13 İyun 2022 11:52 XƏBƏRLƏR Baxış sayı : 2617
13 iyun 2022-ci il tarixində keçirilən tədbirdə Milli Arxiv İdarəsinin və YAP Binəqədi rayon təşkilatının rəhbərliyi, İdarənin və Respublika Dövlət Arxivlərinin əməkdaşları iştirak etmişdirlər.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Qurtuluş yolu” qısametrajlı film nümayiş etdirilmişdir.
Ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə canlarından keçən əziz Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə tədbiri açıq elan edən Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov xalqımızın hər il 15 iyun tarixini Milli Qurtuluş Günü kimi böyük təmtəraqla qeyd etdiyini bildirmişdir.
Natiq 1993-cü ilin may-iyun aylarında hakimiyyət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir dövrdə Azərbaycan xalqının Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdığını və 15 iyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazıldığını qeyd etmişdir.
Məruzə ilə çıxış edən Milli Arxiv İdarəsi YAP ilk ərazi təşkilatının sədri Yeganə Cabbarlı bildirmişdir ki, Ulu Öndər hakimiyyətə gəlişi ilə Azərbaycan xalqını xaosdan, hərc-mərclikdən xilas etmiş, milli dövlətçiliyimiz qorunub saxlanılmış, Azərbaycan dövləti sürətlə dünya birliyinə inteqrasiya edərək beynəlxalq arenada öz sözünü deyən qüdrətli dövlətə çevrilmişdir.
Qeyd edilmişdir ki, Heydər Əliyev siyasi kursunun varisi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalı altında olan torpaqlarımız azad olunmuşdur.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycan SSR-yə rəhbərlik etdiyi dövrlərdə fəaliyyətinə geniş yer verərək, həmin dövrdə respublikada milli ruhlu şəxslərin, ziyalıların sovet ideologiyasının və təbliğat maşınının təqibindən məhz Heydər Əliyev tərəfindən qorunduğunu tarixi faktlar əsasında diqqətə çatdırmışdır.
Natiq daha sonra vurğulamışdır ki, SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş respublikada baş verən hadisələrin fonunda 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilmiş və böyük risklərə baxmayaraq, qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürmüşdür.
Ümummilli Lider problemlərin həlli üçün bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltmiş və buna nail olaraq, iqtisadi inkişafın təməllərini qoymuşdur. Bu istiqamətdə ilk addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə atılmış, sonrakı dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə qədim İpək Yolunun bərpasına, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanılmışdır. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə Çini Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edilmişdir.
Qeyd edilmişdir ki, Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşmasının əsasının qoyulduğu gündür.
Bugün: | 479 |
Dünən: | 1014 |
Bu həftə: | 5645 |
Son həftə: | 6066 |
Bu Ay: | 19541 |
Son Ay: | 28223 |
Bu İl: | 260582 |
Ümumi: | 1281003 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az