Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Ana rollarının mahir ifaçısı Sədayə Mustafayeva – 100

Son Yenilənmə : 2026-07-06 13:00:51
Baxış sayı : 41

Gəncə Dövlət Milli Dram Teatrının gəlib keçmiş səhnə ustalarından söhbət düşəndə Sədayə Mustafayevanın adı iftixarla çəkilir.  Azərbaycan SSR xalq artisti Sədayə Mustafayevanın adı həmin teatrın inkişaf yolu ilə qırılmaz surətdə bağlıdır.

             1926-cı il iyulun 15-də Şəkidə dünyaya göz açan Sədayə xanımın uşaqlığı və gəncliyi dövrünün siyasi gərginliyinin mövcud çətinlikləri girdabında keçib. 11 yaşından yetim qalmış Sədayə həm evi böyük kimi idarə etməli, həm də yaşca özündən kiçik olan bacı və qardaşını himayəyə götürməli idi. Toxuculuq fabrikində işə başlayan cılız Sədayənin üzünü bir gün tikiş maşınından çıxan məkik yaralayır. Fəhlələr onun halına acıyaraq deyirlər ki, bu balaca boylu, çəlimsiz qızın belə yerdə işləməyi mümkün deyil. Günlərin birində Şəkidə onun atasını, xüsusilə nəslini yaxşı tanıyan bir zorxanaçı bu cılız qızcığazın qolundan tutub Şəki Dövlət Teatrına aparır. Teatrda onu qəbul edirlər və ilk dəfə S.Vurğunun “Vaqif” pyesinin tamaşasında  rəqqasə rolunu  verirlər. Teatrın direktoru ona çox qayğı göstərir, tez-tez çörək kartoçkası verirmiş. Aktrisanın sözlərinə görə, özü bəzən günlərlə ac qalır, həmin çörək payını bacı və qardaşına yedirdirmiş. Sədayə səhnə fəaliyyətinə ilk dəfə 15 yaşında S.S.Axundovun “Eşq və intiqam” pyesində Qəmər rolu ilə başlayır. Gənc aktrisanın Şəki teatrında  atdığı bu ilk yaradıclıq addımı  uğurlu olur, o, ümid verən bir istedadlı gənc kimi diqqəti cəlb etməyi bacarır.

Lakin bu xoşbəxtlik uzun sürmür. Kişilərin hamısı əsgər getdiklərindən konservativ düşüncəli qohum-əqrəba qadınları teatra işə girmiş,  bununla da nəslin “adını batırmış”  qızı aradan götürmək istəyirlər. Və beləliklə,  gənc aktrisa  doğma Şəkini tərk etməli olur. Bir neçə il Ağdaş və Göyçay teatrlarında işləməli olur. Lakin tale öz hökmünü yenə də Sədayə xanımın xeyrinə  verir. Şəkidən uzaqlarda Gəncə teatrında direktor işləyən digər  bir şəkili - Məmməd Bürcəliyev taleyin girdabında hərlənən gənc qızı öz yanlarına işə aparmaq istəyir və hətta razılaşmaq istəməyəndə onu məcbur edir. Beləliklə, gənc Sədayənin həyatında dönüş başlayır. 1950-ci ildə Gəncə teatrında işə düzələn  Sədayə Mustafayeva ömürlük bu teatra bağlanır.

Gənc aktrisa 1950-ci ildən öz daimi teatrını tapsa da,  onun rahat və xoşbəxt həyata qovuşmağına hələ çox qalırdı. Aktrisa teatrda çətin, gərgin günlər keçirirdi. Sədayə xanıma yaxşı rollar verildikcə, tamaşaçılar arasında rəğbət qazandıqca dedi-qodular, paxıllıqlar baş alıb gedir. Hər çətinliyə dözən Sədayə böyük və şanlı tarixi olan Gəncə teatrının qüdrətli sənətkarları ilə çiyin-çiyinə işləməyi özünə şərəf sayır, 43 ildə üç yüzə yaxın surət yaradır.

1952-ci ildə teatrın direktoru Məmməd Bürcəliyevlə ailə qurur. 1958-ci ildə Əməkdar  artist, 1981-ci ildə isə Xalq artisti fəxri adlarını alır.

Aktrisa əsl rahatlıq və daimi xoşbəxtliyinin Məmməd Bürcəliyevlə ailə həyatı qurduqdan sonra başladığını deyirdi.

Sədayə xanımın sənət uğurları, çalışqanlığı kino rejissorlarımızın da diqqətini çəkir. Onu ardıcıl olaraq “Azərbaycanfilm” kinostudiyasına film çəkilişlərinə dəvət edirlər. Xüsusən də Ana rollarına çəkilməyə dəvət alan  Sədayə xanım kino yaradıcılığından söhbət salanda “nədənsə rejissorlarımız məni həmişə Ana obrazında görür”- deyərmiş. Azərbaycan tamaşaçıları onu ən çox “Qanun naminə” bədii filmindən “Mehmanın anası” kimi tanıyırlar. Aktrisa özü kinodakı fəaliyyəti barədə deyərmiş:

 “30 yaşından Ana rollarına çəkildiyimə görə dişlərimi tamamən dəyişməli oldum. Öndəki 4 qızıl dişim çəkiliş zamanı mane olduğundan 1 aya hamısını çəkdirdim. Ana və Nənə rolları ilə uzlaşsın deyə qara saçlarımı da daim ağ rəngə boyayardım. Sənət qurban tələb edir”.

Sədayə xanımın sənət fədakarlığı onun kino yaradıcılığında yaratdığı “Qanun naminə” filmində Xatun ana, “Qayınana” filmində Mülayim, “Ölsəm, bağışla” filmində Suğra xala, “Ad günü” filmində Ana, “Mən ki, gözəl deyildim” filmində Gözəl arvad, “Cin mikrorayonda” filmində Ana, “Ağ atlı oğlan” filmində Nənə və digər obrazlaında öz əksini tapıb.

O, yaradıcılıq sevinclərini 44  il həyat və sənət yollarında onunla birgə addımlayan ömür-gün yoldaşı, Xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevlə bölüşər, bu uğurlarda onun da rolu olduğunu söyləyərdi.

Sədayə Mustafayeva 13 avqust 2004-cü ildə vəfat etmişdir.

Aktrisanın saysız-hesabsız rolları, yaradıcılığının bütünlükdəki uğuru onun Azərbaycan qadını, ana rollarının mahir ifaçısı kimi yaddaşlarda qalmasıdır. Sədayə Mustafayevanın yaradıcılığı tamaşaçı qəlbində əbədiyaşardır.

Məqalənin hazırlanmasında 389 №-li fondun sənədlərindən istifadə olunmuşdur.

                                                                                         

                                                                                                                    Xatirə Qədirova

                                                                                   S.Mümtaz adına Dövlət Ədəbiyyat

və İncəsənət arxivinin şöbə müdiri