Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Müəllimlikdən deputatlığa uzanan yol

Son Yenilənmə : 2026-06-12 06:16:10
Baxış sayı : 85

Görkəmli maarif xadimi, tərcüməçi, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin üzvü Abdulla bəy Əfəndiyev 1873-cü ildə Şəkidə məmur ailəsində anadan olub. O, 1880-1888-ci illərdə ibtidai təhsilini evdə və məhəllə məktəbində alıb, 1888-1894-cü illərdə isə Yelizavetpoldakı (Gəncədə) sənət məktəbində kənd təsərrüfatı üzrə orta ixtisas təhsili əldə edib. Daha sonra 1898-ci ildə Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda təhsilini başa vurduqdan sonra Bakıda pedaqoji fəaliyyətə başlayıb. 1898-1920-ci illərdə müxtəlif məktəblərdə müəllim və müdir vəzifələrində çalışıb.  

Abdulla Əfəndiyev Qafqaz müsəlman müəllimlərinin 1906-cı ildə keçirilmiş I və 1907-ci ildə keçirilmiş II qurultaylarında fəal iştirak edib. Həmin qurultaylarda görkəmli pedaqoq Süleyman Sani Axundov və Fərhad Ağazadə ilə birgə tərtib etdiyi yeni əlifba layihəsini müzakirəyə çıxarıb. Onlarla birlikdə həmin əlifba layihəsi və qurultayda qəbul olunmuş proqram əsasında “İkinci il” (1908) dərsliyini nəşr etdiriblər. O, 1918-ci ildə Nuxa (Şəki) şəhərindən AXC-nin Milli Şurasının deputatı seçilir və hökumətin təhsil siyasətinin həyata keçirilməsində əhəmiyyətli rol oynayıb. AXC dövründə onun təhsil və mədəni quruculuq sahələrində həyata keçirilmiş tədbirlərdəki rolu və iştirakı danılmazdır. 

Həmin dövrdə Xalq Maarif Nazirliyi tərəfindən Bakı şəhərində milli siniflərin müəllimləri üçün xüsusi kurslar açılıb. Həmin kurslara məhz Abdulla Əfəndiyev rəhbərlik edib. O, dünyaya göz açdığı Şəkidə də ilk oğlan, ilk qız məktəblərinin, gimnaziyanın banisi kimi tanınıb və Şəki folklorunun toplanılması, araşdırılması və təbliği istiqamətində mühüm işlər görüb.

1918-ci il dekabrın 26-da AXC parlamentinin beşinci iclasında hökumətin bəyannaməsi elan edilib. Həmin bəyannamədə təhsil-maarif məsələlərinə xüsusi yer ayrılmışdı. İclasda Abdulla Əfəndiyev tərəfindən “Əhrar” partiyasının bəyannaməsi elan olunub: “Xalq təhsili işində icbari ümumi təhsil tətbiq edilməlidir. Müəllim seminariyaları, peşə və kommersiya məktəblərinin şəbəkəsi genişləndirilməlidir. Bu il universitet də açılmalıdır. Məktəblər kifayət qədər müəllimlərlə təmin olunmalıdır. Məktəblər milliləşdirilməlidir. Dövlət təşkilatlarında bütün kargüzarlığın milli türk dilində aparılması üçün tədbirlər görülməlidir...”

1919-cu ildə Azərbaycanın görkəmli maarif və ədəbiyyat xadimləri Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla bəy Əfəndiyev, Cəmo Cəbrayılbəyli, Səmədbəy Acalov, Fərhad Ağazadə, Ağabəy İsrafilbəyov və başqalarının iştirakı ilə işlənib hazırlanmış “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Türk çələngi”, “Tarixi-təbii” dərslikləri Xalq Maarif Nazirliyi tərəfindən kütləvi nəşrə buraxılır. Bu dərsliklərin həmmüəlliflərindən biri də məhz Abdulla Əfəndiyev olub. 

Cümhuriyyət dövründə Abdulla Əfəndiyev Fətəli Xan Xoyskinin əlifba islahatına dair təşkil etdiyi komissiyanın tərkibində çalışıb. Müzakirəyə təqdim etdiyi əlifba layihəsi komissiya tərəfindən bəyənilib. A.Əfəndiyevin tərtib etdiyi əlifba əsasında müstəqil dövlətin “Son türk əlifbası” adlı dərsliyinin (1919) nəşrinə icazə verilib. 

AXC hökumətinin 28 iyul 1919-cu il tarixli iclasında xalq maarif nazirinin məktəblərin kitabxanalarına türk dilində yeni kitabların alınması üçün bir milyon pul vəsaitinin ayrılması barədə məruzəsi dinlənilir. Qərara alınır ki, təqdim edilmiş qanun layihəsi bəyənilsin və təsdiq olunması üçün parlamentə təqdim olunsun. Türk dilində kitabların alınması üçün hökumət tərəfindən bir milyon manat vəsaitin ayrılması məsələsinə parlamentin 18 sentyabr 1919-cu il tarixli 74-cü iclasında baxılır. Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilir. Müzakirələrdə çıxış edən Abdulla Əfəndiyev ayrılması nəzərdə tutulan bir milyon manatın az olduğunu və kitabların Türkiyədən gətirilməsi məsələsinin həllində xüsusi təşəbbüslərə icazə verilməsini təklif edir. 

Ədəbi yaradıcılıqla məşğul olan Abdulla Əfəndiyev həm də uşaqlar üçün şeirlər, hekayələr yazıb. Bəzi mənbələrdəki məlumata görə, 1919-cu ildə Şəkinin "Mədəniyyət" mətbəəsində çap olunan onun siyasi lirika janrında qələmə aldığı "Ya ölüm, ya Türkiyə" mənzuməsi çox məşhur olur. 

Abdulla Əfəndiyev həm də tərcümə işi ilə məşğul olub. O, İ.A.Krılovun, M.Y.Lermontovun şerlərini Azərbaycan dilinə çevirmişdi. 

Abdulla Əfəndiyev “Rüstəmin yuxusu, yaxud röyası” (1906),  “Şagirdlərə hədiyyə” (1914) kitablarının da müəllifidir. 

 

 

Rafiq Səfərov

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi 

Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi



Bugün: 331
Dünən: 1961
Bu həftə: 10282
Son həftə: 15125
Bu Ay: 48098
Son Ay: 48609
Bu İl: 304085
Ümumi: 1998010
1998010