Mənə elə gəlir dərin dəryalar,
Bu gün coşğunluğu səndən alıbdır.
Mənə elə gəlir silsilə dağlar,
Bir az məğrurluğu səndən alıbdır.
Qəlbin çiçəklərdən, güllərdən təmiz,
Duyan könüllərin odun hakimi,
Ayrılan yollarla, “Dəli Kür”ünlə,
Axdın ürəklərə Ana Kür kimi!..
Taleyin insana verdiyi ən böyük hədiyyələrdən biri insanın həyatda şəxsiyyət kimi yetişməsidir.Yaradıcı təxəyyülün böyük istedada əlavə olunması isə ən böyük nemətdir. İsmayıl Şıxlı da məhz belə şəxsiyyətlərdəndir.
İsmayıl Şıxlı Azərbaycan tarixində özünəməxsus salnamə yazmış məşhur Şıxlınskilər nəslindəndir. Nəslin bugünkü şöhrət tacı isə İsmayıl Şıxlıya məxsusdur. Əsillik, nəsillik onun qarşısında həmişə böyük cavabdehlik qoyub. Yazıçının şəxsiyyəti, xarakteri əsərlərində əbədiləşib. Onun yaratdığı obrazlar ətrafa İsmayıl Şıxlı gözü ilə baxır daha ağıllı, daha kamil İsmayıl Şıxlı idarə edir onları. Ədəbiyyatı və insanların taleyini bir-birindən ayırmayan yazıçı öz dünənini istehza ilə yox, iftixarla xatırlayır, sabahını da dünənsiz təsəvvür etmir. Biz isə dünənimizi yaşadan kim varsa, onlara məhəbbət və hörməti özümüzə borc bilməliyik!
Ədəbiyyat aləminə güclü poetik istedadlar vermiş Qazax mahalının II Şıxlı kəndində dünyaya göz acan İsmayıl Şıxlını tanımayan varmı?
Qanlı-qadalı müharibənin odundan- alovundan keçə-keçə başı bəlalar çəkmiş və olsun ki, bu üzdəndə və ya bəlkədə doğma Qazaxda keçmiş ağır uşaqlıq illərinin nisgilindən dəyişən, ağır yerişi-duruşu, təmkinli danışığı, mehriban rəftarı olan İsmayıl Şıxlını sevməyən tapılmaz. Bu sevgi, bu hörmət bəxtin töhfəsi deyil, fitrətin töhfəsidir, onunla bir doğulmuşdur.
“Kür sahilində Şıxlı kəndində baş verən hadisələr haqqında eşitdiklərim və gördüklərim uşaqlıqdan məni həyacanlandırırdı. Hələ tələbəlik illərində bir hekayə də yazmışdım. İnstitut qəzetində dərc olunmuşdu. Adı da “Dəli Kür” idi.
Budur yazıçının tərcümeyi-halı, topladığı həyat matetialları onun yaradıcılığında rol oynayır.
Xalqın adət və ənənəsini kamil bilən, onun arzu və istəklərini qələmə olan yazıçı ən dolğun əsərini-Dəli Kür” romanını yaradır. Bu roman cəsarətlə yazılmış ən dolğun əsərdir, bu günün, sabahın mənəvi qidasıdır.
“Dəli Kür” İsmayıl Şıxlı yaradıcılığını şöhrətləndirən onu oxucu kütləsinə daha çox tanıdan Azərbaycan nəsrinin ən gözəl nümunələrindən biri hesab olunur. Dərin məzmun, obrazların bitkinliyi əsərin ən yüksək səciyyəvi keyfiyyətidir. Amansız cəhalətdən, milli zülmdən xilas olamağın yolu əsərin sujet xəttidir. Belə ki, Kür sahilində cəhalətlə maarif üz-üzə gəlir, çarpışırlar. Bu mənada da “Dəli Kür” ədəbi hadisə hesab olunur.
Yüksək mənəvi səviyyəyə, zəngin bilik ehtiyyatına malik olan yazıçı ədəbiyyata böyük amallar meydanı kimi baxırdı. O, yazırdı: “Mən “Dəli Kür” romanında Qori müəllimlər seminariyasına həsr edilmiş səhnələri təsadüfən yazmamışam. Qazağın İkinci Şıxlı kəndində qədim bir məktəb binası var idi. Bu bina kənddən biz az aralıda, açıqlıqda tikilmişdi. Əslində məktəb binası deyildi. Car dövründə pristav kazaklarla kəndə gələndə burada dayanarlarmışlar. “Dəli Kür”də buranı bir az təsvir etmişəm. Sonradan bu binada məktəb yerləşdi. Həmin məktəbi qutaranlar Qori müəllimlər seminariyasına oxumağa getdilər. Beləliklə Şıxlı məktəbindən çıxanların çoxu ilk Azərbaycanlı ziyalılar oldular”.
Demək on ildən artıq yaradıcılıq zəhmətinin bəhrəsi olan “Dəli Kür” romanında içtimai amillər tarixi həqiqətlərlə birləşərək oxucuya çatdırılır. Narahat və əsəbi bir əsirdə, ziddiyyətli bir zamanda, xalqın gözünün din pərdəsinin örtdüyü bir dövürdə, kəndə gəlmiş əl boyda kağız parçasını oxumaq üçün adam tapılmadığı bir vaxtda rus Əhmədin kəndə gəlməsi və kənd cavanlarının savadlanmasında böyük iş görməsi əsərdə çox gözəl işıqlandırılmışdır.
Əsərdə xüsusilə diqqəti cəlb edən obraz Cahandar Ağa obrazıdır. Xalqımızın keçmişinə xas olan bütün sifətlər-mərdlik, kişilik, ağa təbiətinə xas olan sərtlik, kobudluq və başqa xüsusiyyətlər Cahandar ağa obrazında özünü əks etdirmişdir.
Cahandar ağanın güclü, mürəkkəb xarakter olması müəllifin iradəsindən aslı deyil, onu mühit-feodal dünyası yaradıb. Bu cür ziddiyətli xarakter Cahandar ağanı təslim olmağa qoymur, ancaq məhvinə hökm verir. Mələyin qaçırılması, Şahnigarın öldürülməsi, Cahandar ağanın atına “Qəmərə” olan məhəbbəti oxucuda həm məhəbbət, həm mərhəmət, həm qəzəb, həm də sonsuz həyəcan hissi yaradır.
“Dəli Kür” romanının gücü ondadır ki, elmin, maarifin xalq həyatına daxil olması ilə Göytəpə adamlarının yaşayışında, mənəviyyatında, düşüncəsində əmələ gələn köklü dəyişikliklər realist boyalarla göstərilib. Belə ki, roman şüurlarda dönüş yaratdı, özünüdərkə yol açdı. Elə məqsəd də bu idi. Ədəbi-mədəni hadisə kimi qiymətləndirilən “Dəli Kür” XIX əsr Azərbaycan mühitinin həyat ensiklopediyasına çevrildi.
Xalq müdrikliyindən, elin köksündəki sazdan-sözdən qidalanıb, yazıb, yaradan söz ustadı İsmayıl Şıxlının 2019-cu ilin mart ayında 100 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. Ürəklərdə, könüllərdə taxt quran müdrik insanı hamı sevgiylə yad etdi, əsərlərinə müraciət olundu, əlyazmaları vərəqləndi, sətirlərdə İsmayıl Şıxlı ürəyinin döyüntüsü eşidilirdi. Demək İsmayıl Şıxlı yaşayır, yaradır. Yaradan insanın ürəyi isə heç vaxt dayanmır!
Məqalənin hazırlanmasında 84 nömrəli fondun sənədlərindən istifadə edilmişdir.
Ruhiyyə NURİYEVA
Dövlət Ədəbiyyat və İncəsənət
Arxivinin aparıcı arxeoqrafı
Bugün: | 282 |
Dünən: | 774 |
Bu həftə: | 5651 |
Son həftə: | 6350 |
Bu Ay: | 18360 |
Son Ay: | 25108 |
Bu İl: | 284509 |
Ümumi: | 1304930 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az