Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Pedaqoji seminariyalar və pedaqoji kurslar. Qori müəllimlər seminariyasının Azərbaycan təhsilində rolu

Son Yenilənmə : 2019-11-15 10:57:31
Baxış sayı : 167

    Rus çaritsası II Yekaterina hakimiyyətdə olduğu dövrdə Rusiyanın bütün şəhərlərində dövlət məktəblərinin açılması ilə əlaqədar  müəllim hazırlamaq məcburiyyəti meydana çıxdı. Bu ehtiyacı təmin etmək üçün müəllim seminariyalarının açılması zərurəti yarandı. Beləliklə, 1786-cı ildə Peterburqda ilk müəllim seminariyası açıldı. Burada təhsil nəzəri və təcrübi üsullar üzərində qurulmuşdu. Tələbələrdən yalnız nəzəri biliklər yox eyni zamanda nəzəri bilikləri təcrübəyə tətbiq etmək tələb olunurdu. Peterburq seminariyası 1801-ci ilə qədər fəaliyyət göstərmiş və bu müddətdə 425 müəllim hazırlamışdı.

  XIX əsrin 60-cı illərində müəllim seminariyaları haqqında yeni idarə sistemi yaradıldı. Bu idarə sisteminə görə müəllim seminariyalarının məqsədi məktəblərdə müəllimlik fəaliyyəti göstərmək istəyən hər bir gəncə pedaqoji təhsil vermək idi. Seminariyalar maarif nazirliyinin nəzarəti altında şəhər və kəndlərdə açılır və açıldığı bölgənin tədris idarəsinin tərkibinə daxil olurdu.     

      Bundan başqa, nazirliyin icazəsi ilə müxtəlif cəmiyyət, təşkilat və xüsusi şəxslər tərəfindən də seminariyalar açılır və bu qurumlar da dövlət seminariyalarının proqramlarına uyğun fəaliyyət göstərirdi. Seminariyada məsul şəxslər müfəttiş və müəllimlər idi. Müfəttiş popeçitel tərəfindən təyin edilməli və ali təhsilli olmalı idi.

      Seminariyalarda iki sinif fəaliyyət göstərirdi. Hər sinfin təhsil müddəti bir il idi. İki il sonra özündə müəllimlik etmək potensialı görməyənlər seminariyada təhsilini bir il artıq davam etdirə bilərdilər. Seminariyada birinci sinifdə yalnız nəzəri biliklər, ikinci sinifdə isə nəzəri və təcrübi biliklər tədris olunurdu.

     Seminariyaların təhsil proqramına dini təməl və ibtidai təhsil metodları, rus və slavyan dilləri, rus tarix və coğrafiyası, qısa dünya tarixi və coğrafiyası, hesab, fizika, təbiətşünaslıq, rəsm, musiqi, əmək dərsləri daxil idi. Əgər məktəblərin əlverişli həyəti və əmək alətləri olardısa, şagirdlərə bağçılıq dərsləri də öyrədilirdi. Hər dərs 1 saat davam edirdi. Popeçiteldən icazəsiz olmadan programda dəyişiklik etməyə icazə verilmirdi.

      Tələbələrin pedaqoji təcrübə qazanmaları üçün hər bir seminariyanın tərkibində ibtidai məktəblər fəaliyyət göstərirdi. Bu məktəblərin maddi ehtiyacı xəzinədən ödənilirdi. Bu qurum və ətrafında olan dövlət məktəbi birbaşa müfəttişə tabe idi.   Dövlət xəzinəsindən oxumaq üçün təqaüdlər, ilk növbədə, dini seminariya, gimnaziya və qəza məktəblərində yüksək qiymətlərlə oxuyan şagirdlərə verilirdi. Təhsil müddətində yaxşı nəticə göstərməyən şagird və tələbələr təhsildən azad olunur, savadlı tələbələr isə məzun olduqdan sonra popeçitelin razılığı ilə ən azı, 4 il müddətinə dövlət məktəblərində müəllimlik vəzifəsini icra etməyə göndərilirdi.

       Seminariyanın yuxarı sinfinə 16 yaşı tamam olmuş, fiziki cəhətdən normal uşaqlar qəbul olunurdu. Burada əsas diqqət yetiriləsi məqam ondan ibarət idi ki, müəllimlik vəzifəsini yerinə yetirərkən çətinliklə qarşılaşmamaq üçün tələbənin fiziki qüsurunun olmaması vacib idi. Sağlamlıq müayinəsi aparılan zaman həkimin və pedaqoji şuradan bir təmsilçinin iştirakı vacib idi. Xüsusilə, epilepsiya və vərəm xəstəliyinə eyni zamanda pəltəklik, görmə və eşitmə zəifliyinə diqqət edilirdi.

      XIX əsrin 70-ci illərindən artıq dövlət özəl məktəb və seminariyalarının açılmasını azaldaraq dövlət təhsil müəssisələrinin sayını artırmağa başladı. Müəllim seminariyaları haqda əsasnamədə təhsil müddəti 3 il olmaqla, lazım gəldikdə 1 il daha uzadilmaqla dəyişiklik edilirdi.

       1879-cu ildə seminariyada və digər məktəblərdə təhsil alan tələbələr cinsiyyət tərkibinə görə 86% oğlanlardan, 14% qızlardan ibarət idi. Dini mənsubiyyətinə görə isə 84% provaslav, 11% roma-katolik, 3% lüteran, cəmi 2% isə müsəlman tələbələrdən ibarət idi.

       1871-ci ildə Qafqazda ilk dəfə Kubanda müəllimlər seminariyası fəaliyyətə başlayır. 1876-cı ildə Gürcüstanın Qori şəhərində, 1881-ci ildə İrəvanda, 1891-ci ildə Kutaisi də belə seminariyalar açılır. Seminariya və məktəblərə müəllim heyəti seminariyanın rəhbərliyi tərəfindən seçilə və popeçitelin qərarından sonra işə başlaya bilərdi.

Bu dövrdə Azərbaycanda da seminariya açılması üçün xalqın tələbi artmağa başlayır və hökümətə müraciətlər olunur. XIX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycan da kapitalizmin inkişafı ilə əlaqədar varlı təbəqənin nümayəndələri öz uşaqlarını dövlət idarələrində qulluğa hazırlamaq üçün daha geniş orta və ixtisas təhsili verən məktəblərdə oxutdurmaq istəyirdilər. Onlar yeni gimnaziyaların, ticarət və texniki məktəblərin açılması uğrunda çalışırdılar. Həmçinin 1903-1905-cü illərdə də fəhlə sinfinin tətilləri və çıxışları nəticəsində Rusiyanın Azərbaycana qarşı olan sıxışdırma siyasətində bir qədər yumşalma hiss olunmağa başladı. Mədəniyyət və maarif sahəsində bəzi güzəştləri həyata keçirtdilər. Azərbaycanın müxtəlif guşələrində bir sıra məktəblər açıldı. Məsələn: qəzalarda xalq məktəbləri, “Müqəddəs Nina”, Zaqatalada “Marinsiki” Lənkəranda və Bakıda 6 sinifli şəhər məktəbləri açıldı. Rusiyanın mərkəzi bölgələrində olduğu kimi, Qafqazda da müəllimlərin yetişdirilməsinə ehtiyac  duyulurdu və bu ehtiyacı ödəmək məqsədi ilə müəllim seminariyalarının açılması tələb olunurdu. XIX əsrin axırlarında Azərbaycanda neft sənayesinin inkişafı ilə əlaqədar bir çox sənaye sahələri inkişaf etməyə başladı. Bu da öz növbəsində, savadlı kadrların yetişməsinə ehtiyac yaradırdı. Müəllimləri qısa müddətli kurslarda hazırlamaq qənaətbəxş nəticə vermirdi.

       Çar höküməti xalq maarifi sayəsində əhalinin təşəbbüs və tələblərinə ehtiyatla yanaşırdı. Çoxlu maneə və müqavimətlərə baxmayaraq, nəhayət, güzəştə getməyə və bir çox şərtlərlə onun açılmasına razılıq verdilər. Razılığa gəlməkdə əsas məqsəd Qafqazda, xüsusən də, Azərbaycanda ruslaşdırma və müstəmləkəçilik siyasətini həyata keçirmək və savadlı müəllimlərin köməyi ilə yerli əhalidən savadlı məmurlar hazırlamaq idi.

      Rus höküməti seminariyanın Azərbaycan şöbəsini Bakıda açmaq istəmirdi. Bunu müsəlman dindarların bu işə mənfi təsir göstərə biləcəkləri ilə izah edirdilər. Ona görə də seminariyanın Azərbaycan şöbəsini uzaq bir yerdə, yəni, Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində açılması qərarına gəldilər.

       Beləliklə, müsəlman məktəblərində müəllim yetişdirmək üçün 1879-cu ildə Zaqafqaziya müəllimlər seminariyası nəzdində Gürcüstanın Qori şəhərində tatar (Həmin dövrdə müsəlmanlara “tatar” deyilirdi) şöbəsinin açlmasına qərar verilir. Seminariyada daha əvvəl 1876-cı ildə gürcü , 1878-cü ildə erməni, 1879-cu ildə rus və 1880-ci ildə müsəlman uşaqlar üçün  ibtidai məktəblər açılmışdı.  Gürcü, erməni və rus dilində ibtidai siniflər beş illik ikisinifli məktəblər, tatar ibtidai məktəbləri isə üçillik birsinifli məktəblər idi. Ibtidai sinifdə 8-9 yaşlı uşaqlar təhsil alırdılar. Mayın 13-ü 1880-ci il Qoridə Müəllimlər seminariyası nəzdində Azərbaycan şöbəsinin açılışı rəsmi təsdiq olundu və fəaliyyətə başladı.         

    Tələbələr valideynləri tərəfindən seminariyanın müdiriyyətinə təqdim edilən ərizələr vasitəsi ilə qəbul olunurdu. Onlar dövlət hesabına təhsil almaqla məktəbin yataqxanasında qala bilərdilər.

      Qafqaz Təhsil Dairəsinin 1887-1888 illərdə seminariyaya aid statistik göstəricilərə görə Qori Müəllimlər Seminariyasında 1887-ci ildə 96, İrəvan Müəllimlər seminariyasında 81 tələbə təhsil alırdı. İrəvan Müəllimlər seminariyasında 83 tələbədən 50 nəfəri erməni əsilli, Qori Seminariyasındakı 86 tələbədən 45 nəfəri tatar və dağlılar, 16- nəfəri gürcü, 15 nəfəri erməni, 10 nəfəri rus idi.

     Şöbənin uzaq yerdə açılmasına baxmayaraq seminariya Azərbaycan təhsili sahəsində çox böyük rol oynadı.

      Seminariyanın Azərbaycan şöbəsi mövcud olduğu təxminən 40 il müddətində xalq məktəbləri üçün 250 nəfər müəllim hazırlamışdı. Bu məzunlar xalq maarifi və məktəb təhsilinin inkişafı sayəsində böyük işlər görmüş, xalqı savadlandırmaqla yanaşı, Qafqaz xalqları arasında dostluq tellərinin möhkəmləndirmişlər. Seminariyanı bitirən tələbələrin çox hissəsi fəaliyyətə müəllim, nəzəriyyəçi pedaqoq, ali məktəb müəllimi, yazıçı, dövlət xadimi, musiqişünas kimi  başlamışdır.

     Seminariyanın Azərbaycan şöbəsinin Bakıda və ya qəza mərkəzlərinin birində açılması coğrafi şəraitinə görə daha əlverişli idi. Seminariyanın ilk məzunlarından biri olmuş, sonradan orada müəllim kimi fəaliyyət göstərmiş S.Vəlibəyov seminariyanın pedaqoji şurasına bir sıra dəlillər təqdim edərək Qoridə yerli əhali arasında müsəlmanların az yaşaması və məsafəninn uzaqlığı  səbəbindən az sayda müəllim kadrları hazırlandığını, cəmi 5 il müddətinə 21 pedaqoji təhsilli müəllimin seminariyanı bitirdiyini bildirmişdir. Lakin buna baxmayaraq, seminariyanın direktorlarından D.D.Semyonovun yazdığı qeydlərindən məlum olur ki, Azərbaycan şöbəsinin fanatik müsəlman ruhanilərinin mənfi təsirindən uzaq yerdə fəaliyyət göstərməsi daha əlverişlidir. Buna görə də pedaqoji şura seminariyanın fəaliyyətini Qori şəhərində davam etdirmək fikrində qalır. Bütün bu manelərə baxmayaraq, seminariya öz mövcudluğu və fəaliyyəti ilə təhsilimizin və mədəniyyətimizin inkişafında böyük rol oynamışdır.       

       Azərbaycan şöbəsinin təşkilindən bəhs edərkən D.D.Semyonov və A.O.Çernyayevskinin əməyini danmaq ədalətsizlik olardı. Azərbaycan şöbəsinin təşkilində bu iki şəxsiyyətin rolu böyük olmuşdur. Seminariyanın Azərbaycan şöbəsinə ilk qəbulun təşkili zamanı A.O.Çernyayevski çox mürəkkəb və məsuliyyətli iş görərək kəndbəkənd, şəhərbəşəhər gəzib seminariyada oxumaq üçün uşaq yığmışdır.

     Müsəlman şöbəsi xristianlardan fərqləndiyinə görə müsəlman uşaqlar üçün ayrıca yataqxana təşkil edilmişdi. Yataqxanada müsəlmanlarla bir yerdə Azərbaycan dilini bilən, yüksək əxlaqi keyfiyyətlərə malik olan xüsusi tərbiyəçilər yaşayırdı. Uşaqların rus dilini öyrənilməsində çətinlik çəkməmələri üçün tərbiyəçi mütləq xristian olmalı idi. Azərbaycan şöbəsinində birinci tərbiyəçi vəzifəsində A.O.Çernyayevski çalışırdı. Məktəblərin təlim-tərbiyəsi və inzibatı cəhətdən təşkili işində onun böyük təcrübəsi var idi.  Aleksandr Osipoviç özünün bütün bilik və bacarığını Azərbaycan müəllim kadrlarının hazırlığına sərf etmiş, azərbaycan dilində dərslik də tərtib etmişdir. Seminariyada Azərbaycan dili və şəriət müəllimi işləyən R.Əfəndiyev və F.Köçərli A.O.Çernyayevskinin fəaliyyətini yüksək qiymətləndirmişlər.

     Seminariya, əsasən üç əsas sinifdən ibarət idi. Onların yanında yuxarı hazırlıq sinifləri də açılırdı. Əsasnaməyə görə Azərbaycan şöbəsi və onun ibtidai məktəbi inzibatı, təlim –tərbiyə məsələlərində Zaqafqaziya Müəllimlər Seminariyasına tabe idi. Azərbaycan şöbəsində iki şəriət müəlliminin birinin şiə, biri sünni olması vacib idi. Azərbaycanlı uşaqlar şəriət və ana dili dərslərini ayrıca keçir, qalan fənləri isə tədris ili bitənə qədər o biri uşaqlarla birlikdə keçirdilər.  Azərbaycan şöbəsində də rus, gürcü şöbələrində olduğu kimi dövlətin, şəhər və kənd təşkilatlarının hesabına oxuyan şagirdlərlə bərabər, öz xərcləri hesabına oxuyan şagirdlər də var idi.

    1903-cü il yanvarın 20-də seminariyanın nəzdində rus, gürcü və erməni ibtidai məktəbləri ləğv edilərək yalnız ikisinifli rus ibtidai məktəbi açılır. Seminariyada təhsil pulsuz idi.

     Dövlət Tarix Arxivinin sənədlərinə nəzər salan zaman daha bir qiymətli material ilə tanış olmaq mümkündür. Sənədlərdə Qori Müəllimlər Seminariyasını himayə edən, seminariyanın Fəxri nümayəndəsi adını alan Seyid Mir Tağı Mirbabayev haqqında bir çox məlumatlar öz əksini tapmışdır. Mir Tağı Mirbabayev elmin, təhsilin tərəqqisi naminə Seminariyaya yüksək məbləğdə ianələr bağışlamışdır. Seyidin üzərinə götürdüyü bu iş Tiflisdə böyük sevinclə qarşılanır və Bakı neft milyonçusunun bu addımı yüksək qiymətləndirilir. O, Zaqafqaziya Müəllimlər Seminariyasına himayəçi olmaq barədə müraciət etmiş və cavab olaraq Xalq Təhsil Nazirliyinin əmri ilə seminariyanın direktoru F.Antonoviç Smirnovun göndərdiyi məktubuna əsasən 22 may 1915-ci il tarixdən etibarən Fəxri Himayəçi olaraq təstiq edilmişdir. F.Smirnov 20 noyabr 1917-ci il tarixli 1228 saylı məktubla seminariyada gedən dəyişikliklər barədə S.Mirbabayevi məlumatlandırır. Məlumatda bildirilir: “Zaqafqaziya Müəllimlər Seminariyasında bu tədris ilinin başlaması ilə bağlı müəllim heyətində böyük dəyişikliklər oldu. Tatar şöbəsinin keçmiş inspektoru Andranikov Balaxanı realni məktəbə yeni təyinat aldı. Onun yerinə isə F.B.Köçərli təyin olunub. Komissarlıq bu addımı müsəlmanların arzusunu yerinə yetirmək üçün edib ki, tatar şöbəsində təhsil alanlar  müsəlman inspektorunun rəhbərliyi altında tərbiyə alsınlar. Daha sonra R.B.Əfəndiyev vilayətin müsəlman əhalisi arasında ibtidai məktəblərin milliləşdirilməsinə rəhbərlik etmək üçün İrəvandaki dövlət məktəblərinə müfəttiş vəzifəsinə təyin edildi. Artıq indi F.B.Köçərli və R.B.Əfəndiyevin yerinə iki nəfər müsəlman etiqadı olan müəllim təyin edilməlidir”.

  Mirbabayev Zaqafqaziya Müəllimlər Seminariyasının büdcəsi üçün Bakı Xəzinədarlıq İdarəsinə 720 rubl məbləğində pul köçürürdü. O, nəinki müsəlman uşaqların hətta başqa millətdən olan tələbələrə də xüsusi qayğı ilə yanaşır və hər birinə maddi köməklik göstərirdi.

     1918-ci ildə Qori Müəllimlər Seminariyası bağlanır.  Seminariyanın Azərbaycan şöbəsini qəza məktəblərinin birinə köçürmək maarifpərvər ziyalıların çoxdanki arzusu idi. N.Nərimanov, R.Əfəndiyev, S.S.Axundov, C. Məmmədquluzadə, Ü.Hacıbəyov , F.Ağazadə və başqa ziyalılarla bərabər müəllimlər, axundlar, valideynlər və Bakı milyonçuları da seminariyanın Azərbaycan şöbəsini Azərbaycana köçürməyi təqir etmiş, Qafqaz Tədris Dairəsinə xahiş ərizələri göndərmişlər.  Lakın onu hansı şəhərə - Gəncəyə yaxud Bakıya köçürmək sual olaraq qalırdı. Xalqımızın böyük maarifçisi Firudin bəy Köçərli bu ideyanın reallaşması uğrunda yorulmadan mübarizəyə başlayır. 1918-ci ildə O, Qafqaz Təhsil Dairəsindən seminariyanın Azərbaycana köcürülməsi haqda icazə alır. Dövlət Tarix Arxivində seminariyanın Azərbaycan şöbəsində açılması haqda Azərbaycan Respublikası Gəncə Xəzinədarlığının  seminariyanın  direktoru F. Köçərliyə göndərdiyi 28 dekabr 1918-ci il tarixli, 3584 №-li  “Gəncə xəzinədarlığınin 1682№-li əmrinə əsasən Gəncə xəzinədarlıqından alınan 5000 rubl pulun Qazax seminariyasının fonduna göndərilməsi və seminariyanın əmlakının Qori şəhərindən Qazax şəhərinə gətirilməsinə “icazə” məktubu var.

      Basqa bir məktubda F.Köçərli yazır: “Tatar şöbəsi mən tərəfindən 1918-ci ildə Qori şəhərindən Qazax şəhərinə köçürülmüşdür. Işcilərin tərkibi də mən tərəfindən komplektləşdirilmiş və otən ilin oktyabr ayında Xalq Təhsil Nazirliyinə göndərilmişdir. Hansı ki, həmin ilin 20 oktyabr tarixində verilmiş əmrlə Qazax Müəllimlər seminariyasında vəzifələri icra etməyə icazə verilmişdir.”  

     1918-ci ildə Firudin bəy Köçərlinin səyləri sayəsində Qori seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü və Sovet hakimiyyəti qurulana qədər orada fəaliyyətini davam etdirdi. Məşədi İbrahim adlı maarifpərvər Qazax sakini öz 17 otaqlı mülkünü seminariyaya hədiyyə vermiş və seminariya o binada fəaliyyətə başlamışdır. Bundan sonra F. Köçərli Qazaxda səmimi və işgüzar kollektiv yaradaraq geniş fəaliyyət göstərmişdir.Qazax seminariyasının fəaliyyəti Azərbaycanda təhsilin və maarifin inkişafına böyük təkan verdi. Seminarıyanın yetirmələri sırasında S.Ə.Vəlibəyovun, İ. Abakovun, C.Məmmədquluzadənin, F. Ağazadənin, R.Tahirovun, Ü.Hacıbəyovun, M.Maqomayevin, M.Qarayevin, Ə.Hüseynovun, Ə.A.Mustafayevin, Q.Şıxlinskinin və başqalarının adını çəkmək olar.  1919-cu ilin əvvəlində bu istiqamətdə görülən sürətləndirilmiş tədbirlər nəticəsində Bakıda, Gəncədə, Nuxada, Salyanda, Şuşada və Qazaxda 23 orta təhsil dövlət müəssisəsi, 6 kişi və 4 qadın gimnaziyası, o cümlədən, 5 real məktəb, 3 müəllim seminariyası, qadınlar üçün 3 təhsil müəssisəsi, 1 politexnik və 1 ticarət məktəbi açılmışdır.

 

Zərifə Əhmədova

Dövlət Tarix Arxivinin aparıcı arxeoqrafı 

 



Bugün: 54
Dünən: 449
Bu həftə: 54
Son həftə: 4153
Bu Ay: 12921
Son Ay: 14919
Bu İl: 12921
Ümumi: 284628
284628