Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Əliyar Qarabağlı - 125

Son Yenilənmə : 2026-05-15 05:07:13
Baxış sayı : 16

              Azərbaycan sovet pedaqogika elminin görkəmli nümayəndələrindən olmuş Əliyar Məhəmməd oğlu Qarabağlı ötən əsrin ortalarında bütün respublikada ədəbiyyat tədrisi üsulunun ən yaxşı mütəxəssisi kimi məşhur idi. O, Azərbaycan ədəbiyyatının tədrisi məsələlərinə dair onlarla elmi-metodik kitabın, orta məktəb üçün ədəbiyyat dərsliklərinin və yüzdən artıq elmi-metodik jurnal və  qəzet məqaləsinin müəllifi idi.

       Əliyar Qarabağlı demək olar ki, 1940-cı ildən respublika orta məktəbləri üçün ədəbi qiraət  və ədəbiyyat proqramları layihəsinin əsas müəllifi olmuşdur. O uzun illər  respublikanın mötəbər ədəbiyyatşünaslarından və ədəbiyyat tədrisi üsulu mütəxəssislərindən biri kimi tanınırdı.

    Özünün yazdığı tərcümeyi-halında göstərir ki, 1901-ci ildə Gürcüstan SSR Borçalı qəzasının Lecbədin kəndində ortabab kəndli ailəsində anadan olub. Əliyarda uşaqlıqdan elmə, ədəbiyyata qaynar həvəs və maraq var idi. O, az yaşında xeyli kitab oxumuşdu. Əliyar o zaman Azərbaycanda  müxtəlif cərəyanlarda çıxan qəzet və jurnalların hamısına  abunə yazılırdı. Lakin kəndlərdə poçt olmadığından qəzet-jurnallar  ona çətinliklə gəlib çatırdı. Əliyar əlinə çatan mətbuatı camaat içində oxumağı çox sevirmiş. Camaat isə həmişə ondan qəzet, jurnal oxumağı xahiş edirdi.

     Kənd məktəbini bitirdikdən sonra o qısa müddət  kənd şurası katibi işləmiş, 1921-ci ilin sentyabrında Qazax şəhərində 6 aylıq pedaqoji kurs qurtarmış və öz doğma kəndində 1921-ci ildən 1926-cı ilədək 5 il ibtidai məktəb müəllimi və müdiri vəzifələrində çalışmışdır. Beləliklə, o bütün Borçalı qəzası üzrə yerli əhali  arasından çıxmış ilk sovet müəllimi olur.

     Əliyar məktəbdə işlədiyi müddətdə özünü həqiqi dərs aşiqi, sənət aşiqi kimi göstərir.  İşlədiyi dövr ərzində  məktəbə çoxlu qız uşaqları cəlb edir, O, uşaqları, xüsusilə kiçik yaşlı uşaqları çox sevər və onların dostu kimi rəftar edərdi. O, ilk dərs verdiyi illərdə Tiflisdə,  Marneuli rayonun Sarvan kəndində, Şulaveri qəsəbəsində Azərbaycan və erməni məktəblərinə gedib ustad müəllimlərin dərslərində oturub qulaq asar, öz metodik biliyini zənginləşdirər və təkmilləşdirərdi. O daim axtarışda olan bir müəllim idi, obrazlı desək, sanki qalın meşədə, ormanlığa düşmüş bir adam kimi cığırlar axtarır, böyük yola çıxmağa can atırdı. Əliyar müəllim pedaqoji konfranslarda çıxış edər, özünəməxsus iti və təsirli nitqləri ilə məktəblərdəki nöqsanlardan danışar, maarif orqanlarını məktəblərə az kömək etdikləri üçün  kəskin tənqid edərdi. Doğrudan da həmin dövrdə az bir vaxtda çoxlu sayda məktəblər açılmış  olduğundan partalar, lövhələr, xəritə, tədris kitabları çatışmırdı. Az bir zamanda Əliyar Borçalı qəza müəllimləri arasında tanınmış,  fəal bir müəllim olmuş, dostları artmışdı, maarif işçiləri onunla hesablaşırdılar. Hətta qəza maarif şöbəsinin əməkdaşları məktəbləri yoxlamaqda iştirak etmək üçün Əliyarı da özləri  ilə bərabər aparırmışlar. Bu işin Əliyara çox xeyri olurdu, ona görə ki, Əliyar yoxladıqları məktəblərin müvəffəqiyyət və  nöqsanlarından özü üçün  lazımi nəticə çıxarırdı və özünü daha da təkmilləşdirirdi, həm də təcrübəsiz müəllimlərə kömək edirdi.

    Qeyd edək ki, Borçalı maarifi sovet dövründə inkişaf etmiş, genişlənmişdi və bu işdə Əliyar müəllimin əvvəllər bir qabaqcıl, həmişə nümunə çəkilən  müəllim kimi, daha sonra  bir alim-pedaqoq kimi  az fəaliyyəti olmamışdı. Belə bir vaxtda onun Gürcüstandakı işindən ayrılıb Bakıya gəlməsinin də maraqlı tarixçəsi var. O, öz tərcümeyi-halında atasından bəhs edərkən yazır ki, mən atamın 1-ci nigahından doğulmuşam. Anam 7-8 yaşım olanda vəfat edib. Mənim atam Məmməd Nəsib oğlu Qarabağlı tamamilə savadsız bir rəiyyət olmuşdur. Ümumiyyətlə, Lecbədin kəndində kəndlilər yerli milyonçu və mülkədar Aramyantsın torpaqlarını əkib-becərdiklərindən onun rəiyyəti hesab olunurdular. Qarabağlılar nəsli kənddə ən nüfuzlu tayfalardan olduğu kimi, atam da  el arasında sözü keçən adam,  kəndlilər arasında böyük hörmət və nüfuz sahibi idi. Atasının söylədiklərinə görə,1905-ci il inqilabı  dövründə o mülkədar Aramyantsa qarşı kəndli üsyanına başçılıq etdiyi üçün həbsə alınmış və bir ilə qədər həbsxanada yatmışdı.

    Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra sovet hakimiyyətinin yeni aqrar siyasətindən ruhlanan ata sahibkarlıq fəaliyyətini genişləndirməyə başlayır. O, təsərrüfatını inkişaf etdirir, kənd təsərrüfatı  maşınları alır, nökər saxlayır, muzdur əməyindən  geniş istifadə edirdi.

     Ə.Qarabağlı xatirələrində yazırdı ki, “mən bu zamanlar ancaq 6 aylıq kurs qurtarmış azsavadlı bir kənd müəllimi olsam da, atamın qolçomaqlaşmağa doğru getdiyini anlamağa başlayırdım.

     Cavan, əməksevər olduğumu və bütün varlığımla özüm yaratdığım və özüm idarə etdiyim məktəbin tərəqqisi uğrunda çalışdığımı görən qəzanın qabaqcıl ziyalıları məni atamdan uzaqlaşmağa təhrik edirdilər. Mən bu uzaqlaşmanın zəruri olduğunu hiss edir, ancaq  yəqin ki, tərbiyəmin təsiri olaraq  atamın “üzünə ağ olub” kənddə ondan ayrı yaşamağı “nankorluq” hesab edirdim. Atamla əlaqəni  kəsmək üçün ən yaxşı bəhanə və vasitə təhsilimi artırmaq məqsədilə kənddən uzaqlaşmaq idi.

     Buna görə də, 1926-cı ilin yayında müəlimlərin ixtisasını artırımaq  üçün iştirak etdiyim Axaltsixe şəhərindəki kursu qurtaran kimi kəndə getməyib təhsilimi davam etdirmək istədiyimi Gürcüstan  Xalq Maarif Komissarlğına bildirdim və nəhayət bu arzuma müvəffəq oldum. Beləliklə, 1926-cı ilin avqustunda Bakıya gəldim və o gündən atamla, kəndlə əlaqəmi kəsdim.  Sonralar aldığım məlumatlara görə 1930-cu ildə qolçamaqlar bir sinif kimi ləğv edilərkən atamı həbs etmişdilər”.

     Yeri gəlmişkən qeyd edək ki, bu fakt sonralar onun əleyhinə istifadə olunmuşdu. 1933-cü ildə “Azərnəşr” nəşriyyatı tərəfindən buraxılan F.Qasımzadə  və Ə.Qarabağlının birgə tərtib etdikləri  “4-cü təhsil ili üçün ədəbiyyat müntəxabatı” dərsliyi haqda "Kommunist “ qəzetinin 14 noyabr 1933-cü il nömrəsində çıxmış “Zərərli bir dərs kitabı haqqında” adlı məqalədə məqalə müəllifi  - T.Hüseynov soyadlı şəxs dərsliyin həmmüəlliflərindən olan Ə.Qarabağlını tənqid edərək yazırdı ki, “Dərs kitabının müəlliflərindən biri Ə.Qarabağlı, şura hökuməti əleyhinə aktiv mübarizə aparan qolçomaq ailəsindəndir. İmdi isə o, necə görürsünüz, məktəb ədəbiyyatının aktiv xadimidir”.

       Bir faktı da nəzərinizə çatdıraq ki, bu dərslik Qarabağlının professor Feyzulla Qasımzadə ilə birgə yazdığı ilk dərsliyi idi.

     1926-cı ilin avqustunda Bakıya gələn Ə.Qarabağlı əvvəlcə pedaqoji texnikuma, 1931-ci ildə isə Azərbaycan Pedaqoji İnstitutuna daxil olur.  Ə.Qarabağlının xatirələrindən aydın olur ki, o ilk illər Bakıda böyük iqtisadi çətinliklərlə üzləşir.  Yataqxanada yerin olmaması, qaldığı mənzildəki darısqallıq, yarıaclıq onu iş axtarmağa məcbur edir. Nəhayət, çox çətinliklə iki aylıq məzuniyyətə getmiş bir müəllimin yerinə təyin edildiyini sevinclə kənddəki dostlarına yazırdı: “...müdir qəbul elədi, mənə 2-ci qrupu verdi... Uşaqlarla xoş rəftar edirdim, gördüm mümkün olmur, uşaqlar şuluqluq edirlər, məcbur oldum müdirə deyəm. Müdir gedəndən sonra  yaxşı uşaqlar mənə dedilər ki, müəllim, sən şuluq uşaqları döymürsən, ona görə də sözünə baxmırlar. Gördüm mümkün olmayır, uşaqlar məni ələ salıb oynadırlar, dərs də ayranaşı çıxır. Başladım şeşələnməyə. İndi bir az yaxşıdır.” Daha sonra yazırdı: “Mən üç gün idi işləyirdim. Mənə vaxt verdilər ki, proqram düzəldim, həm də kompleks proqramı. Bir balacasını düzəltdim, oxudum. Lap bəyəndilər. Müdir bir az da  məni təriflədi. Mənə ayrılıqda dedi ki, hərgah yaxşı olsan səni məktəbdə əyləməyə çalışacam”. Beləliklə, Əliyar müəllim 1926-cı ildən 1939-cu ilədək, yəni düz 13 il Bakının 1 №-li beynəlmiləl orta məktəbində ədəbiyyat müəllimi işləyir.

      Çətinliklər gəlib keçir. Əliyar Bakı məktəblərində dərs verə-verə oxuyur, Pedaqoji İnstitutu fərqlənmə ilə qurtarır. 1931-ci ildə oranı bitirdikdən sonra Ə.Qarabağlı elmi fəaliyyətə başlayır. Haşiyədən çıxaraq, bir məsələni də bildirək ki, o zamanlar musiqi aləmində tarın bir musiqi aləti kimi köhnəlmiş olduğunu, onun havalarında guya ağlamaq motivləri olduğunu iddia edərək tarı ləğv etmək məsələsi qalxmışdı. Kimi bu məsələnin lehinə, kimi əleyhinə idi. Belə bir vaxtda Bakı qəzetlərinin birində “Tar ağlamayacaq” sərlövhəli qiymətli fikirlərdən ibarət bir məqalə çıxır. Bu, Əliyarın özünəməxsus çılğınlıqla yazdığı bir əsəri idi. Bu onun ilk işi sayıla bilər. Düzdür, ondan qabaq da Əliyarın xırda, xəbər məzmunlu yazıları çıxırdı, lakin onlar elmi, publisistik əsər deyildilər.

      Var-qüvvəsi və bacarığı ilə xalqına xidmət etməyə başlayan Ə.Qarabağlı məktəblərdə münasib dərsliklərin olmamasını, onlara böyük ehtiyac olduğunu görür və bu ciddi kəsiri aradan qaldırmaq üçün həmin sahəyə girişir. Az bir müddətdə bir çox dərsliklərin müəllifi olur. Bu dərsliklər ona böyük pedaqoji şöhrət qazandırır. Bundan başqa mətbuatda zaman-zaman onun elmi, ədəbi məqalələri çıxır.

       O, 1939-cu ildən 1954-cü ilə kimi Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda  baş elmi işçi  və dil-ədəbiyyat şöbəsinin müdiri vəzifələrində çalışır.

       1941-ci ildən Azərbaycan Dövlət Universitetində Azərbaycan ədəbiyyatı və ədəbiyyat metodikası üzrə dərs deyir.  O, uzun illər ali məktəblərdə Azərbaycan xalq ədəbiyyatı, Azərbaycan ədəbiyyatının qədim dövrü və XIX əsr ədəbiyyatından, eləcə də ədəbiyyat metodikasından mühazirələr oxumuş və xüsusi kurslar aparmışdır.

      Ə.Qarabağlı 1949-cu ildə “Orta məktəbin ədəbiyyat kursunda Azərbaycan folklorunun yeri və tədris üsulu” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək dosent olur. Bu əsərində müəllif özünü sadəcə bir metodist kimi deyil, ədəbiyyatşünaslıq və folklorşünaslıq məsələlərini dərindən bilən, bu sahələrin hamısı ilə tanış bir tədqiqatçı-ədəbiyyatçı alim kimi göstərir. Daha sonra “Orta məktəbdə ədəbiyyat metodikası kursu” adlı doktorluq  dissertasiyası üzərində işləməyə başlayır.

      Ali məktəblərdə uzun müddət qüsursuz işlədiyinə görə 1954-cü ildə “Şərəf nişanı” ordeni ilə təltif edilir.

     Onun Azərbaycan ədəbiyyatı və məktəbdə ədəbiyyat  tədrisinin əsas məsələləri haqda yazdığı “Orta məktəbdə ədəbiyyat tədrisi üsulu”,  “Orta məktəbdə inşa yazılarının təşkili metodikası”, “Məktəbdə ədəbiyyat kabinəsinin vəzifələri və təşkili yolları”, “Məktəbdə ədəbiyyat tədrisi haqqında düşüncələr”, “Lirik əsərlərin öyrənilməsi yolları, “Azərbaycan şifahi ədəbiyyatında xalq həyatının inikası”, “Mirzə Fətəli Axundov və məktəb”, “A.Bakıxanov Qüdsinin elmi yaradıcılığı”, “N.Nərimanovun pedaqoji fəaliyyətinə dair” və onlarla digər məqalələri respublikanın elmi-pedaqoji ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Ə.Qarabağlının Azərbaycan məktəblərində rus ədəbiyyatının tədrisi məsələlərindən bəhs edən kitabları, eləcə də Azərbaycan şifahi xalq ədəbiyyatının tədqiqi və tədrisinə dair kitabları orijinal əsərlər kimi diqqəti cəlb edirdi.

     Ə.Qarabağlının müəllifi olduğu dərsliklər dəfələrlə Azərbaycan Maarif Nazirliyinin elan etdiyi müsabiqələrdə birinci mükafata layiq görülmüşdür. Bu dərsliklərdən uzun müddət Sovet Azərbaycanı məktəblərində istifadə edilmişdir. Onun 1952-ci ildə nəşr olunan irihəcmli “Ədəbiyyat metodikası” əsəri ədəbiyyat müəllimlərinin stolüstü kitabı idi.  

     Əliyar müəllim respublikada ədəbiyyat metodistlərinin yetişməsində də az iş görməmiş, çoxlu sayda elmlər namizədi yetişdirmişdir. Onun müəllimliyi isə ayrıca qeyd edilməlidir. Əliyar müəllimin tələbələri onun məzmunlu və duzlu mühazirələrini böyük minnətdarlıqla xatırlayırdılar.

    Əliyar Qarabağlının Azərbaycanda ədəbiyyat tədrisinin inkişafı tarixində mühüm mərhələ təşkil edən qiymətli elmi irsi elmi-pedaqoji fikrimizin inkişafına xidmət etdiyi kimi, metodik ədəbiyyatımızı da zənginləşdirmiş, ona yeni nəfəs gətirmişdir.

                                      

                                                                       Xatirə Qədirova

                                                             S.Mümtaz adına Dövlət Ədəbiyyat 

                                                           və İncəsənət arxivinin şöbə müdiri 

                                                

                        Məqalənin hazırlanmasında 527№-li fondun  

                        sənədlərindən istifadə olunmuşdur.