Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Sənətin yaşatdığı ömür: 100 yaşlı Süleyman Ələsgərov     

Son Yenilənmə : 2024-02-26 05:54:33
Baxış sayı : 414

 

              

Azərbaycan bəstəkarlıq məktəbinin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəyli özündən sonra gələn bir çox nəslə böyük musiqi sənəti aşılamışdır. Üzeyir bəyin istedadlı davamçılarından olmuş unudulmaz bəstəkarlarımızdan biri də “Şərəf nişanı” və “Şöhrət” ordenli, Xalq artisti, Əməkdar incəsənət xadimi Süleyman Əyyub oğlu Ələsgərovdur. 

O, 1924-cü il fevralın 22-də musiqimizin beşiyi sayılan Şuşada anadan olmuşdur. İlk təhsilini Musiqi Texnikumunun tar sinfində alan sənətkar, uşaqlıqdan musiqi sənətinə bağlanmış, bu yolda uğurlu addımlar atmışdır. Onun musiqi istedadı özünü hələ kiçik yaşlarından gösdərməyə başlayırdı. O, erkən yaşlarından tütəkdə ifa etməyi öyrənməklə, bir çox el havalarını sərbəst səsləndirə bilirdi. Şuşadan hər zaman tar, qaval səsi gələrdi. Süleyman Ələsgərov məşhur xanəndələrimizdən Seyid Şuşinski, Xan Şuşinski və başqalarının  çıxışlarına böyük heyranlıqla baxardı.

Təhsilini davam etdirmək üçün Bakıya gələn S.Əsgərov, 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) daxil olmuşdur. Həmin illərdə o, Üzeyir Hacıbəyli və B.Zeydmandan dərs almış və sənətin sirlərini öyrənmişdir. Onun ilk qələm təcrübəsi Şirzad Əliyevin “Gözlə məni” mahnısına yazılmış və uğurlu olmuşdur. Öz çalışqanlığı, insani keyfiyyətləri ilə qısa zamanda Üzeyir Hacıbəylinin hörmətini qazanan Süleyman Ələsgərov, onun zəmanəti ilə 1943-cü ildə Bəstəkarlar İttifaqına qəbul olunmuşdu. Bu quruma  qəbul olarkən Üzeyir bəyin onun haqqında təqdirəlayiq sözləri hər zaman xatırlanırdı: “Süleymanın yaxşı gələcəyi var. Mən bu yaxınlarda onun “Gözlə məni” mahnısını dinlədim, xoşuma gəldi. Artıq onun mahnısını SSRİ Xalq artisti Bülbül oxuyur. Bu çox şey deməkdir. Bu əsl qələbədir”.

Süleyman Ələsgərovun ifaçılıq yaradıcılığı həm lirik, həm də oynaq mahnılarla zəngindir. Onun iri həcmli əsərlərindən “Son atina” və “Tar ilə çalğı alətləri orkestri üçün konserti” həmişə diqqət mərkəzində olmuşdur. Bəstəkar hər iki əsərində tarın xüsusiyyətlərindən geniş istifadə etmişdir. Ürəyi həmişə Şuşa həsrəti ilə yanan sənətkar gözəl mahnılar bəstələmişdir. Vətənpərvərlik mövzusu onun yaradıcılığının əsasını təşkil edirdi. “Hardasan igid oğlan”, “Biz qələbə çalmalıyıq”, “Bura Vətəndir” “Gənclik marşı” və “Əsgər marşı” əsərləri bu gün də böyük sevgi ilə dinlənilir. Onun bu əsərləri vətəndən kənarda - Bolqarıstan, Türkiyə, keçmiş SSR respublikalarında tamaşaya qoyulmuş, sənətkara geniş şöhrət qazandırmışdır. O, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, Səyavuş Aslan, Münəvvər Kələntərli və başqa aktyorlarla hər zaman səhnə əsərləri haqqında tamaşadan öncə söhbətlər etmişdir.                                             

Bəstəkarın ilk musiqi addımlarını sənət dostlarından Səid Rüstəmov belə xatırlayırdı: “Hələ böyük müəllimimiz Üzeyir Hacıbəylinin sağlığında onun xalq çalğı alətləri üçün yazdığı bir sıra əsərləri ustadımızın diqqətini cəlb etmişdi. Onun mahnıları indi də öz təravətini itirməyib”. O, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru, Radio və Televiziya Xalq Çalğı Alətləri Orkestrinin dirijoru, Mədəniyyət Nazirliyi və İncəsənət İdarəsinin rəisi vəzifələrində çalışmışdır. Hələ sağlığında çalışdığı bütün təhsil ocaqlarında böyük nüfuz qazanmışdır.  “Üzeyir ruhlu sənətkar” ömrünün yarıdan çoxunu pedaqoji fəaliyyətə həsr etmişdir. Özünəməxsus dəst-xətti ilə tanınan bəstəkar hər zaman Üzeyir Hacıbəyli irsinə sadiq qalmışdır. Həmçinin bir sıra musiqi dərsliklərinin müəllifi olmuşdur. Böyük yaradıcılığa sahib sənətkar daha sonra “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır” musiqi komediyalarının nəğmələrini bəstələmişdir. 

Onun yaradıcılğında operetta janrı da xüsusi yer tuturdu. On  bir operettanın, iki yüzdən artıq nəğmənin, simfonik poema və suitaların müəllifi olan S.Ələsgərov, yaşadığı illər ərzində hər zaman dövlətin qayğısını, diqqətini hiss etmişdir. O, 1967-ci ildə "Üzeyir Hacıbəyli adına Azərbaycan SSRİ dövlət mükafatı"na, 1974-cü ildə Azərbaycan SSR Xalq artisti adına layiq görülmüşdür.                                      

Süleyman Ələsgərov haqqında bir çox görkəmli şəxsiyyətlər tərifəlayiq sözlər söyləmişlər. Ulu Öndər Heydər Əliyev onun haqqında hər zaman yüksək fikirdə olmuşdur: “Siz milli musiqi sənətimizin inkişafında böyük xidmətlər göstərərək, xalqımızın dərin ehtiram və məhəbbətini qazanmış sənətkarlardansınız. Tükənməz xalq musiqilərindən bəhrələnən yaradıcılığınız rəngarəngliyi, forma aydınlığı, musiqi dilinin səlisliyi ilə səciyyələnir. Müxtəlif janrlarda bəstələdiyiniz əsərlər son əlli il ərzində respublikanın mədəni həyatında mühüm rol oynayaraq, milli musiqi sənəti tarixinə parlaq səhifələr yazmışdır”.

Bu gün Süleyman Ələsgərov irsi Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində 187 N-li fond adı altında saxlanılaraq qorunur. Onun fondu öz zənginliyi ilə seçilir. Bu fond arxivə sənətkarın özü tərəfindən təhvil verilmişdir. Sənədləri arasında onun not yazıları, fotoşəkilləri, məqalələri, xidməti və ictimai fəaliyyətinə aid sənədlər üstünlük təşkil edir. 

Süleyman Ələsgərov 75 illik yubileyində müsahibə zamanı düşüncələrini belə dilə gətirirdi: “Mən heç zaman  doğum günümü təmtaraqla qeyd etmirəm. Vətənim düşmən tapdağındadır. Demək olar ki, hər gün Şuşanı görürəm. Mən bir az da yaşamaq istəyirəm. Hamı öləcək, amma istəyirəm ki, Şuşanın geri alındığını, orada abadlıq işləri aparıldığını görəm. Sonra Allah bilən məsləhətdir. Bax onda bu mənim üçün yubileylər yubileyi olar. Yubileyimi yalnız Şuşada keçirəcəyəm”.

Bu sözlərin müəllifi artıq aramızda olmayan əvəzolunmaz bəstəkar Süleyman Ələsgərovdur. O, Şuşanın azad olunduğu günü görməsə də, lakin bu gün Şuşasından narahat gedən sənətkarın ruhu şaddır. Biz inanırıq ki, Şuşa həsrəti, yanğısı ilə yaşayan musiqi xəzinəmizin undulmaz siması  məhz bu il 100 illik yubileyində öz doğma ocağında anılacaqdır. Süleyman Ələsgərov kimi sənətkarlar hər zaaman ölümsüz olurlar. Çünki onların həqiqi sənət nümunələri əsrlərin arxasında yenə də öz sözlərini  inamla deyirlər. Bu gün ondan geriyə qalan məhsuldar sənət yaradıcılığı Azərbaycan musiqisinin inkişafına xidmət edir.   

Görkəmli sənətkar 2000-ci il yanvarın 21-də vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

                                   

Məqalədə 187 №-li fondda olan sənədlərdən istifadə edilmişdir.

 

Gülnar Şərifova

ARDƏİA-nin aparıcı arxeqrafı

 

 



Bugün: 298
Dünən: 774
Bu həftə: 5667
Son həftə: 6350
Bu Ay: 18376
Son Ay: 25108
Bu İl: 284525
Ümumi: 1304946
1304946