Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib

Tədbirdə İdarənin mərkəzi aparatının, o cümlədən dövlət arxiv xidməti təşkilatlarının rəhbər şəxsləri iştirak edirdi.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbirdə çıxış edən Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Əsgər Rəsulov qeyd etdi ki, Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız bir dövrün deyil, bütöv bir nəslin taleyi ilə ölçülür. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi də Azərbaycan xalqının tarixində belə mühüm mərhələlərdən birinə çevrilib. Bu tarix yalnız müharibə və qələbə ilə deyil, milli iradənin, xalq birliyinin, qəhrəmanlığın və dövlətçilik əzminin nümayişi kimi yadda qalıb.

Uzun illər ərzində Azərbaycan öz mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün geniş diplomatik fəaliyyət həyata keçirib. Ölkənin üzləşdiyi problemlər, pozulmuş hüquqlar, doğma torpaqlarından didərgin düşmüş insanların taleyi beynəlxalq platformalarda gündəmə gətirilib. Lakin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu tarixi prosesdə yeni mərhələ açıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirib. Müharibə zamanı tətbiq olunan hərbi yanaşmalar və texnologiyalar Azərbaycanın hərbi imkanlarının yeni səviyyəsini göstərib.

Vurğulanıb ki, qələbənin mühüm amillərindən biri Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylik olub. Müharibə günlərində xalqla ordu arasında sıx həmrəylik yaranıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi və strateji fəaliyyəti, ordunun döyüş qabiliyyəti, əsgərlərin şücaəti və xalqın milli iradəsi bu prosesin əsas amilləri sırasında yer alıb. Lakin bu qələbənin arxasında ağır və unudulmaz itkilər də dayanır. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda minlərlə hərbçi həyatını itirib. Şəhidlər Vətən qarşısında ən böyük fədakarlığı göstərərək canlarını ölkəmizin gələcəyi naminə fəda ediblər. Onların hər birinin adı xalqın yaddaşında və Azərbaycanın tarixində əbədi yaşayacaq. 

2023-cü ildə həyata keçirilən antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində mühüm mərhələ olub. Bununla da ölkənin ərazi bütövlüyü və suverenliyi ilə bağlı yeni tarixi reallıq formalaşıb.

Əsgər Rəsulov qeyd etdi ki, bu gün Azərbaycan xalqı artıq yalnız öz haqq səsini dünyaya çatdırmağa çalışan xalq kimi deyil, ərazi bütövlüyünü bərpa etmiş xalq kimi çıxış edir. Bu, eyni zamanda, böyük məsuliyyət deməkdir. Çünki qələbəni qazanmaq qədər onun tarixini düzgün qorumaq və gələcək nəsillərə çatdırmaq da mühüm vəzifədir.

Azərbaycanın bugünkü reallığı bir gündə yaranmayıb. Bu nəticənin arxasında uzun illər davam edən diplomatik fəaliyyət, beynəlxalq müstəvidə aparılan mübarizə, dövlət strategiyası, ordunun gücləndirilməsi və, ən əsası, xalqın həmrəyliyi dayanır. Bu tarixi gənc nəslə düzgün anlatmaq xüsusi əhəmiyyət daşıyır. Gələcək nəsillər bilməlidirlər ki, bu tarix Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və Vətən uğrunda göstərilən fədakarlığın tarixidir.

 


Bugün: 935
Dünən: 1499
Bu həftə: 6828
Son həftə: 9430
Bu Ay: 33611
Son Ay: 48459
Bu İl: 447311
Ümumi: 2141236
2141236