18 Mart 2021 04:34 XƏBƏRLƏR Baxış sayı : 1193
18 mart 2021-ci il tarixində Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində olmuş və İdarənin rəisi Əsgər Rəsulov ilə görüşmüşdür.
Səfirliyin təşəbbüsü ilə keçirilən görüş zamanı İdarənin rəisi Əsgər Rəsulov Macarıstanın hər zaman Azərbaycanın haqq işinə dəstək verdiyini qeyd edərək 44 günlük Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan arxivçiləri adından səfir Viktor Sederkenyiyə öz minnətdarlığını bildirmişdir. Səfir Viktor Sederkenyi işğaldan azad olunmuş torpaqlarda tezliklə sülh və dinc yaşayışın təmin olunacağına, vaxtilə həmin ərazilərdən qovulmuş insanların öz ata-baba torpaqlarına qayıdacaqlarına və orada firavan yaşayacaqlarına əminliyini bildirmişdir.
Daha sonra Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstanın Milli Arxivi arasında əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması, təcrübə mübadiləsi məsələləri müzakirə olunmuşdur.
Qonağa Milli Arxiv İdarəsinin fəaliyyəti barədə məlumat verilərək bildirilmişdir ki, İdarə bir sıra beynəlxalq və regional qurumlar çərçivəsində xarici ölkə arxivləri ilə əlaqənin qurulmasında maraqlıdır. Bu istiqamətdə Macarıstan arxivləri ilə qarşılıqlı əlaqələrin qurulması önəmlidir. Qonağa həmçinin Dövlət Arxivlərində mühafizə edilən sənədlər barədə qısa məlumat verilmişdir.
Azərbaycan arxivləri ilə əlaqələrin qurulması, təcrübə mübadiləsi məsələlərinin həllinin hər iki ölkənin müvafiq strukturlarının gələcək fəaliyyətində önəmli rol oynayacağını bildirən diplomat əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etmişdir.
Görüşdə həmçinin arxiv işi üzrə konkret sahələrdə əməkdaşlığın perspektivləri, beynəlxalq tendensiyalar və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.
Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi və Səfirliyin ikinci katibi, Mədəniyyət və təhsil məsələləri üzrə diplomat Mihay Qruber Dövlət Ədəbiyyat və İncəsənət Arxivində və Dövlət Kino-Foto Sənədləri Arxivində sənədlərin saxlanılması şəraiti ilə yaxından tanış olmuşlar.
Bugün: | 474 |
Dünən: | 1014 |
Bu həftə: | 5641 |
Son həftə: | 6066 |
Bu Ay: | 19537 |
Son Ay: | 28223 |
Bu İl: | 260578 |
Ümumi: | 1280999 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az