Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Süleyman bəy Əbdürrəhmanbəyov-165

Son Yenilənmə : 2025-07-24 07:42:59
Baxış sayı : 111

Uca və ali peşənin nümayəndəsi 

 

Müəllimlik peşəsinin tərəqqisi, peşəkar status alması daha çox XIX-XX əsrlərlə bağlıdır. Azərbaycanda baş verən Mədəni-maarif hərəkatları sayəsində yeni ideologiyaların yaranması,  milli şüurun oyanması, xalqın öz milli varlığını dərindən dərk etməsi bu peşənin də şüurlu şəkildə inkişafına təkan verdi. Maarif və mədəniyyət xadimlərindən, yaradıcı ziyalılardan başqa xalqın arasında da bu sənət sahiblərinin əməyini qiymətləndirən, cəmiyyətin rifahında bu sənətin nümayəndələrinin əvəzsiz rolu olduğunu anlayan insanların sayının durmadan artması bu hərəkatın uğurlarından idi.  Müəllimlik hər zaman çətin, məsuliyyətli peşə  olsa da  XIX-XX əsrlərdə bu peşənin icraçısı olmaq ikiqat məsuliyyət, daha ağır öhdəçilik idi. Müəllimlər maarifçilərlə birlikdə millətin təfəkkürünün oyanması, təhsilin ana dilində olması, xalqın gələcək həyatında tərəqqiyə çatması üçün əzmlə çalışıb vuruşmuşlar. Azərbaycan tarixində ömrünü bu fəzilətli peşəyə həsr edən, gələcək nəslin təhsili və tərbiyəsi kimi çətin, məşəqqətli vəzifəni yerinə yetirən, əməksevər, fədakar müəllimlərin sayı çox olmuşdur. Həyatını bu möhtərəm peşəyə həsr edən, bu uca adı daşıyan, gələcək nəslin milli ruhda böyüməsində əlindən gələni əsirgəməyən, sözügedən dövrün çətinlikləri ilə mübarizə aparan xalq arasında böyük nüfuz qazanmış, tanınmış maarif xadimlərindən biri Süleyman bəy Əbdürrəhmanbəyov olmuşdur. Süleyman bəy Əbdürrəhmanbəyov 1860-cı il 8 avqust (27 iyul) tarixində  Bakı quberniyası, Nuxa qəzasının Qarabaldır kəndində anadan olmuşdur. Atası Səlim bəy Hacı Əbdürrəhman bəy oğlu, anası isə Fatma xanım Hacı Əbdürrəhim bəy qızı olmuşdur. 

       Süleyman bəy Əbdürrəhmanbəyov 1878-1883- cü illərdə Nuxa şəhər üç sinifli məktəbini bütün fənnlər üzrə əla qiymətlərlə bitirdikdən sonra 1883-1887-ci illərdə Tiflisdə Aleksandr Müəllimlər İnistutunda təhsil almışdır. İnstitutda Sultanməcid Qənizadə və Həbib bəy Mahmudbəyov tələbə yoldaşları idi. Qənizadə sonralar onun haqqında qeydlərində yazırdı ki, Süleyman bəyin tələbə kimi yüksək istedadı institutu bitirəndə qızıl medala layiq idi. Lakin “tatar” olduğuna görə ona qızıl deyil, gümüş medal verildi.

         Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “Bakı şəhər İdarəsi” fondunda Süleyman bəy Əbdürrəhmanbəyov ilə bağlı bir saxlama vahidi – onun şəxsi işi  saxlanılır. Şəxsi iş onun Bakı şəhər Upravasının Təhsil şöbəsinə tabe olan Alekseyevski şəhər məktəbində 1901-ci ildən 1918-ci ilədək xidmət etdiyi dövrü əhatə edir. Burada müəllimlik xidmətinə qəbul olunması üçün yazdığı ərizədən başlamış xidməti zamanı yazılmış müxtəlif sənədlər və nəhayət, işdən çıxma ərizəsinədək - hamısı toplanılmışdır (f.389, siy.8, sax.vah.1446).

          Süleyman bəy Əbdürrəhmanbəyov təhsilini başa vurduqdan sonra ilk olaraq  1887- ci ildə Şuşa qəzasının Tuğ kəndində müəllim kimi fəaliyyətə başlamış, 1888-1899-cu illərdə Xaçmaz (indiki Oğuz rayonunda), Bum (indiki Qəbələ rayonunda), Gülablı və Padar kəndlərində (indiki Oğuz rayonunda) kənd məktəblərində müəllim işləmişdir (f.389.siy.8,iş.1416 v.9-12). 1899-cu ildə Nuxa şəhər 1-ci ictimai rus-tatar məktəbinə müəllim keçmişdir. 1901-ci ildən isə Bakı şəhər məktəbində işləməyə başlamışdı. O. xalq arasında müəllim kimi geniş nüfuz qazanmışdı. 1910-cu ildə Müsəlman Maarif Cəmiyyətinin “Nicat” qəzetinin redaksiya heyətinə üzv seçilmişdir. Əbdürrəhmanbəyovun müəllifi olduğu bir çox məqalələri və hekayəsi vardır ki, bunlar onun yaradıcılığında publistik fəliyyətlə də məşğul olduğunun göstəricisidir. “Dəbistan” pedaqoji  jurnalında “Qüreyş tərlanı”, “Dil millətin həyatına vasitədir” adlı məqalələri, “Nicat” qəzetində isə bir hekayəsi, Mirzə Fətəli Axundzadənin yubileyi barəsində yazdığı məqaləsi dərc olunmuşdur. Süleyman bəy Əbdürrəhmanbəyov məşhur müəllim və yazıçı Süleyman Sani Axundovla eyni məktəbdə işləyib.

        Süleyman bəy Əbdürrəhmanbəyovun 1 noyabr 1917-ci ildə Alekseyevski ali ibtidai məktəbindən vəzifəsindən istefa verməsi barədə təhsil şöbəsinin müdiri Xalq Komissarları Sovetinə 1918-ci il 23 may tarixində məlumat vermişdir (f.389.siy.8,iş.1416 v.23). 14 dekabr 1917-ci ildə Bakı III ali ibtidai məktəbinin müəllimi Əbdürrəhmanbəyov Bakı Şəhər İdarəsi məktəblər komissiyasının sədrinə yazdığı ərizədə həmin ilin dekabrından onu xidmətdən çıxmış saymağı və Şəhər Duması qarşısında ona 16 illik şəhər xidmətinə görə təqaüd təyin edilməsi haqqında vəsatət qaldırmağı xahiş etmişdir (f.389.siy.8,iş.1416,v.20). 21 iyul 1921-ci ildə Azərbaycan Xalq Maarif  Komissarlığının Kollegiya iclası keçirilmişdir. Gündəlikdəki 24-cü məsələ Maarif və Sosialist Mədəniyyəti İşçiləri Birliyinin 35 il xidmət etmiş, indi iflic olmuş və hədsiz ağır maddi duruma düşmüş müəllimi Əbdürrəhmanbəyova birdəfəlik yüksək məbləğ həcmində yardım verilməsi və ona özəl sosial təminat kəsilməsi haqqında xahişinə baxılmışdır. Kollegiya tələb edilən məbləği ödəməyi qərara almış və Xalq Komissarları Şurası qarşısında Süleyman bəy Əbdürrəhmanbəyova müəllimlərin orta əməkhaqqı hesabı ilə aylıq sosial yardım göstərilməsi haqqında vəsatət qaldırıb.

       Otuz beş il müəllim kimi çalışmış Süleyman bəy Əbdürrəhmanbəyov Azərbaycanın  ilk ali təhsilli müəllimlərindən biri idi. Yalnız pedaqoji fəaliyyətlə kifayətlənməyən, ictimai-siyasi aktivliklə də məşğul olan Əbdürrəhmanbəyovun Azərbaycan müəllimlərinin 1-ci, 2-ci qurultaylarının baş tutmasında və keçirilməsində böyük əməyi olmuşdur. Əbdürrəhmanbəyov dilimizin və mədəniyyətimizin təşəkkül tapmasında, Azərbaycan dilində dərsliklərin nəşr olunmasında da zəruri işlər görmüşdü. “Dəbistan” jurnalında 10 mart 1908-ci ildə çıxan “Dil millətin həyatına vasitədir” adlı məqaləsi məhz bu amala xidmət edirdi. Süleyman bəy Əbdürrəhmanbəyov Mahmud bəy Mahmudbəyovun başçılığı ilə 1922-ci ildə hazırlanmış “Yeni türk əlifbası” adlı dərsliyin də həmmüəlliflərindən olmuşdur.  Dilimizin dəyərini anlayan, millətin formalaşmasında dilin əsas vasitə olduğunu dərk edən maarif xadimi H.Zərdabi, S.S.Axundov, A.Şaiq, F.Ağazadə, R.Əfəndizadə, S.M.Qənizadə, Ə.Kamal, M.Mahmudbəyov, R.Əfəndiyev, Ə.Hüseynzadə və digər görkəmli şəxsiyyətlərlə bir yerdə məktəblər üçün türk dilində dərsliklərin hazırlanmasında əvəzsiz xidmətlər göstərmişdi.

       1921-ci ildə vəfat edən Süleyman bəy Əbdürrəhmanbəyov həyatını  bu nəcib sənətə həsr edən,  peşə borcunu şərəflə yerinə yetirən, gələcək nəsillərin inkişafına, təhsilin formalaşmasına, millətin təfəkkürünün təşəkkülünə bəhrələr verən, adını milli mədəniyyət tariximizə əbədi həkk etmiş böyük maarif xadimimiz, ziyalımız olmuşdur.

 

                                                                                           Həsənova Günay

Dövlət Tarix Arxivinin aparıcı arxeoqrafı