Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Istedadlı rejissor, bacarıqlı sənətkar Quliyev Əşrəf Hacı oğlu-100

Son Yenilənmə : 2024-07-29 06:41:11
Baxış sayı : 87

Rejissor və aktyor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Quliyev Əşrəf Hacı oğlu Azərbaycan rejissorluq sənətinin görkəmli nümayəndələrindən biridir. Ötən əsrdə Azərbaycan teatr sənətinin inkişafında onun da özünəməxsus xidmətləri olmuşdur.

    Əşrəf Quliyev 1924-cü il iyul ayının 29-da  Bakı şəhərində anadan olmuşdur. O, 1934-cü ildə ibtidai  məktəbi bitirdikdən sonra 1937-ci ildə Bakı Teatr Texnikumuna daxil olmuşdur. Ə.Quliyev 1938-ci ildə həmin texnikumun aktyorluq fakültəsini bitirmiş və İncəsənət İşləri İdarəsinin sərəncamı ilə C.Cabbarlı adına İrəvan Dövlət Teatrında işləməyə göndərilmişdir. O, bu teatrda 1941-ci ilə qədər fəaliyyət göstərmişdir.

     1941-ci ildə SSRİ-Almaniya müharibəsinin başlanması ilə əlaqədar Ə.Quliyev cəbhəyə çağırılmış və sovet ordusunun sıralarında Ukrayna, Belarus, Polşa və digər cəbhələrdə vuruşmuş, döyüş yolunu Berlində başa vurmuşdur. Müvəffəqiyyətli döyüş əməliyyatlarına görə “Qırmızı ulduz” ordeni, “Döyüş xidmətlərinə görə” və başqa medallarla təltif olunmuşdur.

     1946-cı ildə hərbi xidmətdən tərxis olunduqdan sonra 1947-ci ilə qədər C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərmişdir.

     Ə.Quliyev 1947-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsinə daxil olur.

      İnstitutu bitirdikdən sonra 1953-cü ildən M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında (Azərbaycan Dövlət Akademik Milli Teatrında) rejissor kimi işləməyə başlayır.

     S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Əşrəf Quliyevə aid 266 saylı fond sənədləri arasında onun rejissor kimi Azərbaycan Dövlət Dram Teatrında  yenicə işə başladığı zamanlarda – 1953-ci ildə Azərbaycan SSRİ Xalq artisti, M.Əzizbəyov adına Azərbaycan Dövlət DramTeatrının Baş rejissoru Adil İskəndərovun  İncəsənət İşləri üzrə Baş  İdarənin Teatrlar  İdarəsinə yazdığı məktub mühafizə edilməkdədir. Görkəmli sənətkar Əşrəf Quliyevin istedadına yüksək qiymət verərək yazırdi ki, “sizin tərəfdən 1953-cü ilin 1 yanvarından teatrımıza göndərilmiş stajçı -rejissor Əşrəf Quliyev baş rejissor A.İskəndərov tərəfindən səhnələşdirilən iki tamaşanın quruluşuna assistentlik etmiş və hər iki tamaşada özünün rejissorluq qabiliyyətini hərtərəfli büruzə vermişdi”. Xüsusilə, türk yazarı Nazim Hikmətin “Türkiyədə” əsərinə quruluş verərkən onun parlaq istedadı üzə çıxdı.  Pyesin səhnə təcəssümündəkiçətinliklərə baxmayaraq,  yoldaş Quliyev bu çətinliklərin öhdəsindən məharətlə gəldi. Əşrəf Quliyev əsərin mətninin düzəldilməsində, tamaşadakı bir çox şəkillərin dəqiqləşdirilməsində bilavasitə iştirak etdi və onlara müstəqil quruluş verdi.

A.İskəndərovun sözlərinə görəmətnin daxili məzmununun açılması, obrazların traktovkası zamanı akytorlarla çalışarkən Əşrəf Quliyevfəallıq göstərmiş, öz təkliflərini vermişdir ki, bu təkliflərin də bir çoxu tamaşalara qəbul edilmişdi.

       Əşrəf Quliyev rejissor-stajçı kimi tamaşalara quruluş verərkən teatrın bir çox xalq və əməkdar artistləri ilə ünsiyyətdə olmuş və sübut etmişdir ki, o, istənilən fəxri titula malik aktyorlarla sərbəst şəkildə çalışa bilər. 

A.İskəndərovun yazdıqlarından belə məlum olur ki, Əşrəf Quliyev böyük aktyor kütləsi ilə çalışarkən də özünü müsbət tərəfdən göstərmişdi. A.İskəndərov qeyd edir ki,staj dövründə Ə. Quliyevə bir neçə dəfə səhnə meydançasında aktyor ansamblı ilə müstəqil məşq üçün şərait yaradılmışdı. Həmçinin, əlavə fərdi məşqlərin çoxu,  dublyorların hazırlanması daƏ.Quliyevə həvalə edilirmiş.

Staj dövründə o həm də tamaşaların dekorativ və musiqi tərtibatında fəal iştirak edirmiş. Onun qiymətli təklifləri rəssam tərəfindən istifadə edilirmiş.

A.İskəndərovun sözlərinə görə, gənc rejissor Əşrəf Quliyev kollektivlə çalışarkən özünü məharətli yaradıcılıq fəndləri olan yaxşı tamaşa təşkilatçısı, səliqəli və diqqətli insan, rejissorluq  sənətini sevən və özünü  yaradıcılıağa həsr etmiş gənc bir sənət adamı  kimi göstərmişdir.

      “Onun gördüyü bütün böyük işləri “əla” qiymətləndirirəm” – deyə məktubun sonunda Adil İskəndərov Ə.Quliyevin işinə yekun qiymət verir.

        Şübhəsiz ki, sənətdə ilk adddımlarını atan təcrübəsiz bir gəncə nəhəng sənətkar tərəfindən belə yüksək qiymət verilməsi onun gələcək karyerasında mühüm rol oynamış oldu.

       Əşrəf Quliyevun rejissorluq fəaliyyəti, ilk növdədə, M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrı ilə bağlıdır. Burada çalışdığı 30 il ərzində Ə.Quliyev teatrın səhnəsində M.F.Axundovun “Hacı Qara”, Yuri Osnos və Viktor Vinnikovun “Hind gözəli” (1959), S.Rəhmanın “Toy” (1963), “Əliqulu evlənir” (1980), C.Başqutun “Köç” (1964), M.İbrahimovun “Yaxşı adam”, C.Cabbarlının “Oqtay Eloğlu” (1966), A.Sofronovun “Gecənin sirri” (1970), A.Ostrovskinin “Müdriklər” (1973), B.Vahabzadənin “İkinci səs” (1969), “Yollara iz düşür”, (1977),  İ.Əfəndiyevin “Mənim günahım”(1967), V.Şekspirin “Heç nədən hay-küy” (1980)  və digər onlarla dram, faciə və komediyları tamaşaya hazırlamışdır.

Əşrəf Quliyev birinci növbədə əsərin personajlarına uyğun olan aktyor heyəti seçir, onlarla səmərəli işləməyi bacarırıdı. Rejissorun əsərlərini tamaşaya qoyduğu müəlliflərlə birgə apardığı yaradıcılıq işlərinin də gözəl nəticələri olurdu.Ə.Quliyev müəllifin vermək istədiyi gözəl fikirlər üzərindən ötəri keçmir, onları bütün genişiliyi ilə tamaşaçılara çatdırmaq üçün mühüm vasitələr tapır, gözəl ştrixlər seçırdi.

     Onun səhnələşdirdiyi tamaşalar bir çox incə rejissor tapıntıları ilə də zəngin olurdu. Ə.Quliyevin iştirakı ilə rəsssamların tamaşalara verdikləri bədii tərtibat, şairanə mənzərələr, bəstəkar musiqiləri əsərlərin lirizmini və təsir gücünü əhəmiyyətli dərəcədə artırırdı. O, hazırladığı tamaşlara qaralama eskizlərini özü çəkir və sonra rəssamla bu qaralamalar əsasında yaradıcılıq axtarışları aparırdı.

1960-cı illərdə onun quruluş verdiyi “Hind gözəli” tamaşasına Bakı ictimaiyyəti o qədər böyük maraq göstərmişdi ki, tamaşa bir sezon ərzində 95 dəfə nümayiş etdirilmişdi.

       Əşrəf Quliyevin yaradıcılıq fəaliyyəti çoxcəhətli idi. O, həm istedadlı rejissor, həm bacarıqlı səhnələşdirmə mütəxəssisi, həm də bir çox rus və xarici dramaturqların  pyeslərinin tərcüməçisi idi.

     1970-ci illərdə Ə.Quliyev Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində Mirzə İbrahimovun “Yaxşı adam” (1965), “Kəndçi qızı” (1976), Nəbi Xəzrinin “Sən yanmasan” (1972), “Əks-səda” (1975) tamaşalarına da quruluş vermişdi.

      Ə.Quliyev 1974-cü il iyun ayının 1-də “Azərbaycan SSR Əməkdar İncəsənət xadimi” fəxri adına layiq görülmüşdür.

      Ə.Quliyev bacarıqlı pedaqoq kimi də fəaliyyət göstərmişdir.

      O, 1958-ci ildən etibarən M.A.Əliyev adına İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində) aktyor sənətindən dərs demişdir. İstedadlı rejissor  burada 1981-ci ildən 1985-ci ilə qədər rejissorluq kafedrasının müdiri, professor vəzifələrində işləmişdir.

 Rejissor Əşrəf Quliyev Azərbaycan SSR Xalq artisti, görkəmli tarzən Qurban Primovun qızı Tamara xanımla evli olub. S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən Əşrəf Quliyevə aid fond sənədləri arasında Tamara Primovanın öz xəttiylə yazdığı tərcümeyi-hal sənədindən aydın olur ki, Tamara xanım 1948-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirsə də, Əşrəf Quliyevlə ailə qurduğu üçün işləməyib.

        Əşrəf Quliyev 10 fevral  1994-cü ildə Bakıda vəfat etmişdir.

        Məqalənin hazırlanmasında 266 №-li fondun sənədlərindən istifadə olunmuşdur.

Xatirə Qədirova

                                                                           S.Mümtaz adına Dövlət Ədəbiyyat

və İncəsənət arxivinin şöbə müdiri