Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-04-06 02:54:13
Baxış sayı : 2935

QARABAĞ BÖLGƏSİNDƏ ERMƏNİ VƏHŞİLİKLƏRİ

 

1918-1920-ci illərdə ermənilərin ən çox vəhşiliklər törətdiyi Azərbaycan ərazilərindən biri də Qarabağ bölgəsi olmuşdur. Azərbaycanın dilbər guşələrindən olan bu əraziyə ermənilər çoxdan göz dikmişdilər. Hələ XIX əsrin əvvəllərində ruslar erməniləri bu yerə köçürdükdən sonra əsasən gəlmə ermənilər, həmişə Azərbaycana qarşı hiylə və məkr yuvası olan erməni məlikliklərindəki ermənilərlə birləşərək xalqımıza qarşı əsil təhlükəyə çevrilməkdə idilər. Həmişə «Yersiz gəldi yerli qaç» prinsipi ilə hərəkət edən ermənilər çar hakimiyyət orqanlarının onlara qarşı himayəçilik siyasətindən məharətlə istifadə edərək yerli azərbaycanlıları getdikcə sıxışdırmağa başlayırlar. Onların bu hərəkəti XX əsrin əvvəllərindən başlayaraq artıq sistemli şəkil alır və planlı surətdə həyata keçirilməyə başlayır. Ermənilərin azərbaycanlı əhaliyə qarşı münasibətləri daimi qeyri-səmimi olsa da, onlar bu hisslərini gizlədərək açıq biruzə vermir, çar hakimiyyət orqanlarında işə girərək altdan-altdan azərbaycanlılara qarşı öz düşmənçilik siyasətlərini yeridirdilər. Ermənilərin bu bölgədə azərbaycanlılara qarşı ilk açıq düşmənçilik siyasətlərini başqa yerlərdə olduğu kimi 1905-1907-ci illər erməni-azərbaycanlı münaqişəsi zamanı göstərdilər. 

Ermənilərin «Kiçik Ermənistan» adlandırdıqları Qarabağ torpaqlarına ilk açıq iddiaları Rusiyada çarizmin devrilməsindən sonra başlandı. Rusiyada əvvəlcə fevral inqilabı, sonra isə oktyabr çevrilişindən ermənilər öz ərazi iddiaları üçün məharətlə istifadə etdilər. Onsuz da hələ Birinci Dünya Müharibəsi və rus inqilabından əvvəl də kifayət qədər silah əldə etmiş ermənilər vəziyyətdən istifadə edərək daha sürətlə silahlanmağa başladılar. Cəbhələrdən fərarilik edərək qaçan erməni əsgər və zabitləri hesabına Azərbaycan ərazisindəki erməni silahlı quldur dəstələrinin sayı getdikcə çoxalır. Nəticədə özlərində güc və qüvvə hiss edən ermənilər azərbaycanlılara qarşı özlərini çox həyasızcasına aparmağa başlayırlar. 

Türkiyə təbəəsi, türk xalqının cəlladı Andronikin bu əraziyə gəlməsi ilə ermənilərin bu hərəkatı daha da azğın xarakter alır. 

Daşnak partiyasının rəhbərliyi ilə ermənilərin Qarabağın-Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında törətdikləri vəhşiliklər Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyası tərəfindən geniş təhqiq olunmuşdur. Bu haqda çoxlu şahid ifadələri, baxış protokolları, məruzələr, bu qəzaların polis idarələrində tərtib olunmuş rəsmi sənədlərdə çoxlu faktiki mə’lumatlar toplanmışdır. 

Sovet Rusiyasının Birinci Dünya Müharibəsi cəbhələrində hərbi əməliyyatları dayandırmasından çox-çox əvvəl çoxlu erməni əsgərləri cəbhədən fərarilik edərək öz kəndlərinə qayıdır və özləri ilə çoxlu oğurluq tüfəng, pulemyot və digər hərbi sürsatlar da gətirdilər. Bu cür cinayət hallarına bir tərəfdən yerli erməni ziyalıları və erməni kənd icmaları kömək edirdisə, digər tərəfdən isə Rusiyada polis hakimiyyətinin fəaliyyətsizliyi, bəzən isə onların bilərəkdən buna imkan vermələri olurdu. Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.Mixaylovun toplanmış faktlar əsasında hazırladığı məruzədə deyilirdi ki, Cavanşir qəzasının müsəlman əhalisi özlərinin tarixi qonşuları olan ermənilərə çox sadəlövhlüklə inanır və hər ehtimala qarşı həmin silahların gələcəkdə onlara qarşı yönəldiləcəyini təsəvvürlərinə belə gətirə bilmirdilər. Nəticədə onlar həmin silahların gətirilməsinin qarşısını almaq üçün heç bir tədbir görmürdülər. Yevlax stansiyasında və Bərdə şosse yolu üzərində bu cür silah gətirilməsi halları azərbaycanlılar tərəfindən dəfələrlə aşkar edilmiş, lakin onlar buna elə bir prinsipial əhəmiyyət verməmişdilər. 1 

Rusiyada bolşeviklərin oktyabrda etdiyi dövlət çevrilişindən sonra isə Yuxarı Qarabağa, o cümlədən Cavanşir qəzasının erməni kəndlərinə silah və sursat gətirilməsi demək olar ki, açıq şəkildə həyata keçirilməyə başlandı. Həmin vaxtdan ermənilər müsəlmanlara qarşı özlərinin düşməniçilik niyyətlərini açıq şəkildə biruzə verməyə və onlara qarşı zor tətbiq etməyə başladılar. 2

N.Mixaylovun məruzəsində daha sonra göstərilirdi ki, Cavanşir qəzasındakı azərbaycanlı kəndləri əsasən düzənlik hissələrdə yerləşirdi. Lakin Kolanlı və Avrayan kənd icmalarından birincisi Cavanşir qəzasının dağətəyi, ikincisi isə yüksək dağ zolağında yerləşirdi. Kolanlı icmasına daxil olan 12 kənd (Dəmirlər, İmrat-Qərvənd, Umudlu, Qaralar, Sırxavənd, Çıraqlı, Əli-Ağalı və b.) hər tərəfdən erməni kəndləri ilə əhatə olunmuşdur. Bu kənd icmasına daxil olan kəndlərin əhalisi yalnız erməni kəndlərindən keçərək digər azərbaycanlı kəndləri ilə əlaqə saxlaya bilirdilər. Avrayan icmasına daxil olan kəndlər isə yüksək dağ zirvəsində, erməni kəndlərindən hündürdə yerləşməklə çox əlverişli vəziyyətdə idilər. Əhalisi isə qorxmaz kürd tayfaları idi. Ona görə də bu hadisələr zamanı onlar heç cür zərər çəkməmişlər. Şahidlərin ifadələrinə görə erməni quldur dəstələri yalnız silahsız və tamamilə erməni kəndləri tərəfindən mühasirə olunaraq, heç yandan kömək ala bilməyən azərbaycanlılar qarşısında özlərini güclü və mütəşəkkil hiss edir və çox asanlıqla müvəffəqiyyət qazanırdılar. 

Məruzədə göstərilirdi ki, bütün Cavanşir qəzasında yalnız Kolanlı icmasına daxil olan kəndlər demək olar ki, tamamilə ermənilər tərəfindən dağıdılmışdır. 1917-ci ilin dekabrından başlayaraq erməni silahlı quldur dəstələri Kolanlı icmasına daxil olan azərbaycanlı kəndlərinə hücum edir və onlardan hələ yer üzərində mövcud olmayan Ermənistan Respublikasına tabe olmağı tələb edir və guya öz dövlətləri üçün azərbaycanlılardan zorla vergi yığırdılar. Bundan əlavə onlar bir ay müddətində öz əsgərlərini yedirtməyi azərbaycanlılardan tələb edir, içib keflənərək onları təhqir edir, incidir, qadınlarını zorlayır, müntəzəm olaraq müsəlmanların mal-heyvanlarını zorla sürüb aparırdılar. 3 

Şahidlərin verdiyi məlumatlara görə Cavanşir qəzası müsəlman milli Şurası ermənilərlə əvvəlki mehriban qonşuluq münasibətlərini bərpa etmək üçün hər cür cəhdlər göstərir və çalışırdılar ki, Kolanlı kənd icmasına daxil olan kəndlərin əhalisini bu acınacaqlı vəziyyətdən çıxarsınlar. Onların bütün cidd-cəhdlərinə baxmayaraq ermənilərin barışmamazlığı üzündən bir nəticə əldə edə bilmirdilər, Kolanlı kənd icmasına daxil olan kəndlərin azərbaycanlı əhalisinin bu cür kölə vəziyyəti bir çox aylar, bəzi kəndlərdə isə hətta 1918-ci ilin sentyabr-dekabr aylarına qədər davam etmişdir. Nəhayət, ermənilərin əlindən cana doymuş həmin kəndlərin əhalisi birlikdə qərara gəlirlər ki, nə yolla olursa olsun və nə qədər insan tələfatı hesabına başa gəlmiş olsa belə onlar erməni quldur dəstələrinin əhatəsini yarıb arandakı azərbaycanlı kəndlərinə getməlidirlər. Həqiqətən də onlar bu əməliyyatı yalnız dəhşətli tələfatlar hesabına həyata keçirə bilmişlər. Bu kəndlərdən qaçan azərbaycanlılar sözün əsil mənasında özlərinin hər şeylərindən mal-heyvanlarından, evlərindən, bütün ev avadanlıqlarından, ərzaq məhsullarından məhrum olurlar. Qaçqın kəndlilərin çoxu – xüsusilə qadınlar və uşaqlar soyuqdan, aclıqdan və xəstəlikdən yollarda məhv olurlar. Çoxlu qaçqınlar erməni quldur dəstələri tərəfindən yollarda məhv edilirdi. Kəndlərdən qaça bilməyən və ya qaçmağa imkanı olmayan xəstə, qoca və hətta əlillərə belə ermənilər aman verimədən onları son nəfərlərinə qədər qəddarcasına güllələmiş və ya xəncərlə doğramışlar. 4 

Cavanşir qəzasının bir neçə kəndinin, o cümlədən İmarət-Qərvənd kəndinin əhalisi və Umudlu kəndi əhalisinin bir hissəsi erməni təqiblərindən yaxa qurtarmaq üçün payız aylarında uzun və çətin dağ yolları ilə Murov Dağını böyük tələfatlarla aşaraq Cavanşir qəzasının aran kəndlərinə gəlirlər və həmin qəzanın müxtəlif kəndlərində yerləşdirilirlər. 

Yuxarıda deyildiyi kimi Cavanşir qəzasının milli müsəlman Şurası dəfələrlə ermənilərin yanına barışıq üçün nümayəndə heyəti göndərmişdi. Bu nümayəndə heyətinin rəhbərlərindən biri – Məşədi Alış İsmayılov Fövqəladə Təhqiqat Komissiyasına izahatında bildirmişdi ki, ermənilər onları çox pis qarşılayır, nümayəndə heyətinin üzvlərini hədələyir, qorxudur və təhqir edirdilər. Belə ki, Marağa kənd erməni icmasının kəndxudası Nerses Manukov onları hədələyərək demişdir: «Bu hələ harasıdı, siz bir dayanın, görün hələ sizi nələr gözləyir». 5 

Ermənilərin həyasızlığı o yerə çatmışdır ki, 1918-ci ilin yaz və yay aylarında Cavanşir qəzasının düzənlik hissəsinin müsəlman əhalisinə qarşı da zorakılıqlar tətbiq edirdilər. Ermənilər Tərtər çayının qabağını kəsərək başqa istiqamətə yönəldir və qəzanın aran kəndlərinin əkinlərini susuz qoyaraq onlara böyük zərər vururlar. Hətta iş o yerə çatır ki, aran kəndlərində içməli su belə çatışmır. Aran kəndlərinin əhalisi 1918-ci ilin yayında öz mal-heyvanlarını yaylaqlara köçürə bilmədikləri üçün çoxlu tələfat verirlər. 

Ən maraqlısı odur ki, N.Mixaylovun 1919-cu il mayın 9-da Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məruzədə göstərilirdi ki, axır vaxtlar vəziyyət bir qədər yüngülləşsə də Cavanşir qəzasındakı ermənilər bu qəzada onların yaşadıqları torpaqları Ermənistan Respublikasının ərazisi elan edərək Azərbaycan Respublikasının hakimiyyətini tanımaq belə istəmirlər və əvvəlki kimi öz zorakılıq hərəkətlərini davam etdirirlər. Ona görə də Fövqəl’adə Təhqiqat Komissiyasının üzvləri erməni kəndlərindən keçərək qəzanın dağətəyi ərazilərində dağıdılmış azərbaycanlı kəndlərinə baxış keçirə bilmirlər. 6 

N.Mixaylovun məruzəsində göstərilirdi ki, Cavanşir qəzasında yuxarıda göstərilən 12 azərbaycanlı kəndlərini tamamilə dağıtmaqdan əlavə, erməni quldur dəstələri tərəfindən ətrafdakı digər azərbaycanlı kəndlərinə də basqınlar edilir, adamlar qarət olunur və qətlə yetirilirlər. Azərbaycanlıların iribuynuzlu və xırdabuynuzlu mal-heyvan sürülərini zorla sürüb aparırlar. Məruzədə bu haqda çoxlu əyani faktlar sadalanır. 7 

Şahid İsgəndərovun ifadəsində bildirilirdi ki, ermənilər istədikləri vaxt dəstələrlə azərbaycanlılar yaşayan ərazilərə gəlirlər. Özü də həyasızlıq o yerə çatmışdır ki, onlar Tərtər bazarında təkcə alver etməklə qalmayıb, həm də azərbaycanlılardan oğurladıqları mal-heyvanı yenidən onlara satmaqdan belə utanmırdılar. 8 

Cavanşir qəzası ərazisində ermənilər yaşına, cinsinə fərq qoymadan uşaqlara, qadınlara, qocalara və hətta şikəstlərə belə aman vermədən azərbaycanlılara qarşı çox saylı ölüm aktları həyata keçirmişlər. Bir çox hallarda isə onlar ağlasığmaz qətl formaları tətbiq etmişlər. Məsələn, Umudlu kəndində Süleyman Qazax Aslan oğlu, Məmməd Məşədi Paşa oğlu və Kazım Atam oğlu ermənilər tərəfindən qəddarlıqla qətlə yetirilmiş, sonra isə onların cəsədlərini doğrayaraq hər hissəsini bir yerdən asmışlar. Həmkəndliləri onları bu vəziyyətdə tapanda hansı hissəsinin kimə mənsub olduğunu belə ayırd edə bilməmişdilər. Hacı Qərvənd kəndində qətlə yetirilmiş Zeynəb Şirin qızının döşləri kəsilmişdir. Dovşanlı kəndinin bir hissəsi olan Korakor kəndinin sakinləri Ramazan Novruzəli oğlu, Qönçə Ocaqqulu qızı və şikəst Süleyman Həsənəli oğlu qəddarlıqla qətlə yetirilmiş və meyidləri yandırılmışdır. Sırxavənd-Ballıqaya kəndinin sakini Soltan Əli İmam oğlu Qazançı kəndi yaxınlığında saxlanılmış, vəhşiliklə öldürülmüş və yandırılmışdı. Güneyqaya-Sırxavənd kəndinin sakinləri Şərif İsmayıl oğlu və Rəcəb Novruzəli oğlunun meyidləri ermənilər tərəfindən başları kəsilib aparılmış şəkildə tapılmışdır. 9 

Şahidlərin ifadələri əsasında Fövqəladə Təhqiqat Komissiyası Cavanşir qəzasında azərbaycanlılara qarşı vəhşiliklər törədilməsinə rəhbərlik etmiş ermənilərin adlarını da müəyyənləşdirmişdi. Bunlar Yuxarı Qarxun kəndində torpaq sahibi mühəndis Konstantin Abramov, Avan Yuzbaşevin malikanəsini idarə edən Baqrat bəy Məlik-Şahnazarov Marağalı kənd icmasının kəndxudası Nerses Manukov, Gülyataq kəndinin sakini İvan bəy Mirzəbəyov, Dovşanlı kəndindən Artyom və Muku Sukiasovlar, Yevrem və Nikolay Şahbazovlar, Bazarkənddən Nikolay Saruxanov, Vank kəndindən Tiqran Asan Cəlalov, Yuxarı və Aşağı Çaylı kəndlərindən Şamir Ağabekov, Setrak Usubbekov, Talış kəndindən Tyuni Atambekov, Ağdərə kəndindən Karapet Anastasov, Talış kəndindən İsaak və Minas Ter-Danielov qardaşları, həmin kənddən Rüstəm Babayev, Çardaxlı kəndindən Baxış Avanesov, Aşağı Çaylı kəndindən Akopcan Masesov, Nikolay Sokratov, Ağdərəli Markos bəy Ter-Astsaturov, Marqoşavan kəndindən Atakişi Xaçaturov və başqaları idi. Özü də bu ermənilər Cavanşir qəzasında azərbaycanlılara qarşı törədilmiş eşidilməmiş vəhşiliklərin təkcə rəhbərləri deyil, həm də şəxsən onların öldürülməsi, onlara işgəncə və əzablar verilməsinin iştirakçıları idilər. 10 

Fövqəladə Təhqiqat Komissiyasına təqdim olunmuş məlumatlar və onların əsasında tərtib edilmiş aktlardakı əsasən Cavanşir qəzasında ermənilərin bu qəzanın müsəlman əhalisinə vurduğu zərər onlarla milyon manata bərabər olmuşdu. 

Qarabağ bölgəsində 1918-ci il və 1919-cu ilin əvvəllərində daha çox erməni təzyiqlərinə məruz qalan qəzalardan biri də Cəbrayıl qəzası idi. Cəbrayıl qəzası 12 azərbaycanlı və 3 erməni kənd icmasından ibarət idi. Yuxarı Qarabağın başqa qəzalarında olduğu kimi bu qəza da öz ərazilərinin yerləşmə vəziyyətinə görə elədir ki, düzənlikdəki kəndləri əksərən azərbaycanlı kəndləri idi. Qorxudan ermənilər buraya hücum etməyə cürət etmirdilər. Bilirdilər ki, hücum etsələr layiqli cavab alacaqlar. Ona görə də onlar dağətəyi azərbaycanlı kəndlərinə hücum etmiş və məhz ən çox zərər çəkənlər də bu kəndlərin əhalisi olmuşdur. 

Fövqəladə Təhqiqat Komissiyasının topladığı material və dindirilmiş şahidlərin ifadələrinə görə ilk əvvəllər Qarabağın başqa qəzalarında ermənilərin azərbaycanlı əhaliyə qarşı törətdikləri vəhşiliklər haqqında deyilənləri Cəbrayıl qəzasının azərbaycanlı əhalisi ağıllarına belə sığışdıra bilmirdilər. Çünki qəzanın erməni əhalisi onları həmişə əmin edir və inandırırdılar ki, bu qəzanın azərbaycanlı əhalisinə qarşı belə hallar heç vaxt baş verə bilməz. Ona görə hələ də məkrli erməni siyasətini başa düşməyən qəzanın sadəlövh azərbaycanlı əhalisi onlara inanıb nəinki müdafiə haqqında düşünmürdülər, hətta ermənilərə qarşı hər hansı müqavimət göstərməyi belə ağıllarına gətirmirdilər. 

1918-ci il dekabrın ilk günlərindən ermənilər qəzanın azərbaycanlı əhalisinə qarşı silahlı çıxışa başlayırlar. Ermənilər əvvəlcə tək-tək qətllər törədir, hücum edərək azərbaycanlı kəndlərinə məxsus mal-heyvanı sürüb aparırdılar. Getdikcə daha mütəşəkkilləşən erməni quldur dəstələri azərbaycanlı kəndlərinə açıq silahlı basqınlar etməyə başlayırlar. Buna baxmayaraq Fövqəladə Təhqiqat Komissiyası üzvlərinin dindirdikləri şahidlərin ifadələrində və Cəbrayıl qəza rəisinin 1919-cu il fevralın 17-də Qarabağ general qubernatoru X.Sultanova raportunda bildirilirdi ki, «qəzanın müsəlman əhalisi bu cür hadisələri böyük təəssüf hissi ilə qarşılayaraq, heç bir fəal mübarizə yoluna keçməyərək yalnız özlərini və öz əmlaklarını erməni hücumlarından qorumaq üçün müdafiə mövqei tutmuş və ermənilərə qarşı heç bir qeyri-qanuni hərəkətə yol verməmişlər. Buna da sübut odur ki, bu müddət ərzində erməni kəndlərindən heç biri müsəlmanlar tərəfindən zərər görməmişdir». 11 

1918 və 1919-cu ilin əvvəllərində erməni quldurlarının Cəbrayıl qəzasında törətdikləri vəhşiliklər haqqında Fövqəladə Təhqiqat Komissiyasının məruzələrində geniş məlumatlar var. Onlardan bəzilərini nəzərdən keçirək. 

1918-ci il dekabrın 26-da gecə Düdükçü, Edilli, Ağbulaq, Qoqo, Çirakuz və Axullu kəndlərinin erməniləri Düdükçü kəndinin azərbaycanlılar yaşayan hissəsini dağıtmış və evlərini yandırmışlar. Dekabrın 7-də həmin kəndlərin silahlı erməni quldur dəstələri Arış kəndi əhalisinin qoyun sürülərini sürüb aparmışlar. Dekabrın 5-də isə silahlı ermənilər Qaragöllü kəndinə hücum edərək qoyun sürülərini aparmışlar. Dekabrın 2-də erməni silahlı quldur dəstələri Aşıq Məlikli kəndinə hücum edərək əmlaklarını talan etmiş, yandırmış, mal-heyvanlarını isə sürüb aparmışlar. Elə həmin gün ermənilər Xolaflı. Totor, Şıxlar kəndlərini talan etmiş, yandırmış, mal-heyvanlarının bir hissəsini məhv etmiş, bir hissəsini isə sürüb aparmışlar. Həmin il dekabrın 18-də Sirik kəndi ermənilər tərəfindən qarət olunmuş və yandırılmışdır. 1919-cu il fevralın 27-də Ağcakənd Dələnlər və Mülkədarlı kəndlərinin erməniləri yenidən Sirik kəndinə hücum edərək yenə də bu kəndin bir hissəsini yandırmışlar. 12 

Məruzədə 1918-ci ilin sonları və 1919-cu ilin əvvəllərində Cəbrayıl qəzasında erməni silahlı quldur dəstələrinin azərbaycanlılar yaşayan digər kəndlərə – Eyvazlı, Dolanlar, Şıxlar, Məlikli və s. hücum edərək azərbaycanlı əhalinin əmlakını qarət edərək yandırdıqları, mal-heyvanlarını isə sürüb apardıqları haqda çoxlu faktlar sadalanır. 13 

Cəbrayıl qəzasında azərbaycanlı kəndlərinin qarət edilməsi və yandırılması həm də azərbaycanlıların qətlə yetirilməsi və yaralanmaları ilə müşayiət olunurdu. Məsələn, Axullu kəndinin qarəti və yandırılması zamanı 2 kişi, 3 qadın və 1 uşaq öldürülmüş, 1 kişi yaralanmışdı. Məlikli kəndinə hücum zamanı 1 kişi, Məzrə kəndinə hücum zamanı 6 kişi öldürülmüş, Sirik kəndinə hücum zamanı tsə 11 kişi, 10 qadın, 14 uşaq qətlə yetirilmiş və 2 kişi yaralanmışdı. Başqa kəndlərə hücumlar zamanı da ölənlər və yaralanlar olmuşdur. 14 

Erməni quldur dəstələrinin azərbaycanlı kəndlərinə hücumları zamanı onlara rəhbərlik etmiş ermənilərin çoxu şahidlər və zərərçəkənlər tərəfindən tanınmışlar. Maraqlıdır ki, bunlar qəzanın müsəlman əhalisini daim sakitliyə çağıran, ermənilərin onlara qarşı heç bir hərəkət törətməyəcəklərinə inandırmaq istəyən ermənilər idi. Qəzanın azərbaycanlı əhalisindən olan şahidlər bu quldurların 60 nəfərdən çoxunun adını və familiyasını təhqiqat komissiyasının üzvlərinə demişlər. Bunların arasında Şuşa qəzasından olan azərbaycanlı əhaliyə qarşı qəddarlıqda bütün Qarabağda ad çıxarmış Xurşud bəy, Markar bəy, İşxan bəy və Sumbat bəy (adlara baxın axırında da bəy titulu – A.P.) İşxanov qardaşları, Şuşalı Sokrat bəy Məlik-Şahnəzərov, Düdükçüdən Balasan Hayrapetov, Karapet Ohancanov, yüzbaşı Markez, proporşik Aslan Sərkisov, Muxan Martirosov və başqa cəlladlar idi. 15 

Cəbrayıl qəzasında ermənilərin azərbaycanlılara vurduqları maddi ziyan ən adi hesablamalara görə on milyonlarla manata bərabər idi. 

Qarabağda ermənilərin, azərbaycanlılara vurduğu ən böyük ziyan Şuşa qəzasının ərazisi və ermənilərin həmişə əllərinə keçirmək üçün diş qıcadıqları Şuşa şəhəri idi. Çoxlu təkzib olunmaz tarixi faktlardan da məlum olduğu kimi əvvəllər İran şahlarına yaltaqlıq edərək dünyanın bu cənnətməkan diyarında əllərinə mülklər keçirən erməni məlikləri əsrlərlə bu ərazidə ermənilərin sayını artırmaq üçün dəridən-qabıqdan çıxmış, ikiüzlülüyün, namərdliyin, satqınlığın ən iyrənc formalarından məharətlə istifadə etmişdilər. Ancaq heç kimə sirr deyil ki, bütün Qafqazda, o cümlədən də Qarabağda möhkəmləndikləri ilk günlərdən başlayaraq ermənilər yerli əhaliyə qarşı əvvəlcə gizli, sonra isə açıq şəkildə xəyanətə və mübarizəyə keçmişdilər. 

Şuşa qəzası çox ərazidə Zəngəzur qəzası ilə sərhəd olub, dağlıq və dağətəyi azərbaycanlı kəndləri bir-birindən ayrı düşmüş və hər tərəfdən erməni kəndləri ilə əhatə edilmişdir. Həmişə ermənilər azərbaycanlı kəndlərinin bu vəziyyətini nəzərə almış və həmin kəndləri mühasirədə saxlamaq, dağıtmaq və onlara qarşı hər cür yaramazlıqlar törətməyə müvəffəq olmuşlar. 

Rusiyadakı 1917-ci il fevral inqilabına qədər Şuşa qəzasında ermənilərin azərbaycanlı əhaliyə qarşı qeyri-səmimi münasibəti 1905-ci il erməni-azərbaycanlı toqquşması dövrü nəzərə alınmazsa açıq nümayiş etdirilməmişdir. 1917-ci ildə Rusiyada dövlət çevrilişindən sonra onsuz da lazımi qədər silah əldə etmiş ermənilər daha sürətlə silahlanmağa başlayırlar. Silahlı erməni quldur dəstələri cəbhələrdən qaçan fərari erməni əsgər və zabitlərinin hesabına getdikcə daha da çoxalır. Nəticədə özlərində güc hiss edən ermənilər, özlərini azərbaycanlılara qarşı çox həyasızcasına aparmağa başlayırlar. Azərbaycanlılarla mübarizədə daha çox müvəffəqiyyət əldə etmək üçün Daşnaksütyun partiyası müsəlmanlar arasında sinfi mübarizəni qızışdırır. 

Nəticədə bir çox azərbaycanlı mülkədarı o cümlədən Fərrux bəy Vəzirovun zəngin və nümunəvi mülkü dağıdılır. Bundan məharətlə istifadə edən ermənilər erməni Levon Vartapetovu qəza komissarı seçdirmişlər. O isə qəzada milis heyətini yalnız ermənilərdən ibarət təşkil edir. 

Şuşa-Qaryagin və Şuşa-Əsgəran yollarını ermənilər tamamilə nəzarət altına alırlar və həmin yollarla gedib-gələn azərbaycanlıları qarət edir, silahlarını əllərindən alır və tədricən həmin keçidlər tamamilə azərbaycanlıların üzünə bağlanır. Bu quldur dəstələrini getdikcə ermənilər daha mütəşəkkil hərbi formaya salırlar. Ermənilərin bu hərəkətləri keçmiş Türkiyə vətəndaşı satqın general Andronikin dəstələri Gorusa gəldikdən sonra daha da fəallaşır. Azərbaycan ərazilərindən keçərək Gorusa gələn bu avantürist burada bütün Qarabağ ermənilərinin ümumi hərbi mükəlləfiyyətini elan edir. Bu vaxtdan başlayaraq Andronikin əsgərləri, erməni kəndliləri ilə birlikdə Zəngəzur qəzasında müsəlman kəndlərini məhv etməyə, yandırıb dağıtmağa, əhalini vəhşicəsinə qırmağa başlayır. Sonra Andranik 3 dəfə Zabux dərəsindən keçərək ermənilərin «Kiçik Ermənistan» adlandırdıqları ərazinin – Qarabağın mərkəzi Şuşa şəhərini tutmağa təşəbbüs edir. Lakin onun hücumları yerli müsəlman əhali tərəfindən müvəffəqiyyətlə dəf edilir. Hər dəfə qanlı döyüşlərdə Andronik böyük itgi verərək geri çəkilməyə məcbur olur. 

Hər tərəfdən erməni əhatəsində olan Şuşanın vəziyyəti çox ağır idi. Əhalisinin çoxu azərbaycanlı olan Şuşa və ətrafdakı bir neçə müsəlman kəndi – 173 erməni kəndi tərəfindən üzük qaşı kimi əhatəyə alınmışdı. Bura gələn yolların ermənilər tərəfindən kəsilməsi nəticəsində 8 ay - yəni türklər gələnə qədər Şuşa şəhəri və dağ zonasındakı azərbaycanlı kəndlərindəki azərbaycanlı əhalinin vəziyyəti həqiqətən də faciəli idi. 

Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində qeyd edilirdi ki, Şuşa şəhəri və ətraf kəndlərdəki erməni əhalisi azərbaycanın hakimiyyətini tanımayıb, bu günə qədər də tanımaq istəmirlər. Onlar çalışırlar ki, Qarabağın Verand, Dzax, Xaçın və Zəngəzur ərazilərini Azərbaycandan ayırıb Ermənistana birləşdirsinlər. Bu günə qədər Qarabağın erməni əhalisi Azərbaycan hökumətinə vergi verməkdən və hər hansı mükəlləfiyyətləri yerinə yetirməkdən imtina edirlər. 1-ci və 2-ci polis sahəsində erməni quldur dəstələri Sokrat bəy Məlik-Şahnazarovun rəhbərliyi ilə öz cinayətkar hərəkətlərini davam etdirirlər. Bu günə qədər də Ağdam-Qaryagin şosse yolu bağlıdır. Ermənilər xüsusilə Qarakənd kəndinin erməniləri həmin yoldan keçməyə cürət edən müsəlmanları qarət edir və qətlə yetirirdilər. 16 

Komissiyanın məruzəsində erməni yaramazlıqlarına necə də dəqiq qiymət verilmişdir. Orada deyilirdi: «Hər yerdə olduğu kimi Şuşa qəzasında da ermənilər öz taktikalarına həmişəki kimi sadiqdirlər. O yerdə ki, onlar çoxluq təşkil edirlər onda onlar özgə xalqlara qarşı zülm etmək və güc işlətməkdə amansızdırlar. O vaxt ki, onlar azlıq təşkil edirlər kimə istəsəniz və necə istəsəniz qulluq etməyə həmişə hazırdılar». 17

Sonra məruzədə şahidlərin şahədətləri əsasında ermənilərin Şuşa qəzasında törətdikləri cinayətlər 27 maddədə sadalanırdı. Şahidlərin ifadələrinə görə 1918-ci ilin dekabrında ermənilər 2-ci polis sahəsinə daxil olan Qoqo kəndinin azərbaycanlılar yaşayan 55 evdən ibarət xanimanlarını dağıdır və yandırırlar. Mülkədar Cavanşirin də malikanəsini dağıdıb yandırır, ailə başçısı Əsəd Ağa Cavanşiri, onun oğlu Soltan ağanı, qızı İranə Bəyimi, qardaşı qızı Fatma Bəyim Cavanşiri, ev qulluqçusu İncə İbad qızını, nökərləri Allahverdi Əziz oğlunu, İsa Abış oğlunu və Vəli Kərbalayı Ələsgər oğlunu öldürmüş, ölüləri təhqir edərək onları soyundurub sonra da xəncərlə doğramışlar. Kəndin azərbaycanlı əhalisinə və mülkədar Cavanşirə məxsus ev və tikililəri yandırmış, bütün avadanlıq, mal-qara və kənd təsərrüfat alətlərini qarət edib aparmışlar. 

Ermənilər Tuğ kəndinin azərbaycanlılara məxsus hissəsini də dağıtmışlar. Hətta 1919-cu ilin mayına qədər, yəni komissiya məlumat hazırlayana qədər həmin kəndin azərbaycanlı əhalisi əsir kimi saxlanılmış onlara kənd təsərrüfat işləri ilə məşğul olmağa belə icazə verməmiş, onları ac saxlayaraq ermənilərin hakimiyyətinə tabe olmağı tələb edirdilər. Tuğ mülkədarı Ağa bəy Məlik-Aslanovun üzərinə hücum edən ermənilər onu öldürüb, əmlakını müsadirə edirlər. Tuğ sakini Güldəstə xanım Nəcəf bəy qızını da ermənilər döyə-döyə öldürürlər. Tuğ yolunda ermənilər Novruz Qasım oğlunu və mülkədar Səlim bəy Məlik-Aslanovu qarət edir və sonra isə döyərək öldürürlər. 

1918-ci ilin payızında ermənilər 33 evdən ibarət Salakətin kəndini tamamilə dağıdaraq yandırmış, əmlaklarını isə qarət etmiş, mal-heyvanlarını sürüb aparmış və torpaqlarını ələ keçirmişlər. Elə həmin vaxtlar ermənilər Şıxımlı, Kövşatlı, Divanlılar və Çaraküz kəndlərini də tamamilə yandırmış, azərbaycanlıların əmlakını qarət edərək, mal-heyvanlarını sürüb aparmış, bağlarını doğramışlar. 

1918-ci ilin yayında ermənilər Pərioğlular kəndi yaxınlığındakı köçəri alaçıqlarına hücum edərək onları dağıtmış, qarət etmiş, Zarisli kəndinə məxsus 300 baş iribuynuzlu mal-qaranı sürüb aparmışlar. Elə həmin vaxt Molla Nəsrəddin yolunda ermənilər Şuşadan Cəbrayıla un dalınca getmiş 12 nəfər azərbaycanlını qətlə yetirmişlər, Təkli kəndindən 700-dən yuxarı qoyunu sürüb aparmışlar. 

1919-cu il martın 9-da ermənilər Şuşa şəhərinə yaxın şosse yolunda 4 nəfər azərbaycanlı əsgəri soyunduraraq güllələmiş və 3 nəfərin ölüsünü isə gizlətmişlər. 

Şuşa qəzasının 1-ci və 3-cü polis sahələrində isə 1918-ci ilin avqustunda ermənilər Atmazlı, Keştmazlı və Qazanlı kəndlərinin köçərilərinin bütün heyvanlarını sürüb aparmış, ev əşyalarını isə talan etmişlər. Elə həmin vaxt ermənilər 240 ailədən ibarət Gülablı kəndini dağıtmış, kəndlilərin əşyalarının çoxunu qarət etmiş və demək olar ki, bütün mal heyvanlarını sürüb aparmışlar. Ermənilər Xıdırlı kənd icmasına məxsus çoxlu iribuynuzlu mal və qoyunu da sürüb aparmışlar. Ermənilər Mərzili kəndinin azərbaycanlı əhalisini öz ata-baba ocaqlarını tərk etməyə məcbur etmiş, onların ev əşyalarının çox hissəsini qarət etmiş, 150 iribuynuzlu mal və 1000 baş qoyununu sürüb aparmış, azərbaycanlıların tərk etdikləri evləri isə tutmuşlar. 

1918-ci ilin martında erməni quldur dəstələri Sokrat bəy Məlik-Şahnazarovun başçılığı ilə Abdal kəndini dağıtmış, qarət etmiş və kəndin mal-heyvanlarının bir hissəsini sürüb aparmışlar. 1918-ci ilin avqustunda ermənilər Qaradağlı, Xocavənd kəndlərini və onların azərbaycanlı köçərilərini qarət etmiş, mal-heyvanlarını sürüb aparmışlar. Ermənilər Xocalı kəndində də azərbaycanlı əhalini öz kəndlərini tərk etməyə məcbur etmiş mal-heyvanlarının bir hissəsini sürüb aparmışlar. Məlumatda göstərilirdi ki, bu hələ ermənilərin həmin qəzada törətdikləri cinayətlərin hamısı deyildi. Şahid ifadələrini ümumiləşdirən komissiya qeyd edirdi ki, yalnız Şuşa qəzasında dağıdılmış, yandırılmış, talan edilmiş azərbaycanlı kəndlərində öldürülənlərin sayı 100 nəfərdən çox idi. Öldürülənlər üzərində ağlagəlməz vəhşiliklər edilmişdir. Onlar süngülərlə dəlik-deşik edilir, başları kəsilir, kiçik yaşlı uşaqlar süngülərə taxılaraq vəhşiliklə öldürülür, qadınların döşü, kişilərin burun, qulaq və cinsiyyət üzvləri kəsilirdi. Ölüləri doğrayır, yandırır və hər cür təhqirlərə məruz qoyurdular. Şuşa qəzasında bu vəhşiliklərə rəhbərlik edənlər Sokrat bəy Məlik-Şahnazarov, Akop Veddiyev, Şamir Avakov, Armenak Xaçaturov, Eqiş İşxanov, Xosrov bəy, İşxan bəy və Tiqran bəy İşxanov qardaşları və başqaları idi. 

Məlumatdan görünür ki, bu hadisələr zamanı ən sadə hesablamalara görə qəzanın azərbaycanlı əhalisinin çəkdiyi zərər 100 milyon manatdan çox olmuşdur. 18 

Maraqlıdır ki, ermənilər təkcə Zaqafqaziya Seymi dağıldıqdan sonra, bu ərazidə üç müstəqil respublika yarandıqdan sonra Ermənistan respublikasının ərazisində deyil həm də Azərbaycanın öz ərazisində də azərbaycanlılara qarşı soyqırımı siyasətindən əl çəkməmişlər. Onlar haq-nahaq Azərbaycanın əzəli və əbədi torpaqları olan yuxarı Qarabağı və Zəngəzuru Ermənistan Respublikasının tərkib hissəsi elan edir və burada Azərbaycan Respublikasının hakimiyyətini heç cür tanımaq istəmirdilər. 

Zəngəzur və Qarabağda Erməni Milli Şuraları yaradılır. Bu ərazilərdə yaşayan bütün erməni əhalisi bu şuraların əslində isə Azərbaycan ərazisində onları idarə edən Ermənistan Respublikaının hakimiyyətini tanıdıqlarını bildirirdilər. 

Azərbaycan Respublikası hökuməti 1919-cu ilin yanvarında Bakıda olan ingilis komandanlığı ilə razılaşaraq Azərbaycanın mübahisəsiz ayrılmaz hissəsi olan Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları ərazisində müvəqqəti general-qubernatorluq yaradır. Yanvarın 29-da doktor Xosrov bəy Sultanovu oraya general qubernator təyin edir. Lakin buna baxmayaraq bu qəzalarda yaşayan erməni əhalisi heç cür Azərbaycan hakimiyyət orqanlarına tabe olmaq istəmirlər. Həyasızlıq o yerə çatır ki, Ararat Respublikası Xarici İşlər Nazirliyi öz hökuməti adından Azərbaycan hökumətinə nota verərək göstərilən müvəqqəti general-qubernatorluğun yaradılmasını «Ermənistanın ərazi hüquqlarına qəsd» kimi qiymətləndirir. 19 

Yuxarı Qarabağ ərazisində demək olar ki, əslində iki hakimiyyətlik hökm sürürdü. Tamamilə Zəngəzuru ələ keçirmiş ermənilər Şuşa, Cavad və Cəbrayıl qəzalarına da əl uzadırlar. 

Azərbaycan hökuməti yarandığı ilk gündən ermənilərlə sülh şəraitində yaşamaq üçün özündən asılı olan bütün tədbirləri görür. Hətta hökumət qüvvələrinə göstəriş verilir ki, ermənilər tərəfindən təxribatlar törədilsə belə dözümlülük göstərilsin, onlara cavab verilməsin. 

Şuşa şəhəri və ətraf kəndlərdə olan ermənilər iqamətgahı həmin şəhərdə yerləşən müvəqqəti general-qubernatorun hakimiyyətini tanımır. Şuşadakı Erməni Milli Şurasının bütün tapşırıqlarını danışıqsız yerinə yetirirdilər. Hələ 1919-cu il iyunun əvvəllərində Şuşada və onun ətrafında baş vermiş hadisələrdən üç ay əvvəl Şuşada oturan ingilis komandanlığının nümayəndəsi Şuşadakı Erməni Milli Şurası üzvlərinin qızışdırıcılıq hərəkətlərini və onların azərbaycanlılarla ermənilərin dinc yanaşı yaşamalarına heç cür imkan vermədiklərini görərək onları Şuşadan kənarlaşdırmağa söz verir. Lakin ermənilərin təzyiqi ilə mümkün qədər bu işi yubadırlar. Erməni və Azərbaycanlı hissələrinə bölünmüş Şuşada Erməni Milli Şurası öz təcavüzkar təbliğatçılıq siyasətlərini heç cür dayandırmaq istəmir. Ararat Respublikasından Şuranın ən barışmaz üzvü Arzumanov vasitəsilə gizli tapşırıqlar və kömək alan şura bunun müqabilində daim Ermənistan hökumətinin tapşırıqlarını yerinə yetirirdi. Şuşa-Gorus, Şuşa-Qaryagin yollarını tam nəzarət altında saxlayan ermənilər bu yollarla Şuşa ermənilərinə gizli kömək, silah-sürsat və s. gətirirdilər.

Ermənilər yayqabağı azərbaycanlı maldarların yaylaqlara köçməsi və Şuşanın yanından keçmələri ilə əlaqədar tez-tez təxribatlar törədirdilər. Onlar sürülərə hücum edir, çobanları öldürür, sürülərini oğurlayıb aparırdılar. Müvəqqəti general-qubernator X.Sultanov başda olmaqla Azərbaycan hakimiyyət orqanları isə bütün bunlara dözərək sakitlik yaratmağa çalışırdılar. 

Həmin il iyunun 1-də çoxlu silahlı ermənilərin gizli yolla şəhərə daxil olduğu haqqında məlumat alan Azərbaycanın Şuşadakı hakimiyyət orqanları Üç-Mıx yüksəkliyində azərbaycanlılara məxsus səngərlərdə isə gözətçilərin sayını artırır. Şəhərin İrəvan darvazası tərəfdə isə 20 min nəfər əsgər və 1 pulemyotdan ibarət yeni post yaradılır və onlara tapşırıq verilir ki, şəhərə gələnlər üzərində ciddi nəzarət qoysunlar. 

İyunun 4-də səhər tamamilə gözlənilmədən Üç-Mıx yüksəkliyi tərəfdən atışma başlanır və o tezliklə bütün şəhəri bürüyür. Sonralar müəyyən olunur ki, Üç-Mıx yüksəkliyindəki erməni səngərlərində 50 nəfərə yaxın silahlı erməni yığışmış və erməni zabiti Arzumanov başda olmaqla azərbaycanlı əsgərlərinin səngərlərinə hücum etmişlər. Nəticədə 3 nəfər azərbaycanlı əsgər qətlə yetirilir, ermənilərdən isə hücuma rəhbərlik edən Arzumanov və bir sıra başqaları öldürülür. 

Bundan sonra iyunun 5-də həmişə ermənilər tərəfindən zorakılıqlar görən Xəlfəli kənd icmasına mənsub müsəlmanlar Qeybalı erməni kəndinə hücüm edərək onu dağıdır və əhalisinin bir hissəsini qətlə yetirirlər. Azərbaycanın yüzlərlə kəndini yer üzərindən silən, əhalisinə qarşı tarixdə eşidilməmiş vəhşiliklər törədən ermənilər bu faktdan azrəbaycanlılara və Azərbaycan hökumətinə qarşı təbliğat kampaniyası üçün maksimum dərəcədə istifadə edirlər. Bütün erməni qəzetləri bu hadisəni şişirdərək ermənilərin böyük faciəsinə çevirməyə çalışırlar. Onun haqqında bütün dünyaya səs salırlar. Bu erməni təbliğatı ilə bağlı ingilis jurnalisti Skotland-Liddelin söylədiyi sözlər necə də yerinə düşür: “Ermənilər həmişə özləri savaş axtarır və nə vaxt ki, onu tapırlar, onlar öz təbliğatlarında bunu “sıxışdırılmaq” adlandırırlar, əslində isə bu onların özlərinin qazandıqları cəzadır. O, qeyd edirdi ki, daşnaklar üçün öldürülmüş erməni çox qiymətlidir. Əgər bu hadisədən necə lazımdırsa istifadə edə bilərlərsə, onda o, təbliğat üçün çoxlu xeyir gətirə bilir. O, Nuru Paşanın aşağıdakı sözlərini misal gətirir: “Erməni nə cavxt necə ölməsindən asılı olmayaraq həmişə başını məzardan qaldırır və qışqırır – mən kütləvi qırğın zamanı öldürülmüşəm”.20

Azərbaycan parlamentində “Daşnaksütyun” və erməni fraksiyalarından olan deputatların bu məsələ ilə bağlı qaldırdıqları böyük hay-küy bir daha dediklərimizi sübut edir. Azərbaycan hökuməti iyunun ortalarında 4 nəfər parlament üzvündən ibarət nümayəndə heyətini Şuşaya göndərir. Onlardan 2 nəfəri azərbaycanlı – Qarabəy Qarabəyov (“İttihad” fraksiyası), Ş.Rüstəmbəyov (“Müsavat” fraksiyası). 2 nəfər erməni – P.X.Çubaryan (“Daşnaksütyun” fraksiyası) və İ.N.Xocayan (“Erməni” fraksiyası) idi. Şuşadan qayıtdıqdan sonra onlar vahid məruzə hazırlamaq üçün heç cür razılığa gələ bilmirlər. Ona görə də 1919-cu il iyul ayının 7-8-də keçirilən Azərbaycan Cümhuriyyəti Parlamentinin bu məsələyə həsr olunmuş iclaslarında faktiki olaraq 4 məruzə dinlənilmişdir. Birinci gün Q.Qarabəyov və P.X.Çubaryan, ikinci gün isə Ş.Rüstəmbəyov və İ.NşXocayan məruzə edirlər.

Erməni deputatlarının hər ikisinin çıxışı demək olar ki, bütünlüklə Azərbaycana, Azərbaycan hökumətinə və Şuşada müvəqqəti general-qubernator X.Sultanova qarşı ittihamnamə kimi səslənir. Daşnak P.X.Çubaryan öz çıxışına belə ikiüzlü bir bəyanatla başlayır: “Bir məruzəçi kimi şərait tamamilə mənim əleyhimədir, əvvəla mən daşnakam və daşnaklar da hər şey üçün günahkardılar. İkincisi isə mən erməniyəm. Lakin xahiş edirəm inanasınız ki, fakt və hadisələrin izahında və onlara qiymət verilməsində mən bir müstəntiq kimi qərəzsiz və obyektiv olacağam”. 21 Maraqlıdır ki, onun bu “səmimiyyətinə” yerdən “Allah eləsin!” replikası ilə cavab verilir. Sonra isə həm o, həm də İ.Xocayan öz çıxışlarında sözün əsil mənasında bir Azərbaycan vətəndaşı, Azərbaycan Parlamentinin üzvü kimi deyil, əsil daşnak müballiği, Ararat Respublikasının emissarı kimi çıxış edirlər. Onların bu həyasız hərəkətlərinə hələ 1905-ci il erməni-azərbaycanlı qırğını zamanı əsil erməni ideoloqu kimi Qafqaz Canişini qr. İ.İ.Vorantsov-Daşkovun yanında keçirilmiş müzakirələrdə çox fəal iştirak etmiş erməni ideoloqlarından olan, Azərbaycan Parlamentinin üzvü və Azərbaycan neftinin sahibkarlarından biri S.S.Taqinsov və daşnak A.Malxazyan da qoşulurlar. P.X.Çubayan gözləri yaşlı deyəndə ki. “bizi bərabər hüquqlu vətəndaş hesab edin”. Q.Qarabəyov ona cavabında bildirir ki, “bizim aramızda hansı bərabərlikdən söhbət gedə bilər ki, siz özünüz bizim bütün çağırışlarımıza, bizim bütün təkliflərimizə cavab vermirsiniz... Siz özünüz bunu istəmirsiniz, ancaq erməni nümayəndələrinin az bir hissəsi parlament kürsüsündən ona görə istifadə edirlər ki, müsəlmanları söysünlər, ləkələsinlər. Digər hissəsi isə müsəlmanları əldə silah qarşılayırlar”.22

Şuşa və onun ətrafındakı Qeybalı və Kərkicahan kəndlərində baş vermiş hadisələrlə bağlı erməni deputatlarının hay-küyünə cavab olaraq məruzəçi Q.Qarabəyov deyir ki,, Azərbaycan Cümhuriyyətinin hakimiyyət orqanları və müvəqqəti general-qubernatoru X.Sultanovun bütün cidd-cəhdlərinə baxmayaraq, ermənilər tərəfindən törədilmiş fitnələrin nəticəsi olan bu hadisə haqqında qışqıraraq bütün dünyaya səs salmaq kimi hərəkətləriniz mənə belə gəlir ki, sizin bu cür yaramazlıqlara son qoymaq istəmədiyinizi göstərir. O, deyir: “Bununla sizdən, sizə verilən zərərdən 20-30 dəfə artıq zərər çəkmiş digər tərəfin - müsəlmanların vəziyyətini mürəkkəbləşdirmək istəyirsiniz. Bu hərəkətiniz o qədər sadə, o qədər aydındır ki, çətin ki, buna kimsəni inandırmaq lazım gəlsin. Sizin hər yerdə qəzetləriniz var, adamlarınız var, pulunuz var. Bunların köməyi ilə siz Avropada ictimai fikri istədiyiniz kimi bizə qarşı yönəldə bilirsiniz. Təkzə İstambulda ermənilərin demək olar ki, bütün Avropa dillərində 7 qəzeti çıxır”.23

Çıxış edən digər məruzəçi Ş.Rüstəmbəyov P.Çubaryanın məruzəsini general-qubernator X.Sultanova qarşı əsil ittiham aktı adndırır. Ş.Rüstəmbəyov qeyd edir ki, P.Çubaryanın dediyi kimi əgər bu işlərin təçkilatçısı həqiqətən də general-qubernator olsaydı onda gərək Şuşa şəhərində və Şuşa qəzasının digər kəndlərində bu günə qədər bir nəfər də olsun erməni qalmayaydı. Əslində isə X.Sultanov həmişə bütün bütün vasitələrdən istifadə edərək Qarabağda qayda-qanun yaratmağa , qırğının qarşısını almağa, dinc erməni əhalisini qorumağa çalışmışdı.24

Ermənilərin bütün pozuculuq hərəkətlərinə Azərbaycan Cümhuriyyəti hökumətinin və müvəqqəti general-qubernator X.Sultanovun ciddi səyləri nəticəsində 1919-cu il avqust ayının sonlarında Azərbaycan hökuməti ilə Qarabağ Erməni Milli Şurası arasında deklarasiya imzalanır. Bu deklarasiya ilə Qarabağ erməniləri Azərbaycan hökumətinin hakimiyyətini tanıyır, Azərbaycan hökuməti isə onlara mədəni-milli muxtariyyat hüququ verirdi. 25

Bu deklarasiyadan sonra hətta Azərbaycan hökuməti Qarabağda erməni müəllimlərinə yardım etmək məqsədilə 1919-cu il sentyabrın 29-da qəbul etdiyi qərarla Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının müvəqqəti general-qubernatoruna 1 milyon manat pul vəsaiti də ayırmışdı.26

Azərbaycan hökumətinin bütün bu güzəştlərinə, bütün məsələləri sülh yolu ilə həll etmək istəməsinə baxmayaraq Qarbağ erməniləri öz məkrli niyyətlərindən heç cür əl çəkmək istəmirdilər. Onlar Ararat Respublikası hökumətinin gizli tapşırıqlarını həyata keçirmək üçün yollar axtarır, gizli olaraq yeni çıxışlara hazırlaşır və bunun üçün fürsət gözləyirdilər. 

Ermənilərin belə bir çıxışı 1920-ci il mart ayının 22-də Novruz bayramı günü baş verir. Bu gün Şuşa şəhəri, Şuşa qəzası və onunla qonşu olan digər qəzalarda eyni vaxtda ermənilər yenə də qiyam qaldırırlar. Həmin il aprel ayının 1-də Azərbaycan Cümhuriyyəti Parlamentinin iclasında Qarabağda ermənilərin yeni qiyamı haqqında yenə də məsələ müzakirə olunur. Bu hadisələr haqqında daxili işlər naziri Mustafa bəy Vəkilov məlumat verir. Nazir öz çıxışında bildirir ki, son günlərdə ictimaiyyətin diqqətini yenə də Qarabağ hadisələri daha çox cəlb edir. Bu hadisələrin baş verməsi ilə bağlı məlumatında nazir deyir: “martın 22-də və iki gün ondan irəli Şuşa qalasına Azərbaycanın xidmətində olan iki sahənin erməni pristavları general-qubernatorun görüşünə gəlmək bəhanəsi ilə hərəsi 15-20 nəfər silahlı erməni strajnikləri ilə şəhərə (Şuşaya – A.P.) gəlmişlər. Beləliklə, şəhərə 200 nəfər silahlı erməni əsgəri toplamışlar. Bir bu qədər də şəhərdə olan erməni silahları ilə birləşərək Şuşada qəflətən əsgərlərimizə hücum etmişlər”.27

Hücum edən ermənilər bir neçə zabiti həbs edərək Azərbaycan Ordusunun əsgərlərinə atəş açmışlar. Bir tərəfdən bayram münasibətilə xalq öz evlərində bayram şənlikləri keçirdiklərindən, digər tərəfdən azərbaycanlılar bu cür namərdliyi gözləmədikləri halda bu silahlı çıxış olduqca qəfildən baş vermişdi. Buna baxmayaraq Şuşadakı Azərbaycan ordusunun əsgəri hissələrinin, onlara rəhbərlik edən zabitlərin qəhrəmanlığı sayəsində ermənilərin hücumu tezliklə dəf edilir. Mart ayının 23-də bütün günü şəhərdə atışma getmiş və gün batana yaxın qiyamçılar artıq Azərbaycan ordu Ermənilərin eyni vaxtda Xan kəndinə də hücumu olmuşdur. Onların da hücumları dəf olunmuşdur. Yalnız Əsgəran qalasına hücum edən ermənilər qeyri-bərabər döyüşdə Azərbaycan ordusu əsgərlərini oradan çıxararaq Əsgəran qalasını ələ keçirə bilmişlər. 

M.Vəkilov öz məruzəsində qeyd edir ki, ermənilər bu qiyama gizli şəkildə bir neçə aydan bəri hazırlaşırmışlar. Bu xüsusda böyük hazırlıq işləri görülmüş, hücuma başlamaq üçün onların ümumi bir xəbərdarlıq siqnalları da olmuşdur. Şuşa şəhərinin yaxınlığındakı Şuşa kəndindən atılan top atəşi ilə verilən xəbərdarlıq üzrə hər yerdə eyni vaxtda erməni yaraqlıları Azərbaycan əsgərlərinin üzərinə hücuma keçmişlər. Şuşa şəhəri və Şuşa qəzası kəndləri ilə yanaşı Qarabağın Cavanşir və Zəngəzur qəzalarında olan erməni əhalisi də qiyam edib Azərbaycan əhalisi və Azərbaycan əsgərləri üzərinə hücum etmişlər. Əlbəttə bu qiyam nə qədər böyük bir miqyasda hazırlansa da, hər yerdə ermənilərə böyük zərbələr vurulmuş, onların hücumları dəf edilmişdir. Ermənilərin gizli şəkildə hazırladıqları hücum planları bir nəticə verməmişdir. Onlar yalnız Əsgəran qalasını işğal edə bilmişlər. Bütün bu məsələlər haqqında verən daxili işlər naziri daha sonra demişdir: “Bu kimi həyasız fitnəni dəf etmək üçün əsgəri qüvvəyə müraciət etmədən əvvəl həyacana gəlmiş əhali özü onu yatırmağa çalışmışdır. Məmləkətimizin hər tərəfindən camaat sel kimi könüllü surətdə axışıb məhəlli hadisəyə gəlməkdədir. Hazırda bu xalq axınının qabağını almaq müşkül bir məsələ olmuşdur. Hər yerdən cəbhəyə qoşularaq öz qardaşlarının imdadına gəlirlər. Qarabağda müvəqqəti pozulmuş intizam və qayda-qanun bu yaxınlarda düzələcəkdir”.28

Demək olar ki, aprel çevrilişi ərəfəsində bu məsələnin Parlamentdə müzakirəsi çox qızğın mübahisələrə səbəb olmuşdur. Hər partiya və ictimai qurum bu müzakirələrdən öz məqsədləri və təbliğatları üçün istifadə etməyə çalışmışlar. Sosial-demokrtalar, xüsusilə Əliheydər Qarayev bu iclaslarda xüsusi canfəşanlıq göstərmişdir. Öz çıxışında o, Qarabağda qayda-qanun yaratmaq və böhran vəziyyətindən çıxmaq üçün yeganə yolu “Qırmızı Rusiya qoşununu” Azərbaycana dəvət etməkdə görürdü. 29

Onu da qeyd edək ki, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalına qədər Qarabağ erməniləri heç cür Dağlıq Qarabağı Azərbaycandan ayıraraq daşnak Ermənistanına qatmaq iddiasından imtina etməmişlər. Mayaları məkr və hiylə ilə yoğrulmuş, həmişə eyni vaxtda bir neçə cəbhəyə işləməyi məharətlə bacaran ermənilər bu illərdə də bir tərəfdən Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çalışmışdırlarsa da, digər tərəfdən ola bilsin ki, gizli surətdə Sovet Rusiyası ilə də əlaqəyə girərək bolşevik ordusunun Azərbaycana müdaxiləsini asanlaşdırmaq məqsədilə 1920-ci ilin yazında Azərbaycan ordusunun əsas qüvvələrinin başını Dağlıq Qarabağda qarışdırmışlar.

Sovet hakimiyyəti illərində ermənilərə edilən hədsiz güzəştlər erməni pərəst qüvvələrin bütün cidd-cəhdlərinə baxmayaraq Dağlıq qarabağı Ermənistana birləşdirmək mümkün olmadıqda ona Muxtar Vilayət statusunun verdirilməsi, sonralar dəfələrlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə edilən baş tutmamış cidd-cəhdlər və nəhayət M.Qorbaçovun bədnam yenidənqurma siyasətindən istifadə edərək ermənilərin Dağlıq Qarabağda törətdikləri hadisələr dediklərimizə əyani sübutdur.

 

1 ARDA: f. 970, siy. 1, iş 161, vər 1.
2 Yenə orada.
3 Yenə orada, vər. 2. 
4 Yenə orada.
5 Yenə orada, vər. 3.
6 Yenə orada.
7 Yenə orada, vər. 4.
8 Yenə orada.
9 Yenə orada.
10 Yenə orada, vər. 5.
11 Yenə orada.
12 Yenə orada, vər. 5-6.
13 Yenə orada, vər. 6.
14 Yenə orada.
15 Yenə orada.
16 ARDA: f. 100, siy. 2, iş 791, vər. 92.
17 Yenə orada, vər. 94.

18 Yenə orada, vər. 95.
19 «Azərbaycan» qəz., 30 yanvar 1919-cu il, № 21.
20 ARDA: f. 894, siy. 10, iş 81, vər. 10.
21 ARDA: f. 895, siy. 1, iş 103, vər. 33.
22 Yenə orada, vər. 223.
23 Yenə orada, vər. 222.
24 Yenə orada, vər. 227.
25 “Azərbaycan” qəzeti, 2 sentyabr 1919-cu il, № 185.
26 ARDA: f. 894, siy. 1, iş 24, vər. 56.
27 Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti, stenoqrafik hesabatlar, Bakı, 1998-ci il, II cild, səh. 879.
28 Yenə orada, vər. 880.
29 Yenə orada, vər. 881.

“AZƏRBAYCAN” qəzeti
5, 6, 7 yanvar 1999-cu il, № 2, 3, 4.

ATAXAN PAŞAYEV