Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Məclisin plenar iclasında "Milli arxiv fondu haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub

Mayın 31-də Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirilib. Parlamentin sədri Sahibə Qafarova gündəliyə 7 məsələnin daxil edildiyini söyləyib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, gündəliyə daxil edilən 4 məsələ ölkə Prezidenti tərəfindən bir məktubla parlamentə daxil olub və mahiyyətcə bir-birinə yaxın qanun layihələridir. O, bildirib ki, bu qanun layihələrinə Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrində baxılıb. Qeyd edib ki, dəyişikliklər “Milli arxiv fondu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunla bağlıdır. Digər qanunlarda edilən dəyişikliklər həmin qanundan irəli gəlir.

Sonra Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, arxiv işi sahəsində fəaliyyətin yeni dövrün tələblərinə uyğun qurulması və bu istiqamətdə dövlət nəzarətini gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il 12 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Həmin Proqramla arxiv işi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulub.

Dövlət başçısı tərəfindən Mili Məclisə təqdim edilən "Milli arxiv fondu haqqında"  qanuna dəyişiklik edilməsi barədə sənəddə Milli arxiv fondunun qeydiyyat sisteminin təkmilləşdirilməsi, dövlət arxiv xidməti sisteminin yeni strukturunun müəyyən edilməsi, habelə arxiv məlumatlarının əldə edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanının iştirakı, arxivlərin maddi-texniki təminatı, habelə arxiv əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ehtiva edilib. Dəyişikliklərdə Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, mühafizəsi, arxiv sənədlərinin elmi-tarixi və sosial məqsədlər üçün daha əlverişli istifadəsi, informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsi, arxiv sənədlərinin rəqəmsallaşdırılması və vahid elektron məlumat sisteminin yaradılması təklif olunur.

Komitə sədri qanun layihəsində, ümumilikdə, 13 maddə üzrə 42 dəyişikliyin nəzərdə tutulduğunu deyib və maddələr üzrə aparılan dəyişiklikləri diqqətə çatdırıb.

İclasda çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib ki, “Milli arxiv fondu haqqında” qanunda ediləcək dəyişikliklərlə bağlı bir sıra qanunvericilik aktlarına da düzəlişlərin edilməsi nəzərdə tutulub. Sonra o, Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında (birinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.

Məlumatda qeyd olunub ki, Mülki Məcəlləyə edilən əlavəyə əsasən, ləğvetmə komissiyası özünün və ləğv edilən hüquqi şəxsin fəaliyyəti nəticəsində yaranmış və "Milli arxiv fondu haqqında" qanuna uyğun olaraq arxiv sənədinə aid edilmiş sənədlərin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verilməsini təmin edir.

Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 391-ci maddəsinin adı və dispozisiyası yeni redaksiyada verilir. "Milli arxiv fondu sahəsində qanunvericiliyin pozulması" kimi təsbit olunmuş maddəyə əsasən, arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi və bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydalarının, milli arxiv fondunun mühafizəsi qaydalarının, habelə arxiv fondu sənədlərinin daimi mühafizə məqsədilə dövlət arxivlərinə təhvil verilməsinin "Milli arxiv fondu haqqında" qanunla müəyyən edilmiş müddətlərinin, arxiv fondu sənədlərinin tərkibi və həcmi barədə məlumatların təqdim olunması formasının və müddətinin, Milli arxiv fondu sənədlərindən istifadə qaydasının pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki, vəzifəli və hüquqi şəxslər üçün müvafiq cərimələr nəzərdə tutulur.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla bağlı isə nəzərə çatdırılıb ki, qanunun 16-cı maddəsinə ləğvetmə komissiyasının hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi sənədlər sırasına fəaliyyəti nəticəsində yaranmış arxiv fondu sənədlərinin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatı tərəfindən verilmiş arayış əlavə olunur.

Komitə sədri Tahir Rzayev, deputatlar Sahib Alıyev, Əziz Ələkbərov, İsa Həbibbəyli dəyişikliklər barədə bəzi qeyd və təkliflərini diqqətə çatdırıblar. Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov səsləndirilən məsələlərə münasibət bildirib.

Müzakirələrin yekununda təqdim olunan qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

 

https://www.meclis.gov.az/news.php?id=4130&lang=az

 

 


Bugün: 516
Dünən: 1014
Bu həftə: 5682
Son həftə: 6066
Bu Ay: 19578
Son Ay: 28223
Bu İl: 260619
Ümumi: 1281040
1281040