15 Sentyabr 2026 10:01 XƏBƏRLƏR Baxış sayı : 16
08–11 sentyabr 2026-cı il tarixlərində Belarus Respublikasının paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı ölkələrinin dövlət arxiv xidməti rəhbərlərinin Məşvərət Şurasının növbəti XXII iclası keçirilib. MDB-nin yaradılmasının 35-ci ildönümünə təsadüf edən tədbir Birlik ölkələrinin aparıcı arxivçilərini bir araya gətirib.
İclasda Azərbaycan Respublikası, Rusiya Federasiyası, Belarus Respublikası, Özbəkistan Respublikası, Qırğızıstan Respublikası, Qazaxıstan Respublikası, Ermənistan Respublikası və Tacikistan Respublikasının dövlət arxiv xidməti rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak ediblər.
Məşvərət Şurasının XXII iclasında ölkəmizi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov təmsil etmişdir.
Tədbiri giriş nitqi ilə iclasın sədri Belarus Respublikası Ədliyyə Nazirliyi Arxivlər və Kargüzarlıq Departamentinin direktoru Oleq Leonidoviç Voinov açmışdır.
İclasda çıxış edən Müstəqil Dövlətlər Birliyi (MDB) Baş katibinin birinci müavini İ.V.Petrişenko və Belarus Respublikasının ədliyyə naziri Y.İ.Kovalenko tədbir iştirakçılarını salamlayaraq, Məşvərət Şurasının işinə uğurlar arzulamışlar.
İclasda Məşvərət Şurasının XXI iclasında qəbul edilmiş qərarların icra vəziyyəti nəzərdən keçirilmiş, “2025–2026-cı illər üzrə MDB iştirakçı ölkələrində arxiv işinin vəziyyətinə dair hesabat xarakterli məlumat” təqdim olunmuş, dövlət arxiv xidmətlərinin rəhbərləri tərəfindən 2026-cı ilin birinci yarımilliyi üzrə görülmüş işlərə dair təqdim edilən hesabat məruzələri dinlənilmişdir. İclasın yekununda MDB iştirakçı dövlətlərin arxiv xidmətləri arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinin, peşəkar təcrübə mübadiləsinin genişləndirilməsinin və arxiv işinin müasir çağırışlara uyğun inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.
İclasda Məşvərət Şurasının növbəti XXIII iclasının növbəlilik prinsipinə uyğun olaraq 2027-ci ildə Azərbaycan Respublikasında keçirilməsinə qərar verilmiş, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov bir il müddətinə Məşvərət Şurasının növbəti iclasının sədri seçilmişdir.
Tədbir çərçivəsində Rusiya Federasiyası Federal Arxiv Agentliyinin “Kargüzarlıq və arxiv işi üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutu” (VNİIDAD) tərəfindən “Milli arxiv fondlarının saxlanılması: praktika və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans təşkil edilmişdir. Konfransda İdarənin Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsinin müdiri Roza Əliyeva çıxış edərək arxiv sənədlərinin rəqəmsallaşdırılması, müasir informasiya texnologiyalarının arxiv işinə tətbiqi və bu sahədə innovativ yanaşmaların əhəmiyyəti barədə fikirlərini bölüşmüşdür.
Tədbir zamanı MDB-yə üzv dövlətlərin arxiv xidmətləri arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, arxiv işi sahəsində təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının arxiv fəaliyyətinə tətbiqi, arxiv sənədlərinin rəqəmsallaşdırılması və onların uzunmüddətli mühafizəsinin təmin edilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Tədbir konstruktiv şəraitdə keçmiş, MDB ölkələrinin arxiv xidmətləri arasında yüksək səviyyəli əməkdaşlıq, həmçinin tarixi yaddaşın qorunması ilə bağlı ortaq vəzifələrin birgə həllinə sadiqlik bir daha təsdiqlənmişdir.
Görüşdən sonra nümayəndə heyətləri Belarus Respublikası Ədliyyə Nazirliyinin Arxiv və Sənədlərin İdarə Edilməsi Departamentinə baş çəkmiş, burada təqdimatı keçirilən "Belarusu birlikdə bərpa edək!" və "Belarusun arxiv sahəsinin tarixi" sərgiləri ilə tanış olmuşlar.
Nümayəndə heyətləri həmçinin Böyük Vətən Müharibəsi Tarixi üzrə Belarus Dövlət Muzeyini ziyarət etmiş, "Minsk – Qəhrəman şəhər" abidəsinin önünə gül dəstələri qoymuşlar.








| Bugün: | 531 |
| Dünən: | 1250 |
| Bu həftə: | 1781 |
| Son həftə: | 10000 |
| Bu Ay: | 19134 |
| Son Ay: | 48459 |
| Bu İl: | 432834 |
| Ümumi: | 2126759 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az