
Azərbaycan ədəbiyyatı klassiklərinin zəngin irsini öyrənməkdə, Sovet Azərbaycanında ədəbiyyatşünaslıq elminin inkişafında mühüm xidmətlər göstərmiş şəxsiyyətlərdən biri də professor Mikayıl Rəfili idi.
Mikayıl Həsən oğlu Rəfili 1905-ci il aprelin 25-də Qasım İsmayılov (indiki Goranboy) rayonunun Borsunlu kəndində anadan olmuş, 1920-ci ilədək Yelizavetpol klassik gimnaziyasında oxumuşdur. O, 1920-ci ildə Azərbaycanda bolşevik hakimiyyəti bərqərar olduqdan sonra doğma kəndində müəllimlik etmiş və məktəb müdiri olmuş, ictimai işlərdə fəal iştirak etmişdir.
M.Rəfili ədəbi həyata çox tez atılmışdı. 1925-ci ildə hələ 20 yaşında ikən “Maarif və mədəniyyət” jurnalının məsul katibi təyin edilmiş, sonralar “Azərnəşr”də, “Bakinski raboçi” qəzetində çalışmış, ali məktəblərdə, Nizami adına Ədəbiyyat İnstitutunda işləmişdir.
1927-ci ildə dövlət xətti ilə Moskva Dövlət Universitetinə oxumağa göndərilən M.Rəfili Bakıya qayıtdıqdan sonra tənqidçi-ədəbiyyatçı və pedaqoq sifətilə qızğın fəaliyyətə başlayır. 1936-cı ildə filoloji elmlər namizədi, 1946-cı ildə isə elmlər doktoru alimlik dərəcəsinə layiq görülən M.Rəfili Azərbaycan Dövlət Universitetinin professor kimi fəaliyət göstərir.
Yaradıcılığının ilk dövründə ədəbiyyatşünas alim eyni zamanda poetik yaradıcılıqla da məşğul olmuşdur. Onun hələ 1929-1936-cı illər arasında beş şeir kitabı nəşr edilmişdi. Bu şeirlər müəllifin yeni gerçəkliyə münasibətini əks etdirirdi. O dövrün ədəbiyyatşünaslıq elminin gökəmli nümayəndələrinin fikrincə, Rəfili ruhən şair idi, onun deməyə sözü vardı. Onun bir şair kimi, xüsusən yaradıcılığının ilk dövründə yazdıqları hər şeydən əvvəl öz səmimiliyi ilə diqqəti cəlb edirdi.
Azərbaycan ədəbiyyatı tarixinin yaradılması hələ 30-cu illərdən Rəfilini də narahat edən məsələlərdən idi. Onun fikrincə, 1300 ildən artıq ədəbiyyat tarixinə malik olan Azərbaycan xalqının bu böyük və qiymətsiz xəzinəsini yekunlaşdıracaq bir elmə ehtiyac var. M.Rəfili yazırdı: “Ədəbiyyat tarixi asanlıqla yaranmaz. Adətən bu tarixi ciddi elmi monoqrafiyalar, tədqiqatlar qabaqlamalıdır”. O özü də bu sahədə mühüm işlər görürdü. Nizami Gəncəvi, M.F.Axundov, M.Ş.Vazeh haqqında geniş tədqiqat işləri, rus dilində qədim Azərbaycan ədəbiyyatı kitabı və bir çox məqalələr M.Rəfilinin bu vacib işə verdiyi töhfənin vərəqləridir. Alimin digər tanınmış ədəbiyyatşünas alimlərlə birgə yazdığı orta məktəb dərslikləri ədəbi keçmişimizin təbliğində, ədəbiyyat tariximizin aranmasında öz rolunu oynamışdır.
Azərbaycan sovet ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən biri kimi Mikayıl Rəfilinin ədəbi fəaliyyəti geniş və çoxcəhətli olmuşdur. Ədəbiyyat tariximizin elə bir görkəmli siması yoxdur ki, heç olmasa bircə dəfə Rəfili yaradıcılığında xatırlanmasın. Nizami Gəncəvi, M.F.Axundov, N.Nərimanov haqqında ilk monumental monoqrafiyaları məhz o yazmışdı. M.Rəfili müxtəlif ədəbi şəxsiyyətlərə və problemlərə həsr olunmuş iki yüzdən artıq məqalənin müəllifi idi. M.Rəfilinin nəzəri tədqiq dairəsi də mövzu və problem yükü cəhətdən müxtəlif idi. Onun sərbəst şeir nəzəriyyəsi, tarixilik, müasirlik, klassik irsin müxtəlif problemləri və digər mövzularda Azərbaycan ədəbiyyatı tarixinə və Azərbaycan teatrına dair yazdığı əsərləri böyük şöhrət tapmış, ədəbiyyatşünaslıq elmimizin zənginləşdirilməsində xidmətlər göstərmişdir.
M.Rəfili ədəbiyyat tariximizə həsr etdiyi əsərlərində Azərbaycan ədəbiyyat tarixini dövrləşdirməyə cəhd göstərirdi. M.Rəfilinin nəzərində Xəqani və Nizaminin mənsub olduğu əsr – “qızıl əsr” – Azərbaycan renessansının çiçəklənməsi dövrüdür. Ədəbiyyatşünas Azərbaycanda XII əsrin tarixi-mədəni göstəricilərlə “qızıl əsr” adını daşımağa layiq olduğunu misallarla sübut edir və bu əsrin mühüm nailiyyətini dünya mədəniyyətinə görkəmli simaları bəxş etməkdə görürdü. M.Rəfilinin tarixi-ədəbi təsnifatında “Dədə Qorqud” dastanı mühüm yer tuturdu. M.Rəfili bu fikirdə idi ki, dastan Azərbaycan tarixində təkcə ədəbi abidə deyil, həm də epoxadır.
XIX əsrin əksər ədəbi simalarının tədqiqi məhz Mikayıl Rəfilinin adı ilə bağlıdır. O, XIX əsrin demək olar ki, bütün simaları haqqında söz demişdir. Lakin heç kim haqqında M.F.Axundov barədə olduğu qədər geniş və ətraflı söhbət açmamışdır. Ümumiyyətlə, Axundov mövzusu M.Rəfili yaradıcılığının baş mövzusu idi.
M.Rəfili Azərbaycan sovet poeziyasının yaradıcıları – Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza və başqalarının yaradıcılığını daim izləyir və tədqiq edirdi. O, görkəmli şair Səməd Vurğunu ədəbiyyatımızın magistral xəttinin ən böyük yolçularından biri hesab edirdi. Ədəbiyyatşünasın fikrincə, S.Vurğundan danışmaq sovet şeirinin əsas yolundan danışmaq deməkdir. M.Rəfili xalq şairinin böyüklüyünü Vətən eşqinin gücündə görürdü.
Amma istedadlı şəxsiyyət, ədəbiyyatşünas-alim M.Rəfili tez-tez haqsız tənqidlərə də tuş gəlirdi. Onun hətta alimlik fəaliyyətinin kəskin qınaqlara məruz qaldığı, özünün qərbçilikdə, türkpərəstlikdə ittiham olunduğu da məlum olan faktlardandır. Buna kiçik bir örnəyi S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Rəfili Mikayıl Həsən oğluna aid 753 nömrəli fondda mühafizə edilən sənədlər arasında tapmaq olar. Həmin fondda saxlanılan “Kommunist” qəzetinin 1 noyabr 1940-cı il saylı buraxılışında Mikayıl Rəfilinin M.Təhmasibin “Bahar” pyesinə yazdığı resenziya “zərərli resenziya” kimi qiymətləndirilir, alim özü də sərt şəkildə tənqid edillir:
“Hər halda, Rəfilinin bu çıxışı bizim üçün ciddi siqnal olmalıdır. Azərbaycan Sovet Yazıçıları İttifaqı, cibində ittifaqın kitabçasını gəzdirən və dəfələrlə yazıçılarımıza qarşı belə kəskin hücumlar etmiş öz “tənqidçi”si haqqında ciddi tədbir görməlidir” – deyə “Kommunist” yazırdı.
M.Rəfili 53 illik ömrünün 30 ilindən çoxu Azərbaycan və dünya ədəbiyyatının tədqiqinə həsr etmişdi. Yorulmaz tədqiqatçı 25 aprel 1958-ci ildə əbədi olaraq bu dünyaya gözlərini yumur.
Mikayıl Rəfilini yaxından tanıyan böyük türk şairi Nazim Hikmətin 1958-ci ildə yazdığı “Mikayıl Rəfilinin ölümünə ağı” şeiri tədqiqatçı-alimin ömrü ilə bağlı həzin xatirələrə köklənmişdi. Böyük Nazim Hikmətin həmin şeiri alimin fəaliyyətinə verilən obyektiv qiymət idi.
Bu qiymət indi də aktualdır. İllər Rəfilini bizdən cismən uzaqlaşdırdıqca onun ömür yolu və zəngin fəaliyyəti daha böyük ədəbi-tarixi qiymət kəsb edir, öz müasirliyini saxlayır.
Məqalənin hazırlanmasında 753№-li fondun sənədlərindən istifadə olunmuşdur
Xatirə Qədirova
S.Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət arxivinin şöbə müdiri
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az