Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Azərbaycan xalqının tarixi yaddaşına həkk olunmuş qanlı faciələr: Köçürülmə prosesləri və onun acı nəticələri” sərlövhəli məqaləsi mətbuatda dərc edilib

Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun arxiv sənəd və materialları əsasında hazırladığı  “Azərbaycan xalqının tarixi yaddaşına həkk olunmuş qanlı faciələr: Köçürülmə prosesləri və onun acı nəticələri” sərlövhəli məqaləsi  “Respublika” qəzetinin 02.04.2025-ci il tarixli, 62 (8110) saylı nömrəsində dərc edilib.

 Müəllif qeyd edir ki, 1917-ci ilin noyabrında Bakıda hakimiyyəti ələ keçirmiş və tərkibi əsasən ermənilərdən ibarət olan "Bakı Kommunası" hökuməti "əks-inqilabçı ünsürlərlə mübarizə" adlı uydurma şüar altında ölkəmizin müxtəlif bölgələrinə erməni-daşnak silahlı cəza dəstələri göndərmişdi. S.Şaumyan və G.Karqanovun rəhbərliyi altında həmin silahlı dəstələr 1918-ci il martın 30, 31-də və aprelin 1-də Bakıda, 1918-ci ilin mart-may aylarında Bakı quberniyasının Şamaxı, Göyçay, Ərəş və Quba qəzalarının kəndlərində, habelə digər bölgələrdə azərbaycanlılara qarşı insanlığa sığmayan kütləvi qanlı qırğınlar törətmiş, minlərlə günahsız, dinc əhalini qətlə yetirmişdilər.

Həmin qırğınlar T.Əmiryan, H.Amazasp, C.Lalayev və digər cinayətkar erməni-daşnak "hərbçi"lərinin başçılığı altında həyata keçirilmişdir. S.Şaumyanın başçılıq etdiyi erməni-daşnak-bolşevik qüvvələri Azərbaycanın dinc əhalisinə qarşı misli görünməmiş soyqırımı həyata keçirərək yalnız Bakıda 11 min nəfərdən artıq insanı qətlə yetirmişdilər. Quba qəzasında S.Şaumyanın xüsusi səlahiyyətlər verdiyi H.Amazaspın başçılığı altında 122 müsəlman kəndi dağıdılmış, Azərbaycanın minlərlə dinc əhalisi məhv edilmişdir. Tarixi sənədlər təsdiq edir ki, azərbaycanlıların soyqırımı Bakı və Gəncə quberniyalarında, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Zəngilanda və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdir. Şamaxı şəhəri və azərbaycanlılar yaşayan 86 kənd Bakı Sovetinin bolşevik-erməni-daşnak silahlı dəstələri tərəfindən viran edilmişdir. Şamaxı qəzasının təkcə 53 kəndində ermənilər tərəfindən 8027 nəfər azərbaycanlı qətlə yetirilmişdi ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur. Şamaxıda yerli əhaliyə dəyən maddi ziyan o dövrün qiymətləri ilə bir milyard rubldan çox olmuşdur. Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə olan "Cümə məscidi" yandırılmışdır.

Azərbaycanlıların kütləvi surətdə qırğına və repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi, didərgin salınması XX əsrin bəşər tarixində qanlı, faciəli səhifələrdən biridir. Bu soyqırımı Azərbaycan xalqının və onun dövlətçiliyinin tarixində baş vermiş ən faciəli hadisələrdən biri kimi xalqımızın yaddaşına həkk olmuşdur.

Məqalənin tam mətni ilə Respublika qəzetindən (səh. 15) və ya BURADAN tanış olmaq mümkündür.


Bugün: 246
Dünən: 769
Bu həftə: 5540
Son həftə: 5500
Bu Ay: 4752
Son Ay: 26944
Bu İl: 78917
Ümumi: 1391501
1391501