zamanı onlar heç cür zərər çəkməmişlər. Şahidlərin ifadələrinə görə erməni quldur dəstələri yalnız silahsız və tamamilə erməni kəndləri tərəfindən mühasirə olunaraq, heç yandan kömək ala bilməyən azərbaycanlılar qarşısında özlərini güclü və mütəşəkkil hiss edir və çox asanlıqla müvəffəqiyyət qazanırdılar.

Məruzədə göstərilirdi ki, bütün Cavanşir qəzasında yalnız Kolanlı icmasına daxil olan kəndlər demək olar ki, tamamilə ermənilər tərəfindən dağıdılmışdır. 1917-ci ilin dekabrından başlayaraq erməni silahlı quldur dəstələri Kolanlı icmasına daxil olan azərbaycanlı kəndlərinə hücum edir və onlardan hələ yer üzərində mövcud olmayan Ermənistan Respublikasına tabe olmağı tələb edir və guya öz dövlətləri üçün azərbaycanlılardan zorla vergi yığırdılar. Bundan əlavə onlar bir ay müddətində öz əsgərlərini yedirtməyi azərbaycanlılardan tələb edir, içib keflənərək onları təhqir edir, incidir, qadınlarını zorlayır, müntəzəm olaraq müsəlmanların mal-heyvanlarını zorla sürüb aparırdılar.21 Şahidlərin verdiyi məlumatlara görə Cavanşir qəzası müsəlman milli Şurası ermənilərlə  əvvəlki  mehriban  qonşuluq  münasibətlərini  bərpa  etmək  üçün  hər cür cəhdlər göstərir və çalışırdılar ki, Kolanlı kənd icmasına daxil olan kəndlərin əhalisini bu acınacaqlı vəziyyətdən çıxarsınlar. Onların bütün ciddi cəhdlərinə baxmayaraq ermənilərin barışmamazlığı üzündən bir nəticə əldə edə bilmirdilər, Kolanlı kənd icmasına daxil olan kəndlərin azərbaycanlı əhalisinin bu cür kölə vəziyyəti bir çox aylar, bəzi kəndlərdə isə hətta 1918-ci ilin sentyabr-dekabr aylarına qədər davam etmişdir. Nəhayət ermənilərin əlindən cana doymuş həmin kəndlərin əhalisi birlikdə qərara gəlirlər ki, nə yolla olursa olsun və nə qədər insan tələfatı hesabına başa gəlmiş olsa belə onlar erməni quldur dəstələrinin əhatəsini yarıb arandakı azərbaycanlı kəndlərinə getməlidirlər. Həqiqətən də onlar bu əməliyyatı yalnız dəhşətli tələfatlar hesabına həyata keçirə bilmişlər. Bu kəndlərdən qaçan azərbaycanlılar sözün əsil mənasında özlərinin hər şeylərindən mal-heyvanlarından, evlərindən, bütün ev avadanlıqlarından, ərzaq məhsullarından məhrum olurlar. Qaçqın kəndlilərin çoxu – xüsusilə qadınlar və uşaqlar soyuqdan, aclıqdan və xəstəlikdən yollarda məhv olurlar. Çoxlu qaçqınlar erməni quldur dəstələri tərəfindən yollarda məhv edilirdi. Kəndlərdən qaça bilməyən və ya qaçmağa imkanı olmayan xəstə, qoca və hətta əlillərə belə ermənilər aman verilmədən onları son nəfərlərinə qədər qəddarcasına güllələmiş və ya xəncərlə doğramışlar.

Cavanşir qəzasının bir neçə kəndinin, o cümlədən İmarət-Qərvənd kəndinin əhalisi və Umudlu kəndi əhalisinin bir hissəsi erməni təqiblərindən yaxa qurtarmaq üçün payız aylarında uzun və çətin dağ yolları ilə Murov Dağını böyük tələfatlarla aşaraq Cavanşir qəzasının aran kəndlərinə gəlirlər və həmin qəzanın müxtəlif kəndlərində yerləşdirilirlər.  Yuxarıda deyildiyi kimi Cavanşir qəzasının milli müsəlman Şurası dəfələrlə ermənilərin yanına barışıq üçün nümayəndə heyəti göndərmişdi. Bu nümayəndə heyətinin rəhbərlərindən biri – Məşədi Alış İsmayılov Fövqəladə Təhqiqat Komissiyasına izahatında bildirmişdi ki, ermənilər onları çox pis qarşılayır, nümayəndə hey’ətinin üzvlərini hədələyir, qorxudur və təhqir edirdilər. Belə ki, Marağa kənd erməniicmasının kəndxudası Nerses Manukov onları hədələyərək demişdir: «Bu hələ harasıdı, siz bir dayanın, görün hələ sizi nələr gözləyir». Ermənilərin həyasızlığı o yerə çatmışdır ki, 1918-ci ilin yaz və yay aylarında Cavanşir qəzasının düzənlik hissəsinin müsəlman əhalisinə qarşı da zorakılıqlar tətbiq edirdilər. Ermənilər Tərtər çayının qabağını kəsərək başqa istiqamətə yönəldir və qəzanın aran kəndlərinin əkinlərini susuz qoyaraq onlara böyük zərər vururlar. İş o yerə çatır ki, aran kəndlərində içməli su belə çatışmır. Aran kəndlərinin əhalisi 1918-ci ilin yayında öz mal-heyvanlarını yaylaqlara köçürə bilmədikləri üçün çoxlu tələfat verirlər.  Ən maraqlısı odur ki, N.Mixaylovun 1919-cu il mayın 9-da Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məruzədə göstərilirdi ki, axır vaxtlar vəziyyət bir qədər yüngülləşsə də Cavanşir qəzasındakı ermənilər bu qəzada onların yaşadıqları torpaqları Ermənistan Respublikasının ərazisi elan edərək Azərbaycan Respublikasının hakimiyyətini tanımaq belə istəmirlər və əvvəlki kimi öz zorakılıq hərəkətlərini davam etdirirlər. Ona görə də Fövqəladə Təhqiqat Komissiyasının üzvləri erməni kəndlərindən keçərək qəzanın dağətəyi ərazilərində dağıdılmış azərbaycanlı kəndlərinə baxış keçirə bilmirlər.

N.Mixaylovun məruzəsində göstərilirdi ki, Cavanşir qəzasında yuxarıda göstərilən 12 azərbaycanlı kəndlərini tamamilə dağıtmaqdan əlavə, erməni quldur dəstələri tərəfindən ətrafdakı digər azərbaycanlı kəndlərinə də basqınlar edilir, adamlar qarət olunur və qətlə yetirilirlər. Azərbaycanlıların iribuynuzlu və xırdabuynuzlu mal-heyvan sürülərini zorla sürüb aparırlar. Şahid İsgəndərovun ifadəsində bildirilirdi ki, ermənilər istədikləri vaxt dəstələrlə azərbaycanlılar yaşayan ərazilərə gəlirlər. Özü də həyasızlıq o yerə çatmışdır ki, onlar Tərtər bazarında təkcə alver etməklə qalmayıb, həm də azərbaycanlılardan oğurladıqları mal-heyvanı yenidən onlara satmaqdan belə utanmırdılar. Cavanşir qəzası ərazisində ermənilər yaşına, cinsinə fərq qoymadan uşaqlara, qadınlara, qocalara və hətta şikəstlərə belə aman vermədən azərbaycanlılara qarşı çox saylı ölüm aktları həyata keçirmişlər. Bir çox hallarda isə onlar ağlasığmaz qətl formaları  tətbiq  etmişlər.  Məsələn,  Umudlu  kəndində Süleyman  Qazax Aslan oğlu, əmməd Məşədi Paşa oğlu və Kazım Atam oğlu ermənilər tərəfindən qəddarlıqla qətlə yetirilmiş,  sonra isə  onların cəsədlərini doğrayaraq hər hissəsini bir yerdən asmışlar. Həmkəndliləri onları bu vəziyyətdə tapanda hansı hisəssinin kimə mənsub olduğunu belə ayırd edə bilməmişdilər. Hacı Qərvənd kəndində qətlə yetirilmiş Zeynəb Şirin qızının döşləri kəsilmişdir. Dovşanlı kəndinin bir hissəsi olan Korakor kəndinin sakinləri Ramazan Novruzəli oğlu, Qönçə Ocaqqulu qızı və şikəst Süleyman Həsənəli oğlu qəddarlıqla qətlə yetirilmiş və meyidləri yandırılmışdır. Sırxavənd-Ballıqaya kəndinin sakini Soltan Əli İmam oğlu Qazançı kəndi yaxınlığında saxlanılmış, vəhşiliklə öldürülmüş və yandırılmışdı. Güneyqaya-Sırxavənd kəndinin sakinləri Şərit İsmayıl oğlu və Rəcəb Novruzəli oğlunun meyidləri ermənilər tərəfindən başları kəsilib aparılmış şəkildə tapılmışdır.

Şahidlərin ifadələri əsasında Fövqəladə Təhqiqat Komissiyası Cavanşir qəzasında azərbaycanlılara qarşı vəhşiliklər törədilməsinə rəhbərlik etmiş ermənilərin adlarını da müəyyənləşdirmişdi. Bunlar Yuxarı Qarxun kəndində torpaq sahibi mühəndis Konstantin Abramov, Avan Yuzbaşevin Malikanəsini idarə edən Baqrat bəy Məlik-Şahnazarov Marağalı kənd icmasının kəndxudası Nerses Manukov, Gülyataq kəndinin sakini İvan bəy Mirzəbəyov, Dovşanlı kəndindən Artyom və Muku Sukiasovlar, Yevrem və Nikolay Şahbaqovlar, Bazarkənddən Nikolay Saruxanov, Vank kəndindən Tiqran Asan Cəlalov, Yuxarı və Aşağı Çaylı kəndlərindən Şamir Ağabekov, Setrak Usubbekov, Talış kəndindən Tyuni Atambekov, Ağdərə kəndindən Karapet Anastasov, Talış kəndindən İsaak və Minas Ter-Danielov qardaşları, həmin kənddən Rüstəm Babayev, Çardaxlı kəndindən Baxış Avanesov, Aşağı Çaylı kəndindən Akopcan Masesov, Nikolay Sokratov, Ağdərəli Markos bəy Ter-Astsaturov, Marqoşavan kəndindən Atakişi Xaçaturov və başqaları idi. Özü də bu ermənilər Cavanşir qəzasında azərbaycanlılara qarşı törədilmiş eşidilməmiş vəhşiliklərin təkcə rəhbərləri deyil, həm də şəxsən onların öldürülməsi, onlara işgəncə və əzablar verilməsinin iştirakçıları idilər. Fövqəladə Təhqiqat Komissiyasına təqdim olunmuş məlumatlar və onların əsasında tərtib edilmiş aktlardakı əsasən Cavanşir qəzasında ermənilərin bu qəzanın müsəlman əhalisinə vurduğu zərər onlarla milyon manata bərabər olmuşdu.  Qarabağ bölgəsində 1918-ci il və 1919-cu ilin əvvəllərində daha çox erməni təzyiqlərinə məruz qalan qəzalarından biri də Cəbrayıl qəzası idi. Cəbrayıl qəzası 12 azərbaycanlı və  3 erməni  kənd  icmasından  ibarət  idi.  Yuxarı Qarabağın başqa qəzalarında olduğu kimi bu qəza da öz ərazilərinin yerləşmə vəziyyətinə görə elədir ki, düzənlikdəki kəndləri əksərən azərbaycanlı kəndləri idi. Qorxudan ermənilər buraya hücum etməyə cürət etmirdilər. Bilirdilər ki, hücum etsələr layiqli cavab alacaqlar. Ona görə də onlar dağətəyi azərbaycanlı kəndlərinə hücum etmiş və məhz ən çox zərər çəkənlər də bu kəndlərin əhalisi olmuşdur.

Fövqəladə Təhqiqat Komissiyasının topladığı material və dindirilmiş şahidlərin ifadələrinə görə ilk əvvəllər Qarabağın başqa qəzalarında ermənilərin azərbaycanlı əhaliyə qarşı törətdikləri vəhşiliklər haqqında deyilənləri Cəbrayıl qəzasının azərbaycanlı əhalisi ağıllarına belə sığışdıra bilmirdilər. Çünki qəzanın erməni əhalisi onları həmişə əmin edir və inandırırdılar ki, azərbaycanlı əhalisinə qarşı belə hallar heç vaxt baş verə bilməz. Ona görə hələ də məkrli erməni siyasətini başa düşməyən qəzanın sadəlövh azərbaycanlı əhalisi onlara inanıb nəinki müdafiə haqqında düşünmürdülər, hətta ermənilərə qarşı hər hansı müqavimət göstərməyi ağıllarına belə gətirmirdilər. 1918-ci il dekabrın ilk günlərindən ermənilər qəzanın azərbaycanlı əhalisinə qarşı silahlı çıxışa başlayırlar. Ermənilər əvvəlcə tək-tək qətillər törədir, hücum edərək azərbaycanlı kəndlərinə məxsus mal-heyvanı sürüb aparırdılar. Getdikcə daha mütəşəkkilləşən erməni quldur dəstələri azərbaycanlı kəndlərinə açıq silahlı basqınlar etməyə başlayırlar. Buna baxmayaraq Fövqəladə Təhqiqat Komissiyası üzvlərinin dindirdikləri şahidlərin ifadələrində və Cəbrayıl qəza rəisinin 1919-cu il fevralın 17-də Qarabağ general qubernatoru X.Sultanova raportunda bildirilirdi ki, «qəzanın müsəlman əhalisi bu cür hadisələri böyük təəssüf hissi ilə qarşılayaraq, heç bir fəal mübarizə yoluna keçməyərək yalnız özlərini və öz əmlaklarını erməni hücumlarından qorumaq üçün müdafiə mövqei tutmuş və ermənilərə qarşı heç bir qeyri-qanuni hərəkətə yol verməmişlər. Buna da sübut odur ki, bu müddət ərzində erməni kəndlərindən heç biri müsəlmanlar tərəfindən zərər görməmişdir». 1918 və 1919-cu ilin əvvəllərində erməni quldurlarının Cəbrayıl qəzasında törətdikləri vəhşiliklər haqqında Fövqəladə Təhqiqat Komissiyasının mə’ruzələrində geniş mə’lumatlar var. Onlardan bə’zilərini nəzərdən keçirək. 1918-ci il dekabrın 26-da gecə Düdükçü, Edilli, Ağbulaq, Qoqo, Çirakuz və Axullu kəndlərinin erməniləri Düdükçü kəndinin azərbaycanlılar yaşayan hissəsini dağıtmış və evlərini yandırmışlar. Dekabrın 7-də həmin kəndlərin silahlı erməni quldur dəstələri Arış kəndi əhalisinin qoyun sürülərini sürüb aparmışlar. Dekabrın 5-də isə silahlı ermənilər Qaragöllü kəndinə hücum edərək qoyun sürülərini aparmışlar. Dekabrın 2-də erməni silahlı quldur dəstələri Aşıq Məlikli kəndinə hücum edərək əmlaklarını talan etmiş, yandırmış, mal-heyvanlarını isə sürüb aparmışlar. Elə həmin gün ermənilər Xolaflı. Totor, Şıxlar kəndlərini talan etmiş, yandırmış, mal-heyvanlarının bir hissəsini məhv etmiş, bir hissəsini isə sürüb aparmışlar. Həmin il dekabrın 18-də Sirik kəndi ermənilər tərəfindən qarət olunmuş və yandırılmışdır. 1919-cu il fevralın 27-də Ağcakənd Dələnlər və Mülkədarlı kəndlərinin erməniləri yenidən Sirik kəndinə hücum edərək yenə də bu kəndin bir hissəsini yandırmışlar. Məruzədə 1918-ci ilin sonları və 1919-cu ilin əvvəllərində Cəbrayıl qəzasında erməni silahlı quldur dəstələrinin azərbaycanlılar yaşayan digər kəndlərə – Eyvazlı, Dolanlar, Şıxlar, Məlikli və s. hücum edərək azərbaycanlı əhalinin əmlakını qarət edərək yandırdıqları, mal-heyvanlarını isə sürüb apardıqları haqda çoxlu faktlar sadalanır.

Cəbrayıl qəzasında azərbaycanlı kəndlərinin qarət edilməsi və yandırılması həm də azərbaycanlıların qətlə yetirilməsi və yaralanmaları ilə müşayət olunurdu. Məsələn, Axullu kəndinin qarəti və yandırılması zamanı 2 kişi, 3 qadın və 1 uşaq öldürülmüş, 1 kişi yaralanmışdı. Məlikli kəndinə hücum zamanı 1 kişi, Məzrə kəndinə hücum zamanı 6 kişi öldürülmüş, Sirik kəndinə hücum zamanı isə 11 kişi, 10 qadın, 14 uşaq qətlə yetirilmiş və 2 kişi yaralanmışdı. Başqa kəndlərə hücumlar zamanı da ölənlər və yaralanlar olmuşdur.3  Erməni quldur dəstələrinin azərbaycanlı kəndlərinə hücumları zamanı onlara rəhbərlik etmiş ermənilərin çoxu şahidlər və zərərçəkənlər tərəfindən tanınmışlar. Maraqlıdır ki, bunlar qəzanın müsəlman əhalisini daim sakitliyə çağıran, ermənilərin onlara qarşı heç bir hərəkət törətməyəcəklərinə inandırmaq istəyən ermənilər idi. Qəzanın azərbaycanlı əhalisindən olan şahidlər bu quldurların 60 nəfərdən çoxunun adını və familiyasını təhqiqat komissiyasının üzvlərinə demişlər. Bunların arasında Şuşa qəzasından olan azərbaycanlı əhaliyə qarşı qəddarlıqda  bütün  Qarabağda ad çıxarmış  Xurşud bəy, Markar bəy, İşxan bəy və Sumbat bəy (adlara baxın axırında da bəy titulu – A.P.) İşxanov qardaşları, Şuşalı Sokrat bəy Məlik-Şahnəzərov, Düdükçüdən Balasan Hayrapetov, Karapet Ohancanov, yüzbaşı Markez, proporşik Aslan Sərkisov, Muxan Martirosov və başqa cəlladlar idi.

Cəbrayıl qəzasında ermənilərin azərbaycanlılara vurduqları maddi ziyan ən adi hesablamalara görə on milyonlarla manata bərabər idi. Qarabağda ermənilərin, azərbaycanlılara vurduğu ən böyük ziyan Şuşa qəzasının ərazisi və ermənilərin həmişə əllərinə keçirmək üçün diş qıcadıqları Şuşa şəhəri idi. Çoxlu təkzib olunmaz tarixi faktlardan da məlum olduğu kimi əvvəllər İran şahlarına yaltaqlıq edərək dünyanın bu cənnətməkan diyarında əllərinə mülklər keçirən erməni məlikləri əsrlərlə bu ərazidə ermənilərin sayını artırmaq üçün dəridən-qabıqdan çıxmış, ikiüzlülüyün, namərdliyin, satqınlığın ən iyrənc formalarından məharətlə istifadə etmişdilər. Ancaq heç kimə sirr deyil ki, bütün Qafqazda, o cümlədən də Qarabağda möhkəmləndikləri ilk günlərdən başlayaraq ermənilər yerli əhaliyə qarşı əvvəlcə gizli, sonra isə açıq şəkildə xəyanətə və mübarizəyə keçmişdilər.  Şuşa qəzası çox ərazidə Zəngəzur qəzası ilə sərhəd olub, dağlıq və dağətəyi azərbaycanlı kəndləri bir-birindən ayrı düşmüş və hər tərəfdən erməni kəndləri ilə əhatə edilmişdir. Həmişə ermənilər azərbaycanlı kəndlərinin bu vəziyyətini nəzərə almış və həmin kəndləri mühasirədə saxlamaq, dağıtmaq və onlara qarşı hər cür yaramazlıqlar törətməyə müvəffəq olmuşlar. Rusiyadakı 1917-ci il fevral inqilabına qədər Şuşa qəzasında ermənilərin azərbaycanlı əhaliyə qarşı qeyri-səmimi münasibəti 1905-ci il erməni-azərbaycanlı toqquşması dövrü nəzərə alınmazsa açıq nümayiş etdirilməmişdir. 1917-ci ildə Rusiyada dövlət çevrilişindən sonra onsuz da lazımi qədər silah əldə etmiş ermənilər daha sürətlə silahlanmağa başlayırlar. Silahlı erməni quldur dəstələri cəbhələrdən qaçan fərari erməni əsgər və zabitlərinin hesabına getdikcə daha da çoxalır. Nəticədə özlərində güc hiss edən ermənilər, özlərini azərbaycanlılara qarşı çox həyasızcasına aparmağa başlayırlar. Azərbaycanlılarla mübarizədə daha çox müvəffəqiyyət əldə etmək üçün Daşnaksütyun partiyası müsəlmanlar arasında sinfi mübarizəni qızışdırır. Nəticədə bir çox azərbaycanlı mülkədarı o cümlədən Fərrux bəy Vəzirovun zəngin və nümunəvi  mülkü dağıdılır. Bundan  məharətlə  istifadə  edən  ermənilər  erməni Levon Vartapetovu qəza komissarı seçdirmişlər. O isə qəzada milis hey’ətini yalnız ermənilərdən ibarət təşkil edir.

Şuşa-Qaryagen və Şuşa-Əsgəran yollarını ermənilər tamamilə nəzarət altına alırlar və həmin yollarla gedib-gələn azərbaycanlıları qarət edir silahlarını əllərindən alır və tədricən həmin keçidlər tamamilə azərbaycanlıların üzünə bağlanır. Bu quldur dəstələrini getdikcə ermənilər daha mütəşəkkil hərbi formaya salırlar. Ermənilərin bu hərəkətləri keçmiş Türkiyə vətəndaşı satqın general Andronikin dəstələri Gorusa gəldikdən sonra daha da fəallaşır. Azərbaycan ərazilərindən keçərək Gorusa gələn bu avantürist burada bütün Qarabağ ermənilərinin ümumi hərbi mükəlləfiyyətini elan edir. Bu vaxtdan başlayaraq Andronikin əsgərləri, erməni kəndliləri ilə birlikdə Zəngəzur qəzasında müsəlman kəndlərini məhv etməyə, yandırıb dağıtmağa, əhalini vəhşicəsinə qırmağa başlayır. Sonra Andronik 3 dəfə Zabux dərəsindən keçərək ermənilərin «Kiçik Ermənistan» adlandırdıqları ərazinin – Qarabağın mərkəzi Şuşa şəhərini tutmağa təşəbbüs edir. Lakin onun hücumları yerli müsəlman əhali tərəfindən müvəffəqiyyətlə dəf edilir. Hər dəfə qanlı döyüşlərdə Andronik böyük itgi verərək geri çəkilməyə məcbur olur. Hər tərəfdən erməni əhatəsində olan Şuşanın vəziyyəti çox ağır idi. Əhalisinin çoxu azərbaycanlı olan Şuşa və ətrafdakı bir neçə müsəlman kəndi – 173 erməni kəndi tərəfindən üzük qaşı kimi əhatəyə alınmışdı. Bura gələn yolların ermənilər tərəfindən kəsilməsi nəticəsində 8 ay  - yəni türklər gələnə qədər Şuşa şəhəri və dağ zonasındakı azərbaycanlı kəndlərindəki azərbaycanlı əhalinin vəziyyəti həqiqətən də faciəli idi.  Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində qeyd edilirdi ki, Şuşa şəhəri və ətraf kəndlərdəki erməni əhalisi azərbaycanın hakimiyyətini tanımayıb, bu günə qədər də tanımaq istəmirlər. Onlar çalışırlar ki, Qarabağın Verand, Dzax, Xaçın və Zəngəzur ərazilərini  Azərbaycandan ayırıb Ermənistana birləşdirsinlər. Bu günə qədər Qarabağın erməni əhalisi Azərbaycan hökumətinə vergi verməkdən və hər hansı mükəlləfiyyətləri yerinə yetirməkdən imtina edirlər. 1-ci və 2-ci polis sahəsində erməni quldur dəstələri Sokrat bəy Məlik-Şahnazarovun rəhbərliyi ilə öz cinayətkar hərəkətlərini davam etdirirlər.  Bu günə qədər də Ağdam-Qaryagin şosse yolu bağlıdır. Ermənilər  xüsusilə  Qarakənd kəndinin  erməniləri həmin yoldan keçməyə cürət edən müsəlmanları qarət edir və qətlə yetirirdilər. Komissiyanın məruzəsində erməni yaramazlıqlarına necə də dəqiq qiymət verilmişdir. Orada deyilirdi: «Hər yerdə olduğu kimi Şuşa qəzasında da ermənilər öz taktikalarına həmişəki kimi sadiq qalmışlar. O yerdə ki, onlar çoxluq təşkil edirlər onda onlar özgə xalqlara qarşı zülm etmək və güc işlətməkdə amansızdırlar. O vaxt ki, onlar azlıq təşkil edirlər kimə istəsəniz və necə istəsəniz qulluq etməyə həmişə hazırdılar». Sonra məruzədə şahidlərin şahədətləri əsasında ermənilərin Şuşa qəzasında törətdikləri cinayətlər 27 maddədə sadalanırdı. Şahidlərin ifadələrinə görə 1918-ci ilin dekabrında ermənilər 2-ci polis sahəsinə daxil olan Qoqo kəndinin azərbaycanlılar yaşayan 55 evdən ibarət xanimanlarını dağıdır və yandırırlar. Mülkədar Cavanşirin də malikanəsini dağıdıb yandırmış, ailə başçısı Əsəd Ağa Cavanşiri, onun oğlu Soltan ağanı, qızı İranə Bəyimi, qardaşı qızı Fatma Bəyim Cavanşiri, ev qulluqçusu İncə İbad qızını, nökərləri Allahverdi Əziz oğlunu, İsa Abış oğlunu və Vəli Kərbalayı Ələsgər oğlunu öldürmüş, ölüləri təhqir edərək onları soyundurub sonra da xəncərlə doğramışlar. Kəndin azərbaycanlı əhalisinə və mülkədar Cavanşirə məxsus ev və tikililəri yandırmış, bütün avadanlıq, mal-qara və kənd təsərrüfat alətlərini qarət edib aparmışlar.  Ermənilər Tuğ kəndinin azərbaycanlılara məxsus hissəsini də dağıtmışlar. Hətta 1919-cu ilin mayına qədər, yə’ni komissiya məlumat hazırlayana qədər həmin kəndin azərbaycanlı əhalisi əsir kimi saxlanılmış onlara kənd təsərrüfat işləri ilə məşğul olmağa belə icazə verməmiş, onları ac saxlayaraq ermənilərin hakimiyyətinə tabe olmağı tələb edirdilər. Tuğ mülkədarı Ağa bəy Məlik-Aslanovun üzərinə hücum edən ermənilər onu öldürüb, əmlakını müsadirə edirlər. Tuğ sakini Güldəstə xanım Nəcəf bəy qızını da ermənilər döyə-döyə öldürürlər. Tuğ yolunda ermənilər Novruz Qasım oğlunu və mülkədar Səlim bəy Məlik-Aslanovu qarət edir və sonra isə döyərək öldürürlər.

1918-ci ilin payızında ermənilər 33 evdən ibarət Salakətin kəndini tamamilə dağıdaraq yandırmış, əmlaklarını isə qarət etmiş, mal-heyvanlarını sürüb aparmış və torpaqlarını ələ keçirmişlər. Elə həmin vaxtlar ermənilər Şıxımlı, Kövşatlı, Divanlılar və Çaraküz  kəndlərini  də  tamamilə  yandırmış, azərbaycanlıların əmlakını qarət edərək, mal-heyvanlarını sürüb aparmış, bağlarını doğramışlar.  1918-ci ilin yayında ermənilər Pərioğlular kəndi yaxınlığındakı köçəri alaçıqlarına hücum edərək onları dağıtmış, qarət etmiş, Zarisli kəndinə məxsus 300 baş iribuynuzlu mal-qaranı sürüb aparmışlar. Elə həmin vaxt Molla Nəsrəddin yolunda ermənilər Şuşadan Cəbrayıla un dalınca getmiş 12 nəfər azərbaycanlını qətlə yetirmişlər, Təkli kəndindən 700-dən yuxarı qoyunu sürüb aparmışlar.

1919-cu il martın 9-da ermənilər Şuşa şəhərinə yaxın şosse yolunda 4 nəfər azərbaycanlı əsgəri soyunduraraq güllələmiş və 3 nəfərin ölüsünü isə gizlətmişlər. Şuşa qəzasının 1-ci və 3-cü polis sahələrində isə 1918-ci ilin avqustunda ermənilər Atmazlı, Keştmazlı və Qazanlı kəndlərinin köçərilərinin bütün heyvanlarını sürüb aparmış, ev əşyalarını isə talan etmişlər. Elə həmin vaxt ermənilər 240 ailədən ibarət Gülablı kəndini dağıtmış, kəndlilərin əşyalarının çoxunu qarət etmiş və demək olar ki, bütün mal heyvanlarını sürüb aparmışlar. Ermənilər Xıdırlı kənd icmasına məxsus çoxlu iribuynuzlu mal və qoyunu da sürüb aparmışlar. Ermənilər Mərzili kəndinin azərbaycanlı əhalisini öz ata-baba ocaqlarını tərk etməyə məcbur etmiş, onların ev əşyalarının çox hissəsini qarət etmiş, 150 iribuynuzlu mal və 1000 baş qoyununu sürüb aparmış, azərbaycanlıların tərk etdikləri evləri isə tutmuşlar.

1918-ci ilin martında erməni quldur dəstələri Sokrat bəy Məlik-Şahnazarovun başçılığı ilə Abdal kəndini dağıtmış, qarət etmiş və kəndin mal-heyvanlarının bir hissəsini sürüb aparmışlar. 1918-ci ilin avqustunda ermənilər Qaradağlı, Xocavənd kəndlərini və onların azərbaycanlı köçərilərini qarət etmiş, mal-heyvanlarını sürüb aparmışlar. Ermənilər Xocalı kəndində də azərbaycanlı əhalini öz kəndlərini tərk etməyə məcbur etmiş mal-heyvanlarının bir hissəsini sürüb aparmışlar. Məlumatda göstərilirdi ki, bu hələ ermənilərin həmin qəzada törətdikləri cinayətlərin hamısı deyildi. Şahid ifadələrini ümumiləşdirən komissiya qeyd edirdi ki, yalnız Şuşa qəzasında dağıdılmış, yandırılmış, talan edilmiş azərbaycanlı kəndlərində öldürülənlərin sayı 100 nəfərdən çox idi. Öldürülənlər üzərində ağlagəlməz vəhşiliklər edilmişdir. Onlar süngülərlə dəlik-deşik edilir, başları kəsilir, kiçik yaşlı uşaqlar süngülərə taxılaraq vəhşiliklə öldürülür, qadınların döşü, kişilərin burun, qulaq və cinsiyyət üzvləri kəsilirdi. Ölüləri doğrayır, yandırır və hər cür təhqirlərə mə’ruz qoyurdular. Şuşa qəzasında bu vəhşiliklərə rəhbərlik edənlər Sokrat bəy Məlik-Şahnazarov, Akop Veddiyev, Şamir Avakov, Armenak Xaçaturov, Eqiş İşxanov, Xosrov bəy, İşxan bəy və Tiqran bəy İşxanov qardaşları və başqaları idi. Məlumatdan görünür ki, bu hadisələr zamanı ən sadə hesablamalara görə qəzadan azərbaycanlı əhalisinin çəkdiyi zərər 100 milyon manatdan çox olmuşdur.

Maraqlıdır ki, ermənilər təkcə Zaqafqaziya Seymi dağıldıqdan sonra, bu ərazidə üç müstəqil respublika yarandıqdan sonra Ermənistan respublikasının ərazisində deyil, həm də Azərbaycanın öz ərazisində də azərbaycanlılara qarşı soyqırımı siyasətindən əl çəkməmişlər. Onlar haq-nahaq Azərbaycanın əzəli və əbədi torpaqları olan yuxarı Qarabağı və Zəngəzuru Ermənistan Respublikasının tərkib hissəsi elan edir və burada Azərbaycan Respublikasının hakimiyyətini heç cür tanımaq istəmirdilər. Zəngəzur və Qarabağda Erməni Milli Şuraları yaradılır. Bu ərazilərdə yaşayan bütün erməni əhalisi bu şuraların əslində isə Azərbaycan ərazisində onları idarə edən Ermənistan Respublikaının hakimiyyətini tanıdıqlarını bildirirdilər. Azərbaycan Respublikası hökuməti 1919-cu ilin yanvarında Bakıda olan ingilis komandanlığı ilə razılaşaraq Azərbaycanın mübahisəsiz ayrılmaz hissəsi olan Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları ərazisində müvəqqəti general-qubernatorluq yaradır. Yanvarın 29-da doktor Xosrov bəy Sultanovu oraya general qubernator təyin edir. Lakin buna baxmayaraq bu qəzalarda yaşayan erməni əhalisi heç cür Azərbaycan hakimiyyət orqanlarına tabe olmaq istəmirlər. Həyasızlıq o yerə çatır ki, Ararat Respublikası Xarici İşlər Nazirliyi öz hökuməti adından Azərbaycan hökumətinə nota verərək göstərilən müvəqqəti general-qubernatorluğun yaradılmasını «Ermənistanın ərazi hüquqlarına qəsd» kimi qiymətləndirirYuxarı Qarabağ ərazisində demək olar ki, əslində iki hakimiyyətlik hökm sürürdü. Zəngəzuru tamamilə ələ keçirmiş ermənilər Şuşa, Cavad və Cəbrayıl qəzalarına da əl uzadırlar.  Azərbaycan hökuməti yarandığı ilk gündən ermənilərlə sülh şəraitində yaşamaq üçün özündən asılı olan bütün tədbirləri görür. Hətta hökumət qüvvələrinə göstəriş verilir ki, ermənilər tərəfindən təxribatlar törədilsə belə dözümlülük göstərilsin, onlara cavab verilməsin. Şuşa şəhəri və ətraf kəndlərdə olan ermənilər iqamətgahı həmin şəhərdə yerləşən müvəqqəti general-qubernatorun hakimiyyətini tanımır. Şuşadakı Erməni Milli Şurasının bütün tapşırıqlarını danışıqsız yerinə yetirirdilər. Hələ 1919-cu il iyunun əvvəllərində Şuşada və onun ətrafında  baş vermiş hadisələrdən üç ay əvvəl Şuşada oturan ingilis komandanlığının nümayəndəsi Şuşadakı Erməni Milli Şurası üzvlərinin qızışdırıcılıq hərəkətlərini və onların azərbaycanlılarla ermənilərin dinc yanaşı yaşamalarına heç cür imkan vermədiklərini görərək onları Şuşadan kənarlaşdırmağa söz verir.

Lakin ermənilərin təzyiqi ilə mümkün qədər bu işi yubadırlar. Erməni və Azərbaycanlı hissələrinə bölünmüş Şuşada Erməni Milli Şurası öz təcavüzkar təbliğatçılıq siyasətlərini heç cür dayandırmaq istəmir. Ararat Respublikasından Şuranın ən barışmaz üzvü Arzumanov vasitəsilə gizli tapşırıqlar və kömək alan şura bunun müqabilində daim Ermənistan hökumətinin tapşırıqlarını yerinə yetirirdi. Şuşa-Gorus, Şuşa-Qaryagin yollarını tam nəzarət altında saxlayan ermənilər bu yollarla Şuşa ermənilərinə gizli kömək, silah-sürsat və s. gətirirdilər.  Ermənilər yayqabağı azərbaycanlı maldarların yaylaqlara keçməsi və Şuşanın yanından köçmələri ilə əlaqədar tez-tez təxribatlar törədirdilər. Onlar sürülərə hücum edir, çobanları öldürür, sürülərini oğurlayıb aparırdılar. Müvəqqəti general-qubernator X.Sultanov başda olmaqla Azərbaycan hakimiyyət orqanları isə bütün bunlara dözərək sakitlik yaratmağa çalışırdılar.  Həmin il iyunun 1-də çoxlu silahlı ermənilərin gizli yolla şəhərə daxil olması haqqında məlumat alan Azərbaycanın Şuşadakı hakimiyyət orqanları Üç-Mıx yüksəkliyində azərbaycanlılara məxsus səngərlərdə isə gözətçilərin sayını artırır. Şəhərin İrəvan darvazası tərəfdə isə 20 min nəfər əsgər və 1 pulemyotdan ibarət yeni post yaradılır və onlara tapşırıq verilir ki, şəhərə gələnlər üzərində ciddi nəzarət qoysunlar.  İyunun 4-də səhər tamamilə gözlənilmədən Üç-Mıx yüksəkliyi tərəfdən atışma başlanır və o tezliklə bütün şəhəri bürüyür. Sonralar müəyyən olunur ki, Üç-Mıx yüksəkliyindəki erməni səngərlərində 50 nəfərə yaxın silahlı erməni yığışmış və erməni zabiti Arzumanov başda olmaqla azərbaycanlı əsgərlərinin səngərlərinə hücum etmişlər. Nəticədə 3 nəfər azərbaycanlı əsgər qətlə yetirilir, ermənilərdən isə hücuma rəhbərlik edən Arzumanov və bir sıra başqaları öldürülür.  Bundan sonra iyunun 5-də həmişə ermənilər tərəfindən zorakılıqlar görən Xəlfəli kənd icmasına mənsub müsəlmanlar Qeybalı erməni kəndinə hücum edərək onu dağıdır və əhalisinin bir hissəsini qətlə yetirirlər. Azərbaycanın yüzlərlə kəndini yer üzərindən silən, əhalisinə qarşı tarixdə eşidilməmiş vəhşiliklər törədən ermənilər bu faktdan azərbaycanlılara və Azərbaycan hökumətinə qarşı təbliğat kompaniyası üçün maksimum dərəcədə istifadə edirlər. Bütün erməni qəzetləri bu hadisəni şişirdərək ermənilərin böyük faciəsinə çevrməyə çalışırlar. Onun haqqında bütün dünyaya səs salırlar. Bu erməni təbliğatı ilə bağlı ingilis jurnalisti Skotland-Liddelin söylədiyi sözlər necə də yerinə düşür: «Ermənilər həmişə özləri savaş axtarır və nə vaxt ki, onu tapırlar, onlar öz təbliğatlarında bunu «sıxışdırılmaq» adlandırırlar, əslində isə bu onların özlərinin qazandıqları cəzadır. O, qeyd edirdi ki, daşnaklar üçün öldürülmüş erməni çox qiymətlidir. Əgər bu hadisədən necə lazımdırsa istifadə edə bilərlərsə, onda o, təbliğat üçün çoxlu xeyir gətirə bilir. O, Nuru Paşanın aşağıdakı sözlərini misal gətirir: «Erməni nə vaxt necə ölməsindən asılı olmayaraq həmişə başını məzardan qaldırır və qışqırır – mən kütləvi qırğın zamanı öldürülmüşəm!».

Azərbaycan parlamentində «Daşnaksütyun» və erməni fraksiyalarından olan deputatlarının bu məsələ ilə bağlı qaldırdıqları böyük hay-küy bir daha dediklərimizi sübut edir. Azərbaycan hökuməti iyunun ortalarında 4 nəfər parlament üzvündən ibarət nümayəndə hey’ətini Şuşaya göndərir. Onlardan 2 nəfəri azərbaycanlı – Qarabəy Qarabəyov («İttihad» fraksiyası), Ş.Rüstəmbəyov («Müsavat» fraksiyası). 2 nəfər erməni – P.X.Çubaryan («Daşnaksütyun» fraksiyası) və İ.N.Xocayan («Erməni» fraksiyası) idi. Şuşadan qayıtdıqdan sonra onlar vahid məruzə hazırlamaq üçün heç cür razılığa gələ bilmirlər. Ona görə də 1919-cu il iyul ayının 7-8-də keçirilən Azərbaycan Cümhuriyyəti Parlamentinin bu məsələyə həsr olunmuş iclaslarında faktiki olaraq 4 məruzə dinlənilmişdir. Birinci gün Q.Qarabəyov və P.X.Çubaryan, ikinci gün isə Ş.Rüstəmbəyov və İ.N.Xocayan məruzə edirlər.  Erməni deputatlarının hər ikisinin çıxışı demək olar ki, bütünlüklə Azərbaycana, Azərbaycan hökumətinə və Şuşada müvəqqəti general-qubernator X.Sultanova qarşı ittihamnamə kimi səslənir. Daşnak P.X.Çubaryan öz çıxışına belə ikiüzlü bir bəyanatla başlayır: «Bir məruzəçi kimi şərait tamamilə mənim əleyhimədir, əvvəla mən daşnakam   və   daşnaklar  da   hər  şey  üçün günahkardılar.  İkincisi  isə  mən erməniyəm. Lakin xahiş edirəm inanasınız ki, fakt və hadisələrin izahında və onlara qiymət verilməsində mən bir müstəntiq kimi qərəzsiz və obyektiv olacağam». Maraqlıdır ki, onun bu «səmimiyyətinə» yerdən «Allah eləsin!» replikası ilə cavab verilir. Sonra isə həm o, həm də İ.Xocayan öz çıxışlarında sözün əsil mə’nasında bir Azərbaycan vətəndaşı, Azərbaycan Parlamentinin üzvü kimi deyil, əsil daşnak müballiği, Ararat Respublikasının emissarı kimi çıxış edirlər. Onların bu həyasız hərəkətlərinə hələ 1905-ci il erməni-azərbaycanlı qırğını zamanı əsil erməni ideoloqu kimi Qafqaz Canişini qr. İ.İ.Vorantsov-Daşkovun yanında keçirilmiş müzakirələrdə çox fəal iştirak etmiş erməni ideoloqlarından olan, Azərbaycan Parlamentinin üzvü və Azərbaycan neftinin sahibkarlarından biri S.S.Taqinsov və daşnak A.Malxazyan da qoşulurlar. P.X.Çubayan gözləri yaşlı deyəndə ki, «bizi bərabər hüquqlu vətəndaş hesab edin». Q.Qarabəyov ona cavabında bildirir ki, «bizim aramızda hansı bərabərlikdən söhbət gedə bilər ki, siz özünüz bizim bütün çağrışlarımıza, bizim bütün təkliflərimizə cavab vermirsiniz… Siz özünüz bunu istəmirsiniz, ancaq erməni nümayəndələrinin az bir hissəsi parlament kürsüsündən ona görə istifadə edirlər ki, müsəlmanları söysünlər, ləkələsinlər. Digər hissəsi isə müsəlmanları əldə silah qarşılayırlar».

Şuşa və onun ətrafındakı Qeybalı və Kərkicahan kəndlərində baş vermiş hadisələrlə bağlı erməni deputatlarının hay-küyünə cavab olaraq məruzəçi Q.Qarabəyov deyir ki, Azərbaycan Cümhuriyyətinin hakimiyyət orqanları və müvəqqəti general-qubernatoru X.Sultanovun bütün ciddi cəhdlərinə baxmayaraq, ermənilər tərəfindən törədilmiş fitnələrin nəticəsi olan bu hadisə haqqında qışqıraraq bütün dünyaya səs salmaq kimi hərəkətləriniz mənə belə gəlir ki, sizin bu cür yaramazlıqlara son qoymaq istəmədiyinizi göstərir. O, deyir: «Bununla sizdən, sizə verilən zərərdən 20-30 dəfə artıq zərər çəkmiş digər tərəfin – müsəlmanların vəziyyətini mürəkkəbləşdirmək istiəyirsiniz. Bu hərəkətiniz o qədər sadə, o qədər aydındır ki, çətin ki, buna kimsəni inandırmaq lazım gəlsin. Sizin hər yerdə qəzetləriniz var, adamlarınız var, pulunuz var. Bunların köməyi ilə siz Avropa ictimai fikri istədiyiniz   kimi   bizə   qarşı  yönəldə  bilirsiniz.  Təkcə  İstambulda ermənilərin demək olar ki, bütün Avropa dillərində 7 qəzeti çıxır».

Çıxış edən digər məruzəçi Ş.Rüstəmbəyov P.Çubaryanın məruzəsini general-qubernator X.Sultanova qarşı əsil ittiham aktı adlandırır. Ş.Rüstəmbəyov qeyd edir ki, P.Çubaryanın dediyi kimi əgər bu işlərin təşkilatçısı həqiqətən də general-qubernator olsaydı onda gərək Şuşa şəhərində və Şuşa qəzasının digər kəndlərində bu günə qədər bir nəfər də olsun erməni qalmayaydı. Əslində isə X.Sultanov həmişə bütün vasitələrdən istifadə edərək Qarabağda qayda-qanun yaratmağa, qırğının qarşısını almağa, dinc erməni əhalisini qorumağa çalışmışdı.

Ermənilərin bütün pozuculuq hərəkətlərinə baxmayaraq Azərbaycan Cümhuriyyəti hökumətinin və müvəqqəti general-qubernator X.Sultanovun ciddi səyləri nəticəsində 1919-cu il avqust ayının sonlarında Azərbaycan hökuməti ilə Qarabağ Erməni Milli Şurası arasında deklarasiya imzalanır. Bu deklarasiya ilə Qarabağ erməniləri Azərbaycan hökumətinin hakimiyyətini tanıyır, Azərbaycan hökuməti isə onlara mədəni-milli muxtariyyat hüququ verirdi. Bu deklarasiyadan sonra hətta Azərbaycan hökuməti Qarabağda erməni müəllimlərinə yardım etmək məqsədilə 1919-cu il sentyabrın 29-da qəbul etdiyi qərarla Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının müvəqqəti general-qubernatoruna 1 milyon manat pul vəsaiti də ayırmışdı.

Azərbaycan hökumətinin bütün bu güzəştlərinə, bütün məsələləri sülh yolu ilə həll etmək istəməsinə baxmayaraq Qarabağ erməniləri öz məkrli niyyətlərindən heç cür əl çəkmək istəmirdilər. Onlar Ararat Respublikası hökumətinin gizli tapşırıqlarını həyata keçirmək üçün yollar axtarır, gizli olaraq yeni çıxışlara hazırlaşır və bunun üçün fürsət gözləyirdilər.  Ermənilərin belə bir çıxışı 1920-ci il mart ayının 22-də Novruz bayramı günü baş verir. Bu gün Şuşa şəhəri, Şuşa qəzası və onunla qonşu olan digər qəzalarda eyni vaxtda ermənilər yenə də qiyam qaldırırlar. Həmin il aprel ayının 1-də Azərbaycan Cümhuriyyəti Parlamentinin iclasında Qarabağda ermənilərin yeni qiyamı haqqında yenə də məsələ müzakirə olunur. Bu hadisələr haqqında daxili işlər naziri Mustafa bəy Vəkilov məlumat verir. Nazir öz çıxışında bildirir ki, son günlərdə ictimaiyyətin diqqətini yenə də Qarabağ hadisələri daha çox cəlb edir. Bu hadisələrin baş verməsi ilə bağlı mə’lumatında nazir deyir: «martın 22-də və iki gün ondan irəli Şuşa qalasına Azərbaycanın xidmətində olan iki sahənin erməni pristavları general-qubernatorun görüşünə gəlmək bəhanəsi ilə hərəsi 15-20 nəfər silahlı erməni strajnikləri ilə şəhərə (Şuşaya – A.P.) gəlmişlər. Beləliklə şəhərə 200 nəfər silahlı erməni əsgəri toplamışlar. Bir bu qədər də şəhərdə olan erməni silahlıları ilə birləşərək Şuşada qəflətən əsgərlərimizə hücum etmişlər». Hücum edən ermənilər bir neçə zabiti həbs edərək Azərbaycan Ordusunun əsgərlərinə atəş açmışlar. Bir tərəfdən bayram münasibətilə xalq öz evlərində bayram şənlikləri keçirdiklərindən, digər tərəfdən azərbaycanlılar bu cür namərdliyi gözləmədikləri halda bu silahlı çıxış olduqca qəfildən baş vermişdi. Buna baxmayaraq Şuşadakı Azərbaycan ordusunun əsgəri hissələrinin, onlara rəhbərlik edən zabitlərin qəhrəmanlığı sayəsində ermənilərin hücumu tezliklə dəf edilir. Mart ayının 23-də bütün günü şəhərdə atışma getmiş və günbatana yaxın qiyamçılar artıq Azərbaycan ordu hissələri qarşısında dayana bilməyərək şəhəri tərk etməyə məcbur olmuşlar.

Ermənilərin eyni vaxtda Xan kəndinə də hücumu olmuşdur. Onların da hücumları dəf olunmuşdur. Yalnız Əsgəran qalasına hücum edən ermənilər qeyri-bərabər döyüşdə Azərbaycan ordusu əsgərlərini oradan çıxararaq Əsgəran qalasını ələ keçirə bilmişlər. M.Vəkilov öz məruzəsində qeyd edir ki, ermənilər bu qiyama gizli şəkildə bir neçə aydan bəri hazırlaşırmışlar. Bu xüsusda böyük hazırlıq işləri görülmüş, hücuma başlamaq üçün onların ümumi bir xəbərdarlıq siqnalları da olmuşdur. Şuşa şəhərinin yaxınlığındakı Şuşa kəndindən atılan top atəşi ilə verilən xəbərdarlıq üzrə hər yerdə eyni vaxtda erməni yaraqlıları Azərbaycan əsgərlərinin üzərinə hücuma keçmişlər. Şuşa şəhəri və Şuşa qəzası kəndləri ilə yanaşı Qarabağın Cavanşir və Zəngəzur qəzalarında olan erməni əhalisi də qiyam edib Azərbaycan əhalisi və Azərbaycan əsgərləri üzərinə hücum etmişlər. Əlbəttə bu qiyam nə qədər böyük bir miqyasda hazırlansa da, hər yerdə ermənilərə böyük zərbələr vurulmuş, onların hücumları dəf edilmişdir. Ermənilərin gizli şəkildə hazırladıqları hücum planları bir nəticə verməmişdir.  Onlar  yalnız  Əsgəran  qalasını  işğal  edə bilmişlər. Bütün bu məsələlər haqqında məlumat verən daxili işlər naziri daha sonra demişdir: «Bu kimi həyasız fitnəni dəf etmək üçün əsgəri qüvvəyə müraciət etmədən əvvəl həyacana gəlmiş əhali özü onu yatırmağa çalışmışdır. Məmləkətimizin hər tərəfindən camaat sel kimi könüllü surətdə axışıb məhəlli hadisəyə gəlməkdədir. Hazırda bu xalq axınının qabağını almaq müşkül bir məsələ olmuşdur. Hər yerdən cəbhəyə qoşularaq öz qardaşlarının imdadına gəlirlər. Qarabağda müvəqqəti pozulmuş intizam və qayda-qanun bu yaxınlarda düzələcəkdir».

Demək olar ki, aprel çevrilişi ərəfəsində bu məsələnin Parlamentdə müzakirəsi çox qızğın mübahisələrə səbəb olmuşdur. Hər partiya və ictimai qurum bu müzakirələrdən öz məqsədləri və təbliğatları üçün istifadə etməyə çalışmışlar. Sosial-demokratlar, xüsusilə Əliheydər Qarayev bu iclaslarda xüsusi canfəşanlıq göstərmişdir. Öz çıxışında o, Qarabağda qayda-qanun yaratmaq və böhran vəziyyətindən çıxmaq üçün yeganə yolu «Qırmızı Rusiya qoşununu» Azərbaycana dəvət etməkdə görürdü. Onu da qeyd edək ki, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalına qədər Qarabağ erməniləri heç cür Dağlıq Qarabağı Azərbaycandan ayırararaq daşnak Ermənistanına qatmaq iddiasından imtina etməmişlər. Mayaları məkr və hiylə ilə yoğrulmuş, həmişə eyni vaxtda bir neçə cəbhəyə işləməyi məharətlə bacaran ermənilər bu illərdə də bir tərəfdən Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çalışmışdılarsa da, digər tərəfdən ola bilsin ki, gizli surətdə Sovet Rusiyası ilə də əlaqəyə girərək bolşevik ordusunun Azərbaycana müdaxiləsini asanlaşdırmaq məqsədilə 1920-ci ilin yazında Azərbaycan ordusunun əsas qüvvələrinin başını Dağlıq Qarabağda qarışdırmışlar.  Sovet hakimiyyəti illərində ermənilərə edilən hədsiz güzəştlər ermənipərəst qüvvələrin bütün cidd cəhdlərinə baxmayaraq Dağlıq Qarabağı Ermənistana birləşdirmək mümkün olmadıqda ona Muxtar vilayət statusunun verdirilməsi, sonralar dəfələrlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə edilən baş tutmamış cəhdlər və nəhayət M.Qorbaçovun bədnam yenidənqurma siyasətindən istifadə edərək ermənilərin Dağlıq Qarabağda törətdikləri hadisələr dediklərimizə əyani sübutdur.


Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi

ATAXAN PAŞAYEV

 


  1. ARDA: f. 895, siy. 1, iş 1299, f. 970, siy. 1, iş 161, f. 1061, siy. 1, iş 49-65 və s.
  2. ARDA: f. 894, siy. 4, iş 65.
  3. ARDA: f. 897, siy. 1, iş 112, vər. 48.
  4. ARDA: f. 895, siy. 1, iş 299, vər. 20.
  5. Yenə orada, vər. 35-37.
  6. Yenə orada, vər. 31-33.
  7. Yenə orada, vər. 8-12.
  8. Yenə orada, vər. 14-17.
  9. Yenə orada, vər. 18, 22, 26.
  10. Yenə orada, vər. 5-7.
  11. ARDA: f. 894, siy. 7, iş 21, vər. 26.
  12. “Azərbaycan” qəzeti, 1920-ci il, 26 fevral.
  13. ARDA: f. 894, siy. 7, iş 21, vər. 53.
  14. Yenə orada, vər. 35.
  15. Yenə orada, iş 22, vər. 13-14.
  16. Yenə orada, iş 29a, vər. 5-6.
  17. Yenə orada, vər. 8-9.
  18. Yenə orada, vər. 15.
  19. ARDA: f. 970, siy. 1, iş 161, vər. 1.
  20. Yenə orada, vər. 1.
  21. Yenə orada, vər. 2.
  22. Yenə orada, vər. 2.
  23. Yenə orada, vər. 3.
  24. Yenə orada, vər. 3.
  25. Yenə orada, vər. 4.
  26. Yenə orada, vər. 4.
  27. Yenə orada, vər. 5.
  28. Yenə orada, vər. 5.
  29. Yenə orada, vər. 5-6.
  30. Yenə orada, vər. 6.
  31. Yenə orada.
  32. ARDA: f. 11, siy. 2, iş 791, vər. 92.
  33. Yenə orada, vər. 94.
  34. Yenə orada, vər. 95.
  35. “Azərbaycan” qəzeti, 30 yanvar, 1919, № 21.
  36. ARDA: f. 894, siy. 10, iş 81, vər. 10.
  37. Yenə orada, vər. 223.
  38. Yenə orada, vər. 222.
  39. Yenə orada, vər. 227.
  40. “Azərbaycan” qəzeti, № 185, sentyabr, 1919.
  41. ARDA: f. 894, siy. 1, iş 24, vər. 56.
  42. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti, stenoqrafik hesabatlar. Bakı, 1998, II c., səh. 879.
  43. Yenə orada, səh. 879-880.
  44. Yenə orada, səh. 880.
  45. Yenə orada, səh. 881.

ВИРТУАЛЬНЫЙ КАРАБАХ
Центр Информационно-Коммуникационных Технологий

Подробнее

АРМЯНСКАЯ АГРЕССИЯ
в исторических документах

Подробнее



ЛИНКИ