Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Görkəmli maarifçi xanım - Hənifə xanım Məlikova

Son Yenilənmə : 2026-10-20 05:41:24
Baxış sayı : 53

Tarix boyu cəmiyyətin inkişafında böyük rolu olan insanlar çox olub. Lakin onların arasında elələri var ki, gördükləri işlərlə yanaşı öz cəsarəti, dünyagörüşü və insanlara olan münasibəti ilə də yadda qalırlar. Onlardan biri də, Azəbaycan maarifçilik tarixində xüsusi yer tutan, Qafqazda dünyəvi təhsil almış ilk qadınlardan olan Hənifə xanım Məlikzadədir.

Hənifə Məlikova (Hənifə Abayeva) 1856-cı il mayın 5-də Quzey Qafqazda, Nalçik şəhərində anadan olub. Tiflisdə Müqəddəs Nina Qız məktəbində 10 il təhsil alıb. Qeyd etmək lazımdır ki, o zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir bir hadisə idi. Lakin Hənifə xanımın atası, yüksək təhsilli hərbçi Aslanbəy Abayev iki qızının da erkən yaşlardan təhsilinə ciddi önəm vermiş, böyük qızı, 10 yaşlı Paşahanla birlikdə 8 yaşlı Hənifə xanımı Müqəddəs Nina qız məktəbinə yazdırmışdır. Lakin xəstə anasına qulluq etdiyi üçün Paşahan təhsil dalınca Tiflisə gedə bilmədiyindən onun yerinə Fuza Şakmanova adlı bir qız Hənifə xanımla birgə təhsil almağa göndərilmişdi. Bu iki qız Müqəddəs Nina Qız məktəbinin ilk türk, müsəlman məzunları olmuşdu.

         Hənifə xanım xatirələrində yazır ki, 1872-ci ildə Tiflisdə Müqəddəs Nina Qız məktəbini bitirən qızların siyahısı "Qafqaz" qəzetində dərc olunduqdan sonra Hənifə xanım Abayevanın adını burada görən Həsən bəy Zərdabi ziyalı bir qadınla ailə qurmaq istəyi ilə dərhal Tiflisə yola düşür. Hənifə xanımla tanışlıqdan sonra həmfikir olduğunu başa düşən Həsən bəy, onunla birgə həyat yoluna çıxmağa qərar verir. Evlənmək qərarı verən gənclər valideynləri uzaqda olduğu üçün evlilik xeyir-duasını da Müqəddəs Nina məktəbinin himayədarı knyagina Olqa Fedorovnadan alır.

            Çətinliklərlə dolu birgə ömür yolunda Hənifə xanım Həsən bəy Zərdabinin ən yaxın dostu, məsləkdaşı olur, bütün həyat məsələlərində, eləcə də ictimai vəzifələrin həllində həmfikir və mübarizə yoldaşı kimi birlikdə qərar verirlər. 1872-ci ildə qurulan ailə bağları çətin günün həmdəmliyi ilə daha da möhkəmlənir. Pəri, Qəribsoltan adlı iki qızı və Midhət, Səffət adlı iki oğlu  dünyaya gəlir (f.309, siy.2, sax.vah.56, vər.7).

            XIX yüzilin əvvəllərində Bakıda yaradılan onlarca xeyriyyə cəmiyyəti, maarif-mədəniyyət ocaqları məhz belə ziyalıların milli tərəqqi uğrunda mübarizəsinin nəticəsi kimi meydana çıxmışdı. Hənifə Məlikovanın böyük səyi və zəhməti ilə yaradılan "Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti" də bunun bariz örnəyi kimi diqqəti cəlb edirdi. Bu kimi xidmətləri Hənifə xanımın adını, onun maarifçilik fəaliyyətini Zaqafqaziyanın demokratik dairələrində geniş şəkildə məşhurlaşdırmış, adını rəsmi hökümət idarələrində tanıtmışdı. Onun həyatı bir-birindən çətin sınaqlar, hətta bəzən təqiblər, təzyiqlərlə keçmişdir; lakin bir an belə öz missiyasını unutmamış, xalqı cəhalətdən xilas etmək, təhsilli insanların sayını artırmaq yolunda inadlı mübarizəsindən çəkinməmişdir. Hənifə xanım bu haqda yazırdı: “Həyatımın məqsədi – bacardığım qədər avam kütlənin, xüsusən də qadınların hüquqları və istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuş və olacaqdır”.

            Hənifə xanım Məlikova 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə işlədiyi vaxtlarda da bu məqsədi həyata keçirmək üçün bütün qüvvəsi ilə çalışır, daha çox türk-müsəlman qadını təhsilə cəlb etmək istəyirdi. Onun üçün təhsil yalnız oxuyub-yazmağı öyrənmək deyil, insanın dünyagörüşünün formalaşması və cəmiyyətdə öz yerini tapması demək idi.

            Hənifə xanımla evləndikdən sonra artıq onu anlayan, ona dəstək olan bir insanın varlığı Həsən bəyi daha da ruhlandırır. O, maarifçilik yolunda daha uğurlu, inamlı addımlar atır. 1873-cü ildə şagirdləri ilə birlikdə Bakıda türk dilində ilk teatr tamaşasını təşkil edir. Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsəri səhnələşdirilir. 1875-ci il iyulun 22-də isə Azərbaycanda türk dilində ilk qəzet olan “Əkinçi”ni nəşr etdirir. Hənifə xanım 1875-1877-ci illərdə Həsən bəylə birlikdə "Əkinçi" qəzetinin nəşrində yaxından iştirak edərək çox əziyyətlərə qatlaşır. "Əkinçi" qəzetinin nəşri dayandığından sonra təqibə məruz qalan Həsən bəy müəllimlik fəaliyyətindən istefa verir, ailəsiylə Zərdaba köçür.

Hənifə xanım və Həsən bəy Zərdabda yaşadıqları dövrdə - 1880-ci ildən başlayaraq Hənifə xanımla birlikdə öz evlərində pulsuz məktəb açdı. Onlar təqib və təzyiqlərə baxmayaraq, heç bir təmənna ummadan uşaqlara savad öyrədirdilər. Hənifə xanım öz mənzilində uşaqlara dərs deməklə bərabər, oba-oba, ev-ev gəzib qadınlara biçib-tikmək, yazıb-oxumaq öyrədir, rus dilindən nağıllar tərcümə edib danışır, mənzil-mənzil dolaşıb uşaqları peyvənd edir, ayrı-ayrı obalarda qadın məsləhətxanaları təşkil edirdi.

Hənifə xanım 16 il yoldaşı ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşayandan sonra ailəsi ilə yenidən Bakıya qayıdırlar.

            Həsən bəy Zərdabi uzun illər Bakıda müsəlman qız məktəbinin açılmasını arzulayırdı. Hacı Zeynalabdin Tağıyevin sərmayəsi ilə bu təşəbbüs baş tutur. Məktəbin müdirəsi təhsilli türk xanımı olmalı idi və Hənifə xanım 1901–1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdirəsi vəzifəsini icra edib. Daha sonra o, 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində müdir vəzifəsində çalışıb.Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində “Bakı-Dağıstan Xalq məktəbləri” fondunun sənədlərində Hənifə xanım Məlikovanın 1903-1917-ci ilərdə fəaliyyətinə dair şəxsi işi qorunub saxlanılır (f.309, siy. 2, sax. vah. 56). Rus-tatar qız məktəbində müdir vəzifəsini icra etsə də onu rəsmi xidmətə qəbul etmirlər. Bunun üçün 1872-ci ildəTiflisdə Müqəddəs Nina adına məktəbin kənd və şəhər məktəbləri üzrə ibtidai sinif kursunun bitirməsinə dair təsdiqləyici sənəd tələb edilir. Həmin dövrdə Xalq məktəbləri inspektoru işləmiş tanınmış maarif xadimi Sultan Məcid Qənizadənin də səylərinə baxmayaraq uzun illər gözlənilən lazımı sənəd Tiflisdən gəlib çıxmır.

            Həsən bəyin ölümündən sonra da Hənifə xanım ictimai işlərə davam edir. Dövlət Tarix Arxivinin “Bakı Xəzinə palatası”nın fondunda qorunan sənədlərdə Bakı sakini Hənifə xanım Məlikovanın vəsatəti ilə bağlı məlumat verilir. Fonddaki materiallarda həmin şəxsin vəfat etmiş ərinin üzərində qalan hərbi və torpaq vergiləri borclarının ödənilməsi ilə əlaqədar palatanın cavab məktubu qeydə alınmışdır (f.43, siy. 2, sax. vah. 341).

            1908-ci ildə onun təşəbbüsü ilə Bakıda “Nicat” cəmiyyətinin bir şöbəsi olaraq “Bakı xanımlarının ilk təşkilatı” yaradılır. Bakı milyonçusu Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın sədrlik etdiyi təşkilat tezliklə böyüyüb Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilir.

            1925-ci ildə həyat yoldaşı haqqında xatirələrini çap etdirir. O, yüksək insani keyfiyyətləri ilə xalqın dərin hörmət və ehtiramını qazanmış, Azərbaycanda həyat yoldaşı haqqında memuar yazan ilk qadınlardan biridir. Böyük fəxrlə qələmə aldığı bu xatirələrdə Həsən bəylə birlikdə  xalqın maariflənməsi yolunda necə fədakarlıqla mübarizə apardığı əksini tapıb.

            Unudulmaz maarifpərvər xanım Hənifə Məlikova Zərdabi 1929-cu ildə 73 yaşında Bakıda vəfat etmişdir. Ömür yoldaşı kimi onu da bütün Bakı əhalisi son mənzilə dərin hüzn və ehtiramla yola salıb. Əvvəl şəhər qəbristanlığında dəfn edilmiş, sonralar cənazəsi həyat yoldaşı Həsən bəy Zərdabinin məzarının yaxınlığına – Fəxri Xiyabana köçürülmüşdür. Tale onları ölümdən sonra da bir-birindən ayırmayıb.

            Hənifə xanım Məlikova milli mədəniyyətimizin unudulmaz səhifələrinə adını qızıl hərflərlə yazdırmış böyük ziyalıdır. XX yüzilllikdə milli təhsilin inkişafına verdiyi töhfələr, işıqlı gələcəyə olan inamı və fədakar ömür yolu ilə, o, gənc qızlarımızın  həyatında əsl maarifçilik məşəli kimi parlaq bir nümünə olaraq hər zaman qalacaq.

                                                                                              Səbinə Kamalova

Dövlət Tarix Arxivinin aparıcı arxeoqrafı



Bugün: 739
Dünən: 883
Bu həftə: 5000
Son həftə: 5584
Bu Ay: 11317
Son Ay: 36091
Bu İl: 504627
Ümumi: 2198552
2198552