Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-04-06 02:39:14
Baxış sayı : 2185

 MART HADİSEYİ ƏLİMƏSİ

 

 (ÖN SÖZ)

 

Son illər Azərbaycan xalqının başına bir sıra müsibətlər gəlmişdir. Keçmiş SSRİ və Sov. İKP rəhbərlərinin respublikalardaxili separatist qüvvələrə verdiyi «kart-blanş» siyasəti əsasında erməni millətçilərinin əvvəl Ermənistan, daha sonra isə Azərbaycan ərazisindəki qədim türk torpaqlarında azərbaycanlılara qarşı yeritdikləri soyqırımı nəticəsində baş vermiş müharibə yaşadığımız keçid dövrünün obyektiv iqtisadi çətinliklərini daha da dərinləşdirmiş və ağırlaşdırmışdır. Tarixə nəzər saldıqda biz belə bir qanunauyğunluq aşkar edə bilərik ki, mərkəzi dövlət üçün ağır, kəskin təzadlarla dolu bütün mərhələlərdən erməni daşnakları öz şovinist məqsədləri üçün məharətlə istifadə edərək, azərbaycanlılara qarşı terror aktlarına əl atmışlar. Bu cür hadisələr təkcə indi yaşadığımız günlərə aid deyil. Belə fəlakətlər həm 1905-ci ildə çar Rusiyası birinci rus inqilabının təlatümləri içində boğulanda, həm də 1917-ci ilin oktyabr hadisələrindən sonra imperiyanın dağılması nəticəsində gənc müstəqil dövlətlər yarandığı dövrdə də baş vermişdir. Yaranmış vəziyyətdən məharətlə istifadə edərək 1918-1920-ci illər ərzində Qafqazda, o cümlədən Azərbaycanın bütün ərazisində ermənilər azərbaycanlılara qarşı geniş qırğınlar, talanlar, zorakılıq və terror əməliyyatları həyata keçirmişlər. Ermənilərin bu hərəkəti 1918-ci ilin martında Bakıda baş vermiş kütləvi qırğından sonra xüsusilə kəskin şəkildə özünü biruzə vermişdir. Rusiyada bolşevik hakimiyyətinin qələbəsi ilə əlaqədar ölkənin birinci dünya müharibəsində iştirakdan çıxması və bunun nəticəsində əsgərlərin döyüş bölgələrini tərk etməsi, Qafqaz cəbhəsindəki Rusiya hərbi hissələri tərkibində olan erməni əsgər və zabitlərinin silahlarını təhvil verməyərək Bakıya dolmasından bolşevik donu geymiş, əlində V.İ.Leninin mandatı olan daşnak Stepan Şaumyan məharətlə istifadə etdi. Məhz S.Şaumyanın rəhbərliyi ilə Bakıda törədilən qırğınlar sonralar Şamaxı, Quba və Göyçay qəzalarının şəhər və kəndlərində davam etdirilmiş, Qarabağda, Zəngəzurda və Azərbaycanın başqa rayonlarında daha amansız şəkil almışdı. Ermənilərin törətdikləri qırğınların əsas mahiyyəti ondadır ki, şaumyanlar, lalayevlər və başqa bu kimi bolşeviklərin fəaliyyəti ilə 1890-cı ildə yaradılmış qatı şovinist və terrorçu Daşnaksütyun partiyasının başçılıq etdiyi erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri terror və soyqırımı əzəli Azərbaycan torpaqlarının etnik cəhətdən azərbaycanlılardan təmizlənməsi və erməniləşdirilməsinə, ermənilərin Azərbaycanda siyasi və iqtisadi ağalığını təmin etməyə yönəldilmişdi. Bu işi əvvəlcə V.İ.Leninin mandatı ilə Bakıda sovet hakimiyyəti qurmuş, əslində isə ermənilərin Bakı üzərində tam hökmranlığını yaratmış S.Şaumyan, sonralar isə 1918-ci ilin mayında yaradılmış Ermənistan Respublikasının şovinist liderləri həyata keçirirdilər.

1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Məmməd Həsən Hacınski Bakıdakı mart qırğını və ondan sonra erməni quldur dəstələrinin Azərbaycan və azərbaycanlılara vurduğu zərəri müəyyənləşdirmək məqsədilə Fövqəladə Təhqiqat Komissiyası yaratmağı təklif edir. M.H.Hacınski öz məruzəsində göstərdi ki, bu komissiyanın materialları ümumiləşdirilərək Avropanın əsas dillərinə (ingilis, fransız, alman, rus) tərcümə edilib geniş yayılmalı, bununla da ermənilərin vəhşilikləri və onların nəticələri bütün dünyaya bildirilməlidir. M.H.Hacınskinin məruzəsi əsasında elə həmin gün Azərbaycan hökuməti Gəncədə Ələkbər bəy Xasməmmədovun sədrliyi ilə Fövqəl’adə İstintaq Komissiyası yaratmaq haqqında qərar qəbul edir və bu qərarı ilə birinci dünya müharibəsi başlanandan bəri bütün Qafqazda ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilik və zorakılıqları təhqiq etməyi komissiyaya tapşırır. Ədalət naminə deməliyik ki, komissiya bu sahədə çox iş görmüşdür. Komissiyanın üzvləri Bakı, Şamaxı, Quba, Göyçay, Şuşa, Kürdəmir, Zəngəzur və s. yerlərdə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər haqqında çoxlu məlumat toplamış, samballı təhqiqat materialları hazırlamışlar. Təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işi başa çatdırmağa imkan vermədi.

Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti illərində 31 mart həm 1919, həm də 1920-ci ildə milli matəm günü kimi qeyd olunmuşdur. Yeni yaradılmış sovet hökuməti isə bu hadisəni tamamilə unutdurmağa çalışmışdır. Bakıdakı qanlı mart hadisələri Sovet dövrü tarixçiləri tərəfindən tarixi sənədlərin əksinə olaraq bir millətin başqa bir millətə qarşı soyqırımı kimi deyil, Ümumrusiya vətəndaş müharibəsinin tərkib hissəsi, sovet hakimiyyəti uğrunda bolşeviklərin mübarizəsi və onların əksinqilab üzərində böyük qələbələri kimi təqdim olunmuşdur. Bu qanlı hadisələr sinfi mübarizə və insanpərvərlik məfhumlarından o dərəcədə uzaq idi ki, hətta Azərbaycan bolşeviklərinin liderləri olan N.Nərimanov, M.Əzizbəyov və başqaları dəhşətə gəlmiş, erməni millətçilərinin törətdikləri cinayətlərə qarşı kəskin çıxış etmişdilər.

1919-cu ildə etdiyi məruzələrindən birində N.Nərimanov deyirdi: «Müsəlman əhalisinin silahlı erməni bandaları tərəfindən vəhşicəsinə öldürülməsini kim vətəndaş müharibəsi adlandıra bilər? Kim deyə bilər ki, erməni silahlı dəstələri Bakıda vətəndaş müharibəsi aparırdılar?.. Fərz edək ki, Bakıdakı mart hadisələri vətəndaş müharibəsinin təcəssümü idi. Bəs onda daşnaklar Əmirov və Styopa Lalayevin bundan sonra Şamaxıda törətdikləri vəhşiliklərə nə ad vermək olar?»

Bütün bunlara baxmayaraq, sovet hakimiyyəti illərində erməni millətçilərinin xalqımıza qarşı həyata keçirdikləri cinayət əməllərinin yanlış beynəlmiləlçilik prinsipləri əsasında unudulmasına cəhdlər göstərilmişdir. Lakin kommunizm ideoloqları xalqımızın yaddaşında əbədi iz buraxmış 1918-ci il qanlı mart hadisələrini heç cür həmişəlik unutdura bilməmişlər. Azərbaycanda bolşevik rejimi qurulduqdan sonra xarici ölkələrdə yaşamağa məcbur olmuş demokratik ruhlu azərbaycanlılar hər il bu günü milli matəm günü kimi qeyd etmiş, bu münasibətlə xatirə gecələri keçirmiş, qəzetlərdə məqalə və xatirələr dərc etdirmişlər. Almaniyada M.Ə.Rəsulzadənin redaktorluğu ilə nəşr olunan «İstiqlal» qəzetinin 1933-cü il 1 aprel tarixli 31-ci nömrəsi demək olar ki, tamamilə Bakıdakı 1918-ci il mart hadisələrinin 15 illiyinə həsr edilmişdir. Həmin nömrədə mart hadisələri zamanı ermənilərin törətdikləri vəhşiliklər haqqında geniş mə’lumat verilir. Qəzet yazırdı: «Bir həftə ərzində Bakı bütün simasını dəyişmişdi. 31 martda 15 min günahsız türk kəsilmişdir. Günün qəhrəmanları: Şaumyan, Avakyan, Arakelyan, Ter-Mikaelyan, Saakyan, Lalayan, Amazaps, Əmiryan və b. idi.

Əlində Leninlə Stalinin 13 nömrəli dekreti olan Stepan Şaumyan məzkur dekretə görə «Böyük Hayıstan»a müqabil Azərbaycanı «sovetizə» edərək burada Moskva hakimiyyətini quracaqdı. Bunun üçün müsəlləh erməni qüvvələrinə dayanaraq türkləri kəsirdi».

Faciəli mart günlərində ermənilər Bakıda Azərbaycan xalqına məxsus bütün mədəniyyət ocaqlarını – «İsmailiyyə»ni, məktəbləri, məscidləri, mətbəələri, qəzet redaksiyalarını, teatrları, xəstəxanaları dağıdıb yandırır, xarabazara çevirir, mağazaları qarət edib viran qoyurdular. Azərbaycanlılar yaşayan məhəllələri topa tutur, yandırır, uşaqdan tutmuş qocaya qədər hamını güllələyir, qılıncdan keçirir, süngülərlə dəlik-deşik edirdilər. Evlərə od vurur, uşaqları, ixtiyar qocaları oda ataraq diri-diri yandırırdılar. Gənc oğlan və qızları diri-diri divara mıxlayır, onların burun və qulaqlarını kəsir, gözlərini çıxararaq əzab-əziyyətlə öldürürdülər. Kimsəyə rəhm edilmirdi. Öldürmədikləri qadınları çılpaq soyundurur, saçlarını bir-birinə bağlayaraq küçələrdə qundaqları ilə vuraraq qaçmağa məcbur edirdilər.

Bir sözlə ermənilər bu üç gündə Bakıda ağlagəlməz vəhşiliklər törətmişlər. Ən dəhşətlisi isə o idi ki, 1918-ci il aprel ayının 13-də Moskvaya Xalq Komissarları Sovetinə yazdığı məktubunda S.Şaumyan azərbaycanlılara qarşı törədilmiş bu vəhşiliklərə haqq qazandırır. Daşnakların bu hərəkətlərinə rəvac verilməsinin səbəblərindən bəhs edərkən bolşevik cildinə girmiş bu qatı daşnak cəlladı yazırdı: «Milli hissələrin (burada – daşnakların – A.P.) iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdir, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik». Nə qədər açıq etiraf!

Ermənilərin bu vəhşilikləri haqqında çoxlu rəsmi sənədlər, qəzet məlumatları, xatirələr qorunub saxlanılır. Son vaxtlar bu məsələ ilə əlaqədar çoxlu materiallar da nəşr olunmuşdur.

1919-cu ildə nəşr edilmiş və Sədaqət xanım Məmmədovanın ərəb əlifbasından çevirərək yenidən çapa hazırladığı Məmməd Muradzadənin «Mart hadiseyi-əliməsi» kitabçası bu sahədə xüsusi əhəmiyyət kəsb edir. Bu həmin hadisələrin iştirakçısı olmuş, bütün erməni vəhşiliklərini öz gözləri ilə görmüş, xoşbəxt təsadüf nəticəsində sağ qalmış bir gəncin şəxsi təəssüratıdır. Burada həmin gəncin ailəsinin timsalında ermənilərin Bakıdakı mart qırğınları zamanı törətdikləri vəhşiliklər qələmə alınmışdır. Ancaq yeri gəldikcə gənc müəllif ermənilərin törətdikləri vandalizm haqqında da məlumat verir, ermənilərin bu cür müvəffəqiyyət qazanmalarının səbəblərinə də öz münasibətini bildirir. O, yazırdı: «Hələ qarşımda o gün müşahidə etdiyim ürəkdağlayan bir mənzərə təcəssüm edib durur. O gün küçə ilə bir neçə kişinin çiynində qısa bir nərdivan üzərində əlvan boyalı xalça sarınmış bir meyitin aparıldığını gördünüz. O, mart günlərinin məzlum qurbanı, mənim zavallı atam idi. O dövrün vəziyyətinə nəzərən bu hala da qibtə edirlərdi. Ona görə ki, çox şəhidlərin meyiti o gün tapılmaz oldu. Ana və bacıların qəlbinə acı və daim sağalmaz dağlar basıldı. O gün bu müəzzəm Bakı şəhərinin yarıdan çoxu bir matəmsəraya çevrildi. Çox evlərin üzvləri südəmər yavrularınadək zəhərli xəncərlər ilə doğrandı. Fəryad, ah-fəğan sədası eşidilməz bir ev qalmadı».

Mart hadisələri haqqında öz gözü ilə gördüyü hadisələri təsvir edən M.Muradzadənin yeri gəldikcə bu hadisələrə öz münasibətini də bildirir. Bakıda azlıq təşkil edən ermənilərin bu torpaqların həqiqi sahibi olan azərbaycanlıların başına açdığı müsibətlərin səbəbələrini də aşkarlamağa çalışır, bu haqda söylədiyi fikirlər çox maraqlıdır. M.Muradzadənin fikirləri bir də ona görə maraqlıdır ki, 70 ildən çox keçməsinə baxmayaraq, səksəninci illərin axırlarında ermənilərin yenə də bizi bu cür ağır vəziyyətə salmasında, ərazimizin 20 faizdən çoxunun işğalında, bir milyondan yuxarı qaçqınımızın olmasında yenə də öz təqsirimiz az deyildir. Deməli, tarixin ibrət dərslərindən hələ də özümüz üçün lazımi nəticə çıxara bilməmişik. Hələ mart hadisələri başlamazdan əvvəlki düşüncələri haqqında da məlumat verən M.Muradzadə qeyd edirdi ki, fikirləşirdim, əgər ermənilərlə dava başlayarsa, azərbaycanlılar tərəfindən «hansı igidlərin iştirak edəcəyini və hansı təşkilat tərəfindən və neyçin elani hərb ediləcəyini bir növ» təsəvvürümə belə gətirə bilmirdim, çünki «əlində bir mauzeri ilə altı patronu olub yalnız orada-burada pusquda duraraq öz qardaşının qanını tökməyə adət etmiş, yaxud iştirak edib də öz qardaşına vaxt zərurətində səngərdə patronun birini yeddi-səkkiz rubləyə satan milli igidlərmi?» O yazırdı ki, düşünürdüm düşmənin toplarına, pulemyotlarına, dənizdə dayanmış hərbi gəmilərinə qarşı bizimkilər görəsən nə ilə cavab verəcəklər?

Xatirə müəllifi hələ mart hadisələrindən bir neçə gün əvvəl İsmailiyyə binasından bir az aşağıdakı dükanın qabağında ermənilərlə münasibətlər haqqında öz gənc dostları ilə olan söhbətini xatırlayaraq yazırdı: Mən o zaman deyirdim: «Bilirsinizmi, dostlar, Allah göstərməsin ki, bu müharibə başlanarsa bizim üçün acı nəticələr verər. Hələ milli əsgərlər kamil bir surətdə təşkil edilməmiş, lazımi təchizatı əldə edilməmiş başı pozuq qüvvələrə güvənməməli. Bir mauzer və beş patron ilə top və pulemyotlara cavab vermək olmaz. Məncə bu müharibədə kasıb və fəqirlər artıq zərərçəkən olacaqlar». Gənc müəllifin bu sözlərinə dostlarından biri belə cavab verir: «Xeyir qardaş, pulemyot yoxsa da bir gülləylə pulemyotçunu öldürüb, pulemyotunu əlindən alıb özümüz atarıq. Müsəlmanın müharibədə çox hiylələri olur».

Çox maraqlıdır ki, həmin gənc bir neçə gün əvvəl «İsmailiyyədə» çıxış edən boşboğaz təbliğatçının yalan vədlərinə inanmışdır. O öz yoldaşlarına İsmailiyyədəki «sarı paltolu əfəndinin» «ölmək, ölmək deyə bağırdığını», «düşmənlərimiz İsmailiyyə qarşısında səcdə etməlidirlər» söylədiyini bildirir və qürurla deyirdi ki, «belə bir rüh yüksəkliyi ilə heç vaxt məğlub olmarıq».

Öz dostunun bu sadəlövh inamına cavab olaraq M.Muradzadə bildirir: «Dostum, yanılırsan, söyləmək başqa, fel başqa; bu işdə ancaq diplomat olmalı, işi elə bir tərz ilə aparmalı ki, bəslədiyimiz o böyük amal bir gün olsun ki, öz mövqeyini tutsun. Düşmənlər azacıq bir hadisədən istifadə edirlər, əllərində olan qüvvələrlə bizləri dərin bir fəlakətə sövq edirlər».

M.Muradzadə daha sonra yazırdı ki, bu cür «milli qəhrəmanlarımız» İsmailiyyə kimi memarlıq abidəsinin düşmən tərəfindən dağıdılmasına və yandırılmasına, Təzəpir məscidi kimi dini və tarixi abidənin topa tutulmasına yol verdilər. S.Şaumyan və onun bolşevik donu geymiş daşnak məsləkdaşları Bakıda öz niyyətlərinə çatdıqdan sonra sülh yaratmağa razı olurlar. Mart hadisələri zamanı «qalib çıxmış» ermənilər öz vəhşiliklərinin üzərini ört-basdır etməyə çalışırlar. Erməni vəhşiləri tərəfindən öz evlərindən çıxarılaraq müxtəlif kinoteatr binalarında əsir edilmiş azərbaycanlı qocalar, qadınlar və uşaqlar sülh elan edildikdən sonra elə həmin erməni qaniçənlərinin müşayiəti ilə küçələrdən keçirilərək öz evlərinə aparılırdılar. Bu cür ikiüzlü hərəkətin əsl mahiyyətini başa düşən gənc müəllif yazırdı ki, «küçə boyu əvvəl başımızı yarıb, sonra ətəyimizə qoz dolduran o vəhşi qüvvələr əsirləri müşayiət edirdilər». Evlərinin qapılarında dayanmış erməni millətindən olan Bakı əhalisi isə əsirlikdən buraxılanları ələ salır, gülür, şadlanır və tənə ilə soruşurdular: «Asma, bir-iki Qafqaziya bizimki söyləyirdiniz, iştə Qafqaziyaya sahib oldunuz?» Gənc müəllif yazırdı: «Düşmənin bu növ tə’nələri acı, fəqət doğru idi. Çalışmamaq nəticəsi olaraq azlıq təşkil edən millətin bu gün vəhşi qüvvələri qarşısında baş əyməyə məcbur olmuşuq».

Təəssüflər olsun ki, tarixin ibrət dərslərindən nəticə çıxarmamağımızın bəhrəsidir ki, bu gün namərd qonşularımız ərazimizin dörddə bir hissəsini işğal etmiş, bir milyondan çox soydaşımız öz vətənində yurd-yuvasından qaçqın düşmüşdür.

Bir daha qeyd etmək lazımdır ki, bu cür yazıların yenidən nəşri xalqımızın milli şüurunun oyanmasında öz dostları ilə düşmənlərini tanımasında müsbət rol oynayar.

 

Məmməd Muradzadə

Mart hadiseyi-əliməsi Bakı,

«AZƏRNƏŞR» 1996-cı il