Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

100 nəfərdən biri

Son Yenilənmə : 2018-10-10 23:20:07
Baxış sayı : 3596

     Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, vətəninin və millətinin gələcəyi naminə 100 gənci xaricə göndərmişdir.

    AXC-nin 1919–cu ildə xarici ölkələrə təhsil almaq üçün göndərdiyi tələbələr arasında gələcəyin görkəmli bioloq aqranomu, Azərbaycanda genetika və seleksiya məktəbinin əsasını qoyan Əhməd Cabbar oğlu Rəcəbli də var idi.

   Əhməd Rəcəbli 1898- ci ildə qədim şəhərlərimizdən olan İrəvanda “Şəhər məhəlləsində” adlı-sanlı tacir ailəsində dünyaya göz açmışdır.

Ulu babası İrəvan şəhərinə ilk su kəməri çəkdirmiş və çar imperatoru tərəfindən xususi medalla təltif olunmuşdur.

Atası Cabbar bəyin İrəvanda böyük meyvə bağları var idi. İlk təhsilini xüsusi müəllimlərdən alan Əhməd ərəb, fars dillərini mükəmməl öyrənmiş, 1916-cı ildə İrəvan klassik gimnaziyasını gümüş medalla bitirmişdir. Həmin ildə də Moskva Universitetinin tibb fakultəsinə qəbul olunur. 1919-cu ildə AXC tərəfindən xaricə göndərilmə xəbərini eşidən Əhməd bəy Bakıya qayıdır. Hökumət onu İtaliyanın Perruçi şəhərinə göndərir. Bir müddət sonra Azərbaycanda baş veren hadisələrdən dolayı xaricdə oxuyan tələbələrin təqaüdləri kəsilir. Tələbələrin çoxu geri dönməyə məcbur olur. Lakin Ə.Rəcəbli vətəninə dönmür və təhsilini davam etdirmək üçün gecələri Aralıq dənizi sahillərində çalışmağa başlayır.

1923-cü ildə İtaliyada Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Azərbaycana qayıdaraq burada böyük həvəs və bacarıqla kənd təsərrüfatı sahəsində işə başlamışdır. O, fəaliyyətinin ilk dövründə Zaqatalada Sənaye və Kənd Təsərrüfatı Texnikumunun, habelə zonal təcrübə stansiyasının təşkilində bilavasitə  iştirak etmiş və həmin müəsisələrdə bir neçə il rəhbər vəzifələrdə müvəffəqiyyətlə çalışdıqdan sonra, 1930-ci ildə Gəncədə yerləşən Azərbaycan Kənd Təsərüfatı İnstitutuna dosent vəzifəsinə dəvət edilmiş və burada 1936- cı ildə professor adını almışdır.

Əhməd Rəcəbli hələ Zaqatala zonal təcrübə stansiyasında işlədiyi zaman “Bitkiçilik” , “Çəltik”, “Yer fındığı və onun aqrotexnikası” adlı elmi – kütləvi əsərlər yazmış və “Azəri”, “Pərzivan-1”, “Basar” adlı yeni buğda sortları, “Ərəş-11” çəltik sortunu, “ Zaqatala 294”, “Pirçivan 46/2” araxis sortları yetirmişdir.

1936-cı ildə professor Ə.Rəcəbli “Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyası” subtropik bitkilər bölməsinə üzv seçilir. “VASXNİL”-in sədri  o dövrdə dünya şöhrətli alim, akademik N.İ.Vavilov idi. Nikolay İvanovic Vavilovla Ə.Rəcəblini incə bir dostluq telləri bağlayırdı. Sənədlər göstərir ki, Ə.Rəcəbli N.İ Vavilovla birgə təcrübə və sınaqlar aparmışdır. Əhməd bəyin ən böyük xidməti dostu N.Vavilovla birlikdə tarla bitkilərinin dövlət sort sınağının  əsasını qoyması olmuşdur.

1937-ci ildə Ə.Rəcəbli Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs edilir. 58-ci maddə əsasında əksinqilabçı fəaliyyətinə görə cəzasını Sibirin Kolıma və Maqadan həbs düşərgələrində çəkməli olur. Düşərgə rəisi Ə.Rəcəblinin aqronom – seleksiyaçı olduğunu biləndən sonra onun sərəncamına kiçik bir sahə ilə istixana verir. O, burada pamidor sortu, Savalan sortunu yetişdirdiyinə görə mükafatlandırılır. O, tayqa torpaqları üzərində  öz təcrübələrini davam etdirir.

Əhməd bəy sürgündə olarkən vaxtilə qədim Şərq mənbələrindən yaddaşında saxladığı məlumatlar əsasında “Babək” adlı tarixi povest-romanını yazıb Bakıya göndərir. Əsərdə onlarca qədim Şərq  tarixinə aid nadir xarici mənbələrdən sitatlar gətirilir. Şübhəsiz ki, bu, dərin ağıl və zəkanının töhfəsi idi.

1945-ci ildə cəzasını tam bitirdikdən sonra Ə.Rəcəbli  Bakıya qayıdır, Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutunda elmi işçi kimi işləyir. Bu dövrdə Ə.Rəcəbli Azərbaycan şəraitində  meyvə bitkilərindən yüksək və sabit məhsul almaq üçün bir sıra aqrotexniki tədbirlər hazırlamış, 20-dən artıq yüksək keyfiyyətli yeni alma, şaftalı, heyva və ərik sortları yaratmışdır.

Zamanın qara buludları Əhməd bəyin başının üzərindən çəkilmək bilmirdi. 1950-ci ildə İ.V.Stalinin məxfi fərmanı ilə  1937-ci ildə represiyaya uğrayanlar və 5 ildən artıq həbs cəzası alanlar həbs etdirilirdi. Şübhəsiz ki, bu siyahıların başında Ə.Rəcəbli də dururdu. 1952-ci ildə Qazaxıstanın Cambul vilayətinə sürgün edilən Ə.Rəcəbli burada da öz sahəsi üzrə çalışmağa davam edir. 1954-cü il də tam bəraət alaraq sürgündən geri qayıdır.

Ömrünün sonuna kimi professor Ə.Rəcəbli Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Meyvəçilik və Subtropik bitkilər İnstitutunda şöbə müdiri kimi işlədi və meyvəçilik laboratoriyasına rəhbərlik etdi.

1958-ci il də Ə.Rəcəbli elmdəki böyük  xidmətlərinə görə Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının akademiki seçilir. O, SSRİ miqyasında ilk dəfə “Canlı mənənə” ilə mübarizəsini bioloji metodunun tətbiq etmiş, İtaliyadan onun yırtıcısı olan “Alfeninus” böcəyini gətirib artıraraq bağlara buraxmışdır.

 Bu nəcib insan, əsl elm fədaisi 1963-cü ildə özünün vaxtilə təhsil aldığı doğma institutunda vəfat edir. Əhməd bəy hərtərəfli inkişaf etmiş bir şəxs, geniş profilli mütəxəsis idi. Son dərəcə qayğıkeş insan olan Əhməd bəy, gələcək nəsillər üçün nə qoyub getdi?

 3 növ yeni buğda sortu , “Ərəşi -11”, 2 növ yerfındığı sortu, “Tərcivan 46/2”, “Azəri”, “Tərcivan”, “Basar”, birinci növ Çəltik sortu, sayı– hesabı olmayan alma, alça, ərik, heyva və.s yeni sortları.

Əhməd bəy gözəl ailə başçısı idi. Onun həyat yoldaşı Fəhimə xanım fizika-  riaziyyat elmləri namizədi olmaqla 30 ildən çox Azərbaycan Dövlət Universitetində işləmişdir.

Bir alim və bir insan, ömrünü şərəflə yaşamış elmdə qoyub getdiyi silinməz izlərlə daim urəklərdə yaşayacaqdır.

Məqalənin yazılmasında DETSA-də mühafizə olunan (fond 145) sənəd və foto-şəkillərdən istifadə edilmişdir. 

 

                                                                                                                                                                                                  Ağayeva Turan

                                                                                                                                               Azərbaycan Respublikası Dövlət Elm vəTexnika

                                                                                                                                              Sənədləri Arxivinin aparıcı mütəxəsis  arxeoqrafı 

 

 

 

 



Bugün: 100
Dünən: 824
Bu həftə: 3402
Son həftə: 6294
Bu Ay: 22405
Son Ay: 25108
Bu İl: 288554
Ümumi: 1308975
1308975