05 Aprel 2018 02:55 XƏBƏRLƏR Baxış sayı : 4131
Azərbaycan Respublikası Dövlət Səs yazıları Arxivi 5 aprel 1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılmışdır.
Arxiv Respublika Milli Arxiv İdarəsinin tərkibində fəaliyyət göstərən 6 dövlət arxivləri arasında ən gəncidir. Bu il 50 illiyini qeyd etdiyimiz arxiv Müstəqil Dövlətlər Birliyi məkanında ikinci arxivdir.
(Birinci belə arxiv 1967– ci ildə Rusiyada təşkil edilib). Digərlərindən fərqli olaraq bizim arxivin istər sənədlərinin qeyri - ənənəviliyi və istərsədə şifahi tarix kimi özünəməxsus xarakterik xüsusiyyəti var. Ümumiyyətlə, arxivlərin hamısı həmişə eyni məqsədə xidmət edib. Tarixi sənədlərin, stenoqramların, daş kitabələrin, qayaüstü təsvirlərin, əlyazmaların, kitabların, mətbuat orqanlarının, müəyyən əşyaların , kolleksiyaların ... qorunmasınan , mühafizə edilərək gələcək nəslə çatdırılmasına çalışılıb . Səs Yazıları Arxivinin qarşısında duran əsas məqsəd isə Vətənimizin ictimayi – siyasi , tarixi , elm və mədəniyyətini özündə əks etdirən bədii və sənədli audio – video sənədləri , habelə , dövlət , siyasi və ictimai xadimlərinin çıxışlarının müxtəlif səs və video daşıyıcılarında olan yazıları , müharibə və əmək veteranlarının , elm və incəsənət xadimlərinin ölkəmizə gələn yüksək vəzifəli xarici qonaqların səs və video yazılarını toplayıb onların dövlət mühafizəsini təmin etmək kimi vacib vəzifə qoyulub .
Arxivin ən qədim sənədi XIX - əsrin II – yarısına aiddir . Bərk sıxılmış deşikli kartondan olan bu val “ Herafon ” adlı cihazda səsləndirilir . Valın kənarında rus dilində mürəkkəblə Ştrausun “ Qaraçı Baronu ” və “ Mazurka - polka” sözləri qeyd edilib . Bu sənədin qiyməti təkcə onun yaşında deyil . Həmin yazı dahi mütəfəkkir , Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin dəst – xəttidir . Bu , böyük ədibin dünya mədəniyyəti ilə yaxından maraqlanmasına canlı sübutdur . bu nadir val Şəki şəhərindən , dramaturqun Ev - Muzeyindən gətirilmişdir.
İlk axtarışlar arxiv əməkdaşları üçün gözlənildiyindən də uğurlu oldu və qısa müddət ərzində Azərbaycan musiqi xəzinəsinin inciləri sayılan xeyli miqdarda qrammofon valları əldə edildi . Onlar ötən əsrin əvvəllərində dünyanın müxtəlif səsyazma şirkətləri - Riqa şəhərində fəaliyyət göstərən məşhur “ Qrammofon” , Parisin – “ Pete” qardaşları , Varşava şəhərindəki fəaliyyət göstərən “ Sport – Rekord” , habelə , Kiyevin “ Ekstrafon”, Tbilisinin “ Monarx – Rekord” , Bakının “ Qrammofon - Rekord” və başqa Səsyazma şirkətləri tərəfindən istehsal edilmiş qrammofon vallarıdır ki , onlarda Azərbaycan musiqisinin korifeyləri Cabbar Qarayağdıoğlu , Məşədi Məmməd Fərzəliyev , Keçəçioğlu Məhəmməd , Ələsgər Abdullayev ( Şəkili Ələsgər ) , Məcid Behbudov ( dünya şöhrətli müğənni Rəşid Behbudovun atası ) , Seyid Şuşunski , Musa Şuşinski , Mirzə Güllər xanım , İslam Abdullayev ( Segah İslam ) , qəribə talehli xanəndə Seyid Mirbabayev , Zabul Qasım , Məşədi Hilal Zeynalov , Zülfü Adıgözəlov , Xan Şuşinski . Həmid və Əsgər Malıbəyli qardaşları , məşhur tarzənlərdən Şirin Axundov ( Səlyanlı Şirin ) , Mirzə Fərəc , Qurban Pirimov , Mənsur Mənsurov , Cəmil Əmirov ( bəstəkar Fikrət Əmirovun atası ) və bir çox başqalarının ifasında muğam , mahnı və el havaları əbədiləşib . Sayı 1500 - ə qədər olan belə sənət inciləri arxivin “ Qızıl fondu” nun əsasını təşkil edir . Qeyd edək ki , həmin valların hamısı 1901 – 1914 – cü illər arasında yazılıb .
Arxivin əməkdaşları uzun illərdən bəri unudulmuş bir çox sənətkarların sorağına düşərək onlardan yadigar qalan sənət incilərini tapıb üzə çıxarıblar .
Məşhur xanəndə Mirzə Güllər xanım , xanəndə Aslan , Musa Səfərov , Qasım Abdullayev , Məşədi Qafar , səsi ilk vala yazılanlardan biri Əbdülqədir Cabbarov ( Qədir bala ) , o zamanlar üçün nadir peşə sayılan qarmonçalan Məmmədtağı və başqaları belə sənətkarlardandır. Belə tapıntılar arxivin fondlarını zənginləşdirdiyi kimi mədəniyyət tariximizin araşdırılmasında da xüsusi əhəmiyyət kəsb edir . Dini ehkamların höküm sürdüyü bir zamanda böyük cəsarət nümunəsi göstərən qadın xanəndə Mirzə Güllər xanımın taleyinə diqqət yetirək . Zamanəsinin haqsızlıqları gənc qızı doğma Cavad kəndindən , ata evindən qaçmağa məcbur edir . Əyninə kişi paltarı geyərək , el şənliklərində , Mirzə Güllər adı ilə , sönməz bir eşqlə oxuyan bu sənət fədaisinin səsi sonralar Şirvan , Gəncə , İrəvan və başqa iri şəhərlərdən gəlir . Artıq xeyli məşhur olan Mirzə Güllər xanımı Kiyevə dəvət edilərək “ Monark – Rekord” Səsyazma Cəmiyyəti 1914 – cü ildə onun ifasında “ Mirzə Hüseyn Segahı” , “ Bayatı – Kürd” , “ Bayatı Şiraz” muğamlarını , “ Yeri , dam üstə yeri” və başqa el havalarını qrammofon valına yazmışdır . Təəssüflər olsun ki , axtarışlarımız zamanı onun yalnız bir valını tapa bildik . Lakin axtarışlar zamanı onu şənliklərdə , toyda – mağarda görənlərin bir neçəsi ilə söhbətləşdik və xeyli məlumat əldə etdik . Sonralar alim – yazıçı mərhum Əzizə Cəfərzadə xanəndənin keşmə - keşli həyatından bəhs edən “ Bir səsin faciəsi” romanını yazdı .
1910 – cu ildən sazəndə dəstələrinin vala yazdırdığı “ Vağzalı ” , “ Mirzəyi ” ,“ Tərəkəmə ” ,“ Əskərani ” , Uzundərə ” kimi oyun havaları , xanəndələrdən Cabbar Qarayağdıoğlu , Keçəçioğlu Məhəmməd və Məşədi Məmməd Fərzəliyevin “ Gülə - gülə” ,“ Eşq atəşi” , “ Vətən şərqisi” , “ Mən bir Türkəm” ,“ Tello” və başqa xalq mahnılarını xorla birlikdə oxuyub vala yazdıqmışlar . Maraqlıdır ki , həmin səsyazma şirkətlərivallarla bərabər onların katoloqlarını da kitabça şəklində çap edib yayırdılar . əldə edilmiş bu katoloqlar istifadə üçün sanballı məlumat mənbəyiolduğu kimi , həmin valların axtarılıb tapılmasında da xüsusi əhəmiyyət kəsb edir .
Arxivin fondlarında çox maraqlı bir val da mühafizə edilir . Həmin vala “ Vağzalı ” və “ Mirzəyi ” rəqs havaları yazılıb . Həmin rəqs havalarını Varşavanın “ Sport - Rekord ” səsyazma şirkətinin avropalı əməkdaşları ifa edərək vala yazdırmışlar . 1910 – cu ildə buraxılan bu val musiqimizin Avropada da xüsusi maraq doğurduğunu bir daha sübut edir.
Ölkəmizin ictimayi – siyasi və iqtisadi həyatını əks etdirən fondda minlərlə xüsusi qiymətli fono və video yazıları arasında görkəmli siyasətçi və dövlət xadimi Heydər Əlirzaoğlu Əliyevin həyatını və fəaliyyətini əks etdirən fono - video sənədlər tam toplanılaraq arxivin xüsusilə qiymətli fondunda mühafizə edilir . İnamla deyə bilərik ki , arxiv sənədləri arasında H . Ə . Əliyevin fəaliyyətinə dair fono – video sənədlər arxivin ən iri fondudur . Onların ümumi səslənmə müddəti 700 saatdan artıqdır .
O dövrün mühüm hadisələrindən biri də səhnə əsərlərinin qrammofon valına yazılması olub . Belə ki , 1914 – cü ildə Varşavanın “ Sport – Rekord” şirkəti Zülfüqar Hacıbəylinin “ Əlli yaşında cavan ” və “ Evlikən subay ” əsərlərindən parçaları görkəmli səhnə ustası Hacıağa Abbasovun ifasında vala yazmışlar . Müəllifin “ Əlli yaşında Cavan ” əsəri beş , “ Evlikən subay ” əsəri isə iki valdan ibarətdir və arxivin nadir - fono sənədləri kimi qorunubsaxlanılır . Maraqlıdır ki , burada xalq artisti Hacıağa Abbasovla barəbər əsərin müəllifi Zülfüqar Hacıbəyli də iştirak edib .
Azərbaycan teatr tarixi və onun ilk yaradıcılarına dair səs və video yazıları arxiv fondlarında xüsusi yer tutur . Burada Abbas Mirzə Şərifzadə , Hüseynqulu Sarabski , Dadaş Şaraplı , Mirzağa Əliyev , Şövkət Məmmədova , Ələsgər Ələkbərov , Sidqi Ruhulla , Fatma Qədri , Ağadadaş Qurbanov , Üfvi Rəcəb , Hökümə Qurbanova , Kazım Ziya , Hacıağa Abbasov , Ağasadıq Gəraybəyli və daha neçə - neçə ölməz sənətkarlarımızın səsi , coşğun səhnə fəaliyyətləri arxivin nadir incilərindəndir . Həmin sənət fədailərinin çıxışları , oynadığı rollarla bərabər , onların həyat və yaradıcılığı , səhnə fəaliyyəti və yubiley təntənələrinə dair küllü miqdarda dəyərli səs və video yazıları toplanılıb saxlanılması incəsənət tariximizin tədqiqi üçün sanballı imkanlar yaradır .
Arxivdə mühafizə edilən xeyli miqdarda səs və video yazılarında ölkəmizin mədəni irsinin ən yaxşı nümunələri toplanılıb . Bu sənədlər arasında bəstəkarlardan Üzeyir bəy Hacıbəylinin , Qara Qarayevin , Fikrət Əmirovun , Cahangir Cahangirovun , Süleyman Ələsgərovun , Əfrasiyab Bədəlbəylinin , Ağabacı Rzayevanın , Şəfiqə Axundovanın , ifaçılardan – Rəşid Behbudovun , Müslüm Maqamayevin , Bülbülün ,Yaqub Məmmədovun , Şövkət Ələkbərovanın , Rübabə Muradovanın , Lütviyar İmanovun , Yavər Kələntərlinin , Zeynəb Xanlarovanın , Fatma Mehrəliyevanın , Sara Qədimovanın , mahir muğam ustaları – Hacıbaba Hüseynovun , Əlibaba Məmmədovun , Arif Babayevin , Canəli Əkbərovun , Alim Qasımovun , Əbülfət Əliyevin , Qulu Əsgərovun , habelə ustad tarzən Bəhram Mansurovun , xalq artisti Habil Əliyevin , qaboy çalan Kamil Cəlilovun , mahir qarmon ifaçısı Zakir Mirzəyevin , görkəmli caz ustası Vaqif Mustafazadənin , bir sözlə , Azərbaycanın tanınmış bəstəkar , musiqiçi və ifaçılarının canlı səsləri , həyat və yaradıcılıqlarından ibarət zəngin fono və video yazıları xüsusi dəyərə malikdir .
Bunlardan başqa , dünya klassik bəstəkarlarından və ifaçılarından Pyotr Çaykovski , Sergey Raxmaninov , Cüzeppe Verdi , Jorc Bize , Enrike Karuzo , Fyodr Şalyapin və digərlərinin yaradıcılıqları qrammofon vallarında və lent yazılarında öz əksini tapıb .
Arxivin fondlarında “ Ədəbiyyat ” bölməsi daha zəngindir . Bu fono – video yazılarında Süleyman Rüstəmin , Məmməd Rahimin , Mirzə İbrahimovun , İsmayıl Şıxlının , Nəbi Xəzrinin , Mehdi Hüseynin , Əliağa Vahidin , Bəxtiyar Vahabzadənin , Əliağa Kürçaylının , Hafiz Baxışın , Mirvarid Dilbazinin , Rəsul Rzanın , Nigar Rəfibəylinin , Şəhriyarın və bir çox başqa yazarların canlı səs və yaradıcılıqlarından bəhs edən fono – video yazıları nadir sənət incilərindəndir .
Xüsusi bir qayğı ilə mühafizə edilən digər fond Nizami Gəncəvi , Məhəmməd Füzuli , Əfzələddin Xaqani , İmadəddin Nəsimi və digər dahi söz sərratlarının irsidir . Azərbaycan xalqına nur çeşməsi təki çağlayan , tükənməz və möhtəşəm sənət xəzinəsi yadigar qoymuş klassiklərimizin həyat və yaradıcılıqları ilə bağlı bölmə belə fono sənədlərlə zəngindir . Saz – söz ustadlarımız , alimlər , sənətkarlar onların insanları ofsunlayan poeziyasının sirlərindən zaman – zaman söhbət açmışlar .
Türkiyənin tərəqqipərvər şairi Nazim Hikmət 1960 – cı ildə Cəfər Cabbarlının evində təşkil edilmiş xatirə gecəsində çıxış etmiş və ədəbi Azərbaycan yazarlarının peyğəmbəri adlandırmışdır . Onunla bərabər Süleyman Rüstəm , Cəfər Cəfərov , Rəsul Rza , Sabit Rəhman və başqaları da məclisdə iştirak etmiş , qısa ömrün dolğun yaradıcılığından geniş söhbət açmışdır . Və Nazim Hikmət sonda özünün “ Ceviz ağacı ” və “ Kərəm kimi ” şeirlərini söyləmişdir . Belə bir lent yazısı böyük şəxsiyyətlərdən qalan qiymətli yadigardır . Tədbiri yazıçı Seyfəddin Dağlı lentə alıb , arxivimizə bağışlamışdır .
Xalq şairi Səməd Vurğun , onun həyat və yaradıcılığı ilə bağlı 200- dən artıq fono sənəd xüsusilə dəyərlidir . Şairin ifasında özünün yazdığı şeir və poemalardan parçalar , müxtəlif tədbirlərdəki çıxışlarının lent yazıları və xüsusilə 1954 – cü ildə Moskvada yazıçıların II Ümumittifaq qurultayında “ Sovet poeziyası ” haqqında hamını heyran qoyan , 20 ili əhatə edən geniş və parlaq məruzəsinin lent yazısı uzun axtarışdan sonra 1976- cı ildə Moskva şəhərindən tapılaraq arxivə gətirilmişdir .
12 may , 1956 – cı il . Həmin gün M . F . Axundov adına Opera və Balet Teatrının binasında böyük təntənə vardı . Yubiley gecəsinə qocalar , cavanlar , şairin sənət dostları , dövlət nümayəndələri , xarici qonaqlar və poeziya vurğunları gəlmişdilər . Yalnız yubilyarın özü gözə dəymirdi , amansız xəstəlik şairi yatağa salmışdı . Təsəlli olaraq intizarlı baxışlar yalnız onun səhnə arxasında asılan iri portretinə tikilmişdi ...
Yubiley gecəsində Azərbaycanın , Rusiyanın və digər respublikaların , xarici ölkələrin görkəmli şair və yazıçıları Səməd Vurğun yaradıcılığından geniş söhbətlət açmış və şairə həsr etdikləri şeirlərini oxumuşlar . Şair isə yalnız radio vasitəsilə yubiley iştirakçılarına müraciət etmişdir .
Təssüflər olsun ki , həqiqi təntənəli beynəlmiləl məclisə dönmüş həmin gecə o zamankı dövrü mətbuatda lazımı dərəcədə öz əksini tapmamışdır . Səməd Vurğun yaradıcılığının tədqiqatçıları , xüsusən müasir ədəbiyyatşünaslar bu çıxışlardan xəbərsiz qalmışlar . Xoşbəxtçilikdən həmin tədbirin lent yazıları əldə edilmiş və hazırda arxivin ən qiymətli sənədlərindən biri kimi arxivin fondlarında qorunmaqdadır .
Dahi Üzeyir bəyin dili ilə desək “ Xalq musiqisinin ən yaxşı ifaçıları aşıqlardır . Onlar doğru olaraq musiqi sənətkarları hesab olunurlar . Musiqi sənətimizin örnəyi , mədəniyyətimizin əzəli ulu ozanların sinəsində dillənən telli sazdan başlayır . Say 2000 mindən artıq olan aşıq yaradıcılığı fondunda aşıqlarımış Azərbaycan , onun dilbər guşələrinin tərənnümü , gözəllikdən , məhəbbətdən , el qəhrəmanlarından söz açan dastanları və ifaları arxivin fondları arasında layiqli yer tutur . Ötən əsrin otuzuncu illərin məşhur aşıqları Qurbanəlinin , Əsəd Rzayevin , aşıq Mirzə Bayramovun , aşıq Fətullanın , aşıq Şəmşirin , sonrakı illərdə aşıqlardan Əkbər Cəfərovun , Mikayıl Azaflının , Hüseyn Saraclının , Əhməd Sadaxlının , Mahmud Məmmədovun , Məhəmməd Sadaxlının , Pənah Pənahovun , aşıq Kamandarın , aşıq Əmrah Gülməmmədovun və bir çox başqa el sənətkarlarının ifa etdikləri aşıq mahnıları , saz havalarının lent yazıları , qrammofon valları və video yazıları qiymətli sənət incilərindəndir . Bu möhtəşəm xəzinədə xalqımızın qəhrəmanlıq səlnaməsi olan “ Koroğlu” dastanının bütün qolları aşıqlarımızın ifasında bir neçə qrammofon vallarında əbədiləşib .
Bu bölmədə çox maraqlı bir val da mühafizə edilir . Həmin vala kiçik yaşlı aşıqlar Kazım Abdullayev və Allahverdi Əliyevin ifasında aşıq mahnıları yazılmışdır . Xeyli araşdırmadan sonra müəyyən edilmişdir ki , 11 və 13 yaşlı Allahverdi ilə Kazım 1938 – ci ildə Moskvada keçirilmiş Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ongünlüyünün iştirakçısı olmuş və o , vaxt səsləri yazılmışdır .
Arxivin ötən əsrin otuzuncu illərinə dair fono sənədləri xüsusilə maraqlıdır . Bunların arasında 1938 – ci ildə Moskva şəhərində keçirilmiş Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ongünlüyünün sənədləri xüsusilə dəyərlidir . Burada keçirilən tədbirlər böyük maraq doğurmuş “ Ümumittifaq Melodiya ” səsyazma şirkəti Azərbaycanın incəsənət ustalarının çoxunun ifalarını qrammofon valına yazmışlar . İkinci Dünya müharibəsinin başlanması və digər səbəblərdən həmin vallar “ sınaq” nüsxəsi halında şirkətin anbarında qalmış və sonradan unudulmuşdur . Ötən əsrin 70 – ci illərin də tərəfimizdən həmin qrammofon valları aşkar edilərək arxivə gətirilmişdir . Yaxşı vəziyyətdə qalmış həmin valların sayı 800 - ə qədərdir və dəyərinə görə arxivin nadir sənədləri sırasındadır .
Arxivin fondlarında İkinci Dünya müharibəsində xalqımızın şanlı oğul və qızlarının alman faşizminə qarşı ön cəbhədə və arxada apardıqları mübarizə fono sənədlərdə təsbit olunub . Burada azərbaycanlı Sovet İttifaqı qəhrəmanlarının , müharibə veteranlarının , partizanların , arxa cəbhədə çalışan əmək veteranlarının çıxışları , xatirələri , habelə tarixi qələbəyə həsr olunmuş müxtəlif tədbirlərin audio - video yazıları cəmlənib . Bu sənədlər arasında Azərbaycan bəstəkarlarının və incəsənət ustalarının müharibə dövrünə dair fono və video yazıları daha çoxluq təşkil edir . İyirminci yüzilliyin 70 – ci illərində arxivin əməkdaşları təşəbbüs göstərərək azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının bir çoxları ilə görüşmüş və onların müharibə barəsindəki təəssüratlarını , xatirələrini , döyüş yollarını lentə almışlar və nəticədə çox maraqlı və qiymətli bir fond alınıb .
Arxivin müharibədən sonrakı fono və video sənədlərində əsasən ölkədə bərpa işləri , xalq təsərrüfatının , elmin , məddəniyyətin inkişafı öz əksini tapıb . Bunlarla yanaşı arxivdə dövlət və içtimai xadimlərin çıxışları , müsahibələr , görkəmli alimlərin , mədəniyyət xadimlərinin müxtəlif tarixi hadisələrin iştirakçılarının çıxışlarının səs və video yazıları da mühafizə edilir .
Arxivin fono sənədləri arasında Cənubi Azərbaycan və Türkiyə Cümhuriyyətinin mədəni - ədəbi mühitinə dair mühafizə edilən xeyli miqdarda qiymətli səs yazıları mühüm əhəmiyyət kəsb edir . Bu sənədlər arasında ilk nəzər - diqqəti cəlb edən “ Şərqin görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın səsi yazılmış lentlərdir . Lentlərin birində xalq şairi Məmməd Rahimin şeir dili ilə ona yazdığı açıq məktubu və şairin ona cavabı yazılmışdır . Ömrü boyu Bakını görmək və dostları ilə görüşmək arzusu ilə yaşayan ulu şair göz yaşlarını həmin məktublara qataraq hıçqırtı ilə oxuyaraq lentə yazdırmış və bizlərə ərmağan etmişdir . Bu çox dəyərli və çox da kədərli bir canlı sənəddir . Şairin şəxsi fondunda belə nümunələr xeyli miqdardadır .
Fondda şərqin digər bir məşhur sənətkarları muğam ustası Əbdülhəsən Azər İqbal Soltanın lent yazılarıda xüsusi maraq doğurur . Bir lentə ustad 100 münasibətilə təşkil edilmiş yubiley mərasimində 20 dəqiqə “ Bayatı – İsfahan” muğamını böyük bir şövqlə ifa etmişdir .
Fondlarda eyni zamanda Cənubi Azərbaycanın xanəndə və musiqiçilərinin ötən yüzilliyin əvvələrində buraxılmış qrammofon valları o dövrün musiqi həyatı barədə təssəvvür yaradır . Onlardan Rzaquluxan , Tahirxan , Bağırxan , və başqalarının qrammofon valları fondun dəyərli sənədlərindəndir . Arxivdə digər fono sənədlərlə yanaşı Güney Azərbaycanın və Türkiyə aşıqlarının da xeyli audio – video yazıları qorunur . Aşıq Dehqan , aşıq Qəşəm , aşıq Rəhim , aşıq Həsən Qəəffari , aşıq Mahmud Cahangiri , aşıq Məmmədlinin və bir çox sənətkarların çal – çağırları , onların könül oxşayan səsləri böyük məhəbbətlə mühafizə edilir .
Həmin fondlar arasında gözoxşayan , çox gözəl tərtib edilmiş fono albom Türkiyə Cümhuriyyətinin qurucusu , ulu “ Atatürkün sevdiyi şərqilər ” səsli albomudur . Burada onun sevdiyi mahnılar və onların mətnləri yazılıb . Albomun üzərində isə böyük sərkərdənin şəxsi qılıncı və onun üzərində ağ göyərçin həkk olunub . Qəhrəmanlıq və sülh rəmzi daşıyan bu tərtibat fono alboma xüsusi gözəllik verir və onu dahada əzəmətli edir .
Son illərin məlum hadisələri ilə əlaqədar olaraq , “ Qanlı Yanvar ” , “ Köçkünlər” , “ Qarabağ hadisələri” kimi fondlar da yaradılıb. Artıq tarixə çevrilmiş qondarma “ dağlıq Qarabağ” problemlərinin ciddiliyini nəzərə alan arxivin əməkdaşları , havadarlarının köməyilə erməni daşnaqları tərəfindən öz ata - baba torpaqlarından vəhşicəsinə qovulan azərbaycanlıların ah – naləsi , onların ittihamları , həttda , uşaq hıçqırtısını belə , lentə alıblar . 1973 – cü ildə DQMV – nin 50 – illiyinə həsr edilmiş təntənəli yığıncağın lent yazısına qulaq assaq , Dağlıq Qarabağın qədim Azərbayvan torpağı olduğunu və ermənilər buraya köçüb gələndən sonra xöşbəxt yaşadıqlarını onların öz dilindən eşidirik .
Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivi öz profilinə görə ölkəmizdə yeganə elmi – metodiki mərkəzdir . Əməkdaşlarımız son illər “ Fono sənədlərlə işləyən idarə və təşkilatların əsas iş qaydaları” , “ Video sənədlərlə işləmə metodikası” adlı təlimat , “ Əsas iş növləri və onlara sərf olunan vaxt norması” və s . kimi metodiki vəsaitlər hazırlamış və onları gündəlik işlərində tədbiq edirlər . Arxivin əməkdaşlarıistər idarə və təşkilatlarda , istərsə də ayrı – ayrı şəxslərdə saxlanılan fono və video yazılarının müntəzəm olaraq qayğısına qalır , onlara metodiki və texniki köməklik göstərir , dəyərli məsləhətlər verir . Belə tədbirlər bir tərəfdən harada və kimdə saxlanılmasından aslı olmayaraq audio – video yazılarına nəzarət edilir , digər tərəfdən isə onların tədricən dövlət mühavizəsinə qəbul edilməsinə imkan yaradır .
Arxivə qəbul edilən qiymətli sənədlər arasında böyük Niyazinin fonotekası xüsusi diqqət çəkir . Görkəmli dirijor - bəstəkarın şəxsi fondunda 140 – dan artıq qiymətli fonosənədlər cəmlənib . Burada maestronun müxtəlif ölkələrdəki konsertlərinin , söhbətlərinin , onunla aparılan müsahibələrin , radio və televiziya verilişlərinin , əsərlərinin lent yazıları , bir sıra görkəmli xarici ölkə musiqiçilərinin Niyaziyə avtoqrafa bağışladığı vallar , həmçinin ötən yüzilliyin əvvəllərində buraxılmış 10 – dan artıq nadir qrammofon valları arxivin nadir sənədlərindəndir .
Arxivdə sənədlərin dövlət mühavizəsinə qəbulu , elmi – texniki cəhətdən işlənməsi , onların bərpası və mühavizəsinin təmin edilməsi ilə yanaşı , onlardan hərtərəfli istifadənin təşkili də arxivin fəaliyyətinin mühüm sahəsini təşkil edir . Səs yazıları qiymətli tarixi mənbə , geniş dinləyici kütləsinə təsiretmə dərəcəsinə görə əvəzsiz təbliğat materialıdır . Səs yazılarına tələbat gündən – günə artır və onlardan istifadə genişlənir . Arxivin audio – video materiallarından radio və televiziya verilişlərində kinofilmlərin çəkilişində , müxtəlif yığıncaq və bayram tədbirlərində , xatirə və yaradıcılıq gecələrində , elmi işlərdə , muzey sərgilərində və sairə tədbirlərində istifadə edilir .
Arxiv materialları əsasında əməkdaşlarımızın təşəbbüsü ilə hazırladıqları məlumatlar xüsusilə əhəmiyyətlidir . Onlar əlamətdar günlər ərəfəsində müəyyən tarixi hadisəni və ya yubiley materiallarını əks etdirən fono – video sənədləri araşdırıb məlumatlar toplusu hazırlayır və maraqlanan tərəflərə təqdim edirlər . Ayrı – ayrı mövzuları üzrə digər sənədlərin siyahıları da hazırlanır ki , bu da istifadəni xeyli asanlaşdırır .
Milli Arxiv idarəsi tərəfindən arxivə müasir tələblərə cavab verən avadanlıqların alınması və əməkdaşlarımızın həmin avadanlıqların istismar metodlarını mənimsəməsinin nəticəsidir ki , istər fondlarda mühafizə edilən və istərsə də ayrı – ayrı təşkilatlardan və şəxslərdən dövlət mühavizəsinə qəbul edilən audio – video sənədlərin rəqəmsallaşdırılması işi mütəmadi olaraq davam etdirilir . Məqsədimiz yaxın illər ərzində arxivdə mühafizə edilən sənədlərin tamamilə rəqəmsal sistemə keçirilməsidir . 2008 – ci ildə arxivləri üçün dövlət qayğısının və diqqətinin parlaq təcəssümü olan xoş bir olay üz verdi .
Ölkə Prezidenti İlham Əliyev daha səmərəli və məhsuldar çalışmağımız üçün Milli Arxiv İdarəsinə çoxmərtəbəli və möhtəşəm bir binanın açılışını etdi . İndi burada istər sənədlərin mühafizəsi və istərsə də əməkdaşların fəaliyyəti üçün gözəl şərait yaradılıb .
Arxivin fondlarını yeni sənədlər hesabına zənginləşdirmək işin birtərəfidir .
Əsas və vacib məsələ isə onların mühafizəsini təmin etməkdir . Əgər qoruyub saxlaya bilmirsənsə onu toplamağın heç bir mənası yoxdur . Elə bu məqsədlə də sənədlərin mühafizəsi yönündə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir . Bunlardan ən vacibi tabeçiliyində olduğumuz Milli Arxiv İdarəsinin maliyyə dəstəyilə fono – video sənədlərin xüsusi praqramla rəqəmsal formata keçirilməsidir . Fərəhlə qeyd etməliyik ki , Respublika arxiv sistemində ilk olaraq bu çox gərəkli işə biz başlamışıq və hazırda arxivdə mühafizə edilən 50 minə qədər fono sənədin və 20 – mindən artıq video süjetin 40 % - ə qədəri artıq rəqəmsal formatda CD və DVD disklərinə köçürülüb və bu iş müntəzəm olaraq davam etdirilir . Məqsədimiz yaxın bir neçə il ərzində tam elektron arxiv yaratmaqdır .
Bildiyimiz kimi , lazer disklərində bir ölməzlik var . Daha uzaq , on illərə körpü yarada bilmək , bu günümüzün canlı xronikasını əbədiləşdirmək üçün Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivi əməkdaşları Vətənimizin bütün sahələrini əks etdirən fono və video sənədləri böyük ruh yüksəkliyi ilə toplayaraq zamanın səsini nəfəsini olduğu kimi gələcək nəsilə çatdırmaqdan ötrü əzimlə çalışırlar .
Həsənxan Mədətov ,
Azərbaycan Respublikası Dövlət
Səs Yazıları Arxivinin Direktoru –
Əməkdar mədəniyyət işçisi
Bugün: | 474 |
Dünən: | 774 |
Bu həftə: | 5843 |
Son həftə: | 6350 |
Bu Ay: | 18552 |
Son Ay: | 25108 |
Bu İl: | 284701 |
Ümumi: | 1305122 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az