08 May 2025 03:40 XƏBƏRLƏR Baxış sayı : 32
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanmış videoxülasədə Azərbaycan xalqının İkinci Dünya Müharibəsi illərində ön və arxa cəbhədə fədakarlığını özündə əks etdirən sənədlər, bu barədə görkəmli hərbçi, siyasi və ictimai xadimlərin, mədəniyyət nümayəndələrinin söylədikləri fikirlərə yer verilmişdir.
İkinci Dünya Müharibəsi illərində (1941–1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdi. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941–1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir.
Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar.
Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılmışdı. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur.
Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.
Təqdim edilən videoxülasədə Azərbaycan xalqının İkinci Dünya Müharibəsi illərində faşizm üzərində qələbənin qazanılmasında əhəmiyyətli rol oynayan tarixi şəxsiyyətlər haqqında məlumat verilir. Görkəmli Azərbaycan sərkərdələrinin, zabitlərinin keçdiyi döyüş yolu xatırlanır. Ulu Öndər Heydər Əliyevin müharibə veteranlarına verdiyi böyük qiymət xatırlanır.
Sözügedən layihə Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq hazırlamışdır. Təqdim edilən media resurs adıçəkilən arxivdə daimi mühafizə edilən fono və videosənədlər əsasında hazırlanmaqla, arxivin direktoru Xalidə Fərəcullayeva tərəfindən səsləndirilmişdir.
Sözügedən videoxülasə ilə Milli Arxiv İdarəsinin rəsmi YouTube səhifəsindən və ya BURADAN tanış ola bilərsiniz.
Bugün: | 757 |
Dünən: | 931 |
Bu həftə: | 3643 |
Son həftə: | 7549 |
Bu Ay: | 7576 |
Son Ay: | 30229 |
Bu İl: | 111970 |
Ümumi: | 1424554 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az