17 Yanvar 2020 08:01 XƏBƏRLƏR Baxış sayı : 1300
17 yanvar 2020-ci il tarixində keçirilən növbəti anım mərasimində İdarənin rəhbərliyi və kollektivi, Respublika Dövlət Arxivlərinin rəhbər vəzifəli şəxsləri və əməkdaşları iştirak ediblər.
Tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov çıxış edərək, bildirib ki tədbir “20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 dekabr tarixli Sərəncamına, Prezident Administrasiyasının rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı"na uyğun olaraq, Milli Arxiv İdarəsi tərəfindən verilmiş müvafiq əmrə əsasən təşkil edilib.
1990-cı il yanvarın 20-də Bakıda törədilən və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. 20 Yanvar faciəsi Azərbaycanın milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpasında mühüm dönüş nöqtəsi olub.
Keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə Bakıda imperiya rəhbərliyi yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi birləşmələrini şəhərə yeridərək Azərbaycan xalqına qarşı misli görünməmiş qırğın törətməklə SSRİ konstitusiyasının, eləcə də insan hüquqları ilə bağlı beynəlxalq müqavilələrin bir sıra maddələrini kobudcasına pozub. Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz edildiyi, günahsız insanların qətlə yetirildiyi həmin gecədə 140-dan çox dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb və qanunsuz olaraq həbs edilib. Dövlət əmlakına və özəl mülkiyyətə külli miqdarda ziyan dəyib.
Qeyd olunub ki, o zaman ümummilli lider Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edib. Bakıda törədilmiş cinayətlər haqqında həqiqətlərin ilk dəfə dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin bu qətiyyətli addımı mühüm əhəmiyyət kəsb edir. Ulu Öndər böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verib, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan edib.
Ulu Öndərin 20 Yanvar faciəsi haqqında verdiyi siyasi-hüquqi qiymət bugün də cənab Prezident ilham Əliyev tərəfindən bütün beynəlxalq tədbirlərdə Azərbaycanla bağlı qaldırılan məsələlərdə əldə rəhbər tutulur, faciənin hüquqi, siyasi nəticələri daim analiz edilir.
Qeyd edildi ki, qanlı 20 Yanvar faciəsi Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Tədbirdə çıxış edən İdarənin Sənədlərin istifadəsi və nəşr şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər Mərkəzinin rəhbəri Natiq Eminov Dövlət Kino-Foto Sənədləri Arxivinin materialları əsasında hazırlanmış “Qanlı Yanvar, Şahid sənədlər” sənədli film-xronika haqqında məlumat verərək bildirdi ki, filmdə sovet ordusunun xalqımıza qarşı həyata keçirdiyi qətliama dair görüntülər heç bir əlavə şərh olmadan, arxiv sənədlərinin nəşr qaydasına uyğun olaraq verilib. Sənədli filmdə Ümummili Lider Heydər Əliyevin faciə haqqında fikirləri, çıxışları və digər məqamlar yer alıb.
Daha sonra “Qanlı Yanvar Şahid Sənədlər” adlı sənədli film-xronika nümayiş etdirilib.
Sözügedən sənədli filml-xronika ilə aşağıdakı linklərdən tanış ola bilərsiniz:
Milli Arxiv İdarəsinin rəsmi YouTube kanalında: https://www.youtube.com/watch?v=4iQbFt064Fg
Milli Arxiv İdarəsinin rəsmi Facebook hesabında: https://www.facebook.com/milliarxiv/videos/415218639224436/
Bugün: | 5 |
Dünən: | 1014 |
Bu həftə: | 5171 |
Son həftə: | 6066 |
Bu Ay: | 19067 |
Son Ay: | 28223 |
Bu İl: | 260108 |
Ümumi: | 1280529 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az