2015-ci ildə Azərbaycan Respublikası arxiv təşkilatlarının fəaliyyəti ilk növbədə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanunundan, “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli Fərmanından və onların icrası barədə ali hakimiyyət və icra orqanlarının müvafiq fərman, sərəncam və qərarlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə yönəldilmişdir. Belə ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 saylı Fərmanının, “Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012- ci il tarixli 654 saylı Fərmanının, “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli 692 saylı Fərmanının, “Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 706 saylı Fərmanının, “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2012-ci il tarixli 235 saylı Qərarının icrası istiqamətində iş aparılmışdır. Eyni zamanda, dövlət arxivlərinin illik iş planlarından irəli gələn vəzifələrin həyata keçirilməsi onların diqqət mərkəzində olmuşdur.
2016-cı il yanvarın 1-nə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin sistemində 494 nəfər əməkdaş çalışır. Onlardan Mərkəzi aparat üzrə 38 nəfər, respublika tabeliyində olan dövlət arxivləri və onların filialları üzrə 286 nəfər, rayon dövlət arxivləri üzrə 100 nəfər və Naxçıvan MR üzrə 70 nəfərdir. Bundan başqa, İdarə sənədlərini Qaydaya salan Mərkəzdə 12 nəfər əməkdaş çalışır.
2015-ci il üçün Milli Arxiv İdarəsi Mərkəzi aparatının büdcə xərcləri 501 508 manat, respublika tabeliyində olan arxiv təşkilatlarının büdcə xərcləri 4.371.441 manat, yerli büdcədən maliyyələşdirilən rayon dövlət arxivlərinin xərcləri isə 751 959 manat olmuşdur.
2015-ci ildə respublikanın dövlət arxivlərinin maddi-texniki təchizatının yaxşılaşdırılması üzrə işlər davam etdirilmişdir. Belə ki, onlar müasir tələblərə cavab verən informasiya texnologiyaları avadanlıqları ilə təmin edilmişlər. Bununla yanaşı, 2014-cü ildə nəzərdə tutulduğu kimi istifadə olunan lisenziyasız proqramların (proqram təminatları) lisenziyalı proqramlarla əvəz edilməsi məqsədilə İdarənin aparatı və mərkəzi respublika arxivləri üçün lisenziyalı proqram təminatı alınmış və istifadəyə verilmişdir.
Cari ildə Milli Arxiv İdarəsinin 3 dildə fəaliyyət göstərən yeni rəsmi saytı istifadəyə verilmişdir. Yeni dizaynda və yeni texniki imkanlara malik olan rəsmi sayt daha da təkmil formaya salınmış, istifadəçilərin rahatlığı, elektron xidmətlərin təqdim edilməsi, respublikada arxiv həyatına aid olan məsələlərin işıqlandırılması, Azərbaycanın tarixi, iqtisadiyyatı, elmi və s. sahələrinə aid olan arxiv sənədlərinin geniş ictimaiyyətə çatdırılması üçün yeni saytda imkanlar mövcuddur.
İdarənin aparatının və arxiv şəbəkəsinin internet əlaqəsinin təmin edilməsi məqsədilə xüsusi ayrılmış kanallar vasitəsilə Xüsusi Dövlət Mühafizə Xidmətinin internet seqmenti üzərindən beynəlxalq internet şəbəkəsinə qoşulması prosesi 2015-ci ildə daha da təkmilləşdirilmiş və respublika dövlət arxivləri mərkəzləşdirilmiş qaydada internet şəbəkəsinə çıxış əldə etmişlər.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyun 2012-ci il tarixli, 654 nömrəli Fərmanının icrası məqsədilə Milli Arxiv İdarəsinin Mərkəzi Aparatının, Respublika Dövlət Arxivlərinin, Dövlət Arxivinin filiallarının rəsmi elektron poçt ünvanları Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirilmiş, bu istiqamətdə müvafiq milliarxiv.gov.az domenli elektron poçt resursları alınaraq qeydiyyatdan keçirilmiş və hər bir istifadəçiyə təqdim edilmişdir. Bu ildə də bu məsələnin icrasına İdarə tərəfindən ciddi nəzarət olunub və bu nəzarət gələcəkdə də davam etdiriləcəkdir.
2015-ci ildə Milli Arxiv İdarəsinin əməkdaşlarının və rəhbər arxiv işçilərinin elektron imza ilə təmin olunması prosesi davam etdirilmiş, dövlət arxivinin filiallarının əməkdaşları üçün əlavə 14 e-imza sertifikatı alınaraq istifadəçilərə təqdim edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinə diqqət bu il də artırılmış, çatışmazlıqlar aradan qaldırılmış, göstərilən elektron xidmətlər daha da təkmilləşdirilmişdir. Belə ki, Milli Arxiv İdarəsi səlahiyyətlərinə uyğun olaraq elektron xidmətlər göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatında (milliarxiv.gov.az) xüsusi elektron xidmət bölməsinin yaradılmasını təmin etmiş və həmin xidmətlər elektron hökümət portalına inteqrasiya edilmişdir.
Sözügedən Fərmanın və “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarının aidiyyəti hissələrinin tələbləri yerinə yetirilmişdir.
Elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədi ilə vaxtaşırı müvafiq qurumlarla birlikdə zəruri texniki təhlükəsizlik tədbirləri görülür.
Yuxarıda qeyd edildiyi kimi “Elektron Hökümət Portalı”nda İdarənin elektron xidmətləri daha təkmil formada öz fəaliyyətini davam etdirir.
İdarə tərəfindən “Elektron Fond Kataloqu” adlı informasiya sistemi hazırlanmış, qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keçirilmiş və vətəndaşlarımızın istifadəsinə verilmişdir. Bundan əlavə, hazırda fond siyahılarının elektron versiyalarının yaradılması üzərində iş davam edir. Bu sistem MAİ-nin Elektron Arxiv Məlumat sistemi olaraq fəaliyyət göstərir. Bu sistemin daxilində Respublika dövlət arxivləri, dövlət arxivinin filiallarında mühafizə edilən bütün fondlar haqqında müfəssəl məlumat mövcuddur. 2016-cı ilin sonundək dəyişən tərkibli rayon dövlət arxivlərində də mühafizə edilən fondların və fondların tərkibində olan arxiv siyahılarında yer alan məlumatların bu sistemə əlavə edilməsi plan üzrə davam etdirilir.
"Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2014-cü il tarixli, 118 nömrəli Qərarına əsasən Elektron Arxiv Məlumat Sistemi elektron hökümət portalına inteqrasiya edilmişdir.
Bundan əlavə, MAİ-də “Elektron Arxiv Sistemi” üzrə əsas fəaliyyətə 2015-ci ilin yanvarından başlanılmışdır. Bu məqsədlə Dövlət Tarix Arxivində, Dövlət Ədəbiyyat və İncəsənət arxivində və Dövlət Arxivinin Bakı filialında mühafizə edilən arxiv sənədləri xüsusi skan avadanlığı ilə skan edilərək elektron daşıyıcılarda yerləşdirilir və həmin sənədlərin hər birinə aid olan arxiv məlumatları müvafiq proqram təminatı vasitəsilə elektronlaşdırılır. 2016-cı ilin yanvar ayının 1-nə olan məlumata əsasən110 saxlama vahidi (14747 vərəq) arxiv sənədi EAS üzrə elektron daşıyıcılara köçürülmüşdür. Növbəti ildə bu prosesin daha da sürətləndirilməsi və digər mərkəzi arxivləri əhatə etməsi planlaşdırılır.
“Elektron Sənəd Dövriyyəsi”, həmçinin “İdarələrarası Elektron Sənəd Dövriyyəsi”(XDMX) hazırlanaraq istifadəyə hazır vəziyyətə gətirilmişdir.
“Elekron Arxiv” yaradılması, həmçinin xüsusi məlumat bazalarının hazırlanması istiqamətində işlərin kompleks və sürətli həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq davam edir. Bu istiqamətdə müvafiq icraçı şirkətlə birlikdə MAİ-nin tabeliyində fəaliyyət göstərən bütün arxivlərdə mühafziə edilən sənədlərin “Elektron Arxiv Sistemi”nə daxil edilməsi və müvafiq informasiya sistemlərinin yaradılması məqsədilə layihələr hazırlanaraq, aidiyyəti dövlət orqanlarına təqdim edilmişdir.
Qeyd etmək lazımdır ki, MAİ-nin “Elektron Xidmətlər” sahəsində fəaliyyəti cari ilin son rübündə növbəti dəfə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar agentliyi tərəfindən monitorinq olunaraq yoxlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ASAN Xidmət” Mərkəzlərinin Bakı şəhəri üzrə 5, Sumqayıt, Gəncə“ASAN Xidmət” mərkəzlərində MAİ-nin əməkdaşları öz fəaliyyətlərini qanunauyğun şəkildə davam etdirirlər. Mərkəzlərin konsepsiyasına uyğun olaraq, müvafiq idarələr öz işçilərini aidiyyəti üzrə dövlət qulluqçularından komplektləşdirməli idi. Lakin Milli Arxiv İdarəsinin insan resursları bu tələbinicrasına imkan vermədiyindən, mərkəzlərə ezam edilmiş 16 əməkdaşdan yalnız 2 nəfəri dövlət qulluğunun yardımçı vəzifəsində qulluq keçənlərdir. Digərləri isə arxiv əməkdaşları arasından seçilmişdir. Sabirabad və Bərdə ASAN Xidmət Mərkəzlərinə isə ümumiyyətlə resurs ayrılması imkan xaricində olmuşdur. Bu məqsədlə VXSİDA öz kontingentindən mərkəzlərin hər birinə “Arxiv arayışı verilməsi” bölməsinə iki nəfər işçi ayırmışdır. Həmin işçilərə MAİ tərəfindən lazımı metodiki, nəzəri və praktiki kurs keçirilmişdir. Bundan əlavə, Bakı şəhərində fəaliyyət göstərən “ASAN Xidmət” mərkəzlərinin hər birinə də VXSİDA öz kontingentindən 1 nəfər ayırmışdır.
Qeyd etmək lazımdır ki, cari ilin son hesabatdövrünə kimi“ASAN Xidmət” Mərkəzlərindən cəmi 3201 sorğu daxil olmuşdur. Ümumilikdə isə “ASAN Xidmət”in fəaliyyətə başlamasından 2015-ci ilin hesabat dövrünə qədər 8252 sorğu qəbul edilərək icra olunmuşdur.
2015-ci ildə sənədlərin qorunub saxlanması respublika dövlət arxivlərinin başlıca vəzifəsi olmuşdur. 70 minə yaxın vərəq bərpa edilmiş, 60 mindən artıq iş cildlənmiş, 70 mindən artıq iş qutulaşdırılmışdır. 390 mindən artıq kağız əsaslı işin mövcudluğu yoxlanılmış, onların üzərində bərpa və cildlənmə işi aparmaq üçün hazırlanmışdır. Sənədlərin idarələrdə mühafizəsinə nəzarət, eləcə də Naxçıvan MR Dövlət Arxivində sənədlərin mövcudluğunun yoxlanması işi davam etdirilmiş, Dövlət Ədəbiyyat və İncəsənət, və Dövlət Tarix arxivlərində təmirdən sonra mühafizəxanalarda yerləşdirilən sənədlərin mövcudluğu başdan-başa yoxlanılmışdır.
Sənədlərin dövlət uçotu və onlara elmi-məlumat vasitələrinin yaradılması sahəsi üzrə işlər davam etdirilmişdir. Dövlət mühafizəsinə idarə və təşkilatlardan qəbul olunmuş 40 minə yaxın saxlama vahidi və 14 minə yaxın şəxsi mənşəli sənəd uçota alınmışdır. 18 mindən artıq iş və sənədin elmi təsviri aparılmış, onların siyahısı tərtib olunaraq müəyyən olunmuş qaydada təsdiq edilmişdir. 59 mindən artıq işin siyahıları təkmilləşdirilmiş, yaxud yenidən işlənmişdir (Dövlət Arxivi, Naxçıvan MR Dövlət Arxivi, Şirvan, Göyçay, Quba, Gəncə, Lənkəran, Mingəçevir, Salyan, Şəmkir, Şəki, Şamaxı, Yevlax, Füzuli). Dövlət Arxivində (30000), Elm və Texnika Sənədləri Arxivində (2150), Ədəbiyyat və İncəsənət Arxivində (1200), Tarix Arxivində (2000), Kino-foto Sənədləri Arxivində (3500), Səs Yazıları Arxivində (10385), Naxçıvan MR Dövlət Arxivində (800), Şirvan, Quba, Gəncə, Lənkəran, Mingəçevir, Salyan, Sumqayıt, Şəmkir, Şəki, Yevlax filiallarında sənədlərin kataloqlaşdırılması işi aparılmışdır. Cəmi 15386 işə baxılmış və 50 mindən artıq kartoçka tərtib edilmişdir.
2015-ci ildə dövlət arxivlərinin yeni sənədlərlə komplektləşdirilməsi, dəyərinin ekspertizası, qəbul mənbəyi olan idarələrin siyahılarının dəqiqləşdirilməsi, onların arxivlərinə əməli-metodiki köməklik göstərilməsi sahəsində iş aparılmışdır. 40 minə yaxın iş dövlət arxivlərinə qəbul edilmişdir. Hesabat dövründə AR Prezidentinin mətbuat xidmətindən, Nazirlər Kabinetindən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından, Xəzər Dəniz Gəmiçiliyi İdarəsindən, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsindən, Meliorasiya və Su Təsərrüfatı Komitəsindən, AzərTac-dan, Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" sənədli filmlər studiyasından,Azərbaycan Dövlət Dram Teatrından, Gənc Tamaşaçılar Teatrından, rayon və şəhər icra hakimiyyətləri aparatlarından sənədlər daimi dövlət mühafizəsinə qəbul olunmuşdur. Tanınmış mədəniyyət və incəsənət xadimlərindən Elçin Əfəndiyev, Tofiq Bayram, Məmməd Araz, Süleyman Rəhimov, Əli Kərim, İsmayıl Dağıstanlı və digər mədəniyyət və incəsənət xadimlərinin 13650 şəxsi mənşəli sənədləri də dövlət mühafizəsinə qəbul olunmuşdur.
2016-cı il yanvarın 1-nə respublika dövlət arxivlərində 3.6 milyondan artıq saxlama vahidi mühafizə olunur.
Arxiv sənədlərinin tərkibini yaxşılaşdırmaq məqsədilə 34 mindən artıq saxlama vahidinin elmi və əməli dəyəri ekspertizadan keçirilmiş, dövlət arxivlərində fəaliyyət göstərən ekspert-yoxlama komissiyalarında 83 mindən artıq saxlama vahidinin siyahılarına baxılaraq təsdiq olunmuşdur.
Dövlət arxivləri nazirlik, idarə və təşkilatlarda 112 minədək saxlama vahidinin elmi-texniki cəhətdən işlənib qaydaya salınmasına əməli köməklik göstərmişlər. O cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye, Xarici İşlər, Fövqəladə Hallar, Nəqliyyat, Mədəniyyət və Turizm, Vergilər nazirliklərinin, “Azərsu” ASC, “Azərenerji” QSC-nin, respublikanın rayon icra hakimiyyəti orqanlarının, həmçinin ləğv edilmiş dövlət və qeyri-dövlət təşkilatlarının sənədləri arxiv qaydalarına uyğun olaraq elmi-texniki cəhətdən işlənib qaydaya salınmış və siyahıya alınaraq təsdiq edilmişdir. Həmçinin, dövlət arxivləri komplektləşmə mənbəyi olan 500-dən artıq təşkilatda sənədlərin saxlanması və uçotu vəziyyətini yoxlamış, sənədlərin dövlət mühafizəsinə verilmək üçün hazırlanması sahəsində onlara elmi-metodiki köməklik göstərmişlər.
2015-ci ildə respublikamızın bütün dövlət arxivlərinin sənədlərindən siyasi, iqtisadi, sosial, mədəni, həmçinin vətəndaşların, idarə və təşkilatların ərizə və sorğularını icra etmək üçün hərtərəfli istifadə olunmuşdur. Ali hakimiyyət və icra orqanları, idarə və təşkilatları, kütləvi informasiya vasitələri arxiv sənədlərinə əsaslanan məlumatlarla təmin olunmuş, Azərbaycan və xarici ölkə vətəndaşlarının sosial-hüquq xarakterli sorğuları icra edilmişdir. Arxivlər öz sənədləri əsasında müvafiq təşkilatlara müxtəlif məsələlərə aid 30-dan artıq məlumat xarakterli məktub hazırlayıb göndərmişlər. Həmçinin müxtəlif nazirlik və təşkilatların 230-a yaxın tematik sorğusu da icra olunmuşdur.
Vətəndaşların, idarə və təşkilatların sosial-hüquq xarakterli sorğularının icrası da dövlət arxivlərinin diqqət mərkəzində olmuşdur. Hesabat ili ərzində 37 mindən artıq sorğu icra edilmişdir.
Elmi-nəşriyyat işləri İdarənin və dövlət arxivlərinin diqqət mərkəzində olmuşdur. Azərbaycan tarixi üçün xüsusi əhəmiyyəti olan 3 külliyyat üzərində işlər davam etdirilmişdir: “AXC hökumətinin təhsil siyasəti. 1918-1920-ci illər” (EMA hazırlanır), “AXC hökumətinin iqtisadi siyasəti. 1918-1920-ci illər” (sənədlərin arxeoqrafik cəhətdən işlənməsi davam etdirilir), “AXC dövründə səhiyyənin inkişafı tarixindən. 1918-1920-ci illər (sənədlərin aşkar edilməsi davam etdirilir). Bundan əlavə, 7 sənəd siyahısı hazırlanır: “Azərbaycan şəhərsalma tarixindən. 1960-1978-ci illər” (iş davam etdirilir), “Azərbaycanda yeni məktəblərin tikilməsi tarixindən. 1920-1960-cı illər” (iş davam etdirilir), “Azərbaycanda sənaye obyektlərinin tikintisinin sənayeləşdirilməsi: 1945-1960-cı illər”, “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi”, “Ə.Topçubaşov haqqında arxiv sənədləri”, “N.Nərimanov haqqında arxiv sənədləri”, “İnqilabaqədərki Bakı bulvarı”, “Azərbaycanda müasir şəhərsalmanın tarixindən. 1930-1973-cü illər”, “Böyük Vətən Müharibəsi illərində Azərbaycan xalqının döyüş və əmək qəhrəmanlığı (Qələbənin 70 illiyi münasibətilə)”, “Azərbaycanda neft-qaz yataqlarının işlənilməsi tarixindən. 1950-1970-ci illər”. Bir sənəd siyahısının – “Naxçıvan qəzasının kameral siyahısı.1831-1886-cı illər” (Ordubad şəhəri üzrə) kompüterdə yığılması işi davam etdirilir. Bundan əlavə, 11 sənəd sərgisi təşkil olunmuş, 99 məqalə, 35 teleradio verilişi hazırlanmışdır.
Hesabat ilində Azərbaycanın və xarici ölkələrin tədqiqatçıları da dövlət arxivlərinin sənədlərindən geniş istifadə etmiş, arxivlərin oxu zallarında 198 tədqiqatçı işləmişdir.
2015-ci ildə dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarda arxiv işinin təşkilini yaxşılaşdırmaq məqsədilə “İdarə arxivinin əsas iş qaydaları”nın layihəsi hazırlanaraq, baxılmaq üçün NK-nə və Ədliyyə Nazirliyinə təqdim edilmiş, “Azərbaycan Respublikası dövlət arxivlərinin oxu zallarının iş qaydaları”nın ilkin layihəsinin hazırlanması işi başa çatdırılmışdır. Həmçinin 2015-ci ildə elmi-metodiki işlər üzrə “Dövlət arxivlərində yerinə yetirilən əsas iş növlərinin vaxt və istehsal normaları”nın təkmilləşdirilməsi, “Arxiv işi sahəsinə aid olan fəhlə və qulluqçuların vəzifə təlimatı”nın, “Statistik hesabat formalarının doldurulması qaydası” haqqında təlimatın layihələri üzərində işlər davam etdirilmiş, arxiv işinin ayrı-ayrı sahələri üzrə metodiki göstərişlər hazırlanaraq yerlərə göndərilmişdir. Milli Arxiv İdarəsinin və dövlət arxivlərinin MEYK və EYK haqqında, idarələrin Mərkəzi Ekspert Komissiyası və mərkəzi arxivlər haqqında nümunəvi əsasnamələrin yenidən işlənmiş layihələri hazırlanır.
2015-ci ildə bir sıra dövlət orqanlarının iş nomenklaturalarının sahə siyahılarının hazırlanmasına (VXSİDA, Ədliyyə Nazirliyi, Miqrasiya Xidməti, ARDNŞ, “Azərsu” ASC, rayon və şəhər icra hakimiyyətləri aparatları və s.) elmi-metodiki köməklik göstərilmişdir.
Cari ildə arxiv təşkilatlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində işlər davam etdirilmişdir. Azərbaycan Respublikası və Qazaxıstan arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında saziş imzalanmaq üçün müvafiq vaxtda qarşı tərəfə təqdim olunacaq, Bolqarıstan, Hindistan və Qırğızıstanla Saziş, yaxud Memorandumun layihəsi üzərində iş davam etdirilir.
İdarənin bir əməkdaşı Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyinin İrsin Qorunması Baş Direktorluğunun təşəbbüsü ilə Dünya Mədəniyyət Mərkəzi tərəfindən Parisdə “Arxivin idarə olunması” mövzusunda təşkil edilmiş Beynəlxalq Ali Arxivşünaslıq Konfransında iştirak etmiş, Tarix Arxivinin əməkdaşı isə Türkiyə Respublikasına ezam olunaraq ictimai xadim, jurnalist və yazıçı Əhməd bəy Ağaoğlunun sənədlərini, eyni zamanda Türkiyə Cumhuriyyəti Başbakanlık Devlet Arşivleri Genel Müdürlüğü Osmanlı Arşivi Dairə Başkanlığından Azərbaycana aid sənədləri gətirmişdir.
Kadrlarla aparılan işlər, o cümlədən onların ixtisasının artırılması, əmək intizamı, iş şəraitinin yaxşılaşdırılması 2015-ci ildə də Milli Arxiv İdarəsi rəhbərliyinin və dövlət arxivlərinin diqqət mərkəzində olmuşdur. Bu məqsədlə İdarənin tədbirlər planına uyğun olaraq Dövlət Elm və Texnika Sənədləri Arxivində, ARDA-nın Şirvan, Şəki, Quba, Göyçay filiallarında və onların tabeliyində olan 16 dəyişən tərkibli rayon dövlət arxivində kompleks yoxlamalar aparılmış, nəticələr kollegiya iclaslarında müzakirə edilmiş, mövcud vəziyyətlə bağlı yerli icra hakimiyyəti orqanları məlumatlandırılmışdır. Həmçinin əməkdaşların peşə biliklərinin artırılması məqsədilə yerlərdə səyyar seminarlar keçirilmişdir.
2016-cı ildə dövlət arxiv xidməti təşkilatlarının qarşısında duran başlıca vəzifə Milli arxiv fondu sənədlərinin etibarlı mühafizəsini, dövlət mühafizəsinə qəbul edilməli olan işlərin dövlət arxivlərinə qəbulunu, ali hakimiyyət və icra orqanlarının, nazirlik, idarə və təşkilatlarının, kütləvi informasiya vasitələrinin, vətəndaşların sənəd informasiyasına olan tələbatlarını təşkil və təmin etməkdən, habelə arxivlərdə saxlanılan sənədlərin elektron daşıyıcılara köçürülməsi işini davam etdirərək vahid məlumat-baza sisteminin və onlardan istifadə üçün müvafiq şəraitin yaradılmasından ibarət olacaqdır.
Bugün: | 35 |
Dünən: | 816 |
Bu həftə: | 2513 |
Son həftə: | 6294 |
Bu Ay: | 21516 |
Son Ay: | 25108 |
Bu İl: | 287665 |
Ümumi: | 1308086 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az