Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Sənətə bağlı ömür - İsa Musayev

Son Yenilənmə : 2026-10-20 05:34:09
Baxış sayı : 49

Naxçıvan teatrının görkəmli sənətkarı, respublikamızın Xalq artisti İsa Musayevin adı bəlkə də çoxlarına tanış deyil. İsa Həsən oğlu Musayev Azərbaycan teatr sənətinin görkəmli aktyor  və rejissorlarından  biri olmuşdur. “Azərbaycan SSR Xalq artisti” fəxri adına layiq görülən sənətkar “Sabirin  məhkəməsi” əsərində  Sabir obrazı ilə səhnəyə qədəm qoyaraq tamaşaçıların böyük rəğbətini qazanmışdır.

     İsa Musayev 27 noyabr 1912-ci ildə Naxçıvan şəhərində dünyaya gəlmişdir. O hələ məktəb illərindən Naxçıvan şəhərindəki komsomol klubunda keçirilən tədbirlərdə fəal iştirak edirdi. Bu klubdakı dram dərnəyinin fəal üzvü olan  İsa Musayev gözəl şeirləri əzbərdən, yüksək pafosla söyləyər, dönə-dönə alqışlanıb səhnəyə dəvət olunardı.

       İsa Musayev Azərbaycan səhnəsinin ustad sənətkarı Abbas Mirzə Şərifzadənin iştirakı ilə göstərilən tamaşalara baxdıqdan sonra teatra böyük həvəs göstərmiş və öz istedadı ilə arzusuna nail olmuşdur. Aktyor öz xatirələrində deyirdi: “Yaxşı yadımdadır, 1929-cu ildə Azərbaycan xalqı A.M.Şərifzadənin səhnə fəaliyyətinin 20 illik yubileyini böyük təntənə ilə qeyd edirdi. Azərbaycan Dövlət Akademik Teatrının binası bayramsayağı bəzədilmiş, böyük sənətkarın şəkli səhnədə zər-ziba içərisində qoyulmuşdu. Sanki güllərdən və çiçəklərdən dağ əmələ gəlmişdi. Bu dağın başında qartal baxışlı sənətkarımız böyük vüqarla dayanmıışdı. Mən yubiley günündən və şəxsən Abbas Mirzədən ilham alaraq sənətə vuruldum. Artistliyə gəlməyimə də məhz bu səbəb oldu”.

      O, yeddinci sinfi bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumuna daxil olur, lakin 1927-ci ildə təhsilini yarımçıq qoyaraq Bakıya gəlir, burada Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində təhsil almağa başlayır. Təhsilini bitirdikdən sonra yenidən Naxçıvana qayıdan İsa Musayev teatrda aktyorluq fəaliyyətinə başlamışdır.   

     Öz biliyini və təcrübəsini getdikcə artırmağa çalışan İsa Musayev Naxçıvan teatrında aktyor və rejissor kimi fəaliyyətə başlayır, az vaxt ərzində tamaşaçıların dərin rəğbətini qazanır. O, ilk dəfə Naxçıvan səhnəsində qocaman sənətkar Rza İsfəndiyarlının rejissorluğu ilə tamaşaya qoyulan “Sabirin məhkəməsi” pyesində Sabir rolunu ifa edir. İlk çıxışı onun səhnəyə həvəsini daha da artırır.

     İsa Musayevin istedadını görən rejissorlar gənci daha çətin rollarda sınamağa başladılar. Bundan sonra ona “Köhnə dudman”, “Dağılan tifaq”, “Bəxtsiz cavan” pyeslərində baş rolları oynamaq həvalə edilir. Qüdrətli sənətkarların adı ilə bağlı olan bir teatrda baş rolları ifa etmək aktyordan böyük ustalıq tələb edirdi. İsa Musayev gərgin əmək və ciddi məşqlər nəticəsində göstərilən tamaşalarda baş rolları müvəffəqiyyətlə ifa edir, yaddaqalan obrazlar yaradır.

    Ötən əsrin 30-cu illərində səhnəmizdə rus və dünya dramaturgiyasının bir sıra gözəl nümunələri göstərilməyə başlamışdı. Həmin illərdə İsa Musayev ”Hamlet” əsərində Hamlet, “Qaçaqlar” pyesində Karl Moor, “Polad qartal” əsərində Pavel surətlərini məharətlə yaratmışdır.

     1932-ci ildə səhnəmizin böyük  ustadı Sidqi Ruhulla Naxçıvana gələrək Şekspirin “Otello” faciəsini tamaşaya qoyur. Həmin tamaşada İsa Musayev Otello rolunu bütün psixoloji keyfiyyətləri ilə yaradır. Bu tamaşa İsa Musayev üçün əsl imtahan olur. Belə ki, tamaşada şər qüvvələri təmsil edən Yaqo obrazını Sidqi Ruhulla  sənətkarlıqla oynayırdı. Bunun qarşısında Otello obrazını bütün məziyyəətləri ilə canlandırmaq aktyordan böyük məharət, ustalıq və istedad tələb edirdi. İsa Musayev gərgin zəhməti ilə buna nail ola bilir.       

     İsa Musayevin yaradıcılığında xalq şairi S.Vurğunun “Vaqif” pyesində baş rolu ifa etməsi mühüm yer tutur. İsa Musayev bu rolu səhnəmizin görkəmli sənətkarları Ələsgər Ələkbərov, Kazım Ziya, İsmayıl Həmzəyev  kimi mahir ifaçılarla bir sırada müvəffəqiyyətlə oynamışdır. Vaqif obrazı İsa Musayevin ifasında məğrur, bacarıqlı dövlət xadimi, incə qəlbli şair, mehriban ata kimi tamaşaçıya təqdim olunur.

     Peşəkar aktyorluq fəaliyyəti dövründə dramatik, faciə, həm də komediya rollarının ifaçısı kimi tanınan aktyorun yaradıcılığının son illərindəki iki rolunu xüsusilə qeyd etmək lazımdır. Bunlar Hacı Qara və Əliqulu obrazlarıdır. Həmin surətlər psixoloji keyfiyyətlərinə görə  bir-birindən çox fərqlənsələr də, İsa Musayev hər iki obrazı gözəl komik keyfiyyətlərlə səhnədə canlandıra bilmiş, öz məharəti ilə hər iki surəti tənqid və gülüş hədəfinə çevirmişdir.

     İsa Musayev müxtəlif illərdə Naxçıvan və Quba teatrlarında bir neçə əsərin rejissoru olmuşdur. Onun rejissorluğu ilə Naxçıvan səhnəsində “Hacı Qara”, “Eşq və intiqam”, “Almaz”, Quba teatrında “Vaqif”, “Həyat”, “Aslan yatağı” və başqa pyeslər göstərilmişdir. O, xalq teatrlarımızın səhnəsində də bir neçə əsərin quruluşçu rejissoru olmuşdur.

      İsa Musayevin 1941-1945-ci illərdəki sovet-alman müharibəsi zamanı xidməti xüsusilə diqqətəlayiqdir. O, həmin illərdə qoşun hissələrində dəfələrlə çıxış etmiş, fəal təbliğatçı və təşviqatçı olmuşdur.

      40 ildən artıq yaradıcılıq müddətində tamaşadan tamaşaya yüksələn və incəsənətimizin inkişafı sahəsində bir çox xidmətlər göstərən İsa Musayevin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir neçə il Naxçıvan MSSR İncəsənət İşləri İdarəsinə başçılıq etmiş, muxtar respublikanın Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur.

    Vaxtı ilə komsomol klubunda şeirlər söyləyən İsa Musayevin respublikanın xalq artistliyinədək ucalması, şübhəsiz ki, sənətkarın istedadı, fədakarlığı və sənətinə qəlbən vurğunluğu sayəsində mümkün olmuşdur. Onun zəngin yaradıcılıq yolu xalqa xidmətin gözəl nümunəsidir.

      İsa Musayev 1976-cı ildə Naxçıvanda vəfat etmişdir.

      Məqalənin hazırlanmasında 52və 578 №-li fondların sənədlərindən istifadə olunmuşdur

                                                                                    

 

 Xatirə Qədirova

                                                                           S.Mümtaz adına Dövlət Ədəbiyyat

                                                                           və İncəsənət Arxivinin şöbə müdiri 



Bugün: 23
Dünən: 740
Bu həftə: 5024
Son həftə: 5584
Bu Ay: 11341
Son Ay: 36091
Bu İl: 504651
Ümumi: 2198576
2198576