24 May 2022 06:51 XƏBƏRLƏR Baxış sayı : 1622
Mayın 24-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Qənirə Paşayeva diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında “Milli arxiv fondu haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi və bu layihədən irəli gələn digər 3 qanun layihəsi birinci oxunuşda Milli Məclisin müvafiq komitələrinə müzakirə üçün təqdim olunub.
Bildirilib ki, əsas dəyişiklik paketini nəzərdə tutan sənəd bir sıra dəyişiklikləri ehtiva edir. O, xatırladıb ki, adıçəkilən qanun 1999-cu ildə qəbul edilib. Ötən dövr ərzində ölkəmiz sürətlə inkişaf edib, dövlət idarəetmə sistemində, iqtisadi, siyasi, sosial-mədəni sferalarda dərin islahatlar aparılıb. Digər sahələrdə olduğu kimi, arxiv işi fəaliyyətinin də yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsi zərurətindən irəli gələrək, ölkə Prezidentinin 2020-ci il 12 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Qeyd edilib ki, “Mill arxiv fondu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Dövlət Proqramına uyğun olaraq hazırlanıb.
Bildirilib ki, qanun layihəsində Milli arxiv fondunun qeydiyyat sisteminin təkmilləşdirilməsi, dövlət arxiv xidməti sisteminin yeni strukturunun müəyyən edilməsi, habelə arxiv məlumatlarının əldə edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanının iştirakı, arxivlərin maddi-texniki təminatı, habelə arxiv əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ehtiva edilib. Təklif olunan dəyişikliklər Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, mühafizəsi, arxiv sənədlərinin elmi-tarixi və sosial məqsədlər üçün daha əlverişli istifadəsi, informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsi, arxiv sənədlərinin rəqəmsallaşdırılması və vahid elektron məlumat sisteminin yaradılmasını nəzərdə tutur. Qanun layihəsində bütövlükdə 13 maddə üzrə 42 adda dəyişiklik nəzərdə tutulur.
Sonra Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında (birinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri müzakirəyə çıxarılıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib ki, “Milli arxiv fondu haqqında” qanuna ediləcək dəyişikliklər adıçəkilən qanunvericilik aktlarında da öz əksini tapacaq. Qeyd edilib ki, Mülki Məcəlləyə və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişikliklər texniki xarakter daşıyır.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik isə substansional xarakter daşıyır. Sənədin 391-ci maddəsinin adı və dispozisiyası yeni redaksiyada verilir. Maddənin adı “Milli arxiv fondu sahəsində qanunvericiliyin pozulması” kimi göstərilir. dispozisiyasında isə milli arxiv fondu sahəsində qanunvericiliyin pozulmasının nədən ibarət olması əks olunur.
İclasda Mədəniyyət komitəsinin üzvləri Aqil Abbas, Razi Nurullayev, Novruzəli Aslanov, Əziz Ələkbərov və Nizami Cəfərov Milli arxiv fondunun maliyyələşməsi, maariflənməsi, sosial təminat, ixtisaslaşma ilə bağlı fikirlərini bildiriblər, təkliflərini veriblər.
Sonra iclasda iştirak edən Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov deputatlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirib.
Müzakirələrin sonunda gündəliyə daxil edilən 4 məsələ birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasın sonunda deputatlar qanun layihəsini birinci oxunuşda plenar iclasın müzakirəsinə tövsiyə ediblər.
İclasda deputatlar Mixail Zabelin, Ülviyyə Ağayeva, Milli Arxiv İdarəsinin rəis müavini Həsən Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.
https://www.meclis.gov.az/news.php?id=4120&lang=az&fbclid=IwAR0tOlvhhIU0Hm8mEFAixq4yOt6w85XUNbcq5e7khRQ6WPSKpOt3nfUWjXA
Bugün: | 506 |
Dünən: | 1014 |
Bu həftə: | 5672 |
Son həftə: | 6066 |
Bu Ay: | 19568 |
Son Ay: | 28223 |
Bu İl: | 260609 |
Ümumi: | 1281030 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az