Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Vətənpərvər şəxsiyyət, istedadlı dramaturq Şıxəli Qurbanov - 100

Son Yenilənmə : 2025-08-05 06:01:59
Baxış sayı : 142

    Komediya bədii yaradıcılığın xüsusi istedad tələb edən çox vacib  və mürəkkəb bir sahəsidir. Ədəbiyyatımızın bu sahədə M.F.Axundov və C.Məmmədquluzadənin şərəfli adları ilə bağlı olan böyük ənənələri vardır. Bu sahədə böyük istedad sahibi olan şəxsiyyətlərdən biri də Şıxəli Qurbanovdur. Şıxəli Qurbanov öz kəskin qələmiylə ötən əsrin 50-60-cı illərinə xas bir sıra Azərbaycan həqiqətlərini müvəffəqiyyətlə satirik, komik gülüşün obyektinə çevirmişdi.   Ş.Qurbanov 1925-ci ilin avqust  ayının 16-da Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 17 yaşında ikən o, könüllü surətdə cəbhəyə getmiş, SSRİ-Almaniya  müharibəsində iştirak etmişdir. Ordudan buraxıldıqdan sonra o, 1947-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olur. Ali məktəbi bitirdikdən sonra Ş.Qurbanov həmin institutun aspiranturasında oxuyur.  1956-cı ildə o, filolologiya elmləri, 1965-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. Şıxəli Qurbanov 1953-cü ildən 1961-ci ilədək rəhbər partiya işində çalışmışdır. O  var-qüvvəsini, tükənməz əzmini, bir rəhbər işçi və və təşkilatçı kimi istedadını dövlətin ona tapşırdığı vəzifələrin yerinə yetirilməsinə sərf etmişdir.

     Ş.Qurbanovun böyük və hərtərəfli istedadı təkcə elmi sahədə deyil, ədəbiyyat sahəsində də özünü göstərmişdir. Onun gözəl pyesləri və librettoları tamaşaçılar tərəfindən geniş rəğbətlə qarşılanmışdır. Ş.Qurbanov ədəbiyatımızın yaşarı ənənələrinə sadiq qalaraq öz zəmanəsinin ictimai eyiblərini, sovet bürokratizminin eybəcərliklərini orijinal vasitələrlə ifşa edirdi. Onun komediyaları tərəqqiyə mane olan mənəvi eybəcərlikləri, əliəyriliyi, boşboğazlığı, rüşvətxorluğu, ikiüzlülüyü ifşa edən əsərlərdir. “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə , oldu belə”, “Milyonçunun dilənçi oğlu” əsərlərindəki mənfi personajlar həyatdan götürülmüş surətlərin əlvan qalereyasını təşkil edirdi. Müəllifin komediyaları Azərbaycan səhnəsində komik aktyorlar nəslinin parlaması üçün yeni imkanlar açdı. Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Əliağa Ağayev, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslan kimi nadir səhnə xadimlərimiz Ş.Qurbanovun əsərlərinin tamaşalarında öz komik istedadlarının yeni-yeni xüsusiyyətərini nümayiş etdirdilər.

      Ədəbi əlaqələr sahəsində Azərbaycan elminin təşkilatlanma və yeni tərəqqi mərhələsi Ş.Qurbanovun adı və ənənləri ilə sıx bağlıdır. Nizami adına Ədəbiyyat İnstitutunda ədəbi əlaqələr şöbəsini məhz o yaratmışdı. Dünya ədəbiyyatşünaslığında  tanınan bir çox  elm adamları bu şöbənin əməkdaşları olublar. Ş.Qurbanovdan elmimizə 2 sanballı kitab yadigar qalıb. Onun “Puşkin  və Azərbaycan”, “XIX əsrdə Azərbaycan-Rus  ədəbi əlaqələrinin inkişaf mərhələləri” monoqrafiyaları son dərəcə geniş faktik materiallardan ibarətdir. Ş.Qurbanov göstərirdi ki, keçən əsrin istedadlı Azərbaycan şair və ədibləri heç vaxt özlərinin rus həmkarlarını tutuquşu kimi təkrar etməmişlər. Onlar rus ədəbiyyatından  yeri gəldikcə yaradıcılıq yolu  ilə bəhrələnərək öz qiymətli və orijinal əsərlərini yazmışlar.

      Ş.Qurbanovun elmimizə verdiyi üçüncü töhfə isə böyük mütəfəkkir Mirzə Fətəli Axundovun Puşkinin  faciəli ölümü münasibəti ilə yazdığı məşhur “Şərq poeması”nın ciddi elmi prinsiplər əsasında hazırladığı çox unikal nəşridir. 1962-ci ildə ölkə dahi Mirzə Fətəli Axundovun 150 illik yubileyinə hazırlaşarkən Ş.Qurbanovun təşəbbüsü və çox fədakar əməyi nəticəsiəndə bu poemanın o zamankı SSRİ daxilində danışılan 25 dildə tərcüməsi ilk dəfə olaraq bir kitabda toplanaraq nəşr edilmişdir. Kitabda poemanın Axundovun özü tərəfindən yerinə yetirilmiş əla rus tərcüməsi, digər ədəbiyyatşünasların gözəl poetik tərcümələri, bəstəkar Süleyman Ələsgərovun bu mövzuda bəstələdiyi romansın partiturası və digər qiymətli nümunələr var.

    Şıxəli Qurbanovun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri isə, şübhəsiz ki, Novruz bayramının bərpası idi. Sovetlərin qadağa rejimi çağlarında bu qədim el bayramımız küçə və meydanlardan süni surətdə kənarlaşdırılmışdı. Mərhum Ş.Qurbanovun təşəbbüsü  və ardıcıl surətdə apardığı çox böyük işlər sayəsində keçən əsrin 60-cı illərində Novruz bayramı ilk dəfə evlərimizdən, həyətlərimizdən adlayıb küçə və meydanlarımıza çıxdı. Heç nədən çəkinməyən soydaşlarımız tam sərbəst şəkildə meydanlarda Novruz və çərşənbə günlərində bayram tonqalları yandırdılar. Al-qırmızı bəzədilmiş at-faytonlardan bahar qızlarımız musiqi sədaları altında adamları təbrik etdilər. Meydan tamaşaları Keçəl və Kosanı, Novruz bayramının digər atributlarını öz qoynuna aldı. İçəri şəhərin Qoşa qala qapıları, Qız qalası tarix boyu görmədiyi al-əlvan bayram libası geyindi. Azərbaycanlılar Novruz aurasında bir azərbaycanlı, bir millət övladı kimi özlərini dərk etməyə başladı. Bu o zaman üçün Ş.Qurbanovun xalq qarşısında çox böyük tarixi xidməti idi.

     Bununla belə,  onunla eyni dövrdə yaşamış və çalışmış şəxslərin sözlərinə görə sovet quruluşunun yetirməsi olan Ş.Qurbanovun daxilindəki milli ruh həmişə oyaq  olsa da, o heç vaxt bu quruluşa qarşı çıxmamış, dissident olmamışdı. Ş.Qurbanov öz partiya-dövlət vəzifələrini həmişə yüksək səviyyədə yerinə yetirmişdir. O, ən yaxın dostları ilə söhbətlərində də hökumət əleyhinə danışmazdı. Amma hərdənbir özünəməxsus bir şirinliklə söylədiyi lətifələrdə, anekdotlarda mövcud quruluşun nöqsanlarına, bəzi əldəqayırma  rəhbər işçilərin eyiblərinə gülürdi. O özünün praktik fəaliyyətində vəzifə yasaqlarının çərçivəsinə sığmaz, hər bir konkret halda çox incəliklə özünün qüvvətli ağlı, savadı, məntiqi və əlbəttə vətənpərvərlik duyğuları ilə vəhdətdə hərəkət edərdi. Onun Azərbaycan KP MK-da şöbə müdiri vəzifəsindən kənarlaşdırılması da məhz vətənpərvərliyi ilə  bağlı idi. Onunla 5 il Akademiyanın Nizami adına Ədəbiyyat və Dil İnstitutunda birgə çalışmış görkəmli ədəbiyyatşünas alim Bəkir Nəbiyev  xatirələrində qeyd edirdi ki, o zaman Moskvadan gələn çox yüksək rütbəli partiya finksionerləri “Azərbaycan kommunist partiyasının tarixi” əsərinin müzakirəsi zamanı qeyri-obyektiv fikirlər səsləndirmişdilər. Onlar bizim yerli tarixçiləri guya tarixi həqiqətləri təhrif etməkdə, Nərimanovu ideallaşdırıb Şaumyanı yetərincə tərifləməməkdə günahlandırmışdılar. Ş.Qurbanov bu aşkar haqsızlığa dözə billməmiş, öz cavab nitqində həmin ittihamları rədd edərək demişdi ki, “bizə imkan verin, öz ölkəmizin tarixini həqiqi faktlar əsasında, özümüz bildiyimiz kimi yazaq..”

     Ş.Qurbanov 24 may 1967-ci ildə dünyasını dəyişmişdir. Şübhəsiz ki, xalqı üçün həyatını qurban verən belə vətənpərvər şəxsiyyətin xatirəsi vətənini sevən hər bir kəsin qəlbində əbədi olaraq yaşayacaqdır.

     Məqalənin hazırlanmasında 472 və 386 №-li fondların sənədlərindən istifadə olunmuşdur.

 

                                                                                                     Xatirə Qədirova

                                                                           S.Mümtaz adına Dövlət Ədəbiyyat

                                                                           və İncəsənət arxivinin şöbə müdiri