XƏDİCƏ QAZIYEVA – 115
1927-ci il...
Səhnədə gənc və gözəl bir tatar qızı rəqs edir. Musiqiyə bürünmüş salonu bir azdan alqış sədaları qoynuna alır...
Səhnəyə rəqslə qədəm qoymuş həmin qız Naxçıvan teatrının görkəmli yaradıcılarından olmuş, əvvəlcə Naxçıvan MSSR-in, daha sonra isə Azərbaycan SSR-in əməkdar artisti fəxri adlarına layiq görülmüş, bu il anadan olmasının 115 illiyi tamam olan Xədicə Qazıyeva idi.
Xədicə Bahəddin qızı Qazıyeva 1909-cu ilin fevral ayında Kazan şəhərində fəhlə ailəsində anadan olmuşdu. O, ilk təhsilini də tatar məktəbində almışdı. Atasını çox erkən itirən Xədicə 1923-cü ildə anası ilə bərabər Bakı şəhərinəköçür. 1923-cü ildə o, Bakı Hərbi Komissarlığında qulluq edən Həsən İsmayılov adlı bir şəxslə ailə həyatı qurur. 1926-cı ildə həmin şəxs Xədicə xanımla birgə iş məqsədilə Naxçıvana gəlir. Xədicə xanımı Naxçıvana gətirən bu səfər onun həyat yolunu sənətlə əbədi olaraq birləşdirir..
Bu vaxt Naxçıvan teatrının qadın kadrlara ehtiyacı olan dövr idi. Xədicə xanımın rəqs qabiliyyətinə bələd olan artist Cabbar Əliyev və Naxçıvan teatının direktoruƏli Xəlilov onu teatra dəvət edirlər. Xədicə xanım belə bir çətin dövrdə teatra həvəslə qədəm qoyur. O, gözəl rəqslərlə yanaşı, kiçik rollar da ifa etməyə başlayır. İlk dəfə gürcü dramaturqu Çancaşvilinin Kazım Ziyanın rejissorluğu ilə tamaşaya qoyulmuş “Qaçaq Kərəm” pyesində Sirab rolunda müvəffəqiyyətlə çıxış edir. Xədicə xanım özü bu barədə belə deyirdi:
“Mən azəri dilini yaxşı bilmirdim. Lakin rolu tatar dilində yazıb əzbərlədim. Bu işdə mənə teatrımızn veteranlarından sayılan, Naxçıvan MSSR-in əməkdar artisti Rza İsfəndiyarlı yaxından kömək etdi. Bu gün azəri dilində belə səlis danışmağımın da əsl səbəbkarı odur. Bu sahədə mənə müəllimlik edən Rza İsfəndiyarlıya minnətdaram”.
Sirab rolu ilə tamaşaçaların rəğbətini qazanan Xədicə xanımın səhnə fəaliyyəti başlanmış olur. Onu bu yoldan çəkindirməyə çalışan həyat yoldaşı heç bir nəticə əldə etməyərək Xədicə xanımı iki qızıyla atıb, Bakıya qayıdır. Sənətinin vurğunu olan aktrisa bu çətinliyə də sinə gərərək həqiqi səhnə aşiqi olduğunu sübut edir.
Həmin illərdə Naxçıvan səhnəsində bir nəfər də olsun azərbaycanlı qız yox idi. Bundan narahat olan Xədicə xanım vətənpərvər bir aktrisa kimi böyük əmək sərf edərək, teatra bir neçə azərbaycanlı qız cəlb etməklə onlarla işləməyə başlayır. Naxçıvan teatrının fəxrisayılan Firuzə Əlixanova, Zəroş Həmzəyeva və bir sıra başqa aktrisalar məhz Xədicə xanımın köməyi ilə teatr səhnəsində ulduz kimi parlamışlar.
Ömrünün 40 ilini səhnəyə vermiş Xədicə Qazıyevanın yaradıcılıq bioqrafiyası çox zəngin olub. Almaz (“Almaz”), Gülüş və Edilya (“Sevil”), Xumar (“Şeyx Sənan”), Kraliça (“Hamlet”), Dezdemona (“Otello”), Sona (“Hacı Qara”), Manya (“Özgə uşağı”), Gültəkin (“Aydın”), Xuraman (“Vaqif”), Solmaz (“Od gəlini”), Şirin (“Fərhad və Şirin”) və onlarla başqa obrazlar onun səhnə repertuarını bəzəyirdi. Aktrisanın bir xarakterik cəhəti də o idi ki, o həm dramatik, həm də komik rolların öhdəsindən eyni bacarıqla gəlirdi.
Səhnəmizin böyük ustadı Abbas Mirzə Şərifzadənin iştirakı ilə Naxçıvanda göstərilən tamaşalarda da Xədicə Qazıyeva əsas qadın rollarında çıxış etmişdir. O, böyük sənətkarımız Abbas Mirzə Şərifzadə ilə yanaşı çıxış etdiyi vaxtları – 1929-cu ili ömrünün ən gözəl səhifəsi hesab edirdi.
Hansı obrazı yaradırsa yaratsın, bu obrazın daxili aləminə meyl etmək və bu aləmə məxsus cizgilər tapmaq Xədicə Qazıyevanın yaradıcılığı üçün səciyyəvi hal idi. Vaxtilə görkəmli səhnə ustaları professor Rza Təhmasib və Hüseynqulu Sarabski onun yaradıcılığı barədə gözəl fikirlər söyləmiş və ona yüksək qiymət vermişdilər.
Xədicə xanımın ictimai xidmətləri də çox olmuşdur. Azərbaycan qadınlarının öz çadralarını atmasında onun da əməyi vardır. O, 1941-1945-ci illər müharibəsinin iştirakçısı olmuşdur. 1930-1940-cı illərdə Xədicə xanım məktəblərdə şagirdlərə xor və rəqs dərsləri keçirdi. Bütün varlığı ilə teatra bağlı olan Xədicə xanımın uşaqları da analarının yolu ilə getmişlər. O öz qızı, sonralar Naxçıvan teatrının istedadlı aktrisalarından olmuş Sofya Hüseynovanın üzərində ciddi çalışaraq onu kamil bir sənətkar kimi teatra təqdim etmişdi. S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən Qazıyeva Xədicə Bahəddin qızına aid fond sənədləriarasında Sofya Hüseynovanın anası Xədicəyə ithaf etdiyi və öz xətti ilə yazdığı bir bəndlik şeir diqqəti cəlb edir:
Sevib bəslədiyi öz övladına
İlk yerişi verər ana həyatda.
Sənə minnətdaram, ana, ey ana,
Mənə yeriş verdin həm də sənətdə.
QızıSofya Hüseynovanın görkəmli teatr və kino aktyoru Məlik Dadaşovla izdivacından dünyaya göz açmış nəvəsi Rafael Dadaşov da məhz nənəsi Xədicə Qazıyevanın məsləhəti və hazırlığı ilə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuş, sonralar teatr və kino sahəsində yaratdığı möhtəşəm obrazlarla Azərbaycan mədəniyyətinə və incəsənətinə böyük töhfələr verərək xalq artisti fəxi adına layiq görülmüşdü. Aktrisanın digər nəvəsi, xalq artisti, aktyor və rejissor Rövşən Hüseynov Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirir.
Xədicə Qazıyevanın səhnə sənəti və ictimai xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. O, həmin illərdə fəaliyyət göstərmiş yerli Sovetlərə iki dəfə deputat seçilmiş, “Əməkdə fəqlənməyə görə” medalı və Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilmişdi. Xədicə Qazıyeva 1945-ci ildə Naxçıvan MSSR-in, 1964-cü ildə isə Azərbaycan SSR-in əməkdar artisti fəxri adlarına layiq görülmüşdü.
40 illik bir müddətdə Naxçıvan səhnəsinin bəzəyi olan Xədicə Qazıyeva 1991-ci il iyunun 7-də Naxçıvan şəhərində vəfat etmişdir.
Məqalənin hazırlanmasında 566 №-li fondun sənədlərindən istifadə olunmuşdur.
Xatirə Qədirova
S.Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət arxivinin şöbə müdiri
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az