Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Dahi ziyalımız Həsən bəy Zərdabi . . .

Son Yenilənmə : 2021-07-22 07:48:39
Baxış sayı : 2265

 

 

Həsən bəy Zərdabi xalqımızın elə böyük şəxsiyyətlərindəndir ki, onu təkcə Milli Mətbuat günündə, yubiley dönəmində və doğum, anım günlərində deyil, ilin istənilən vaxtı xatırlamaq, xalqımız üçün gördüyü unudulmaz xidmətlərini yad etmək gərəyimiz və borcumuzdur. O, xalqın taleyində xüsusi rolu olan ictimai xadim, maarifçi və publisist, azərbaycan dilində ilk qəzetin (“Əkinçi”) yaradıcısı, on ilə yaxın isə Bakı şəhər Dumasının üzvü (deputatı) olmuşdur.

Həyata keçirdiyi mütərəqqi işlərdən danışarkən qeyd edilməlidir ki, 1873-cü ildə Azərbaycan teatrının yaradılmasında onun da xidməti vardır. Həsən bəyin rəhbərliyi və fəal iştirakı ilə məhz həmin il Mirzə Fətəli Axundzadənin “Hacı Qara” və “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyaları tamaşaya qoyulmuşdur. 1901-ci ilin sentyabrında isə, o, Zeynalabdin Tağıyevin istəyi ilə qızlar məktəbinin rəhbərliyinə gətirilir. Azərbaycan tarixində bir ilk olan qız məktəbinin açılması Tağıyevlə yanaşı Həsən bəy Zərdabi və həyat yoldaşı Hənifə xanımın da böyük zəhmətləri hesabına baş vermişdir. Belə ki, qızların təhsilə cəlb edilməsi onun çoxdankı arzusu idi. Hələ 1896-cı ilin yanvarında Bakı qubernatoruna ərizə yazıb qızlar üçün birsinifli üçillik kurs təhsilli məktəb açmaq arzusunu ifadə etmişdi (f.45, siy.2, sax.vah.257). Lakin Göyçay qəza polisinin və Bakı jandarm idarəsinin barəsində verdiyi mənfi rəylərin səbəbindən arzusunun həyata keçməsinə imkan verilməmişdi.

Araşdırmalar zamanı Azərbaycan Respublikası Dövlət Tarix Arxivində XIX əsrin sonları – XX əsrin əvvəllərinə dair qarşıya çıxan sənədlərdə bu böyük insanın vətəndaşlıq mövqeyini, torpağına, xalqına olan sevgisindən irəli gələn fədakarlığını gördükdə heyrətlənməmək mümkün deyil.

Xüsusilə onun Bakı şəhər Dumasındakı gərgin fəaliyyəti bu gün də aktuallığını itirmir, öyrənilmək baxımından çox təqdirəlayiqdir. Həsən bəy Dumanın demək olar ki, bütün iclaslarında iştirak edir, dövrünün əyintilərinə qarşı həmişə çəkinmədən  narazılığını bildirirdi. Özü heç bir iclası qaçırmayıb, praktik olaraq iclaslarda iştirak etməyənlərin üzv seçilməsinə etiraz edirdi. İradını bildirirdi ki, niyə iclasın gündəliyi ciddi hazırlaşmaq üçün bir neçə gün əvvəldən yox, iclas başlayanda elan edilir. Şəhər başçısı və idarə işçilərinin maaşlarının artırılmasına razılaşmırdı, gimnaziyada pulsuz təhsil alan şagirdlərin sayının azaldılması isə onu qəzəbləndirirdi. Şəhərdəki natəmizliklə heç cürə barışa bilmirdi. Tələb edirdi ki, kasıbları müalicə etmək üçün şəhərə büdcədən maaş alan həkimlər lazımdır və bu həkimlər həm də, mütləq xarici dilləri bilməlidirlər.

Müzakirələr zamanı dövlət vəsaitlərinin oğurluğuna və israfçılığına qarşı mübarizə aparır, belə qərarların qəbul olunmaması üçün ciddi müqavimət göstərirdi. İndiki dillə desək korrupsiyaya bulaşmış rus məmurlarını Dumada özbaşınalıqda günahlandırmaq, hər üzvdə olmayan cəsarət və vicdanlı qətiyyət tələb edirdi.

Dövlət Tarix Arxivinin “Bakı şəhər idarəsi” fondunda Həsən bəyin şəhər Dumasına məmurları ifşa edən sorğularına dair üç saxlama vahidi qorunur. Onlardan biri belə adlanır: “Küçələrin döşənməsinə nəzarət xidmətində Terentyevin sui-istifadəsi haqqında qlasnı Məlikovun ərizəsi səbəbi ilə təhqiqatın aparılması haqqında yazışma” (f.389, siy.3, sax.vah.2303)

Ərizə 18 aprel 1901-ci ildə Dumaya təqdim edilib. Ərizə ilə bağlı il yarım təhqiqat aparılıb. Saxlama vahidinin 29-30-cu səhifəsində şəhər icraiyyə üzvü Smolenskinin məruzəsindən öyrənirik ki, qlasnı Məlikov Terentyevi küçələrin, körpülərin salınması və təmiri işlərində büdcədən sui-istifadədə, əlavə yeyintidə günahlandırır. Lakin Smolenski uzun-uzadı məruzəsində müxtəlif işçilərdən aldığı rəylərlə “nala-mıxa” vurur, ərizədəki iradları malalamağa çalışır, təhqiqatı nəticəsi olmayan sonluğa çıxarır.

Həsən bəyin bir gün sonra 19 aprel 1901-ci ildə verdiyi daha iki ərizə də hakimiyyət məmurları tərəfindən eyni münasibətlə üzləşir. “Şəhər bağçılıq xidməti üzrə A.Vasilyevin sui-istifadəsi haqqında qlasnı Məlikovun ərizəsi ilə təhqiqata dair yazışma” (f.389, siy.3, sax.vah.2304) adlanan saxlama vahidinin 41-60-cı səhifələrində A.Vasilyev şəhər idarəsinə yazdığı izahatında şəhər bağlarının salınması, saxlanması xərclərində səlahiyyət həddindən artıq heç nə etmədiyinə “and-aman” edir.

Həsən bəyin üçüncü ərizəsi – “Mazut toplanmasının müdiri K.Vasilyevin sui-istifadəsi haqqında qlasnı Məlikovun ərizəsi ilə təhqiqat haqqında yazışma” (f.389, siy.3, sax.vah.2305) adlı məsələyə dair araşdırma əvvəlkilərdən daha çox, iki ilə yaxın vaxt aparmışdır. Nəhayət, saxlama vahidinin 197-200-cü səhifələrində yazılmış sorğuya dair yaradılan komissiyanın qərarından aydın olur ki, guya, mazutun toplanılması və satışı işində cinayət, sui-istifadə halı yoxdur və qlasnı Məlikovun şikayəti əsassızdır.

Zaman keçdikcə ərizələrinə verilən başdansovdu cavablar, bürokratiya, fəaliyyətsizlik  Həsən bəyi davamlı mübarizə aparmaqdan usandırdı və onda belə üsul-idarə ilə çarpışmağın heç bir nəticə verməyəcəyi qənaətini yaratdı. Ona görə də sonrakı fəaliyyətində Zərdabi nicat yolunu yalnız maariflənmədə, millətin kütləvi savadlanmasında gördü.

Onun ilk dəfə ana dilimizdə nəşr etməyə çalışdığı “Əkinçi” qəzetinin nəşrinə icazə üçün Bakı qubernatoru və Qafqaz təhsil idarəsi ilə 1873-cü ilin may ayındakı yazışmalarında (f.309, siy.1, sax.vah.584) da eyni mübariz ruh hiss edilir. İki ildən çox çəkən müxtəlif icazələrdən, uzun əzab-əziyyətlərdən sonra, nəhayət 1875-ci ilin 22 iyulunda qəzet çap olundu.

Əslində bizə gəlib çatan bu ərizələr ilə Həsən bəy o dövrdəki rus məmurluğunun riyakar, soyğunçu mahiyyətini açıqlamış, bu yöndə tarix və gələcək nəsillərə təkzibedilməz dəlillər bəxş etmişdir. Xalqı, milləti təmsil etmək, onun vəkili olmaq kimi etalonların nümunəsini yaratması dahi ziyalımız Zərdabinin təkcə bir mətbuat fədaisi, maarif, elm çarçısı olmaqla kifayətlənmədiyinin bariz təzahürüdür. 

Vəfatından doqquz ay sonra “Saray müşaviri Həsən bəy Məlikovun dul qadını Hənifə xanım Məlikovanın Bakı xəzinədarlıq palatasına borcların silinməsi haqqında ərizəsi” (f.43, siy.2, sax.vah. 341) sənədi onun dövlət xidmətində həyatı boyu heç bir əlavə təmənna güdmədən, halal məvacibi ilə yaşamasının, ömrünü xalq üçün sərf etməsinin danılmaz sübutudur. (R. Həsənli, ARDTA-nin şöbə müdiri)

 

 

Bakı şəhərində müsəlman (azərbaycanlı) qızlar üçün birsinifli ibtidai məktəb açmasına razılıq verilməsi üçün Həsən bəy Məlikovun (Zərdabinin) Bakı qubernatoruna ərizəsi

19 yanvar 1896-cı il

ARDTA, f. 45, siy.2, sax.vah.257, v.1

Qafqaz Təhsil Dairəsi qəyyumunun Həsən bəy Məlikovun (Zərdabinin) Bakı realnı gimnaziyasının müəllimi təyin olunması haqqında gimnaziyanın direktoruna ərizəsi

13 dekabr 1869-cu il

ARDTA, f. 309, siy.1, sax.vah.403, v.25

Bakı realnı gimnaziyasının müəllimi Həsən bəy Zərdabinin Bakı şəhərində qəzet nəşr etməsinə icazə verilməsi haqqında Qafqaz Tədris Dairəsi qəyyumunu gimnaziyanın direktoruna məktubu

14 may 1873-cü il

ARDTA, f. 309, siy.1, sax.vah.584, v.3

Bakı realnı gimnaziyasının müəllimi Həsən bəy Məlikovun (Zərdabinin) onun xidmətdən azad edilməsi haqqında gimnaziya direktoruna ərizəsi

ARDTA, f. 315, siy.1, sax.vah.97, v.1

 

 

Bakı şəhər Dumasının üzvü Həsən bəy Zərdabinin Bakı şəhərinin küçələrinin təmizlənməməsi, natəmizliyi və səlahiyyəti şəxslərin fəaliyyətsizliyi barədə etirazı haqqında

26 yanvar 1900-cü il

 ARDTA, f.50, siy.1, sax.vah.152, v.30

1902-ci ildə Bakı şəhər dumasına seçkilərin keçirilməsi və Həsən bəy Məlikovun  (Zərdabinin) məktəb, inşaat, su təmini və təftiş komissiyasına üzv seçilməsi haqqındaqında

9-10 aprel 1902-ci il

ARDTA, f. 50, siy.1, sax.vah.194, v. 100

 

Yolların, küçələrin döşəməsinə nəzarət xidmətində İ.Terentyevin səlahiyyət həddini aşması barədə Həsən bəy Məlikovun (Zərdabinin) ərizəsi üzrə təhqiqatın başlanması və nəticəsinə dair 

 İdarə üzvü Smolenskinin məruzəsi

ARDTA, f. 389, siy.2, sax.vah.2303, v.29

 

 

Həsən bəy Zərdabinin vəfatı haqqında məscid sənədlərindən çıxarış

28 noyabr 1907-ci il

ARDTA, f.1044, siy.1, s.v 683, vər.181

Rus-tatar məktəbinə Həsən bəy Məlikovun (Zərdabinin) adının verilməsi, həmçinin Moskva Universitetində onun adına təqaüd təsis edilməsi haqqında Bakı şəhər Dumasının 

ali məktəblərdə təqaüdlərin təsisi və onların vəziyyəti haqqında iclasının protokollarından çıxarış

14 yanvar 1908-ci il

ARDTA, f. 389, siy.6, sax.vah.2, v.14