Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Həsən bəy Zərdabinin maarifçi qızı

Son Yenilənmə : 2024-07-11 11:27:04
Baxış sayı : 267

Azərbaycan Respublikasının   Dövlət  Tarix  Arxivinin   395  saylı    “Bakı ikinci qadın gimnaziyası”adlı fondunda öz dövrünün  tanınmış pedaqoqu,  türk (azərbaycan dili) müəlliməsi   Qərib-Sultan Məlikovanın  şəxsi işi  qayğı  ilə  qorunub saxlanılır.    Qərib Sultan Məlikovanın  Dövlət Tarix Arxivində qorunub saxlanılan şəxsi işindəki arxiv sənəd və  məlumatları   əsasında   hazırladığım  bu  məqaləni hörmətli oxucularımızın diqqətinə çatdırıram.

Türk (azərbaycan dili) müəlliməsi Qərib Sultan Məlikovanın şəxsi işindəki arxiv sənədləri təsdiq edir ki, Qərib Sultan Məlikova əvvəl Bakı 3-cü qadın gimnaziyasında türk dili müəlliməsi vəzifəsində çalışmışdır. Lakin sonrakı müddətdə Qərib Sultan Məlikova Azərbaycan Xalq Maarif Naziri Nəsib bəy Yusifbəyovun 11 dekabr 1918-ci il tarixli, 204 saylı əmri ilə 1918-ci il  noyabrın  30-dan etibarən  Bakı 3-cü qadın gimnaziyasının türk dili müəlliməsi vəzifəsindən Bakı 2-ci qadın gimnaziyasına türk dili müəlliməsi  vəzifəsinə keçirilmişdir.[1] Həmin məsələ ilə əlaqədar olaraq Bakı 2-ci qadın  gimnaziyasının  Pedaqoji Şurasının  sədri hələ xeyli əvvəl-1918-ci il dekabrın 2-də 474 saylı yazılı təqdimatla  Xalq Maarif Naziri Nəsib bəy Yusifbəyliyə müraciət etmişdir. Bakı 2-ci qadın gimnaziyasının  Pedaqoji Şurasının  sədrinin Xalq Maarif Nazirinə ünvanlanmış həmin  təqdimatında qeyd edilirdi: “Mənə etibar edilmiş gimnaziyada cari ilin 30 noyabrından etibarən 4 sinifdə 8 saat türk dilinin tədris edilməsi üçün mənim tərəfimdən muzdlu əmək haqqı hesabı ilə Qərib - Sultan Məlikova dəvət edilmişdir. Yuxarıda qeyd olunan məlumatı sizə çatdıraraq  mənim təqdimatımı təsdiq etməyinizi xahiş edirəm.”[2]

       Daha sonra Azərbaycan Respublikası Xalq Maarif Naziri Nəsib bəy Yusifbəylinin 11 dekabr 1918-ci il tarixli 204 saylı əmri ilə Qərib -Sultan Məlikova Bakı 3-cü qadın gimnaziyasının türk dili müəlliməsi vəzifəsindən  Bakı  2-ci qadın gimnaziyasına həmin vəzifəyə keçirilmişdir.[3]1918-ci il dekabrın 11-də Xalq Maarif Nazirliyinin dəftərxanasının director müavini M.V. Kondratyev   Bakı 2-ci qadın gimnaziyasının  Pedaqopji Şurasının  sədrinə 3185 saylı məktubla müraciət edərək qeyd edirdi: “Türk dili müəlliməsi Qərib Sultan Məlikovanın tutduğu vəzifəsinə  uyğun olaraq sizə etibar edilmiş gimnaziyaya keçirilməsi haqqında Xalq Maarif Nazirliyinin 11 dekabr 1918-ci il tarixli, 204 saylı əmrini məlumat və icra üçün sizə göndərirəm.”[4]  

        Yeri gəlmişkən qeyd edirəm ki, Xalq Maarif Naziri Nəsib bəy Yusifbəyovun imzaladığı 11 dekabr 1918-ci il tarixli, 204 saylı əmrdə aşağıdakılar qeyd edilmişdi: ”Cari ilin 30 noyabr tarixindən etibarən Bakı 3-cü qadın gimnaziyasının türk dili müəlliməsi Qərib Sultan Məlikova Bakı  2-ci qadın gimnaziyasına həmin vəzifəyə keçirilir.”[5]

         Bakı  2-ci qadın gimnaziyasının direktoru E.S. Yermolayeva Bakı 3-cü qadın gimnaziyasının direktoru M.L. Poqrebnoya 1919-cu il noyabrın 26-da 990 saylı məktubla müraciət edərək ondan xahiş edirdi ki, əvvəllər  Bakı 3-cü  qadın  gimnaziyasında türk dili müəlliməsi vəzifəsində çalışmış  və Xalq Maarif  Nazirliyinin 11 dekabr 1918-ci il tarixli, 204 saylı əmri ilə Bakı  2-ci qadın gimnaziyasına türk dili müəlliməsi vəzifəsinə keçirilmiş Qərib -Sultan Məlikovanın formulyar siyahyısının surətini onun unvanına göndərsin.[6] 

          Lakin arxiv sənədləri təsdiq edir ki, Bakı 2-ci qadın gimnaziyasının direktoru E.S. Yermolayevanın bu xahişinin Bakı 3-cü qadın gimnaziyasının direktoru M.L. Poqrebnoy tərəfindən yerinə yetirilməsi mümkün olmamışdır. Bunun səbəbi isə Bakı 3-cü qadın gimnaziyasının direktoru M.L.  Poqrebnoyun Bakı  2-ci qadın gimnaziyasının direktoru E.S. Yermolayevaya ünvanladığı 27 noyabr 1919-cu il tarixli 737 saylı  məktubda belə qeyd edilirdi:” Xalq Maarif Nazirliyinin 28 oktyabr 1918-cu il tarixli 71 saylı əmrinə uyğun olaraq türk dili müəlliməsi işləmiş Qərib -Sultan Məlikova mənə etibar edilmiş gimnaziyada  hazırlıq siniflərində türk dilinin  tədris etməsinə buraxılmışdır. Lakin o, fənni tədris etməkdən imtina edərək sənədlərini təqdim etməmişdir və ona görə də onun haqqında hər hansı bir məlumat təqdim etmək mümkün deyildir.”[7]

          Arxiv sənədləri təsdiq edir ki, Xalq Maarif Naziri Nəsib bəy Yusifbəylinin 28 oktyabr 1918-ci il tarixli 71 saylı əmri ilə türk(azərbaycan dili) müəlliməsi Qərib Sultan Məlikovaya Bakı 3-cü qadın gimnaziyasında həmin  gimnaziyanın  hazırlıq siniflərində türk dilini tədris etməsinə icazə verilmişdir.[8]

         Dövlət Tarix Arxivində saxlanılan türk dili müəlliməsi Qərib Sultan Məlikovanın şəxsi işində onun Bakı 2-ci qadın gimnaziyasının direktoruna yazdığı 8 noyabr 1919-cu il tarixli ərizəsi qorunub saxlanılır. Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxinin 653 saylı “Zərdabi Həsənbəy Məlikov Səlim bəy oğlu” adlı fondunda Qərib Sultan Məlikovaya Bakı elektrik şəbəkəsinə təqdim olunmaq üçün Bakı şəhəri Oktyabr rayonunun mənzil şöbəsi tərəfindən 7 dekabr  1960-cı ildə verilmiş76/3 saylı  arayışda qeyd edilirdi ki, Qərib Soltan Məlikova fərdi təqaütçüdür və Səməd Vurğun küçəsi 85-də 100 104 saylı mənzillərdə Hacıyev Rauf Soltan oğlunun ailəsində yaşayır.

RAFİQ SƏFƏROV

Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya

təminatı şöbəsinin baş məsləhətçisi

  
 
İstifadə edilmiş ədəbiyyat siyahısı

[1]ARDTA.f.395.siy.1.iş.734.v.3.

[2] ARDTA.f.395.siy.1.iş.734.v.1.

[3] ARDTA.f.395.siy.1.iş.734.v.3.

[4]ARDTA.f.395.siy.1.iş.734.v.2.

[5] ARDTA.f.395.siy.1.iş.734.v.3.

[6] ARDTA.f.395.siy.1.iş.734.v.4.

[7] ARDTA.f.395.siy.1.iş.734.v.5

[8] Yenə orada.