Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi sistemindəki təşkilatların 2021-ci ildə fəaliyyəti haqqında
H E S A B A T
2021-ci hesabat ilinin fərqli cəhəti COVİD-19 pandemiya şəraitində arxiv işinin təşkili, əməkdaşların tətbiq edilən məhdudiyyətlərə uyğun və distansion rejimdə fəaliyyət göstərməsi, tədqiqatçıların oxu zallarının xidmətindən istifadəsinə müvəqqəti məhdudiyyətin tətbiqi olmuşdur. Buna baxmayaraq 2021-ci ildə Azərbaycan Respublikasının dövlət arxiv xidməti təşkilatlarının fəaliyəti əsasən ali dövlət hakimiyyəti orqanlarının fərman, sərəncam və qərarlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə, habelə İdarənin tədbirlər və dövlət arxivlərinin illik iş planlarının icrasına yönəldilmişdir.
Qanunvericiliyin icrası və normativ-hüquqi tənzimləmə
Qanunvericiliyin icrası: Hesabat ilində “Milli arxiv fondu haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunlarından, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”ndan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il tarixli 32 nömrəli qərarı ilə təsdiq olunmuş normativ-hüquqi sənədlərdən, həmçinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”,“Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında”, “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında”, “Dövlət və bələdiyyə orqanlarında dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında fərmanlardan, o cümlədən Nazirlər Kabinetinin qərar və tapşırıqlarından irəli gələn vəzifələrin icrasına xüsusi diqqət verilmişdir. Eyni zamanda dövlət arxivlərinin illik iş planlarından irəli gələn vəzifələrin həyata keçirilməsi arxiv təşkilatlarının diqqət mərkəzində olmuşdur.
Hesabat ilində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanına uyğun olaraq Bakı şəhərində və respublikamızın rayonlarında yerləşən “ASAN xidmət” mərkəzlərində vətəndaşlara şəffaf və operativ arxiv xidmətinin təşkili təmin edilmişdir. “ASAN Xidmət” mərkəzlərində həyata keçirilən arxiv xidmətlərinin (arxiv arayışı, arxiv çıxarışı və arxiv sənədlərinin surətlərinin verilməsi) keyfiyyət səviyyəsinin artırılması, habelə Bakı şəhərində yerləşən “Asan xidmət” mərkəzlərində fəaliyyət göstərən “Arxiv” bölmələrinin İdarənin elektron sənəd dövriyyəsi sisteminə inteqrasiyasını təmin etməklə xidmətin operativliyi təmin edilmişdir. Hesabat ilində “ASAN xidmət” mərkəzləri vasitəsilə daxil olan müraciətlərin sayı 12.297 olmuşdur.
Arxiv işi ilə bağlı sahibkarların problemlərinin həlli, onların təkrar müraciətlərinə baxılmasını təmin etmək məqsədi ilə İdarənin Apellyasiya Şurasının fəaliyyəti təmin olunmuşdur. Həmçinin, sahibkarlıq subyektlərinin müraciətlərinə daha həssas yanaşılması barədə dövlət arxivlərinə mütəmadi tapşırıqlar verilmiş və bu istiqamətdə onların işinə nəzarət olunmuşdur. Hesabat ilində sahibkarlıq subyektlərindən şikayət daxil olmamışdır.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsində nəzərdə tutulan tədbirlərin icrası diqqətdə saxlanılmış və arxiv sahəsində göstərilən xidmətlərin tam olaraq elektron hökumət portalına inteqrasiyası təmin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyun 2012-ci il tarixli, 654 nömrəli Fərmanının icrası məqsədilə Milli Arxiv İdarəsinin Mərkəzi Aparatının, respublika dövlət arxivlərinin, Dövlət Arxivinin filiallarının rəsmi elektron poçt ünvanları Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirilmiş, milliarxiv.gov.az domenli elektron poçt resurslarının fasiləsiz və aktiv fəaliyyəti təmin edilmiş və İdarə tərəfindən onların işlənməsinə nəzarət təmin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” 27 oktyabr 2018-ci il tarixli Fərmanının icrası məqsədilə İdarədə Elektron sənəd dövriyyəsi sistemi yaradılmış, respublika əhəmiyyətli dövlət arxivlərinin bu sistemə inteqrasiyasını təmin etməklə sənədləşdirmə və sənədlərlə iş sahəsində operativlik və çevik nəzarət təmin edilmişdir.
Hesabat ilində “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin icrası, o cümlədən “Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı”nın icrası məqsədilə İdarədə tədbirlər planı təsdiq edilmiş, əməkdaşların maarifləndirilməsi məqsədilə təlim və treninqlər təşkil olunmuşdur. Cari ildə İdarəyə müvafiq qurumlar tərəfindən yerlərdə aparılan yoxlamalar zamanı aşkar edilmiş hüquq pozuntularına və digər məzmunlu 35-ə yaxın şikayət məktubu daxil olmuşdur. Şikayət xarakterli məktubların hər biri, o cümlədən işdə hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər (Kürdəmir və Zərdab rayon dövlət arxivləri üzrə) barədə daxil olan məktublar diqqətlə araşdırılmış, müvafiq tədbirlər görülmüş və yaxud qanunla müəyyən olunmuş qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir.
Normativ-hüquqi tənzimləmə: “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı cari il üçün tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Dövlət Proqramının Tədbirlər Planı hissəsində 2021-ci ildə icrası nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsi üçün müvafiq işlər görülmüşdür. Proqramın Tədbirlər Planı hissəsinin 6.4.1-6.4.3-cü yarımbəndlərində nəzərdə tutulan tapşırıqların icrası məqsədi ilə 2020-ci ildə hazırlanmış və müvafiq dövlət qurumları ilə razılaşdırılmış qanunvericilik aktlarının layihələri ( “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanunu, “Milli arxiv fondu haqqında Azərbaycan Respublikası Qanunun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, “Azərbaycan Respublikası Milli Arxiv İdarəsi haqqında Əsasnamə”, “İnzibati Xətalar Məcəlləsi”, “Mülki Məcəllə”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə uyğun olaraq baxılmaq üçün Nazirlər Kabinetinə və müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilmişdir.
Arxiv işinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə hazırlanmış qanunvericilik aktlarında arxiv sənədlərinin mühafizəsi, uçotu, komplektləşdirilməsi, istifadəsi sahəsində fəliyyətin yeni çağırışlara uyğun tənzimlənməsi hədəf seçilmişdır.
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununa edilən təkliflər qanuna yeni anlayışların daxil edilməsini, arxiv fondunun tərkibinin genişləndirilməsini, elektron sənədlərlə bağlı müddəaları, arxiv sənədləri üzərində mülkiyyət məsələlərini, arxiv təşkilatlarında hesabatlılığı, sənədlərin saxlama müddətlərini, qeyri-dövlət təşkilatlarında MAF sənədlərinin mühafizəsini, arxiv sənədlərinin uçot-qeydiyyat sistemini, dövlət arxiv xidməti təşkilatlarının tərkibini, arxiv xidmətlərinin təşkilini, arxiv fondu sənədlərindən istifadəsinə qoyulan məhdudiyyətləri, dövlət arxivlərinin maliyyələşməsini, arxiv işçilərinin sosial müdafiəsinin təşkilini və s. məsələri əhatə edir.
“Azərbaycan Respublikası Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə təklif olunan dəyişikliklərdə kadr hazırlığı, beynəlxalq əməkdaşlıq və digər sahələrdə mərkəzi icra hakimiyyəti orqanı olaraq İdarənin fəaliyyət dairəsinin və səlahiyyətlərinin genişləndirilməsi, dövlət arxiv xidməti təşkilatlarının strukturu və ştat sayına yenidən baxılması və sair məsələlər öz əksini tapmışdır.
Eyni zamanda təqdim olunan layihələrdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2.3-1-ci və “Mülki Məcəllənin 61.3-cü maddəsinin yeni redaktədə verilməsi, yəni ləğv olunmuş təşkilat arxiv sənədlərini dövlət mühafzəsinə təhvil vermədiyi halda, hüquqi şəxslərin dövlət reyestrindən çıxardılmasının mümkünsüzlüyünün təmin edilməsi təklif edilmişdir.
Təqdim olunan digər dəyişikliklər “İnzibati Xətalar Məcəlləsi”-nin 391-ci maddəsi ilə əlaqəlidir. Hazırda həmin maddənin qeyri işlək olmasını nəzərə alaraq, təklif edilən layihədə maddənin adının MAF sahəsində qanunvericiliyin pozulması adlandırılması kimi təklif olunmuş və müvafiq sahədə qanunvericiliyin pozulması halları konkret olaraq beş dispozisiyada göstərilmiş və sanksiyaların məbləği müəyyən edilmişdir.
Hesabat ilində Dövlət Proqramının 6.1.1-ci, 6.2.1-ci və 6.4.4-cü bəndlərində nəzərdə tutulan normativ-hüquqi aktların layihələrinə dair ilkin təkliflər hazırlanmış, lakin hazırda baxılma mərhələsində olan yuxarıda adlarını çəkdiyimiz qanunvericilik aktları ilə bilavasitə əlaqəli olduğundan, həmin layihələrin razılaşdırmaq üçün aidiyyəti dövlət qurumlarına təqdim edilməsi hələ ki, mümkün olmamışdır.
Arxiv işinin normativ-metodiki tənzimlənməsi məqsədilə hesabat ilində İdarənin Elmi Şurasında “Dövlət arxivlərində kinofotofono və video sənədlərlə işin təşkili və aparılması qaydaları”nın və həmin sənədlər üzrə vaxt və istehsal normalarının layihələri müzakirə edilərək təsdiq edilmiş və dövlət arxivlərinin istifadəsinə verilmişdir.
2021-ci ildə müasir dövrdə arxiv sahəsi üçün aktual olan arxiv sənədlərinin rəqəmsal transformasiyası, arxiv sənədlərinin elektron istifadə fondunun yaradılması, mühafizəxana və mühafizəxana rejiminin gücləndirilməsi məsələlərini əhatə edən normativ-metodiki sənədlərin hazırlanmasına xüsusi diqqət verilmişdir. Dövlət arxivlərində mühafizə olunan Milli arxiv fondu sənədlərinin rəqəmsalaşdırılması işinin təşkili və planlaşdırılması sahəsində fəaliyyətin tənzimlənməsi məqsədilə “Arxiv fondu sənədlərinin rəqəmsallaşdırılması və yaranmış arxiv informasiya resurslarının idarə edilməsinə dair metodiki Tövsiyə” hazırlanmış və İdarə rəisinin 24 fevral 2021-ci il tarixli 05 ə/f nömrəli əmri ilə təsdiq edilmişdir.
Eyni zamanda hesabat ilində Milli arxiv fondu sənədlərinin mühafizə tədbirlərinin gücləndirilməsi məqsədilə dövlət arxivlərində mühafzəxanalara və mühafizə rejiminə verilən tələblər nəzərə alınmaqla “Dövlət arxivlərində yanğın təhlükəsizliyi tədbirləri haqqında Təlimat” hazırlanmış və İdarə rəisinin 02 iyun 2021-ci il tarixli 19 ə/f nömrəli əmri ilə təsdiq edilərək tətbiq üçün dövlət arxivlərinə, filiallara göndərilmişdir.
Hazırda Dövlət Elm və Texnika Sənədləri Arxivinin iş qaydalarının və həmin sənədlər üzrə vaxt və istehsal normalarının layihələri hazırlanır. Növbəti ildə bu normativ sənədin layihəsi üzərində aparılan işlər yekunlaşdırılaraq İdarənin Elmi Şurasının müzakirəsinə təqdim ediləcəkdir.
Hesabat ilində Azərbaycan Respublikasının qanunvericilik aktlarının təkmilləşdirilməsi tədbirləri çərcivəsində Nazırlər Kabinetinin müvafiq sərəncamlarına əsasən Milli Arxiv İdarəsinin normativ-hüquqi sənədlərinin Azərbaycan Respublikasının ayrı-ayrı qanunvericilik aktlarında edilən dəyişikliklərə və əlavələrə uyğunlaşdırılması və daha üstün qanunvericilik aktlarının tələbləri nəzərə alınmaqla onlara əlavə və dəyişikliklər edilməsi və hüquqi münasibət bildirilməsi təmin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis və Nazirlər Kabinetindən daxil olan 70-dən artıq tapşırıq məktubunun aidiyyəti üzrə icrası təmin olunmuş, o cümlədən işçilərin COVİD-19 pandemiyasına yoluxma risklərinin azaldılması, vaksinasiyası ilə bağlı verilən tapşırıqlar müəyyən olunmuş vaxtda yerinə yetirilmiş və ümumi işçilərin 93%-nin hər iki doza peyvəndlənməsi təmin edilmişdir.
Təşkilati fəaliyyət və beynəlxalq əməkdaşlıq
Təşkilati fəaliyyət: Hesabat dövründə dövlət arxiv xidməti təşkilatlarının strukturu və şəbəkəsi dəyişməz olaraq qalmışdır. Azərbaycan Respublikası dövlət arxiv xidməti sisteminə bilavasitə Milli Arxiv İdarəsinə tabe olan 6 dövlət arxivi, Dövlət Arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi, habelə 58 rayon və şəhər dövlət arxivi və bir təsərrüfat hesablı İdarə Sənədlərini Qaydaya Salan Mərkəz daxildir. Büdcədən maliyyələşdirilən dövlət arxiv xidməti təşkilatlarının ştat vahidinin sayı bütövlükdə 506-dır. Onlardan Milli Arxiv İdarəsi 38 ştat vahidi, dövlət arxivləri və filiallar üzrə 295 ştat vahidi, sənədləri dəyişən tərkibli rayon dövlət arxivləri üzrə 100 ştat vahidi (ondan 50-i yarım ştat olmaqla), Naxçıvan MR Dövlət Arxiv İdarəsində 73 ştat vahidi. Ümumi işləyənlərin 60 %-ə yaxını ali təhsillidir. Hesabat illində dövlət arxivlərində çalışan işçilərin orta aylıq əmək haqqıları 454,75 manat təşkil etmişdir. Cari ildə 22 əməkdaş öz arzusu ilə işdən azad edimiş, 20 nəfər işə qəbul olunmuşdur. Kadrların peşə hazırlığı, şəxsi keyfiyyətləri və digər fərdi xüsusiyyətlər nəzərə alınmaqla işçilərin vəzifədə yüksəlişi təmin edilmişdir.
2021-ci il üçün Milli Arxiv İdarəsi aparatının büdcə xərcləri, aparılan dürüstləşdirmələrdən sonra 849.583 manat, respublika tabeliyində olan arxiv təşkilatlarının büdcə xərcləri 9.848.480 manat, yerli büdcədən maliyyələşdirilən rayon dövlət arxivlərinin xərcləri isə 1.035.165 manat proqnozlaşdırılmışdır. Hesabat ilində büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadəsi təmin edilmişdir. Dövlət arxiv xidməti təşkilatlarinin tələbləri nəzərə alınmaqla iş və xidmətlərin satınalma prosedurları həyata keçirilməsi təmin olunmuşdur.
2021-ci ildə İdarədə Dövlət Proqramının icra vəziyyətinə, İdarənin normativ hüquqi aktlarının müvafiq qanunvericilik aktlarına uyğunlaşdırılmasına, dövlət arxiv xidməti təşkilatlarının illik planlarının layihəsinin müzakirəsinə, onun icra vəziyyətinə və digər məsələlərə həsr olunan 5 kollegiya iclası keçirilmişdir. Bundan başqa Milli Arxiv İdarəsində ənənəvi və videokonfrans formatında 2020-ci ilin yekunlarına və 2021-ci ildə görülməsi nəzərdə tutulan tədbirlərin icrasına, dövlət arxiv xidməti təşkilatlarının yarımillik, 9 aylıq fəaliyyətinin nəticələrinə, habelə arxivlərdə əməyin təşkili və uçotu məsələlərinin müzakirəsinə həsr edilmiş müşavirələr və müzakirələr təşkil edilmişdir.
2021-ci ildə müvafiq Dövlət Proqramının 6.2.-ci və 6.3-cü bəndlərində nəzərdə tutulan tapşırıqların (Milli arxiv fondu sənədlərinin İKT tətbiq etməklə mühafizəsi və istifadəsi və Dövlət arxivlərinin infrastrukturu və maddi texniki bazasının möhkəmləndirilməsi) icrası məqsədilə zəruri tədbirlər həyata keçirilmişdir. Müvafiq qurumlarla birlikdə bu sahədə görüləcək işlər müzakirə edilmiş, ümumi qiymətləndirmələr aparılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq İdarənin büdcəsində nəzərdə tutulan vəsaitdən istifadə etməklə Vahid Elektron Arxiv İnformasiya Sisteminin yaradılması və dövlət arxivlərində müvafiq infrastrukturun qurulması istiqamətində işlərin həyata keçirilməsinə başlanılmışdır. Dövlət arxivlərinin infrastrukturu və maddi texniki bazasının möhkəmləndirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilmiş, onların maddi-texniki bazasının möhkəmləndirilməsi dövlət büdcəsində nəzərdə tutulan vəsait cərçivəsində təmin edilmişdir. İstismara yararsız vəziyyətdə olan Dövlət Arxivinin filialları və rayon dövlət arxivləri üçün yeni arxiv binalarının tikilməsi və yaxud mövcud binaların əsaslı təmiri üzrə təkliflər dövlət investisiya proqramına daxil etmək üçün cari ilin əvvəlində İqtisadiyyat Nazirliyinə təqdim olunmuşdur. 2021-ci ildə Sumqayıt Şəhər İcra hakimiyyətinin müvafiq sərəncamı ilə Dövlət Arxivi Sumqayıt filialı üçün yeni arxiv binasının tikilməsi məqsədilə torpaq sahəsinin ayrılması təmin edilmişdir.
2021-ci ildə nəzərdə tutulan tədbirlər planı cərçivəsində təhsil və elm müəssisələri ilə əməkdaşlıq davam etdirilmiş, arxiv sahəsində çalışan əməkdaşların peşə hazırlığının artırılması məqsədilə davamlı olaraq təlim və seminarlar təşkil edilmiş, tələbələrin istehsalat təcrübəsi keçməsi üçün şərait yaradılmışdır.
Hesabat ilində dövlət arxivlərində (filiallarda) əməyin təşkili və uçotu sahəsində həyata keçirilən tədbirlərdən biri də arxivlərdə əsas iş növlərinin və əməliyyatlarının yerinə yetirilməsinə sərf olunan vaxt büdcəsinin səmərəliliyinin müəyyən edilməsi məqsədilə rüblük monitorinqlərin həyata keçirilməsi, əldə olunan göstəricilərə uyğun hər bir arxivin fəaliyyətinin elektron hesabat sistemi üzərindən qiymətləndirilməsi və arxivlərdə görüləcək işlərin elmi cəhətdən əsaslandırılmış qaydada planlaşdırılmasının təmin edilməsi olmuşdur.
Beynəlxalq əməkdaşlıq: 2021-ci ildə Milli Arxiv İdarəsi beynəlxalq əməkdaşlıq çərçivəsində xarici ölkələrin dövlət arxivləri və ixtisaslaşmış arxiv təşkilatları ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmiş, bir sıra xarici ölkələrin rəsmi şəxsləri ilə görüşlər keçirilmiş, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
2021-ci ilin 22 sentyabrında BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində görüşən Azərbaycan və Macarıstan Respublikalarının Xarici İşlər nazirləri “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Macarıstan Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmış və Saziş Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuşdur. Həmçinin Ukrayna ilə Azərbaycanın arxiv təşkilatları arasında bağlanılacaq əməkdaşlıq sazişinin yekun mətninin təsdiq edilməsi üçün XİN-nə göndərilmişdir. Bolqarıstan və Özbəkistan dövlətləri ilə arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsinin yekun mətnlərinin qarşı tərəflə razılaşdırilması, Qırğızıstanla bağlanılacaq Sazişin (Memorandum) layihəsinin hazırlanması istiqamətində işlər davam etdirilir.
2021-ci ildə ölkəmizdə akreditə olunan Əlcəzair Xalq Demokratik Respublikasının və Macarıstanın fövqəladə və səlahiyyətli səfirləri xanım Salima Abdelnak və Viktor Sederkenyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsində olmuş, İdarənin rəhbərliyi ilə işgüzar görüşlər keçirmiş, respublikamızın dövlət arxivləri ilə tanış olmuşlar. İkitərəfli görüşlərdə arxiv təşkilatları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması, təcrübə mübadiləsi məsələləri müzakirə olunmuşdur.
Eyni zamanda cari ildə Dövlət proqramının 6.4.4-cü və 6.4.5-ci yarım bəndlərində nəzərdə tutulan tapşırıqların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Xarici ölkələrin dövlət arxiv xidməti təşkilatları ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılmış və görüşlər keçirilmişdir (Türkiyə, Macarıstan, Əlcəzair). Xarici ölkələrin arxivlərində saxlanılan Azərbaycan tarixi ilə bağlı sənədlərin aşkar edilərək ölkəmizə gətirilməsi məqsədilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə birlikdə ayrı-ayrı dövlətlərin arxiv xidməti təşkilatlarına rəsmi müraciətlər ünvanlanmış və əməkdaşlar ezam edilmişdir. Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan dövlət arxivlərində mühafizə olunan Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı minlərlə arxiv sənədinin ilkin siyahıları alınmışdır.
Cari ildə Türkiyə Respublikası Osmanlı arxivində mühafizə olunan Azərbaycanın qədim tarixi, mədəniyyəti, dövlət idarəçiliyi, habelə ermənilərin müsəlman (azərbaycanlı) əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə məlumatları əks etdirən 2 mindən artıq arxiv sənədinin (5 disk) elektron nüsxəsi, o cümlədən RF Dövlət Kino-Foto Sənədlər Arxivindən milli tariximiz üçün xüsusi əhəmiyyətə malik xronometrajı 13,35 dəqiqə həcmində 2 kino sənədin elektron surəti və 30 foto sənəd ölkəmizə gətirilmişdir. Hazırda həmin sənədlər müvafiq dövlət arxivlərində qaydalara uyğun təsvir olunaraq uçota alınır.
Hesabat ilində MDB dövlətlərinin arxiv təşkilatları rəhbərlərinin Belarus Pespublikasının paytaxtı Minskdə onlayn formatda keçirilən iclasında İdarənin rəisi iştirak etmiş və Azərbaycanda arxiv işi sahəsində görülən işlər və perspektivlər barədə məruzə etmişdir.
Bundan başqa beynəlxalq əməkdaşlıq cərcivəsində təcrübə mübadiləsi və ixtisasartırılma məqsədilə əməkdaşlarımızın vebinar formatında keçirilən bir sira beynəlxalq tədbirlərdə (Qazaxıstan Respublikası Prezident Arxivinin, Əl Fərabi adına Qazax Milli Universitetinin və Rusiya Dövlət Humanitar Universitetinin birgə təşkilatçılığı ilə MDB ölkələri üzrə gənc arxivçilərin “Elektron sənədlərlə iş: nəzəriyyə və praktika” mövzusuna həsr edilmiş IV yay Məktəbində, Ümumrusiya Sənədşünaslıq və Arxiv işi üzrə Elmi-Tədqiqat İnstitutunun (ВНИИДАД) təşkilatçılığı ilə “İnformasiya cəmiyyətində sənədləşmə: insanın, cəmiyyətin, dövlətin maraqlarına uyğun rəqəmsal transformasiya” mövzusunda keçirilən XXVII beynəlxalq elmi-praktiki konfransda) iştirakı təmin edilmişdir.
Milli arxiv fondunun mühafizəsi, uçotu, elmi-məlumat vasitələrinin yaradılması və təkmilləşdirilməsi, sənədlərin komplektləşdirilməsi
Milli arxiv fondunun mühafizəsi, uçotu və elmi-məlumat vasitələrinin yaradılması və təkmilləşdirilməsi: Dövlət arxiv xidməti təşkilatlarının qarşısında duran əsas vəzifələrdən biri də keçmişlə bağlı sənəd irsinin etibarlı mühafizəsinin təşkilidir. Hesabat ilində arxiv sənədlərinin mühafizəsi sahəsində həyata keçirilən işlər kompleks xarakter almış və əsasən mühafizəxana və mühafizəxana rejiminin gücləndirilməsinə yönəldilmişdir. Hesabat ilində dövlət arxivlərinin mühafizəxanalarının ümumi həcmi 24,151 m2, doluluq dərəcəsi 74%, təşkil etmişdir. Mövcud mühafizəxanaların ümumi sənəd tutumu təxminən 4 mln. saxlama vahidi təşkil edir. Hazırda respublikamızın dövlət arxivlərinin dolululuq dərəcəsi 84%, Dövlət Arxivinin əksər filiallarında, o cümlədən rayon dövlət arxivlərində isə bu göstərici 100% həcmindədir. Dövlət Arxivi filliallarının və rayon dövlət arxivlərinin maddi-texniki bazasının yenilənməsi, arxivlərin MAF sənədlərinin etibarlı mühafizəsi üçün tələb olunan texniki normalara cavab verən binalarla və yaxud əlavə mühafizəxanalarla təmin edilməsi İdarə tərəfindən daimi diqqət mərkəzində saxlanılmışdır. Bununla əlaqəli müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə yazışmalar aparılmışdır. Xüsusilə bəzi rayon dövlət arxivlərində ( Ağsu, Kürdəmir, İmişli, Xaçmaz, Şabran, Siyəzən və s.) olan vəziyyətlə bağlı aidiyyəti qurumlar məlumatlandırılmışdır. Cari ildə dövlət arxiv xidməti təşkilatlarına ayrılmış büdcə vəsaiti daxilində Dövlət Arxivinin Şirvan, Şəmkir, Quba filiallarının yerləşdiyi binaların əsaslı təmiri üçün e-tender portalı üzərindən elektron satınalma proseduru həyata keçirilmiş, ilkin tikinti-layihə və smeta sənədləri hazırlanmış və təmir işləri həyata keçirilir. Dövlət Arxivinin Salyan, Mingəcevir, Lənkəran və Göyçay fililaları mühafizə avadanlıqları ( dəmir qəfəsə, arxiv qutusu) ilə təmin edilmişdir. Həmçinin arxiv fondlarının etibarlı mühafizəsi və əməkdaşların iş şəraitinin yaxşılaşdırılması məqsədilə Mətbuat prospektində yerləşən dövlət arxivlərinin elektrik təçhizatı və daxili işıqlandırma sistemlərinin mərhələli olaraq yenilənməsi həyata keçirilir.
Milli arxiv fondu sənədlərinin etibarlı mühafizəsi həm də sənədlərlə aparılan bərpa-profilaktik işlərdən bilavasitə asılıdır. Cari ildə bu məqsədlə dövlət arxivlərində, o cümlədən Naxçıvan Dövlət Arxivində 70 mindən artıq vərəq bərpa edilmiş, 49 mindən artıq iş cildlənmiş, 68 mindən artıq iş qutulaşdırılmış, 347 mindən artıq işin mövcudluğu yoxlanılaraq fiziki-kimyəvi vəziyyəti qiymətləndirilmiş, 9 mindən artıq audiovizual sənədlərin texniki vəziyyəti öyrənilməklə müvafiq qaydada bərpa-konservasiya tədbirləri görülmüş, 44 min kağız əsaslı sənədə və 1800 fotofonovideo sənədə sığorta fondu və 361.000 vərəqdən artıq arxiv sənədinin (və yaxud 1355 saxlama vahidinin) elektron surəti yaradılmış və arxiv sənədlərinin elektron istifadə fondu formalaşdırılmaqla orjinal arxiv sənədlərinin etibarlı mühafizəsinə yönəlmiş tədbirlər həyata keçirilmişdir.
Hesabat ilində Milli arxiv fondu sənədlərinin dövlət uçotu, onlara elmi-məlumat vasitələrinin yaradılması və arxiv siyahılarının təkmilləşdirilməsi sahəsində plana uyğun olaraq işlər görülmüşdür. 2021-ci ildə 40 minə yaxın saxlama vahidi və 14.650 şəxsi mənşəli sənəd dövlət uçotuna alınmış, 26 mindən artıq iş və sənədin elmi təsviri aparılmış, tərtib olunan siyahılar müəyyən olunmuş qaydada təsdiq edilmişdir. 66 minə yaxın işin daxil olduğu arxiv siyahıları təkmilləşdirilmiş yaxud yenidən işlənmişdir. Dövlət arxivlərinin informasiya-axtarış imkanlarının genişləndirilməsi məqsədilə 33 mindən artıq yeni kataloq vərəqi (kartoçka) tərtib edilmişdir. Müzəffər Azərbaycan ordusu tərəfindən 30 illik işğaldan azad edilmiş şəhər və kəndlərimizin baş planlarının hazırlanmasında, infrastruktur obyektlərinin yenidən qurulmasında, tarixi mədəni abidələrimizin əvvəlki simasının bərpasında, dəymiş maddi və mənəvi ziyanın ölçülməsi və qiymətləndirilməsində, ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələlərin həllində arxiv materiallarından əvəz olunmaz mənbə kimi hər tərəfli istifadəsi təmin edilmişdir. Bu məqsədlə dövlət arxivlərimizdə yüzlərlə saxlama vahidinə baxılmış, minlərlə sənəd aşkar edilərək seçilmiş, kataloqlaşdırılmış, habelə hadisə və faktların təsdiqində qiymətli mənbə olan və müvafiq qərarların qəbulunda dəlil kimi xüsusi əhəmiyyət kəsb edən sənədlər aidiyyəti dövlət qurumlarına təqdim edilmişdir.
Dövlət arxivlərinə qəbul edilən sənədlərin tərkibinin öyrənilməsi və bu sahədə onların fəaliyyətinə nəzarətin təşkili məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsində yaradılan Mərkəzi Ekspert Yoxlama Komissiyası (bundan sonra MEYK) cari hesabat ilində 4 iclas keçirmişdir. Komissiyanın iclaslarında Dövlət Arxivinin Göyçay, Mingəçevir, Şəki filiallarında, Göygöl rayon dövlət arxivində mühafizə olunan arxiv fondu sənədlərinin dəyərinin ekspertizası nəticəsində yenidən işlənmiş 1156 daimi və 779 şəxsi heyət üzrə işin siyahısına baxılaraq təsdiq edilmişdir. Həmçinin dövlət arxivlərindən və Dövlət Arxivinin filiallarından təqdim olunan digər sənədlərə (əsasnamə, akt, siyahı və s.) baxılmış, onların müvafiq qaydada təsdiqi üçün rəylər verilmişdır.
2021-ci ildə Azərbaycan Respublikası dövlət arxivlərinin və Dövlət Arxivi filiallarında fəaliyyət göstərən Ekspert Yoxlama Komissiyalarının (bundan sonra- EYK) fəaliyyəti təşkil edilmiş, dövlət mühafizəsinə qəbul edilən sənədlərin arxiv siyahılarının, saxlanılmalı olmayan sənədlərin məhv etmək üçün ayrılması barədə aktların və digər zəruri uçot-qeydiyyat sənədlərinin, elmi-məlumat vasitələrinin arxiv tələblərinə uyğun tərtib və təsvir olunması təmin edilmişdir. Hesabat ilində dövlət arxivlərinin və Dövlət Arxivi filiallarının (Naxçıvan Muxtar Respublikasının dövlət arxivləri istisna olmaqla) EYK-də idarə, müəssisə və təşkilatlardan təqdim edilən, həmçinin arxivin əməkdaşları tərəfindən hazırlanan 40 mindən artıq daimi, 20 mindən artıq şəxsi heyət üzrə işlərin siyahılarına baxılaraq təsdiq edilmişdir. Eyni zamanda DKFSA və DSYA-nın EYK-ın iclaslarında 75 kino, 2279 foto, 317 fono, 380 video sənədin siyahılarına baxılaraq dövlət uçotuna alınması təmin olunmuşdur.
2022-ci il yanvarın 1-ə respublikamızın dövlət arxivlərində 17 minə yaxın arxiv fondu və 3,8 milyona yaxın saxlama vahidi uçota alınaraq mühafizə olunur.
Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi: 2021-ci ildə respublikada COVİD-19 pandemiyası ilə əlaqəli məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, dövlət arxivlərinə yeni arxiv fondlarının və sənədlərin qəbulu, həmçinin Milli arxiv fondunun komplektləşmə mənbəyi olan təşkilatların idarə arxivlərinin işinə metodiki rəhbərlik və nəzarət təmin edilmişdir. Hesabat ilində respublikamızın dövlət arxivlərinə, filiallara və rayon dövlət arxivlərinə (Naxçıvan Muxtar Respublikasının dövlət arxivləri istisna olmaqla) idarə arxivlərindən, o cümlədən ləğv olunmuş təşkilatlardan və vətəndaşlardan 30 mindən artıq kağız əsaslı sənəd, 75 kino, 2279 foto, 317 fono, 380 video sənəd qəbul edilmişdir. Sənədlər əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, rayon (şəhər) icra hakimiyyəti orqanları, bələdiyyələr, habelə ləğv olunmuş “Bakı Neft Maşınqayırma Zavodu” TASC, “ “Mingəçevir Şüşə Lifi” ASC və digər təşkilatlardan müvafiq dövlət arxivlərinə qəbul edilmişdir. Eyni zamanda xalq artisti Mirzə Babayevin, əməkdar mədəniyyət işçisi Maarif Teymurun, professor Elməddin Əlibəyzadənin və digər görkəmli elm və incəsənət xadimlərinin şəxsi arxiv sənədlərinin dövlət mühafizəsinə qəbulu həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi yanında təsərrüfat hesablı müəssisə kimi fəaliyyət göstərən İdarə Sənədlərini Qaydaya Salan Mərkəz tərəfindən idarə və təşkilatlara arxiv işinin təşkili, sənədlərin elmi-texniki cəhətdən işlənilərək qaydaya salınması, arxiv siyahılarının hazırlanması və digər arxiv xidmətləri göstərilmişdir. Hesabat ilində Mərkəz tərəfindən 70-dən çox təşkilatın (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Maliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və s.) fəaliyyəti nəticəsində yaranmış sənədlər elmi-texniki cəhətdən qaydaya salınmış, 1200-dən artıq daimi saxlama müddətli, 2500-dən artıq şəxsi heyət üzrə işin siyahıları hazırlanmış, saxlanma müddəti başa çatmış və elmi-tarixi əhəmiyyətini itirmiş 150 mindən çox iş seçilərək məhvə ayrılması barədə akt tərtib edilmişdir.
Hesabat ilində dövlət arxiv xidməti təşkilatları Milli arxiv fondunun komplektləşdirmə mənbəyi olan 812 təşkilatın idarə arxivlərinə metodiki köməklik göstərmiş və 194 təşkilatın idarə arxivinə nəzarət məqsədilə yoxlama-baxış keçirmişdir.
Milli arxiv fondu sənədlərindən istifadə və
istifadəçilərin informasiya təminatı
Milli arxiv fondu sənədlərindən istifadə: 2021-ci ildə respublika dövlət arxivlərinin qarşısında duran əsas vəzifələrdən biri də Milli arxiv fondu sənədlərindən istifadə və nəşr işinin təşkili olmuşdur. Hesabat ilində Azərbaycan və xarici ölkə vətəndaşlarından, idarə və təşkilatlardan daxil olan 42.932 müraciət, 320-dən çox tematik məktub icra olunmuşdur. Elmi-tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsi ilə bağlı 318 sorğu daxil olmuşdur. Dövlət arxivlərinin oxu zallarının xidmətindən istifadə edən tədqiqatçılara 11.649 saxlama vahidi kağız əsaslı və kino-foto-fono sənəd, habelə müxtəlif mövzuda çap məhsulları (elmi nəşrlər, kitablar, jurnallar, qəzetlər) təqdim edilmişdir. Daxil olan müraciətlərə uyğun olaraq hesabat ilində dövlət arxivlərində müxtəlif mövzular və məsələlər üzrə 15 məlumat xarakterli məktub hazırlanmış, 15 teleradio verilişin hazırlanmasında əməkdaşlar iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilmişdir. Milli Arxiv İdarəsi sözügedən Sərəncamın icrasını təmin etmək məqsədilə dövlət arxivlərində mühafizə olunan Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində əhəmiyyət kəsb edən arxiv materiallarının seçilməsi və ictimaiyyətə çatdırılması üçün zəruri tədbirlər həyata keçirmişdir.
30 iyun 2021-ci ildə dahi Nizaminin yurdunda Dövlət Arxivinin Gəncə filialının təşkilatçılığı ilə “Nizami Gəncəvi ili”nə həsr olunmuş elmi konfrans keçirilmişdir. Konfransda Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin, Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyəsinin, Gəncə şəhər Mirbəşir Qasımov adına 23 saylı tam orta məktəbin nümayəndələri iştirak etmiş, sənəd sərgisi təşkil olunmuş və Nizami yaradıcılığına aid şeir nümunələri səsləndirilmişdir.
Həmcinin hesabat ilində Dövlət Arxivində, Dövlət Kino-Foto Sənədləri Arxivində, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Dövlət Səs Yazıları Arxivində, Dövlət Arxivinin Gəncə filialında mühafizə edilən nadir arxiv sənədləri əsasında “Nizami irsi arxiv sənədlərində” və “Nizami Gəncəvi - 880” adlı sənədli videoxülasələr hazırlanmış və İdarənin rəsmi internet resurslarında geniş ictimaiyyətə təqdim edilmişdir.
Cari ildə dövlət arxivlərinin elmi-nəşriyyat fəaliyyətinə xüsusi yer verilmişdir. 2021-ci ilin illik iş planına uyğun olaraq “Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi siyasəti” (1918-1920)”, “Bakının tarixi binaları haqqında arxiv sənədləri”, “ Aqrar elm ocağı”, “Dan ulduzu – instrumental ansamblı arxiv sənədlərində”, “Salman Mümtaz
publisistikası arxiv sənədlərində” adlı sənəd topluları üzərində işlər yekunlaşdırılmış, “Azərbaycan Xalq Cümhuriyyətində səhiyyənin inkişafı tarixindən (1918-1920)” adlı sənəd toplusunun hazırlanması məqsədilə arxiv sənədlərinin aşkar edilməsi və seçilməsi işləri davam etdirilmişdir.
Hesabat ilində arxiv sənədlərinin sosial-mədəni əhəmiyyətinin geniş ictimaiyyətə çatdırılması, əhalinin keçmiş tariximizlə bağlı informasiyaya olan tələbatının ödənilməsi və digər mədəni-maarifçilik məqsədləri üçün arxiv sənədlərindən geniş istifadə edilmişdir. 2021-ci ildə müasir dövr üçün aktual olan mövzularda 10-a yaxın sənəd sərgisi (7-si virtual olmaqla), Bəhram Mansurovun, Həsən bəy Zərdabinin, Xan Şuşinskinin, Ətayə Əliyevanın, Mərziyə Davudovanın, Həsənağa Salayevin yubileylərinə həsr olunmuş, o cümlədən II dunya müharibəsinin qələbəsinə, qəhrəman oğul və qızlarımızın həmin müharibədə göstərdikləri igidliklərdən bəhs edən “Heç kim unudulmur, heç nə yaddan çıxmır” virtual sərgilər, həmçinin “Bəhram Mansurov 110”, “Azərbaycan səhnəsinin qayınanası Nəsibə Zeynalova 105”, “Ağasadıq Gəraybəyli arxiv sənədlərində”, “Nizami irsi arxiv sənədlərində” adlı videoxülasələr hazırlanaraq geniş ictimaiyyətə təqdim olunmuşdur.
2021-ci ildə İdarənin və dövlət arxivləri rəhbərlərinin, əməkdaşlarının (H. Həsənovun, R. Səfərovun, A. Qasımlının, A. Mirəliyevin, R. Həsənlinin, Z. Əhmədovanın, X. Qədirovanın və X. Vəliyevanın) arxiv materialları əsasında hazırladıqları 50-yə yaxın məqalə dövri mətbuatda, elektron resurslarda dərc edilmiş, arxiv əməkdaşları müxtəlif mövzuda teleradio verilişlərinin hazırlanmasında bilavasitə iştirak etmişlər. Cari ildə dövlət arxivlərində ayrı-ayrı mövzularda ümumilikdə 40-dan çox tematik siyahı, fond göstəricisi və xülasə hazırlanmışdır.
Arxiv işinin təbliği və mədəni-maarifçilik məqsədilə dövlət arxivlərində (ARDA Gəncə, Quba , Lənkəran filialları və s.) ekskursiyalar, açıq qapı günləri, 44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi üçün şəhid ailələri, qazilərlə görüşlər təşkil edilmişdir. Şanlı tariximizin “Zəfər” günü münasibəti ilə Milli Arxiv İdarəsində dövlət arxivlərinin əməkdaşlarının iştirakı ilə toplantı keçirilmiş, şəhidlərimizin xatirəsi anılmışdır. İdarənin rəsmi saytında və sosial hesablarında 20 yanvar faciəsi, Xocalı soyqırımı, eləcə də “Zəfər” günü, “Bayraq” günü və digər əlamətdar hadisələrlə əlaqədar paylaşımlar edilmişdir.
İstifadəçilərin informasiya təminatı: 2021-ci ildə dövlət arxivlərinin fəaliyyətində avtomatlaşdırılmış texnologiyaların tətbiqi və mövcud informasiya sistemlərinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində işlər görülmüşdür. Respublika dövlət arxivlərinin, Dövlət Arxivinin Bakı filialının, həmçinin Bakı şəhərində fəaliyyət göstərən “ASAN Xidmət” Mərkəzlərinin “Arxiv arayışlarının verilməsi bölmə”lərinin Milli Arxiv İdarəsinin vahid elektron sənəd dövriyyəsi sisteminə (ESDS) inteqrasiyası təmin edilmişdir. Milli Arxiv İdarəsinin göstərdiyi elektron xidmətlərin, o cümlədən “elektron hökumət” portalı üzərindən göstərən üç xidmətin keyfiyyət səviyyəsi yaxşılaşdırılmışdır. Vətəndaşlara göstərilən arxiv xidmətlərinin “ASAN Xidmət” indeksinə uyğunlaşdırılması, “ASAN Xİdmət” Mərkəzlərinin fəaliyyət göstərdiyi inzibati ərazi vahidlərində bu xidmətlərin yalnız sözügedən mərkəzlərdə həyata keçirilməsi təmin edilmişdir.
Hesabat ilində Milli Arxiv İdarəsinin rəsmi internet səhifəsinin, həmçinin sosial şəbəkələrdə olan rəsmi hesabların aktivliyi təmin edilmişdir. Hazırda İdarənin sosial şəbəkə hesablarının ümumi istifadəçi (abunəçi) sayı 3200 nəfərə, gündəlik İdarənin saytına daxil olanların sayı orta hesabla 538 nəfərə çatmışdır.
Hesabat ilində Respublika dövlət arxivləri, Dövlət Arxivinin filiallarında mühafizə edilən 9740 arxiv fondunun tərkibi, həcmi və əhatə olunduğu dövrlə bağlı müfəssəl məlumatların məcmusu olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin “Elektron Arxiv Məlumat Sistemi”nin (EAMS) təkmilləşdirilməsi və sistemə daxil edilən məlumatların davamlı olaraq yenilənməsi təmin olunmuşdur. 2021-ci ildə dövlət arxivlərində mühafizə olunan 349 arxiv fondu üzrə 51.807 saxlama vahidinin məlumat göstəriciləri elektron sistemə daxil edilmiş, həmçinin 637.269 vərəq arxiv sənədinin (və yaxud 3283 saxlama vahidinin) elektron surəti yaradılmış və rəqəmsallaşdırılan 96.040 vərəq (689 saxlama vahidi) elektron sənəd surətinin müvafiq elektron sistemdə qeydiyyatı aparılmışdır.
2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə respublika dövlət arxivlərində Şuşanın tarixi və mədəniyyətini, sosial-iqtisadi göstəricilərini əks etdirən xüsusi əhəmiyyət kəsb edən arxiv materiallarının seçilməsi və ictimaiyyətə çatdırılması üçün bir sıra tədbirlər həyata keçiriləcəkdir. 2022-ci ildə eyni zamanda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunan Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrin mərhələli olaraq icrasını təmin etmək, Milli arxiv fondu sənədlərinin etibarlı mühafizəsi məqsədilə dövlət arxivlərinin maddi-texniki bazasını möhkəmləndirmək, dövlət arxivlərini məzmun və tərkib baxımından daha qiymətli arxiv sənədləri ilə komplektləşdirməklə Milli arxiv fondunun informasiya potensialını genişləndirilmək, xalqın milli sərvəti olan arxiv sənədlərinin mərkəzləşmiş şəkildə rəqəmsallaşdırılmaqla MAF sənədlərindən cəmiyyətin sosial-mədəni inkişafı üçün məqsədyönlü istifadəsini təşkil etmək, habelə dövlət arxivlərinin kadr potensialının inkişafı istiqamətində tədbirlərin həyata keçirilməsi dövlət arxiv xidməti təşkilatlarının qarşısında duran başlıca vəzifə olacaqdır.
Bugün: | 42 |
Dünən: | 816 |
Bu həftə: | 2520 |
Son həftə: | 6294 |
Bu Ay: | 21523 |
Son Ay: | 25108 |
Bu İl: | 287672 |
Ümumi: | 1308093 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az