Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Böyük maarifçi, ictimai xadim Həbib bəy Mahmudbəyov

Son Yenilənmə : 2024-07-15 07:13:05
Baxış sayı : 185

  Həbib bəy Mahmudbəyov-160

         Həbib bəy Mahmudbəyov 1864-cü ildə Şamaxının nüfuzlu şəxslərindən olan Hacı İbrahimxəlil bəyin ailəsində dünyaya göz açıb. Şirvan əsilzadələrindən olan ulu babası Hacı Sadıq Nadir şah Əfşarın xəzinədarı imiş.

          Səkkiz yaşında Həbib bəy Şamaxının məhəllə məktəblərindən katib Mirzə Hüseyn adlı molla məktəbində oxuyur, sonra Şamaxının şəhər məktəbinə daxil olur. 1872-ci il zəlzələsində şəhər məktəbinin binası dağıldığı üçün Bakıya gələrək təhsilini real məktəbdə davam etdirir. Bu məktəbdə altıncı sinifədək oxuduqdan sonra 1883-cü ildə Sultan Məcid Qənizadə ilə bir yerdə Tiflisə gedərək oradakı Aleksandrov Müəllimlər İnstitutunun tələbəsi olur. 1887-ci ildə həmin institutu bitirərək yenə də Sultan Məcid Qənizadə ilə Bakıya dönür və elə həmin il onlar ilk özəl rus müsəlman məktəbini açırlar. Bu, Azərbaycanda maarifin inkişafına təkan verən böyük hadisə olur. Az müddətdə həmin məktəb məşhurlaşır və 1891-ci ildə dövlət təminatına keçirilir. Sonradan belə məktəblər Azərbaycanda geniş yayılır.

        1896-cı ildə Həbib bəy Mahmudbəyov  S.M.Qənizadə, İ.Məlikov və başqaları ilə birlikdə rus-müsəlman kitabxanasını da təşkil etmişdir.

         Azərbaycan Dövlət Tarix Arxivində H. Mahmudbəyov haqqında 1890-1917-ci illərə dair saxlanılan qırxa yaxın sənədləri əhatə edən tematik siyahı tərtib edilmişdir. Bu sənədlərdə onun Bakı şəhərindəki məktəblərin açılışı üçün bir sıra orqanlara ünvanladığı xahiş məktubları, müraciətləri, ərizələri, məruzələri, idarələrlə yazışmaları, açılmasına icazə verilən məktəbə şagirdlərin qəbulu, tədris planı və başqa pedaqoji fəaliyyətlərinə  rast gəlmək olar.

        Mövzu ilə bağlılığını nəzərə alıb onlardan bir neçəsini təqdim edirəm: Bakı şəhər idarəsinə Sənaye məktəbi inspektoru Həbib bəy tərəfindən 19 iyul 1891-ci il tarixdə yazılmış sentyabr ayında açılması nəzərdə tutulan iki rus-azərbaycan məktəbinin, həmçinin Turqenevsk və Aleksandr adına məktəblərdə görülən işlər barəsində Məktəblər komissiyasının təsdiqi ilə gönrərilən məktub (f.389, siy.6, sax.vah. 32, səh. 52).

        Təkcə məktublar deyil, Mahmudbəyov və Qəniyev tərəfindən kasıb uşaqların təhsil alması üçün şəhərdə Azərbaycan dilinin də qrammatikası tədris olunan məktəblərin açılışına pul ayrılmasına dair Bakı şəhər Dumasına məruzələrinə də rast gəlinir. (f.389, siy.6, sax.vah. 32, səh. 10).

      Daha bir marağlı  sənəd Həbib bəy Mahmudbəyovun 1 avqust 1891-ci ildə açılacaq rus-tatar müsəlman oğlanlar məktəbinə müdir təyin edilməsi haqqında ərizəsidir (f.389, siy.6, sax.vah. 32, səh. 10).

       Eləcə də  Həbib bəy Mahmudbəyovun Xalq məktəbləri rəhbərliyinə 25 iyun 1891-ci ildə müraciətində bildirilir ki, onu şəhərin mərkəz hissəsində açılan məktəbə, S.N.Qəniyevi isə şəhərin ikinci hissəsində açılan rus-tatar məktəbinə rəhbər təyin edilməsi haqda Bakı şəhər idarəsinə ünvanladığı xahiş məktubu da dəyərlidir (f.389, siy.6, sax.vah. 32, səh. 10).

        Həbib bəy həm də teatr həvəskarı idi. O, teatr truppasına rəhbərlik edirdi. Azərbaycan teatr aləmində növbəti canlanma 1887-ci ildə müşahidə edilməyə başlayır. Əvvəlkindən fərqli olaraq, bu canlanmada mütəşəkkillik nəzərə çarpıb. Nəcəf bəy VəzirovunSultan Məcid QənizadəninNəcəfqulu bəy Vəliyevin, Həbib bəy Mahmudbəyovun rəhbərlik etdiyi teatr truppaları dövrün teatr proseslərini canlandırıb.

         Həbib bəy Mahmudbəyovun adı "Azərbaycan teatr tarixi" kitabına da düşüb. Kitabda qeyd olunur ki, o dövrdə Azərbaycanda peşəkar teatr aktyorları da yetişmişdir ki, bunlardan Cahangir ZeynalovuƏbülfət Vəlini və başqalarını göstərmək olar. Kitabda Həbib bəy Mahmudbəyov, Ağa Kərim ŞərifovƏsgər ağa Gorani, Qaflan Muradov, Sultan Məcid Qənizadə kimi şəxsiyyətlərin teatr sənətinin inkişafındakı xidmətləri tarixi faktlar əsasında açıqlanır.

          Həbib bəy Mahmudbəyov xeyirxah bir şəxsiyyət idi. O, kimsəsizlərin əlindən tutur, hərtərəfli yardım edirdi. Hüseyn Ərəblinskini Azərbaycan xalqına qazandıran o olub. Hüseynin həyatı uşaqlıqdan ehtiyac və sıxıntı içində keçmişdi. Atasını vaxtsız itirən Hüseyn anasının himayəsi altında böyümüşdü. Uşaqları böyük çətinliklə saxlamasına baxmayaraq, anası Hüseyni mollaxanaya qoyub. Bir neçə il burada oxuyan Hüseyn təhsil xərcini ödəyə bilmədiklərinə görə, mollaxananı buraxmağa məcbur olub. O illərdə "Üçüncü rus-tatar" məktəbinin müəllimi Həbib bəy Mahmudbəyov yoxsul uşaqlarının məktəbə götürülməsinə şərait yaradırmış. Bundan xəbər tutan Hüseyn də Həbib bəy Mahmudbəyova müraciət edir. Beləliklə, "Üçüncü rus-tatar" məktəbinə daxil olan Hüseyn burada eyni zamanda rusca oxuyub yazmağı öyrənir.

         Hüseyn Ərəblinskinin sənətə gəlişinin səbəbkarı da Həbib bəy Mahmudbəyov olub. Belə ki, dövrünün qabaqcıl ziyalılarından olan Həbib bəy Cahangir Zeynalovla birgə M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsərini tamaşaya qoymaq istəyir. Əsas heyəti müəyyənləşdirsələr də, epizodik rollarda oynamağa aktyor tapmırlar. Mahmudbəyov epizodik rollara öz şagirdlərini cəlb eləmək qərarına gəlir. Bu şagirdlər sırasında Hüseyn Xələfov də olur. Hüseyn özünün ilk məşqlərini Cahangir Zeynalovun evində edir. Ancaq sonralar teatr tariximizdə ən görkəmli yerlərdən birini tutan Hüseyn Ərəblinski özünün ilk rolunu oynaya bilmir. Səhnədə çaşan Hüseyn susmağa məcbur olur. Hərgah bu, tamaşanı pozmur. Çünki Hüseynin rolu tamaşada, demək olar ki, nəzərə çarpmırmış.Həbib bəy ona ürək-dirək verib həyan olur.

          1917-ci il oktyabr çevrilişinədək H.Mahmudbəyov böyük ictimai maarifləndirmə fəaliyyəti ilə məşğul olub, Bakı şəhər Dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan müəllimlərinin Birinci qurultayının (1906-cı il) hazırlanması və keçirilməsində fəal iştirak edib. Onun respublikamızda ali pedaqoji təhsilin təşkilində xidmətləri danılmazdır.

         Azərbaycanda sovet işğal rejimi qurulduqdan sonra H.Mahmudbəyov respublikada xalq təhsilinin inkişafında yeni istiqamətlərin işlənib hazırlanmasının fəal iştirakçılarından olub. Respublikada ali pedaqoji təhsilin təşkilində onun böyük xidmətləri var. Uzun müddət müəllim, məktəb direktoru işləyib. Sosial təşkilat komissiyasının üzvü kimi o, pedaqoji institutun təşkilində fəal iştirak edib. Ali pedaqoji institut yarandıqda onun direktor müavini, sonra isə direktoru olub, eyni zamanda rus dili və ədəbiyyatından dərs deyib.  Həbib bəy Mahmudbəyov gecə kursları təşkil etmişdi. Bu kurslar bir zaman Həbib bəy Mahmudbəyovun müdir olduğu və Şamaxı yolundakı binada yerləşmiş  məktəbdə təşkil olunmuşdur.

       Görkəmli maarif xadimi Həbib bəy Mahmudbəyov 1928-ci ildə Bakıda vəfat edib. Hazırda Bakıdakı 2 saylı Texniki-Humanitar Elmlər liseyi Həbib bəy Mahmudbəyovun adını daşıyır.

 

Kamalova Səbinə

Dövlət Tarix Arxivinin aparıcı  arxeoqrafı