AZƏRBAYCAN-TÜRKİYƏ ƏDƏBİ ƏLAQƏLƏRİNİN İNKİŞAFINDA RƏFİQ ZƏKA ZİRVƏSİ
Azərbaycanın görkəmli şairi, Beynəlxalq Atatürk mükafatı laureatı, respublikanın əməkdar incəsənət xadimi, alim Rəfiq Zəka Xəndan keçən əsrin 80-90-cı illərində Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynamış şəxsiyyətlərdəndir. Şair, demək olar ki, Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin özülünü qoyanlarından olmuşdur.
Rəfiq Zəka Xəndanın fəaliyyətinə qədər Türkiyənin ədəbi mühitində ən görkəmli sənətkarlarımızı belə tanıyanların sayı çox az idi. Türkiyə-Azərbaycan ədəbi əlaqələrinin az zaman içində böyük vüsət kəsb etməsi işində şair- alim Rəfiq Zəkanın misilsiz xidmətləri danılmazdır. O, Türkiyədə dərc edilən müxtəlif qəzet və jurnallarda onlarca söz ustalarımız haqda məqalələrlə çıxış etmiş, yüzdən artıq şair və yazıçımızı türk oxucusuna çatdırmışdı.
Həmin illərdə Rəfiq Zəka Xəndan qələmindən çıxan şeirlər, poemalar, esselər, məqalələr, müsahibələr Ankara, İstanbul, İzmir, Konya, Ərzurum və başqa şəhərlərdə çıxan qəzet və jurnal səhifələrini bəzəyirdi.
Onu da qeyd etmək lazımdır ki,həmin illərdə respublikamızın bir çox kitabxanaları məhz Rəfiq Zəkanın sayəsində onlarla türk jurnal və qəzetlərini alırdılar.
Həmin dövrdə İstanbulda nəşr olunan sənət, ədəbiyyat, mədəniyyət, fikir dərgisi “Sizə” jurnalında R.Xəndanın “Bakıdan salam” adlı öz daimi rubrikası fəaliyyət göstərirmiş. Jurnalın hər nömrəsində həmyerlimizin klassik və müasir Azərbaycan şair və yazıçıları haqqında bir məqaləsi dərc olunur, eyni zamanda hər nömrədə ya Rəfiqin şeirləri, poemaları, ya da Türkiyədə nəşr olunmuş kitabları haqqında türk alimlərinin məqalələri çıxırdı. Rəfiqə qədər bu jurnalın səhifələrində Azərbaycan ədəbiyyatı nümunələrinə rast gəlmək mümkün deyildi. Bu fədakarlığa, xeyirxahlığa heyrət etməmək, qiymət verməmək mümkün deyil. Uzun illər bir-birindən ayrı düşmüş iki qardaş xalq – Türkiyə və Azərbaycan xalqları arasında sovetlər dönəmində heç bir yaxınlığın olmadığını nəzərə aldıqda, həmyerlimizin bu sahədə atdığı cəsarətli addımlar təqdirəlayiq idi. Rəfiq Zəkadan əvvəl heç bir yazıçı, şair bu sahədə heç bir iş görməmişdi.
1985-ci ildə Azərbyacanımızın böyük təbliğatçısı, Türkiyə Folklor Araşdırmaları Qurumunun prezidenti olmuş İrfan Ünver Nəsrəddinoğlu şairin “Yurdum, ulusum” adlı kitabı haqda yazırdı:
“Bir əli Yunus Emrədə, bir əli Füzulidə olan şairin dördüncü yüzilə qədər bir-birindən ayrı iki irmaq kimi axıb gələn, sonralar birləşən və iyirminci yüzilin başlarında yenidən ayrılan bu iki irmaq sanki Rəfiq Zəka ilhamının dalğalarıyla yenidən bir məcraya tökülmüşdür... Rəfiq Zəka Azərbaycan şeirinə deyil, türk dünyası şeirinə yeniliklər gətirmişdir, desək mübaliğə etmiş olmarıq... Rəfiq Zəka üçün nə qədər yazılsa, azdır”.
Haşiyə çıxaraq söyləyək ki, kitabdakı şeirlərə nəzər saldıqda burada işlənən yeni təşbihlərin, yeni bədii təsvir vasitələrinin nə qədər orijinal olması, günümüzdə də aktual səslənməsi diqqətə çarpır :
Oğulları ölən yaslı analar,
Boşluqla üz-üzə duran aynalar.
“Sizə” jurnalının sentyabr nömrəsində Rəfiq Zəkanın “Sənsiz” adlı poeması dərc olunmuşdur ki, müəllif bu əsərini sırf İstanbul türkcəsində yazmışdır:
Akıb gidər günlərim,
İnim-inim inlərim,
İstanbulu dinlərim,
Sənsiz duramıyorum.
Yaralarım dərində,
Bağrımın üzərində,
Durur dünya yerində,
Sənsiz duramıyorum.
Duramıyorum, canım,
Durmuyor həyəcanım,
Duymuş Azərbaycanım,
Sənsiz duramıyorum.
Şairin “Sənsiz“ poemasından olan bu bəndlər məşhur türk bəstəkarı F.Qaramahmudoğlunun diqqətini cəlb etmiş, sözlərə onun tərəfindən mahnı bəstələnmiş, gözəl türk müğənnisi Əməl Sayının repertuarına salınmışdı.
Türkiyə türkcəsini bütün incəliklərinə qədər bilən Rəfiq Zəka Xəndanın Ankarada, İstanbulda nəşr olunan bütün şeir kitablarındakı əsərləri İstanbul türkcəsində yazılmışdır.
İstanbulda çıxan digər bir jurnalın – “Tanıtım” jurnalının adı da Rəfiq Zəkanın şücaəti və zəhməti sayəsində Azərbaycanımızda tanınmışdı. R.Z.Xəndan “Tanıtım” jurnalını az qala Azərbaycanımızın orqanına döndərmişdi desək, mübaliğəyə yol vermiş olmarıq. Belə ki, jurnalın hər nömrəsində bizə dair bir neçə material dərc olunurdu. 1987-ci ilin fevral-mart ayları nömrəsinin üz qabığını Rəfiq Zəkanın Ağrıdağa həsr etdiyi şeir və sonuncu səhifəni yenə olun misraları bəzəyirdi:
Özgə bilmirəm səni,
Sən mənim öz dağımsan!
Yaman gözdən gözlərəm,
Düşmənə göz dağımsan!..
1987-ci ilin noyabr ayı nömrəsində Yavuz Onkun “Azərbaycan şairlərindən Rəfiq Zəka Xəndan” adlı məqaləsində oxuyuruq:
“Azərbaycan türklərinin böyük şairlərindən biri olan Rəfiq Zəka Xəndan Anadolu səmalarında da səsinin duyurmuş, Türkiyə mətbuatında geniş yer almışdır. Qəzetə və dərgilərdə kəndisiylə ilgili çeşidli yazılar yazılmış, şeirləri türk oxucularının sevgisinin qazanmışdır”.
1988-ci ilin noyabr nömrəsində “Tanıtım”ın sahibi Şamil Güvənin Rəfiq Zəka Xəndanla geniş müsahibəsi dərc edilmişdi. Rəfiq jurnalın qurucusunun Qarabağla bağlı suallarına da tutarlı cavab verir. Şamil Güvənin “Qarabağ ermənilərəmi, yoxsa azərilərəmi aiddir?” sualına belə cavab verir:
“Hər şeydən öncə Qarabağın əsrlər boyunca başkəndi olmuş Şuşanın əsasını ünlü Azərbaycan sultanı Pənah xan qoymuşdur. Qarabağdan bütün Şərq dünyasının ən böyük bəstəçisi dahi Üzeyir Hacıbəyli çıxmışdır. Bütün musiqi dünyasına səs salmış Cabbar Qaryağdıoğlu, Seyid Şuşalı, Bülbül, Xan Şuşalı, Rəşid Behbud və başqa gözəl şərqiçilər Qarabağdan çıxmışdır. Adlarından və soyadlarından gördüyünüz kimi bu sənətçilər erməni deyildir...”
Onu da qeyd edək ki, Rəfiq Zəkanın Türkiyədə dərc edilmiş bütün məqalələrində sənət adamlarımızın soyadları “ov”suz, “yev”siz verilirdi.
“Tanıtım”ın səhifələrində şair və nasirlərimiz haqqında ardıcıl yazılar verilirdi ki, bunların da çıxmasını Rəfiq təşkil edirdi. Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Almas Yldırım, Rəsul Rza, Səməd Vurğun, Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə, Anar, Elçin, Əzizə Cəfərzadə, Yusif Səmədoğlu və başqaları haqqında məqalələr bu qəbildəndir.
Həmin illərdə Türkiyədə nəşr olunan “Türkeli”, “Üçüncü yeni”, “Türk ədəbiyyatı”, “Kamalist ülkü”, “Qarınca” və başqa jurnallarda da Rəfiq Zəka Xəndan haqda məqalələr çıxmışdı.
Türkiyənin məşhur şairlərindən biri olmuş Ayhan İnal R.Z.Xəndanı “Kimsəylə müqayisə qəbul etməyən müdhiş hafizəsi, türk dilinə və türklük şüuruna köklü tütqusu və böyük şəxsiyyəti ilə insanı heyran etməklə qalmayan, eyni zamanda şaşırtan bir üstün insan” kimi xarakterizə edirdi.
1989-cu ildə Rəfiq Zəkanın “Azərbaycanın səsi” adlı şeirlər və poemalar kitabı İstanbulda nəfis şəkildə tərtib edilərək nəşr olunur. Kitaba görkəmli türk tədqiqatçısı Yusif Gədikli “Azərbaycanın qurd ürəkli dev şairi” adlı ön söz yazır. Ön sözdə oxuyuq: “İyirminci əsr türk şeirinə yeni bir ruh, yeni bir hava gətirən Beş hecaçılar ədəbiyyatımızda nasıl yeni üfiq açmışlarsa, Rəfiq Zəka da çağdaş Azərbaycan şeirində onlar kibi yeni bir üfiq açmışdır”.
Rəfiq Zəka Xəndan haqqında Türkiyədə yazılanlar bir yerə toplanarsa, bir neçə cildlik kitab təşkil edər. Həmçinin, 1980-90-cı illərin dövri mətbuatını izləyən oxucular Rəfiq Zəka Xəndanın Türkiyədəki ədəbi fəaliyyəti haqqında Moskvanın və Azərbaycanın xəbər agentliklərinin müntəzəm şəkildə verdikləri məlumatlarla yaxşı tanışdırlar.
Beynəlxalq Atatürk mükafatı laureatı olan ilk sovet şairi, İstanbulun Sovetlər Birliyindən olan ilk fəxri vətəndaşı, Türkiyənin ilk fəxri akademiki, Türk Dünyası Araşdırmaları Vakfının ilk fəxri elmlər doktoru və professoru, Türkiyənin ilk Azərbaycan təmsilçisi, Türkiyədə ilk basın kartı alan Azərbaycan vətəndaşı... Bütün bu titulları Rəfiq Zəka gərgin zəhməti, fədakarlığı sayəsində qazanmışdı. Şübhəsiz ki, uzun illərin ayrılığından sonra iki qardaş xalqın bir-birinə olan həsrətinə son qoyulmasına öz qələmiylə böyük töhvələr vermiş, qardaş ədəbiyyatların qarşılıqlı tanıdılmasında misilsiz işlər görmüş Rəfiq Zəka Xəndanın xidmətləri oxucular tərəfindən daim ehtiramla xatırlanacaqdır.
Məqalənin hazırlanmasında 611№-li fondun sənədlərindən istifadə olunmuşdur.
Xatirə Qədirova
S.Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət arxivinin şöbə müdiri
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az