Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Görkəmli alim, ictimai xadim Zəhra Quliyevanın 100 illiyinə həsr olunmuş virtual sənəd sərgisi istifadəçilərin ixtiyarına verilmişdir

Tanınmış alim, gözəl səhiyyə işçisi, ictimai və dövlət xadimi professor Zəhra Quliyeva 1923-cü il yanvarın 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1940-cı ildə Bakı şəhər 132 saylı orta məktəbi əla qiymətlərlə bitirərək, həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə imtahansız qəbul edilmişdir.

1944-cü ildə institutu əla bitirdiyinə görə Dövlət Komissiyasının qərarı ilə Göz xəstəlikləri kafedrasında ordinator vəzifəsinə təyin edilir. 1946-cı ildə müsabiqə yolu ilə assistent, 1959-cu ildə isə dosent vəzifəsinə seçilir. O, pedaqoji fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirir. Beləliklə, 1958-ci ildə “Müxtəlif üsulla billurun çıxarılmasında buynuz qişanın sferikliyinin və refraksiyasının dəyişilməsi” adlı namizədlik və 1967-ci ildə “Görmə itiliyinin, refraksiyanın və akkomodasiyanın rəng duyğusuna təsiri” adlı doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru dərəcəsi alır. Bir il sonra Zəhra xanım  Azərbaycan Dövlət Tibb İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir. 1975-ci ildə isə həmin kafedranın müdiri olur.

Professor Z.Quliyeva 1972-1983-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru, 1975-ci ildə isə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri seçilib, Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin və SSRİ Səhiyyə Nazirliyinin Ali Tibb Mərkəzi Şurasının üzvü olmuşdur.

Zəhra xanım bir ictimai xadim kimi də öz sözünü deyə bilmişdir. Belə ki, 1971-ci ildə ABŞ-ın Çikaqo şəhərində keçirilən iqtisadi və irqi birlik uğrunda I Qadın Qurultayında, 1973-cü ildəVarşava Müqaviləsinin 20 illiyində parlament nümayəndəsi kimi iştirak etmişdir. Polşa, Almaniya, İsveç, Danimarka, Norveç, Finlandiya, Baltikyanı ölkələrdə sülh günlərinin iştirakçısı olmuşdur. Eyni zamanda, dəfələrlə SSRİ Ali Sovetinin deputatı seçilmişdir.

Z.Quliyeva uzun müddət Bakının Nəsimi rayonunda Qadınlar Şurasının üzvü və sədri vəzifəsində olub, 1995-ci ildən “Sevil” Azərbaycan Qadınlar Məclisinin sədr müavini, Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, 1998-ci ildən isə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə  Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin olunmuşdur.

2000-ci ildə Nyu-York şəhərində “Qadınlar 2000-ci ildə: gender bərabərliyi - sülh və inkişaf XXI əsrdə” mövzusunda BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında iştirakçı olmuş və məruzə etmişdir. Bundan başqa 2000-2001-ci illərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Cenevrə, Türkiyənin Bursa, İstanbul, İranın Tehran, Çinin Pekin, Şanxay və Makedoniyada keçirilmiş yüksək səviyyəli toplantıların iştirakçısı və məruzəçisi olmuşdur.

Vətən qarşısında göstərdiyi xidmətlərə görə iki dəfə “Şərəf Nişanı”, “Qırmızı Əmək Bayrağı”, “Şöhrət ordeni” və bir çox medal və fəxri fərmanlarla təltif edilmişdir. Eyni zamanda, Amerika Bioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin qadını” seçilib və xüsusi diplomla təltif edilmişdir.

 

Görkəmli elm və dövlət xadimi Zəhra xanım Quliyeva 2005-ci il noyabrın 28-də dünyasını dəyişmişdir.

Dövlət Elm və Texnika Sənədləri Arxivində daimi mühafizə edilən sənədlər əsasında hazırlanmış virtual sərgi ilə BURADAN tanış ola bilərsiniz.  

 


Bugün: 751
Dünən: 914
Bu həftə: 4903
Son həftə: 6066
Bu Ay: 18799
Son Ay: 28223
Bu İl: 259840
Ümumi: 1280261
1280261