Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və Respublikamızda ilk topoqrafiya məktəbinin yaradıcısı general-mayor İbrahim ağa Vəkilov haqqında bəzi qeydlər

Son Yenilənmə : 2025-08-05 06:11:18
Baxış sayı : 319

İbrahim Ağa Vəkilov Azərbaycan tarixində izi qalmış tanınmış tarixi şəxsiyyətlərdən biridir. O,1853-cü il mayın 7-də keçmiş Yelizavetpol quberniyasının Qazax qəzasının Qırax Salahlı kəndində anadan  olmuşdur.  İbrahim ağanın 1864-cü ildə on bir yaşı olarkən onun atası Paşa ağa vəfat etmişdir. İbrahim Ağa Vəkilov 1866-cı il sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi gimnaziyasına daxil olmuş və  həmin məktəbdə doqquz il təhsil aldıqdan sonra həmyerlisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin məsləhəti ilə Peterburqdakı hərbi topoqrafiya məktəbinə daxil olmuşdur. O, 1879-cu ildə həmin hərbi məktəbi  müvəffəqiyyətlə  bitirərək praporşik rütbəsinə nail olmuşdur.

Hərbi məktəbi bitirdikdən sonra qulluq etmək üçün Tiflisə göndərilən gənc zabit İbrahim ağa Vəkilov bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı şöbəsində çalışmışdır. İbrahim ağa Vəkilov xidmətinin ilk dövrlərində Dağıstanda aparılan topoqrafik çəkilişlərlə məşğul olmuş, daha sonra isə 1883-cü ildə Rus-İran komissiyasının tərkibində Xəzər dənizindən Əfqanıstana qədər uzanan sərhədlərin dəqiqləşdirilməsi işləriniştirak etmişdir. Belə bir ciddi və məshsuliyyətli əməliyyatları  vaxtından əvvəl - cəmi iki ilə müvəffəqiyyətlə yerinə yetirdiyinə görə İbrahim ağa Vəkilovun xidməti İran hökuməti tərəfindən  ən yüksək qiymətə- "Şire-Xurşid" ordeninə layiq görülmüşdür.

İbrahim ağa Vəkilov Qafqaz hərbi dairəsinin topoqrafiya şöbəsinə rəhbərlik   etdiyi beş il ərzində Qafqazın və Krımın müxtəlif rayonlarında topoqrafik çəkilişlərlə məşğul olmuşdur. 1891-ci ildə Türkiyəyə ezam olunan İbrahim ağa Vəkilov dörd il oradakı rus səfirliyində yaşayaraq xüsusi tapşırıqları yerinə yetirmişdir. İbrahim ağa Vəkilov  xeyli müddətdən sonra yenidən Qafqaz hərbi dairəsində mayor rütbəsində mühüm işlər icraçısı kimi fəaliyyətini davam etdirmişdir. Sonrakı illərdə şöbə rəisi olan podpolkovnik İbrahim ağa Vəkilov 1901-ci ildən etibarən   Qars vilayətinin Rus-Türk sərhədlərində topoqrafik çəkilişlərə rəhbərlik etmişdir.  Yeri gəlmişkən qeyd edirəm ki, Bosforun hərbi xəritəsini məhz İbrahim ağa Vəkilov hazırlamışdır.

Rus-İran hökumətinin 1912-1913-cü illərdəki danışıqlarına uyğun olaraq polkovnik İbrahim ağa Vəkilov Cənubi Azərbaycanın Təbriz, Urmiya və Xoy şəhərlərində həyata keçirilən topoqrafik çəkilişlərə başçılıq etmişdir.

Birinci Dünya müharibəsi dövründə döyüşən ordunun qərargahında fəaliyyət göstərən polkovnik İbrahim ağa Vəkilov 1917-ci ilin fevral inqilabından sonra Tiflisə qayıtmışdır. O, 1917-ci il inqilabından sonra bir müddət Tiflisdə Zaqafqaziya Federasiyasında, eləcə də Zaqafqaziya Xeyriyyə Cəmiyyətinin sədri vəzifəsində çalışmış,  sonralar isə fəaliyyətini Bakıda və Gəncədə davam etdirmişdir. 

1918-ci il mayın 28-də Azərbaycan Respublikası öz dövlət müstəqilliyini elan  etdikdən sonra Azərbaycanın digər tanınmış görkəmli hərbiçiləri - Səməd bəy Mehmandarov,  Əliağa Şıxlinski, Həbib bəy Səlimov və digərləri ilə yanaşı İbrahim ağa Vəkilov da  Azərbaycan Milli Ordusunun yaradılması işində  fəal olaraq iştirak etmişdir. İbrahim ağa Vəkilov Ordu quruculuğunda iştirak etməklə yanaşı həmçinin Azərbaycan hökumətinin göndərişi ilə Qazax qəzasında kənd və şəhər şuralarının seçkilərinə də rəhbərlik etmişdir. İbrahim ağa Vəkilovun nüfuzu və onun səmərəli fəaliyyəti dövlət olaraq yeni yaranan Azərbaycan Xalq Cümhuriyyətinin həmin bölgədəki  mövqeyinin güclənməsinə və onun təsirinin dərinləşməsinə əhəmiyyətli təsir göstərmişdir.

İbrahim ağa Vəkilovun ölkədəki fəaliyyəti və nüfuzu  nəzərə alınaraq 1918-ci il iyunun 23-də Respublika Daxili İşlər nazirinin əmrinə uyğun olaraq  polkovnik İbrahim ağa Vəkilov Gəncənin general-qubernatoru təyin edilmişdir. Goran mahalında və onun ayrı-ayrı kəndlərində özlərinə sığınacaq tapmış aqressiv daşnak silahlı dəstələrinə divan tutan qubernator İbrahim ağa Vəkilov həmin quldur erməni dəstələrini tərksilah etmişdir.  Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1919-cu il 30 mart tarixli qərarı ilə uzun illər ordudakı nümunəvi xidmətinə görə İbrahim ağa Paşa ağa oğlu Vəkilova general-mayor rütbəsi verilmişdir.

Yeri gəlmişkən qeyd edirəm ki, İbrahim ağa Vəkilov Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyət olmuşdur. Bir müddət Tiflisdə Zaqafqaziya Federasiyasında və Zaqafqaziya Xeyriyyə Cəmiyyətinin sədri vəzifəsində çalışan İbrahim ağa Vəkilov  sonralar Bakıda və Gəncədə fəaliyyət  göstərmişdir. 

1918-ci ildə Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra İbrahim ağa Vəkilov Azərbaycan Milli Ordusunun təşkilində fəal iştirak edənlərdən biri olmuşdur. Əlavə olaraq qeyd edirəm ki, İbrahim ağa Vəkilov yalnız ordu quruculuğu ilə məşgul olmamışdır.  İbrahim ağa Vəkilov Azərbaycan hökumətinin göndərişi ilə  Qazax qəzasında kənd və şəhər şuralarının seçkilərinə rəhbərlik etmişdir. İbrahim ağa Vəkilovun  nüfuzu və onun səmərəli fəaliyyəti dövlət olaraq yeni yaranan Azərbaycan Xalq Cümhuriyyətinin həmin bölgədə təsirinin genişlənməsinə yetərincə müsbət  təsir göstərmişdir.

1918-ci il iyunun 23-də Azərbaycan Respublikası Daxili  İşlər nazirinin əmrilə polkovnik İbrahim ağa Vəkilov Gəncənin general-qubernatoru təyin olunmuşdur. Qubernator İbrahim ağa Vəkilov  Goran mahalında və onun ayrı-ayrı kəndlərində sığınacaq tapmış quldur erməni - daşnak tör-töküntülərinə divan tutaraq onları tərksilah etmişdir. Azərbaycan hökumətinin 6 may 1919-cu il tarixli qərarı ilə  general-mayor İbrahim ağa Vəkilov Azərbaycan Ordusunun Baş Qərargahındakı Baş idarənin tipoqrafiya şöbəsinin rəisi təyin edilmişdir. O, aprel işğalına qədər  həmin vəzifədə çalışmışdır. 

1919-cu ilin dekabr ayında ilk hərbi bayrağımızın təsdiq olunması haqqında Baş Qərargah İdarəsi qərar verdi. Bayrağın yaradıcısı hərbi topoqrafiya şöbəsinin rəisi general-mayor İbrahim ağa Vəkilov idi. İpək sapla işlənmiş bayrağın bir üzündə əski əlifba ilə "Azərbaycan", o biri üzündə isə Müqəddəs Qurandan: "Allahdan kömək və qələbə yaxındadır" ayəsi yazılmışdı. Baş Qərargah İdarəsinin verdiyi beş saylı qərarda qeyd edilirdi ki, süvari, piyada alaylarında, əlahiddə tabor və hərbi məktəblər üçün vahid formada bayrağın yaradıldığı elan olunur.

1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və respublikamızda topoqrafiya məktəbinin yaradıcısı general-mayor İbrahim ağa Vəkilov olmuşdur.
Qırx ilə yaxın hərbi topoqraf kimi fəaliyyət göstərən İbrahim ağa Vəkilovun xidmətləri  “Müqəddəs Anna” ordeninin üçüncü dərəcəsilə (1886), “Müqəddəs Stanislav” ordeninin ikinci dərəcəsilə (1894), “Müqəddəs Anna” ordeninin ikinci dərəcəsilə (1897), “Müqəddəs Vladimir” ordenin dördüncü dərəcəsilə (1903) qiymətləndirilmişdir.

Hərbi topoqraf İbrahim ağa Vəkilov Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur, Respublika Xalq Torpaq Komissarlığı Topoqrafiya-Geodeziya İdarəsinin rəisi vəzifəsində, Azərbaycanın Qədim Dövr İncəsənət Abidələrini və Təbiəti Mühafizə Komitəsində çalışmışdır. İbrahim ağa Vəkilov 1934-cü ildə 2 iyun tarixində vəfat etmişdir.

Hərbi topoqraf İbrahim ağa Vəkilovun xalqımız və dövlətimiz qarşısındakı xidmətləri unudulmur və daim böyük hörmət və ehtiram hissilə yad edilir!

 

Rafiq Səfərov 

Sənədlərin nəşri, istifadəsi və informasiya

təminatı şöbəsinin baş məsləhətçisi