Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində “Arxiv işi və rəqəmsallaşma” mövzusunda seminar keçirilib

26 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində “Arxiv işi və rəqəmsallaşma” mövzusunda seminar keçirilib. Seminarın keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2020-ci il tarixli 1815 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üzrə Dövlət Proqramı”nın 6.2-ci bəndində nəzərdə tutulmuş tədbirlərin icrasının nəticəsi, o cümlədən  Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 yanvar tarixli 287 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda və Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulmuş müvafiq tapşırıqların icrasına uyğun olaraq Milli Arxiv İdarəsi tərəfindən arxiv işi sahəsində rəqəmsal idarəçiliyin tətbiqi, elektron arxivlərin yaradılması, idarə edilməsi, Milli arxiv fonduna daxil olan arxiv sənədlərinin rəqəmsallaşdırılması, qeydiyyatı, mühafizəsi və istifadəsi üzrə mövcud normativ aktların tətbiqi, görülmüş işlər, yaradılmış dövlət informasiya sistemləri və onların iş prinsipi barəsində məlumatın verilməsi idi.

Tədbirdə Milli Arxiv İdarəsinin rəhbərliyi, struktur bölmə rəhbərləri, İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatlarının direktorları və Dövlət Arxivinin, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin, Dövlət Elm və Texnika Sənədləri Arxivinin komplektləşdirmə mənbələri olan dövlət qurumlarının, idarə, müəssisə və təşkilatlarının arxiv xidməti rəhbərləri və əməkdaşları iştirak edirdi.

Tədbirin moderatoru Dövlət Arxivinin MAF sənədlərinin komplektləşdirilməsi və dəyərinin ekspertizası şöbəsinin müdiri Aygün Bəyli sözü Milli Arxiv İdarəsinin rəis müavini Həsən Həsənova verdi.

Tədbiri giriş nitqi ilə açıq elan edən Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənov iştirakçıları salamlayaraq, seminarın mövzusunun aktuallığını diqqətə çatdırdı. Qeyd edildi ki, informasiya və kommunikasiya texnologiyalarının inkişafı və geniş tətbiqi arxiv işi sahəsindən də yan keçməmişdir. Milli Arxiv İdarəsi ölkə başçısının sözügedən istiqamətdə müvafiq tapşırıqlarına uyğun olaraq, arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi arxiv işində rəqəmsal idarəetmənin təşkili, arxiv sənədlərinin rəqəmsallaşdırılması, elektron sənədlərin mühafizəsi, qeydiyyatı və istifadəsi sahəsində müvafiq qanunvericilik aktlarının hazırlanmasını həyata keçirmişdir. İdarə sözügedən sahənin vahid idarəetmə prinsiplərini müəyyənləşdirmiş və müvafiq dövlət informasiya sistemlərinin hazırlanmasını və onların fəaliyyətini təmin etmişdir.

Milli Arxiv İdarəsinin Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar  şöbəsinin müdiri Roza Əliyeva “Arxiv işinin rəqəmsal transformasiyası və elektron sənədlərin daimi dövlət mühafizəsinə verilməsi” mövzusunda məruzə ilə çıxış etdi. Məruzəçi çıxışında elektron sənədlərin mühafizəsi, onların dövlət arxivlərinə mühafizə üçün təqdim edilməsi, o cümlədən kağız əsaslı arxiv sənədlərinin rəqəmsallaşdırılması üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 fevral tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları”nın tələblərini iştirakçıların diqqətinə çatdırdı.

Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin müdiri Natiq Eminov “Arxiv işinin İKT tətbiq etməklə modernləşdirilməsi, Vahid Elektron Arxiv İnformasiya Sisteminin fəaliyyəti və hüquqi təminat” mövzusunda çıxış etdi. N. Eminov sahə üzrə müvafiq qanunvericilik aktlarının tələbinə uyğun olaraq, Milli Arxiv İdarəsi tərəfindən yaradılmış Elektron arxiv Məlumat Sistemi (EAMS), Elektron Hesabatlar Sistemi (EHS) və onların fəaliyyəti haqqında məlumat verdi. Elektron sənədlərin idarə edilməsi, o cümlədən kağız əsaslı arxiv sənədlərinin rəqəmsal nüsxələrinin daimi mühafizəsi, qeydiyyatı və istifadəsi məqsədilə yaradılmış Vahid Elektron Arxiv İnformasiya Sistemi haqqında informasiya təqdim edildi. Bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 28 aprel tarixli,  122 nömrəli Qərarı ilə “Vahid elektron arxiv” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilmişdir. VEAİS Sistem rəqəmsal texnologiyalardan, o cümlədən informasiya kommunikasiya texnologiyalarından istifadə yolu ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin və onun strukturuna daxil olmayan tabeliyindəki dövlət arxiv xidməti təşkilatlarının fəaliyyətinin, habelə həmin dövlət arxiv xidməti təşkilatları ilə onların komplektləşdirmə mənbəyi olan dövlət və qeyri dövlət idarə, müəssisə, təşkilatlar və ayrı-ayrı şəxslərlə, həmçinin komplektləşdirmə mənbəyi olmayan qeyri-dövlət idarə, müəssisə, təşkilatlar və fiziki şəxslərlə arxiv işi sahəsində əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, Sistemdə saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir. N.Eminov sözügedən sistemin fəaliyyətini əyani şəkildə iştirakçılara təqdim etdi və onların suallarını cavablandırdı.

“SOCAR” Baş Ofisinin Mərkəzi Arxiv Departamentinin rəisi Xalidə Ağayeva “SOCAR-ın Vahid Mərkəzi Elektron Arxiv Sistemi” haqqında çıxış edərək qeyd etdi ki, SOCAR tərəfindən arxiv işinin rəqəmsallaşdırılmasına 2013-cü ildən başlanılmış və bugünədək arxivdə mühafizə edilən sənədlərin böyük bir qismi artıq rəqəamsallaşdırılmışdır. X.Ağayeva təmsil etdiyi qurumda istifadə olunan informasiya sistemi haqqında ətraflı məlumat verərək bildirdi ki, qurum olaraq, sənədlərin rəqəmsallaşması ilə yanaşı kağız əsaslı sənədlərin fiziki vəziyyətinin qorunması məqsədilə yeni innovativ vasitələrdən istifadə etməklə müvafiq tədbirlər həyata keçirilir.

"Bakı Metropoliteni" QSC-nin İcraya nəzarət və sənədlərlə iş departamentinin rəisi Səadət İsmayılova “Bakı Metropoliteni" QSC-də arxiv işinin təşkili və müasir standartların tətbiqi” mövzusunda çıxış etdi. Bildirildi ki, yeni ünvana köçürülən qurumun arxivində geniş və əhatəli ekspertiza işləri aparılmış, elmi-texniki əhəmiyyətini itirmiş sənədlər seçilərək ayrılmışdır. Daimi saxlanılan sənədlər müasir tələblərə uyğun olaraq rəqəmsallaşdırılmış və qurumun elektron informasiya sistemi vasitəsilə istifadəsi təmin olunmuşdur.

Milli Arxiv İdarəsinin MAF sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı və idarə arxivləri ilə iş şöbəsinin müdiri Cəmaləddin Cavadov “İdarə arxivlərində arxiv işinin qanunvericiliyə uyğun təşkili” mövzusunda çıxış edərək sahə üzrə müvafiq qanunvericilik aktlarının. O cümlədən “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, həmçinin Milli Arxiv İdarəsi Kollegiyasının təsdiq etdiyi müvafiq normativ-hüquqi aktlarının tələbləri haqqında məlumat verdi. Qurumlarda arxiv işinin məhz sözügedən qanunvericilik aktlarının tələbləri çərçivəsində qurulması, arxivlər haqqında qanunvericilikdə nəzərdə tutulmuş məlumatların vaxtında və tam olaraq verilməsinin vacibliyi diqqətə çatdırıldı.

 

 


Bugün: 623
Dünən: 1460
Bu həftə: 7726
Son həftə: 7853
Bu Ay: 27588
Son Ay: 36091
Bu İl: 520898
Ümumi: 2214823
2214823