Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə Milli Arxiv İdarəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

           Noyabrın 1-də Dövlət Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində memorandumun imzalanma mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açıq elan edən Xidmət rəisi Hikmət Mustafayev qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatında sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsiplərini nəzərə alaraq, əhaliyə göstərilən ictimai xidmətləri maksimum sadələşdirir, prosedurları optimallaşdırır, o cümlədən müasir dövrün tələblərinə uyğun yeniliklər tətbiq edir, intensiv elektronlaşmanı həyata keçirir.

Onun sözlərinə görə, artıq dövlət reyestrindən çıxarış almaq üçün əhalinin təqdim etdiyi sənədlərin arxiv əsasının olub olmadığı anındaca onlayn olaraq müəyyənləşəcək. Arxiv sənədlərinin əldə olunması üçün əlavə ünvanlara getməyə ehtiyac qalmır, vətəndaş-məmur ünsiyyəti minimuma enir. Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə Milli Arxiv İdarəsi arasında elektron əlaqənin yaradılması nəticəsində reallaşacaq.

Vurğulanıb ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə Milli Arxiv İdarəsi arasında imzalanan memorandum vətəndaşların qeydiyyat xidmətlərindən daha rahat və sadə şəkildə yararlanmasına şərait yaradacaq. Həmçinin memorandum iki qurum arasında əlaqələrin genişlənməsinə, sənəd dövriyyəsində çevikliyin artmasına imkan verəcək.

Daha sonra çıxış edən Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov xidmətlər sahəsində innovativ layihələrin icrasında Əmlak Məsələləri Dövlət Komitəsi ilə əməkdaşlığın önəmini diqqətə çəkib. Bildirib ki, bu əməkdaşlıq vətəndaş məmnunluğunun yüksəldilməsinə, xidmətlərdə əlçatanlığın artırılmasına yönəlib.

Ə.Rəsulov çıxışında Milli Arxiv İdarəsinin strukturu, tabeliyində fəaliyyət göstərən dövlət arxivləri, həmçinin İdarənin elektron infrostrukturu, elektron informasiya sistemləri və ehtiyatları barəsində tədbir iştirakşılarını məlumatlandırdı. Bildirildi ki, 2017-ci ilin son hesabat məlumatlarına əsasən Milli Arxiv İdarəsinə və Dövlət Arxivlərinə cəmi 47.136 sorğu daxil olmuşdur ki, bunların da 19.347-si (41 faizi) daşınmaz əmlak üzərində əşya hüququnun təsdiq edilməsi ilə bağlıdır. 2017-ci ilin may ayının 10-dan bugünədək “BİR PƏNCƏRƏ” sistemi üzrə 11.119  müraciət qeydə alınıb. Bunlardan da 4318-i, yəni 38 faizi daşınmaz əmlakla bağlıdır. Bütün bunlar bir daha sübut edir ki, iki qurum arasında onlayn əlaqənin qurulmasında məqsəd daşınmaz əmlaka çıxarış almaq üçün arxiv sənədlərinin operativ qaydada əldə edilməsinə, qeydiyyatla bağlı əməliyyatlarda arxiv arayışların sürətli şəkildə alınmasına, nəticə etibarilə vətəndaş məmnunluğunun təmin olunmasına nail olmaqdır. 

Tədbirdə “Daşınmaz əmlakın qeydiyyatında elektron arxivin yaradılması” mövzusunda təqdimat keçirilib.

Daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev və Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov fəaliyyət istiqamətləri üzrə elektron əlaqələrin qurulması ilə bağlı əməkdaşlıq memorandumu imzalayıblar.

Memorandumda daşınmaz əmlaka dair arxiv sənədlərinin elektron informasiya sistemləri vasitəsilə əldə edilməsi, tərəflər arasında fəaliyyət sahələri üzrə mövcud məlumat bazalarına inteqrasiyanın təmin olunması, o cümlədən birgə layihələrin reallaşdırılması öz əksini tapıb.

Sonda tədbirdə iştirak edən ekspertlər qeydiyyat sahəsində vətəndaşa yönəlik ictimai xidmətlərin tətbiqinin, sosial layihələrin həyata keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıblar.

 

 

 

 

 


Bugün: 343
Dünən: 914
Bu həftə: 4495
Son həftə: 6066
Bu Ay: 18391
Son Ay: 28223
Bu İl: 259432
Ümumi: 1279853
1279853