Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-04-06 03:42:54
Baxış sayı : 3480

FÖVQƏLADƏ TƏHQİQAT KOMİSSİYASI

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli fərmanında deyilir: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir”.

Əsrimizin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, həm də Azərbaycanın o ərazilərində də xalqımıza qarşı vaxtaşırı qırğınlar və talanlar törətmişlər ki, bu ərazilərə onlar tamamilə, son vaxtlar gəlmiş və bu ərazilərdə həmişə mütləq azlıq təşkil etmişlər. Bu ərazilər Bakı quberniyasının Quba, Şamaxı şəhərləri, quberniyanın Şamaxı, Quba, Göyçay qəzalarının kəndləri idi. 1917-1920-ci illərdə ermənilər Azərbaycanın demək olar ki, bütün ərazisində azərbaycanlılara qarşı çox qəddarlıqla qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Bu hadisələr kütləvi şəkildə 1918-ci ilin martında Bakı qırğını və talanları ilə başlayıb zəncirvari şəkildə Şamaxıda, Qubada, Göyçayda və Azərbaycanın digər qəzalarında davam etdirilərək Qarabağda, Zəngəzurda, Naxçıvanda, xüsusilə indiki Ermənistan ərazilərində xüsusi bir qəddarlıqla davam etdirilmişdir. Erməni vandalları bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın minlərlə mədəniyyət abidələrini, məscidləri dagıtmış və yandırmışlar. Ermənilərin bu dövrdə xalqımıza qarşı törətdikləri qırğınların və soyqırımların mahiyyəti ondadır ki, onun “bolşevik” S. Şaumyan, satqın Andronik və ya Ermənistan Ararat Respublikasının qatı millətçi və şovinist “Daşnaksütyun” rəhbərləri tərəfindən törədilməsindən asılı olmayaraq bu qırğın bir məqsədə - əzəli Azərbaycan torpaqlarının etnik cəhətdən azərbaycanlılardan təmizlənməsi və erməniləşdirilməsinə, ermənilərin Azərbaycanda iqtisadi və siyasi ağalığının təmin edilməsinə, azərbaycanlılara qarşı əsl soyqırımı siyasətinin həyata keçirməsinə xidmət etmişdir. Bu işə əvvəlcə V. İ. Lenin S. Şaumyana təqdim etdiyi xüsusi mandatı ilə Sovet Rusiyası xeyir-dua vermişdir. S. Şaumyan Bakıda Azərbaycana qarşı başladığı soyqırımı siyasətini Şamaxı, Quba, Göyçayda davam etdirərək estafeti Zəngəzurda cəllad Andranikə vermiş, onun işini isə əvvəlcə şovinist millətçi daşnakların yaratdığı Ararat Respublikası, sonra isə Sovet Ermənistanının daşnak xislətli rəhbərləri davam etdirmişlər.

Respublikamızın dövlət arxivlərində saxlanılan yüzlərlə işlərdəki minlərlə sənədlər, xüsusilə 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinə - yəni Azərbaycan XI Qızıl Ordu tərəfindən yenidən işğal edilənə qədər fəaliyyət göstərmiş, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yanında fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyasının materialları əsasında Bakı, Şamaxı, Quba, Zəngəzur, Şuşa və Azərbaycanın başqa qəzalarında ermənilərin xalqımızın başına gətirdiyi müsibətləri xalqımıza çatdırmaqla bir daha onları kimin-kim olduğu haqqında dərindən düşünməyə çağırırıq.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yarandığı ilk gündən onun qarşısında qoyduğu mühüm vəzifələrdən biri də Birinci Dünya Müharibəsi başlanandan sonra xüsusilə 1917-ci ilin fevralında Rusiyada Çar hakimiyyətinin devrilməsi, oktyabrında isə bolşevik çevrilişindən istifadə edən ermənilərin Zaqafqaziyada azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər və əsl soyqırımı siyasətini tənqid etmək və onu bütün dünyaya bəyan etmək idi.

1918-ci il iyul ayının 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə keçirilən iclasında azərbaycanlılar və onların əmlakı üzərində zorakılıq hallarını təhqiq etmək üçün fövqəladə təhqiqat komissiyasi yaratmaq haqqındakı məsələ geniş müzakirə edilir. Bu məsələ haqqında məruzə ilə çıxış edən xarici işlər naziri Məmməd Həsən Hacınski bildirir ki, “Artıq 4 aydan artıqdır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələrində bolşevik adı ilə məsuliyyətsiz erməni hərbi hissələri və başqaları mülki müsəlman əhalisinin həyatı və əmlakına qarşı eşidilməmiş vəhşiliklər törədirdilər. Eyni zamanda həmin quldur dəstələri tərəfindən göndərilən yalan məlumatlar əsasında Avropa ölkələrində bütün ictimai fikir tamamilə əks istiqamətə (yəni azərbaycanlılara qarşı – A. P.) yönəldilir. Ümumi dövlət mənafeyi və əhalinin zərərçəkən qruplarının mənafeyi elə bir təşkilatın yaradılmasını tələb edir ki, o: 1. Bütün zorakılıq hadisələrinin dəqiq qeydiyyatını aparsın; 2. Bu zorakılıqların həyata keçirildiyi şəraiti müəyyənləşdirsin; 3.Cinayətkarları aşkar etsin və onların vurduqları zərərin ümumi həcmini müəyyənləşdirsin”.1

M.H.Hacınskinin təklifinə görə “Bu təşkilat Fövqəladə Təhqiqat Komissiyası xarakteri daşımalı idi. Özü də bu komissiyanın işinin nəticələri başlıca Avropa dillərində - rus, fransız, alman dillərində və əbəttə ki, türk (azərbaycan- A.P.) dilində elan edilməlidir”.2

Daha sonra bu təhqiqat komissiyasının tezliklə işə başlamasının vacibliyini əsaslandıran Məmməd Həsən bəy deyir ki, “Göstərilən komissiyanın təşkilinə bu gündən başlamaq lazımdır. Çünki bir çox şeyləri indi isti-isti adamlardan soruşmaq, fotoşəkillərini çəkmək və hələki mövcud olan digər əşyayi-dəlillər əsasında sübuta yetirmək olar. Sonralar bu təhqiqat işi çətinləşə və hətta sübutu tamamilə imkan xaricində ola bilər”.3

Məruzəçi göstərir ki, əgər hökumət bu təklifə razı olarsa onda nazirlərdən hər-hansı birinə bu komissiyanın təşkili tapşırılsın və həmin komissiyanın fəaliyyəti üçün lazımi vəsait ayrılsın.

Bu məsələni geniş və ətraflı müzakirə edən Azərbaycan Cümhuriyyəti hökumətinin qəbul etdiyi qərarda göstərilirdi ki, “Xarici işlər nazirinin məruzəsi bəyənilsin və ona tapşırılsın ki, Avropa müharibəsi başladığı vaxtdan bütün Zaqafqaziya ərazisində müsəlmanlar və onların əmlakı üzərində işlədilmiş zorakılıq hallarını təhqiq etmək üçün Fövqəladə Təhqiqat Komissiyası yaratsın”.4

Həmin il avqust ayının 31-də isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri, həm də xarici işlər naziri F.X.Xoyski Gəncə şəhərində imzaladığı qərara əsasən 7 nəfərdən ibarət fövqəladə təhqiqat komissiyası yaradılır. Komissiyanın sədri andlı iclasçı – Ələkbər bəy Xasməmmədov, üzvləri isə - gənc dairə məhkəməsinin üzvləri – İsmayıl bəy Şahmalıyev, Andrey Fomiç Novatski, həmin dairə məhkəməsi prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski, Gəncə köçürmə idarəsindən Nikolay Mixayloviç Mixaylov, həqiqi mülki müşavir V.V.Qubvillo və müəllim Mirzə Cavad Axundzadə təyin olunurlar.5

Həmin qərarla komissiyanın sədri və üzvlərinin əmlak haqları və ezamiyyə xərclərinin miqdarı da müəyyənləşdirilir və komissiya sədrinə icazə verilirdi ki, lazım gəldikdə katib, ekspertlər və başqa şəxsləri də komissiyanın işinə dəvət etsin. F.X.Xoyskinin həmin il 22 sentyabr tarixli başqa bir qərarı ilə müəyyən edilir ki, Fövqəladə Təhqiqat Komissiyasının üzvləri yalnız bu məqsəd üçün işlədikləri günlərə görə əmək haqqı almaq hüququna malikdirlər.

Sənədlərdən göründüyü kimi Fövqəladə Təhqiqat Komissiyası Xarici İşlər Nazirliyi yanında təşkil edilməsinə baxmayaraq o artıq həmin ilin sentyabrından faktiki olaraq Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərməyə başlayır. Bu da tamamilə təbii idi çunki bu işlə bilavasitə məşğul olanlar və bu işlə məşğul olmaq səlahiyyəti olanlar əsasən hüquqşünaslar idi.

Onu da qeyd edək ki, komissiyanın işinin sonuna qədər orada yalnız onun sədri Ə.Xasməmmədov, üzvlərindən isə A.V.Novatski və N.M.Mixaylov çox səmərəli fəaliyyət göstərmişlər. Müxtəlif vaxtlarda isə yuxarıda göstərilən üzvlərdən başqa komissiyaya Bakı dairə məhkəməsi prokurorunun müavini Aleksandr Yevgenyeviç Kluqe, andlı iclasçı Məmmədxan Təkinski, Gəncə dairə məhkəməsinin xüsusi əməliyyat işləri müstəntiqi Məhyəddin bəy Şahmalıyev, Bakı quberniya dairə məhkəməsinin üzvü Hidayət bəy Sultanov, andlı iclasçılar Aley Aleksandroviç Litovski, Çeslav Boleslavoviç Klossovski, hüquqşünas Abbas Əlibəy Hacı-İrzayev, Bakı dairə məhkəməsinin üzvü B.Yusifbəyov müxtəlif vaxtlarda həmin komissiyaya üzv təyin edilmiş və ya üzvlükdən azad olunmuşlar.

Komissiya artıq 1918-ci ilin sentyabr-oktyabr aylarından geniş təhqiqat işlərinə başlayır. Beləki, komissiyanın üzvü N.M.Mixaylov 1918-ci il oktyabrın 26-da həmin ilin sentyabrın 22-dən oktyabrın 23-nə qədər olan müddətdə Göyçay qəzasında aparılan təhqiqat işləri haqqında məlumat verdi. O, məlumatda göstərirdi ki, bu müddət ərzində 500 nəfərdən çox şahid dindirilmiş, Kürdəmir dəmir yolu vağzalına və Kürdəmir polis sahəsinə aid 7 kəndə (Kürdəmir, Qarabucaq, Mustafalı, Xəlilli, Qasım bəy, Ərəb Mehdibəy, Dadalı) baxış keçirilmişdir.6

1918-ci ilin noyabr ayının 22-də Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədov Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirliyinə yazdığı məruzələrdə Bakı quberniyası, Göyçay qəzasının Kürdəmir, Qarabucaq, Ərəb Mehdibəy və b. kəndlərində, Şamaxı şəhəri və Şamaxı qəzasının müsəlmanlar yaşayan kəndlərində, habelə Bakı şəhərində azərbaycanlılara qarşı törədilmiş zorakılıqların təhqiqinin ilkin vəziyyəti haqqında ətraflı məlumat verir.7

Bundan sonra isə komissiya üzvləri qruplara bölünərək müxtəlif yerlərdə azərbaycanlılara qarşı törədilmiş bu hadisələrin geniş təhqiqinə başlayırlar.

1919-cu il yanvarın 6-da komissiyanın sədri Ə.Xasməmmədov xarici işlər nazirinə yazdığı məktubunda bildirirdi ki, Avropa sülh konfransına gedən nümayəndə heyətinə təqdim etmək üçün Bakı, Quba və Şamaxı şəhərlərində, Şamaxı, Göyçay, Cavad, Quba qəzalarında müsəlmanlara qarşı ermənilər tərəfindən törədilmiş vəhşilikləri əyani şəkildə sübut edən məlumatlar sizə göndərilir. Lənkəran qəzası polkovnik Avetisovun silahlı quldur dəstələri tərəfindən, Cavad qəzasının bir hissəsi isə polkovnik İllarionoviç başda olmaqla ruslar tərəfindən, İrəvan quberniyası, Gəncə quberniyasının dörd qəzasında – Cavanşir, Cəbrayıl, Şuşa və Zəngəzurda böyük dağıntılar törədilib, hər gün bizə daxil olan həyəcanlı məlumatlara görə azərbaycanlı əhali ucdantutma məhv edilir.8

Məlumatda bildirilirdi ki, Bakı şəhəri və ətrafı, Şamaxı, Göyçay qəzaları, habelə Ərəş, Nuxa qəzalarında, Gəncə şəhəri, Gəncə və Qazax qəzalarında müsəlman əhalisi üzərində zorakılıq hallarının təhqiqi davam edir. Komissiya xaricə gedəcək nümayəndə heyəti üçün əşyayi-dəlil kimi altı cilddən ibarət ilkin təhqiqat materialı və 95 ədəd foto şəkil təqdim etdiyini bildirir.9

Komissiya öz fəaliyyətinin ilk dövrlərində çox fəal işləyir. Artıq 1919-cu il yanvar ayının 16-da komissiyanın üzvü N.M.Mixaylovun Gəncə quberniyasının Ərəş və Nuxa qəzaları, may ayının 9-da isə həmin quberniyanın Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları, A.Novatski isə həmin ilin iyun ayında Quba şəhəri, Quba qəzası kəndlərinin əhalisi üzərində ermənilər tərəfindən törədilmiş talanlar və digər zorakılıq hərəkətləri haqqında təhqiqat materialları əsasında ətraflı məruzələr hazırlayaraq komissiyaya təqdim etmişlər.10

1919-cu il aprelin 28-də komissiyanın sədri Ə.Xasməmmədov ədliyyə nazirinin həmin il 23 aprel tarixli sorğusuna cavab olaraq bildirirdi ki, fövqəladə təhqiqat komissiyası materiallarının toplanması işini demək olar ki, başa çatdırmış və indi onları ümumiləşdirir. Təhqiqat işlərinə məlum səbəblərdən yalnız Lənkəran qəzasında, Zəngəzur qəzasının əksər hissəsi və ümumiyyətlə Gəncə quberniyasının dağlıq hissəsi ərazilərində başlanılmamışdır.11

1919-cu il mayın 5-də fövqəladə təhqiqat komissiyasının sədri Ə.Xasməmmədov ədliyyə nazirinə başqa bir məktubunda bildirirdi ki, Azərbaycan hökumətinin M.H.Hacınskinin məruzəsi əsasında qəbul etdiyi 1918-ci il 15 iyul tarixli qərara və hökumətin həmin il 13 noyabr tarixli iclasındakı təklifinə müvafiq olaraq komissiya vəziyyəti əyani şəkildə əks etdirən foto şəkillərdən əlavə 80 foto şəkilin iki nüsxədən ibarət diopozitivlərini də hazırlamışdır. Hökumət həmin foto şəkilləri və onlara diopozitivləri əlavə əşyayi-dəlil kimi xaricə - Paris sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinə göndərməyi məqsədəuyğun hesab edirmi? Ədliyyə nazirinin sorğusuna xarici işlər naziri özünün həmin il mayın 13-də verdiyi cavab məktubunda sülh konfransındakı nümayəndə heyəti üçün göstərilən foto şəkil və diopozitivlərin mühüm əhəmiyyəti olduğunu qeyd edir.12 1919-cu il may ayının 25-də Ə.Xasməmmədov ədliyyə nazirinə yazdığı digər məktubunda bildirirdi ki, bu günə qədər komissiya öz təhqiqat işini demək olar ki, qurtarmaq üzrədir. Gəncə şəhəri və Gəncə quberniyası Zəngəzur, Cəbrayıl, Şuşa, Cavanşir, Nuxa, Ərəş qəzalarının, Bakı quberniyasının qəzalarının, Bakı quberniyasının Bakı şəhəri, Göyçay, Şamaxı qəzaları, habelə Quba və Cavad qəzalarının bir hissəsində təhqiqat işləri başa çatdırılmışdır. Bakı quberniyasının Cavad qəzasının bir hissəsi, Lənkəran və Bakı qəzalarında azərbaycanlılara qarşı zorakılıq hadisələri təhqiq edilməmiş qalır. Çünki Lənkəran qəzası və Cavad qəzasının ermənilər yaşayan hissəsi faktiki olaraq Azərbaycan Respublikasının qanunlarına tabe olmurlar. Ə.Xasməmmədov bildirirdi ki, Lənkəran qəzasının müsəlman əhalisi dəfələrlə mənim qarşımda məsələ qaldırıblar ki, polkovnik Avetisov başda olmaqla erməni silahlı quldur dəstələrinin vurduğu zərəri öyrənmək üçün komissiya üzvlərindən oraya göndərim.14

Ə.Xasməmmədov 1919-cu il iyunun 4-də ədliyyə nazirinə yazdığı digər məktubunda xəbər verirdi ki, müsəlmanlara qarşı törədilmiş cinayətlərin iştirakçılarını məsuliyyətə cəlb etmək məqsədilə təhqiqat materialları əsasında qərar layihələrinin hazırlanması işinə başlanılmışdır. Komissiya üzvləri cəmi 128 qərar layihəsi hazırlamışlar. Onlardan Bakı şəhəri üzrə - 1, Şamaxı şəhəri və Şamaxı qəzası kəndləri üzrə - 23, Quba qəzası kəndləri üzrə - 23, Quba qəzası üzrə -1, Cavad qəzası üzrə - 4, Göyçay qəzası üzrə - 18, Gəncə qəzası üzrə - 1, Nuxa qəzası üzrə - 1, Ərəş qəzası üzrə - 2, Cavanşir qəzası üzrə - 1, Şuşa qəzası üzrə - 11, Cəbrayıl qəzası üzrə - 10, Zəngəzur qəzası üzrə - 65 qərar layihəsi hazırlanmışdır.15

1919-cu il avqustun 27-də fövqəladə təhqiqat komissiyasının üzvü Ç.Klassovski tərəfindən komissiyanın fəaliyyəti ilə əlaqədar tərtib edilmiş arayışda göstərilirdi ki, komissiya tərəfindən toplanmış materiallar 36 cild və 3500 vərəqdən ibarətdir. Bakı şəhəri və ətrafında törədilmiş zorakılıq hadisələrini əks etdirən materiallar 6 cild 740 vərəqdir. Bu materiallar Göyçay qəzasının Kürdəmir və başqa kəndləri üzrə 4 cild 340 vərəq, Şamaxı şəhəri və Şamaxı qəzası üzrə 7 cild 925 vərəq, Zəngəzur qəzasının dağıdılmış kəndləri üzrə 2 cild 80 vərəq, Quba şəhəri və Quba qəzası üzrə 3 cild 451 vərəq və s. idi. 16

Azərbaycanlılara qarşı törədilmiş cinayət hərəkətlərinin təşkilatçıları və iştirakçıları olan şəxslər barəsində cinayət işi qaldırmaq haqqında 128 məruzə və qərar layihəsi hazırlanmışdır. Onlardan üçü Bakı, Şamaxı və Quba şəhərlərində, qalanlar isə müxtəlif qəzalara daxil olan kəndlərdə törədilmiş cinayətlərə aid idi. Bu qərarlarda 194 nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında məsələ qaldırılmışdır.17

1919-cu il avqust ayının 23-də komissiyanın sədri Ə.Xasməmmədov ədliyyə nazirinə Bakıda və Şamaxı şəhərlərində və Şamaxı qəzasında azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərdə günahkar olan şəxslərin artıq məsuliyyətə cəlb edilməsi işinə başlanıldığı haqqında məlumat verirdi. O, qeyd edirdi ki, Bakı şəhərində hələlik 24 müttəhim, Şamaxı şəhəri və Şamaxı qəzasında isə 100 nəfərə yaxın müttəhim istintaqa cəlb olunub. O, göstərirdi ki, bu iş üçün iki istintaq qrupu yaradılmışdır. Bakı və Şamaxı qrupları, Bakı qrupuna komissiyanın üzvləri Ç.B.Klassovski, A.A.Aleksandroviç, komissiyanın katibi, həm də tərcüməçi E.Xanbudaqov, Şamaxı qrupuna isə komissiyanın üzvləri A.F.Novatski, N.M.Mixaylov və tərcüməçi Qasımıv daxildir. 18

Hələ 1919-cu il mart ayının 21-də Azərbaycan Respublikası hökuməti Fövqəladə Təhqiqat Komissiyasının səlahiyyətlərini genişləndirmək haqqında ədliyyə nazirinin məruzəsini dinləyir. Həmin məruzə əsasında qəbul olunumş qərarda cinayət işləri üzrə məhkəmə işi haqqındakı nizamnamədə göstərilən məhkəm istintaq işinə dair bütün səlahiyyətlər fövqəladə təhqiqat komissiyaasına da şamil edilirdi.

Fövqəladə Təhqiqat Komissiyası azərbaycanlılara qarşı zorakılıq hallarının günahkarlarını istintaqa cəlb etməyə başlayan kimi ermənilər və erməni mətbuatı böyük hay-küy kampaniyasına başlayır. Beləki, Şamaxı qırğınlarının günahkarları istintaqa cəlb edilən kimi Bakıda Erməni Milli Şurası və “Daşnaksütyun” partiyasının parlament fraksiyası həmişə olduğu kimi yenə də erməniləri müdafiəyə qalxır, bu cəlladlara mələk donu geyindirir, onların günahsız olaraq istintaqa cəlb edildiklərini sübut etməyə çalışırdılar. 1919-cu il avqustun 23-də Erməni Milli Şurasının Ədliyyə Nazirliyinə göndərdiyi məktubda deyilirdi ki, avqustun 18-də Bakıda Telefonnu küçədə Şamaxı şəhəri sakinləri Martiros Gülbəndyants, Mixail Arzumanov və Yenok İvanyants, İvanyantsa məxsus mağazada həbs edilmişlər. Həbs edilənlərin hamısının Şamaxıda ən hörmətli adamlar olduğunu və uzun müddət Şamaxı şəhər dumasının üzvləri olduqlarını vurğulayan erməni liderləri onlardan M.Gülbəndyantsın Şamaxı şəhər poçt-teleqraf kontorunun rəisi, M. Arzumanovun Şamaxı erməni kilsəsisinin hami-ktikoru, E. İvanyatsın isə məşhur tacir olduğunu bildirirlər.20 Maraqlıdır ki, komissiyanın zərərçəkən və şahidlərin dindirilməsi protokollarında həmin hadisələrin təkcə təşkilatçıları deyil, həm də fəal icraçıları sırasında cəllad S.Lalayandan sonra məhz bu “hörmətli” adamların adı çəkilirdi.

Elə həmin vaxtlar Azərbaycan Parlamentindəki “Daşnaksütyun” erməni fraksiyası “Sosialistlər” fraksiyasına bəyanatla müraciət edərək son vaxtlar Bakı şəhəri və bakı quberniyasında nhəbs edilməsi ilə əlaqədar öz narazılıqlarını bildirirlər. Guya ki, nə Bakıda, nə də Şamaxıda baş verən hadisələrdə həbs edilən ermənilərin heç bir günahı olmayıb. Elə bil ki, bu hadisələr öz-özünə baş verib, gözə görünməz qüvvələr azərbaycanlıları qırıb, xanimanları qarət edib, dağıdılıb və yandırılıbrır. Haqdan, ədalətdən dən vuran “Daşnaksütyun” liderləri keçmişləri yada salmamağa çağırırlar. Guya keçmişləri yada salmaqla Azərbaycan hökuməti həqiqi qayda-qanun yaratmaq, vəziyyəti sabitləşdirmək əvəzində hər iki tərəfdə “intiqam və düşmənçilik” hisslərini daha da qızışdırır.21

Bu cür hiyləgər, ikiüzlü bəyanatı yalnız mayası xəyanətlə və məkrlə yoğrulmuş “Daşnaksütyun” partiyası verə bilərdi. O, partiya ki, öz nüzamnaməsində siyasi terroru hüquq norması səviyyəsinə qaldırmışdı. O, partiya bütün erməni xalqını türklərə qarşı barışmaz mübarizəyə səfərbər etmişdi. O, partiya ki, türkləri qırmağı onların müqəddəs milli vəzifəsi elan etmişdi. Bu bəyanatda 1918-ci ilin sentyabrında Bakı alınarkən baş vermiş hadisələr xatırladılır, ikiüzlülüklə köhnələri, olub-keçənləri unutmağa, yada salmamağa çağırır. Lakin Azərbaycanda aprel çevrilişindən sonra məhz 1918-ci il sentyabr hadisələrinə görə Azərbaycan Cümhuriyyəti hökumətinin ilk sədri F.X.Xoyskini, parlamentin sədri H.B.Ağayevi və Xoyskinin 2-ci hökumət kabinetində daxili işlər naziri olmuş Behdud Xan Cavanşiri daşnak erməni terrorçuları 1920, 1921-ci illərdə Tiflis və İstanbulda məhz qisasçılıq niyyəti ilə qətlə yetirmişlər. Bax budur həqiqi erməni məkri.

1920-ci ilin yanvarında Azərbaycanın müstəqilliyinin Paris sülh konfransı iştirakçısı olan ölkələr tərəfindən de-fakto tanınması ilə əlaqədar olaraq həmin il fevral ayının 9-da Azərbaycan Parlamenti amnistiya haqqında qanun qəbul edir. Həmin qanunla milli ədavət zəminidə qaldırılmış cinayət işlərinə xitam verdiyi elan olunur. Bu amnistiyadan sonra da 1920-ci il aprel çevrilişinə qədər Fövqəladə Təhqiqat Komissiyası öz fəaliyyətini zəif də olsa davam etdirmişdir. Yalnız aprel çevrilişi bu komissiyanın işinə xitam vermişdir. Təxminən 20 ay fəaliyyət göstərən bu komissiya böyük çətinliklərlə qarşılaşsa da ermənilərin xalqımızın başına açdığı müsibitlər haqqında çoxlu faktiki materiallar toplamağa müvəffəq olmuş və bu gün bizə xalqımızın tarixindəki bu qaranlıq səhifələrin yenidən işıqlandırmaq üçün böyük köməkliklər göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yanında yaradılmış Fövqəladə Təhqiqat Komissiyası xaqımızın azadlığı uğrunda apardığı mübarizə şərəfli yer tutur


ATAXAN   PAŞAYEV


 1. ARDA, f. 1061, siy. 1, iş 5, vər. 1
 2. Yenə orada.
 3. Yenə orada.
 4.  Yenə orada, iş 95, vər. 2.
 5.  Yenə orada, iş 105, vər. 2.
 6.  Yenə orada: f. 100, siy. 2, iş 791, vər. 11-13.
 7.  ARDSPİHA: f. 277, siy. 2, iş 16.
 8.  ARDA: f. 100, siy. 2, iş 791, vər. 2
 9.  Yenə orada
10.  ARSPİHDA: f. 277, siy. 2, iş 16, vər. 46; ARDA: f. 100, siy. 2, iş 791, vər. 38-95, f. 1061, siy. 1, iş 95,           vər. 5-8.
11.  ARDA, f. 100, siy.2, iş 791, vər. 69-70.
12.  Yenə orada, vər. 77, 80, 96. 
14.  Yenə orada, vər. 102-103.
15.  Yenə orada, vər. 106-107.
16.  Yenə orada, vər. 132.
17.  Yenə orada.
18.  Yenə orada, vər. 126-127.
19.  Yenə orada, f. 1061, siy. 1, iş 95, vər. 3. 
20.  Yenə orada, f. 100, siy. 2, iş 791, vər. 128. 
21.  Yenə orada, vər. 135.