12 March 2025 09:14 News Baxış sayı : 35
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanmış videoxülasədə dahi Azərbaycan şairi, mütəfəkkir Məhəmməd Füzulinin irsinin yaşadılması və təbliği məqsədilə həyata keçirilmiş elmi, mədəni-kütləvi tədbirlərə, görkəmli elm, mədəniyyət və siyasi xadimlərin Füzuli yaradıcılığı barəsində söylədikləri fikirlərə yer verilmişdir.
Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır.
Məhəmməd Füzuli istedadlı nümayəndələri ilə tanınan bütöv bir ədəbi məktəb formalaşdırmışdır. Öz müasirlərindən başlayaraq, sonrakı dövrlərdə Füzuli ənənələrinin davamçısı olmuş bütün görkəmli sənətkarlar bu nəhəng söz ustasının adını hər zaman ehtiramla yad etmişlər.
Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsi milli mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illiyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olmuşdur.
Sözügedən layihə "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 25 yanvar tarixli Sərəncamının icrası məqsədilə Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq hazırlamışdır. Təqdim edilən media resurs adıçəkilən arxivdə daimi mühafizə edilən fono və videosənədlər əsasında hazırlanmaqla, arxivin direktoru Xalidə Fərəcullayeva tərəfindən səsləndirilmişdir.
Sözügedən videoxülasə ilə Milli Arxiv İdarəsinin rəsmi YouTube səhifəsindən və ya BURADAN tanış ola bilərsiniz.
Today: | 764 |
Yesterday: | 946 |
This Week: | 2647 |
Last Week: | 6281 |
This Month: | 10767 |
Last Month: | 20603 |
This Year: | 57988 |
Total: | 1370572 |
3, Z.Bunyadov avenue, AZ1106, Baku, Azerbaijan Republic
Tel: (+99412) 562 97 75 Fax: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az