31 May 2024 04:44 XƏBƏRLƏR Baxış sayı : 330
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təşkilatçılığı ilə dövlət arxiv xidməti təşkilatları tərəfindən ölkəmizin görkəmli ictimai-siyasi, ədəbiyyat və incəsənət xadimləri ilə görüşlər, onların sənədlərinin şəxsi mənşəli fond olaraq dövlət mühafizəsinə qəbulu, arxivlərə ekskursiyalar, “Açıq qapı” günlərinin keçirilməsi istiqamətində çoxsaylı tədbirlər keçirilib.
Növbəti görüş Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivi tərəfindən əməkdar incəsənət xadimi, jurnalist, kinoşünas, ömrünü Azərbaycan kinosunun tarixi salnaməsini hazırlamağa həsr etmiş Aydın Kazımzadə ilə keçirilib. Görüşdə Milli Arxiv İdarəsinin rəhbərliyi, İdarənin və dövlət arxiv xidməti təşkilatlarının əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları Aydın Kazımzadənin Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim etdiyi sənədlər əsasında hazırlanmış sərgi, o cümlədən onun həyat və fəaliyyətinin müəyyən mərhələlərini əks etdirən fotoslayd ilə tanış oldular.
Tədbiri giriş nitqi ilə İdarənin rəisi Əsgər Rəsulov açaraq Aydın Kazımzadənin Azərbaycanın mədəni həyatında oynadığı roldan danışdı. Bildirildi ki, Aydın Kazımzadə Azərbaycan kinosunun tarixi öyrənən və onu təbliğ edən görkəmli mədəniyyət işçisidir.
Daha sonra çıxış edən Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova Aydın Kazımzadənin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdi. Bildirildi ki, Aydın Kazımzadənin şəxsi mənşəli sənədləri adıçəkilən arxivə dövlət mühafizəsinə qəbul edilib. Arxivin əməkdaşı Esmira Məmmədova A. Kazımzadənin şəxsi mənşəli sənədlərinin daxil edildiyi 828 nömrəli fond haqqında məlumat verdi.
Aydın Kazımzadə dəvətə görə minnətdarlığını bildirərək, arxivlərin əhəmiyyəti, şəxsi mənşəli fondlar və sənədlərin dövlət mühafizəsinə verilməsi haqqında, o cümlədən fəaliyyəti zamanı arxiv sənədlərinin istifadəsinin vacibliyini vurğuladı. Iştirakçıların suallarını cavablandıran qonaq öz xatirələrini bölüşdü. Azərbaycan kinosunun incilərindən olan “Yeddi oğul istərəm, “Tütək səsi” filmlərində ifa olunan “Yanıq Kərəm”, “Ruhani” saz havaları canlı olaraq səsləndirildi.
Aydın Kazımzadəyə Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul edilmiş şəxsi mənşəli sənədlərin fond siyahısının nüsxəsi və hədiyyələr təqdim edildi.
Sonda xatirə şəkli çəkdirildi.
Bugün: | 837 |
Dünən: | 817 |
Bu həftə: | 837 |
Son həftə: | 6197 |
Bu Ay: | 6109 |
Son Ay: | 25580 |
Bu İl: | 218927 |
Ümumi: | 1239348 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az