Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Ermənilərin Qafqazda törətdikləri qırğın və talanlar. Bəşəriyyətin mütərəqqi qüvvələrinin birgə səyləri ilə dirçəlməkdə olan erməni faşizminin qarşısı alınmalıdır.

Son Yenilənmə : 2019-04-03 21:10:09
Baxış sayı : 2427


            
Təcavüzkar erməni-daşnak qüvvələri iki yüz ildən artıq bir müddətdir ki, şovinist havadarlarının dəstəyi ilə Qafqazda müxtəlif miqyaslı qırğınlar və talanlar törədirlər. XIX əsrin əvvəllərində Rusiya ilə İran arasındakı müharibə nəticəsində Şimali Azərbaycan Rusiya imperiyasının əsarəti altına keçdikdən sonra çar hakimiyyəti İran və Türkiyədən on minlərlə erməni ailələrini azərbaycanlıların yaşadıqları ərazilərə köçürərək bu torpaqlarda məskunlaşdırdı. Rusiya ilə İran arasında bağlanılmış Gülüstan (12 oktyabr  1813-cü  il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi tarixi sənədlər, habelə Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi  haqqında 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla Rusiya imperiyası qoşunlarının generalı Pavel Sisyanovun imzaladıqları Kürəkçay müqaviləsi təsdiq edir ki, imperiya sırf Azərbaycan torpaqlarını işğal etmiş  və həmin tarixi sənədlərin heç birində erməni malikanələri və onların Rusiya təbəəliyinə keçməsi haqqında işarə belə olmamışdır.

 XIX əsrin əvvəllərindən başlanan köçürülmə prosesləri bir çox tarixi mənbələrdə, o cümlədən S.N.Qlinka, N.İ.Şavrov, A.S.Qriboyedov, V.L.Veliçko, S.P.Zelinski və  başqalarının əsərlərində əks olunmuşdur. XIX əsrin 90-cı illərinin ortalarından etibarən erməni məsələsinin Türkiyədən Zaqafqaziyaya köçürülməsi, ”Daşnaksütyun” partiyasının burada fəaliyyətinin gücləndirilməsi Qafqazda milli düşmənçilik və ədavət toxumlarını səpdi.  Daşnaklar bu yerlərdə göründükləri ilk vaxtlardan etibarən terror aktları törədərək özlərinin həqiqi simalarını göstərməyə başladılar.

Çar hakimiyyətinin yürütdüyü mürtəce siyasətə cavab olaraq Azərbaycanın tanınmış ziyalıları və görkəmli ictimai-siyasi xadimləri millətin taleyi  ilə bağlı məsələlərin həll edilməsi uğrunda fəal mübarizəyə qoşuldular. M.Ə.Rəsulzadənin"Stalinlə ixtilal  xatirələri” kitabında qeyd  edildiyi  kimi: "Milli özəllikləri (xüsusiyyətləri) heç bir zaman  unutmamış xalqımızda hürriyyət və milli istiqlal fikirlərini mənimsəyən yeni bir  münəvvər nəsil yetişmişdi: bu nəsil mənsub olduğu kütləyə istifadə edə bildiyi vasitələrlə xidmət etmək istəyirdi”.

İmperiya ərazisində vəziyyətin kəskinləşdiyini görən II Nikolay vaxt qazanmaq məqsədilə 1905-ci il oktyabrın 17-də Manifest imzaladı. O vaxtlar Rusiyada həmin Manifestə "Azadlıqlar Manifesti» də deyilirdi. Həmin Manifest siyasi və ictimai  təşkilatların yaradılması  prosesinə güclü təkan verdi. 1905-ci il 17 oktyabr tarixli Manifestdən sonra bütün Rusiyada açıq şəkildə fəaliyyət göstərən yüzlərlə cəmiyyət, təşkilat və hətta siyasi partiyalar yaradıldı. Azərbaycanın milli burjuaziyası və ziyalıları 1905-1906-cı illərdə yaradılmış "Müsəlman Xeyriyyə Cəmiyyəti”, "Nəşri-maarif”, "Nicat”, "Səadət”, "Səfa” mədəni-maarif cəmiyyətləri xalqın maarifləndirilməsinə və onun mədəni inkişafına çalışırdılar. Lakin mütləqiyyət  imperiyanı bürüyən həmin proseslərə lazımı diqqət yetirmir, milli məsələdə isə bir  addım  da  olsun  güzəştə  getmir və əksinə  olaraq, birinci  Rusiya  inqilabı  illərində  millətlərin əsarətdə saxlanmasının köhnə idarəetmə formalarına qayıtdı. Mütləqiyyət  Qafqazın 1844-1881-ci  illər  ərzində  idarə  olunması  təcrübəsindən  istifadə  olunmasına  qərar  vermiş və ilk  növbədə, 1905-ci  il  fevralın  26-da  Qafqazda  geniş  mülki  və  hərbi  səlahiyyətlərə  malik  canişinliyi  bərpa  etmişdi. Canişin Vorontsov-Daşkova verilmiş çar reskriptində  qeyd edilirdi ki, bu orqanın birinci vəzifəsi  Qafqazda yubanmadan dinclik yaratmaqdır. 1905-ci il fevralın 18-də II Nikolayın  fərmanı ilə Bakıda və  Bakı quberniyasında, 1905-ci  ilin  sentyabrında isə Yelizavetpol quberniyasında hərbi vəziyyət rejimi  tətbiq  edildi. 1905-1907-ci  illərin I rus inqilabı  dövründə  çarizm  öz  hökmranlığını  saxlamaqdan ötrü bir sıra süni tədbirlər  həyata  keçirdi. Belə süni  tədbirlərdən  biri  də  müxtəlif  millətlər  arasında  ədavət  yaratmaq idi. M.Ə.Rəsulzadə çarizmin siyasətini tənqid edərək yazırdı: "Rusiya məmləkətində hökm sürən istibdadın ən qədim və köhnə  üsullarından biri budur ki, istibdad özünə tabe  olan  millətləri  bir-biri  ilə  yağılaşdırıb,   beləcə,  müxtəlif  millətlər  arasında  ziddiyyət  və  düşmənçilik  salırdı”. 

1905-ci il fevralın 6-da Bakının  mərkəzində, erməni  kilsəsinin  yaxınlığındakı  "Parapet” meydanında Bakı qəzasının Sabunçu kənd sakini, varlı müsəlman Ağarza  Babayevin ermənilər tərəfindən öldürülməsi azərbaycanlılarla ermənilər arasında qanlı  qarşıdurmanın başlanmasına təkan verdi Bakı qəza rəisinin Bakı qubernatoruna  göndərdiyi 7 sentyabr 1905-ci il tarixli 3233 №-li raportunda qeyd edilirdi: "...iğtişaşlar  başlayan vaxtdan mənim diqqətim həm yanğının baş verdiyi, həm də tatarlarla  ermənilər arasında qırğının baş verə  biləcəyi  daha  təhlükəli  bölgə  olan  Bibi-Heybətə   yönəlmişdi. Bibi-Heybət polis bölməsinin məlumatlarında iğtişaşların ermənilər tərəfindən törədildiyi qeyd edilirdi. Onlar Bakı şəhərində qərar tutmuş  yeganə hərbi hissə olan 2-ci kazak  alayının 2-ci sotnyasının düşərgəsini atəşə  tutmağa  başlamışdılar

1905-ci il fevralın 6-da Bakıda başlamış qanlı qarşıdurmalar qısa müddətdə  Azərbaycanın başqa qəzalarına, o cümlədən Naxçıvan, Ordubad, Cavanşır, Şuşa, Qazax, İrəvan, Eçmiədzin, Zəngəzur, Dərələyəz, Göyçə,Vedi  və  digər  bölgələrə  də yayılmışdır. Erməni-müsəlman  toqquşmaları 1906-cı  ildə  yenidən  Bakı, Yelizavetpol  və   İrəvan  quberniyalarında təşkil olundu. 1905-ci ildə erməni-azərbaycanlı ziddiyyətlərinin kəskinləşməsi milli siyasi partiyanın  yaradılmasını  zərurətə  çevirdi. İrticaçı  partiya   olan "Daşnaksütyun”-a və onun  silahlı  qüvvələrinə  qarşı  siyasi  partiyanın  və  döyüş  drujinalarının  yaradılması həyati  zərurətdən irəli gəldi.

1906-cı ilin avqustunda Şuşada Ə.b.Ağayevin başçılığı altında "Difai” partiyası yaradıldı. Mərkəzi Komitəsi Bakıda yerləşən partiya əsasən Qarabağda fəaliyyət göstərirdi. Partiyanın yaranmasının əsas səbəbi erməni daşnakların azərbaycanlılara qarşı törətdiyi qırğınların qarşısını almaq idi. Döyüşkən partiya kimi yaranmasına və rus rəhbər orqanlarının nümayəndələrinə qarşı bir sıra qəti tədbirlər keçirməsinə baxmayaraq, "Difai” partiyası yalnız hərbi məqsədlər  güdmürdü. Partiya  Azərbaycan  xalqını  erməni  qırğınlarından xilas  etməyi, həm  də  müsəlmanların  maariflənməsi  uğrunda  mübarizə  aparmağı özünün başlıca məqsədi elan etmişdi. Partiyanın  ən  fəal  şöbələrindən biri Şuşada fəaliyyət göstərirdi və Qarabağ Məclis Birliyi adlanırdı. Azərbaycan Respublikası Dövlət Tarix Arxivində saxlanan "Polis departamentinin  xüsusi  şöbəsi” adlı fondun materiallarında Mikayıl İsrafilov adlı bir nəfərin şahidlik  ifadəsi mövcuddur. Həmin sənəddə "Difai” partiyasının Bakıda yaşayan "İrşad” qəzetinin  redaktoru  Əhməd  bəy  Ağayevin  təşəbbüsü  və  rəhbərliyi ilə meydana  gəldiyi və onun partiyanın  başçısı  və  Mərkəzi  Komitəsinin  sədri olduğu  qeyd  edilir. Bildiirilir  ki, Əhməd bəy Ağayev 1906-cı il avqustun əvvəllərində son qırğın zamanı Şuşaya  gələrək  nüfuzlu və fəxri tatarların (azərbaycanlıların-R.S.) yığıncağını keçirir. Ağayev, doktor  Mehmandarov  və  b. çıxışlarında bildirirlər ki, müsəlmanlar indiyə qədər rus  hökumətinə  sadiq  qaldığı  halda,  əvəzində  general  Qoloşapov  erməni  xumbaları  ilə  birləşərək  imkanlı  tatarların evlərini, saray və  məscidlərini  dağıtdılar, minlərlə  müsəlmanları  aclığa  düçar  qoydular. Həmin  yığıncaqda  canişindən general  Qoloşapovun  geri  çağırılmasının  xahiş  edilməsi  və  müraciətnamənin  buraxılması haqqında qərar qəbul edildi. Buraxılmış müraciətlərin birində partiyanın  yaradılmasının  məqsədi  və  qarşıya  qoyulan  vəzifələr haqqındakı geniş  şərh verilirdi.

 Şuşada  azərbaycanlı  əhalinin vəhşicəsinə qırılması və qovulmasında hərbi yardım göstərən general  Qoloşapov 1906-cı il noyabrın 8-də Tiflisdə partiyanın tapşırığı  ilə  Hüsü  Əli, Kleşşinski  isə  1907-ci  il  aprelin  25-də  Seyid  Miriş  tərəfindən  qətlə  yetirilmişdir. Hər iki  sui-qəsdin  məsuliyyətini  öz  üzərinə  götürən  partiyanın  buraxdlğı  intibahnamədə qeyd edilirdi: "Müsəlmanlar! General Qoloşapov aldığı iki güllə  yarasından  bizim  üçün   nifrətamiz  həyatına biabırcasına son qoydu. O, Qarabağda törətdiyi pisliklərə görə "Difai” partiyası  tərəfindən  ölümə məhkum  edilərək  layiq  olduğu piyaləni içdi. Bu, "Difai” partiyasının Qafqaz müsəlmanlarının qeyrət və ləyaqətinin müdafiəsi yolunda ilk çıxışı və xalqın  qaynamaqda olan hiddətinin  intiqam aktıdır... İndi  "bu  müsəlmanların daha çox qanını tökün” deyən  Qoloşapovun  yüzlərlə qurbanının  qəlbi  sakitləşər. İndi  minlərlə köməksiz ana və bacıların göz  yaşları  quruyar. İndi  Zəngəzur, Şuşa, Cəbrayıl  və  Cavanşir  qəzalarının  minlərlə  müflisləşmiş  sərgərdan  əhalisi, heç  olmasa, bir  balaca  dincələr”. Müraciətnamə  "Yaşasın  "Difai!”, "Məhv olsun xalqın cəlladları və xəyanətkarlar” sözləri ilə bitirdi.

"Daşnaksütyun”-un saysız-hesabsız erməni terrorları ilə müqayisədə  "Difai” partiyasının  sui-qəsd  aktları  o  qədər  də  nəzərə  çarpacaq  dərəcədə  olmasa da, çar üsul-idarəsi, habelə ermənilər azərbaycanlıların  daha  əvvəlki  kimi  sakit  oturub  hökumətə  itaət  edərək  erməni  xumbalarının  qarşısından  qaçması hallarına  son  qoyulduğunun, ciddi  və  inadla  müqavimət  göstərdiyinin  şahidi  oldular. Bununla əlaqədar olaraq partiyanın müraciətnaməsində deyilirdi: "Mütəşəkkil  hərbi  qüvvəyə malik, eyni  zamanda yeni  silahlarla, hətta  toplarla  təchiz  edilmiş  daşnak  partiyası bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən də Qafqaz  hökumətini özünə tabe edərək  ümdə  məqsədlərinə nail  olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan  bütün   müsəlmanları qırdıqdan  sonra  torpaqlarını  işğal  etməkdir. Bu məqsədlərinə  nail  olduqdan  sonra  ermənilərin  fikirləri  Qafqazda ermənilər üçün milli  müstəqil  bir  idarə  yaratmaqdır. Əgər  daşnak  partiyası  namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətinin həqiqi proqramını aşkar söyləyərlərsə və bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlığı və  müstəqilliyinə xələl gətirmirsə, o zaman biz birlik əlimizi həmişə  ona  uzatmağa  hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar  edərlərsə,  bizdən  layiqli  cavabını  alar  və  Qafqaz  başdan-başa  sonsuz  qanlı  səhnə  halına  düşər”.

Tanınmış ictimai-siyasi xadim Əhməd bəy Ağayev tərəfindən "Difai” partiyasının yaradılması Azərbaycanın müsəlman-türk əhalisinin erməni təcavüzündən və repressiyalarından qorunmasında misilsiz rol oynadı. "Difai” ərəbcə müdafiə deməkdir. Adından da göründüyü kimi, bu partiya özünümüdafiə, antiterror təşkilat kimi fəaliyyət göstərmişdir. Əgər "Daşnaksütyun” partiyası elə ilk vaxtdan etibarən yeni ərazilər  iddiasında olan və öz etnosunun müstəsnalığını bəyan edən bir terror təşkilatı kimi  yaranmışdırsa, "Difai” partiyası erməni  terrorçularının  bu hərəkətlərinə  cavab  olaraq, antiterror  təşkilat  kimi  fəaliyyət  göstərmişdir. ”Difai”  partiyasının  yaradılmasının  başlıca səbəbi  1905-1906-cı  illərin  erməni-azərbaycanlı  münaqişəsi  olmuşdur. ”Difai” partiyasına öz dövrünün  yüksək  təhsilli, Avropanın  nüfuzlu  universitetlərində  təhsil  almış  azərbaycanlı  ziyalılar  rəhbərlik  edirdi. "Difai” partiyasının meydana  gəlməsini  Azərbaycanda  milli  mənlik  şüurunun  formalaşmasının  parlaq  ifadəsi  kimi  qəbul  etmək mümkündür. "Difai”  partiyası  nümayiş  etdirdi  ki, Azərbaycan  xalqı  özü öz  taleyini  həll  etmək, lazım olduqda güc strukturlarını yaradaraq özünü  müdafiə  etmək iqtidarındadır.

 Tarixin ibrət dərslərindən ermənilər düzgün nəticə çıxarmalı və Azərbaycana  qarşı işğalçılıq siyasətindən əl çəkməlidirlər. Gec də olsa, millətçi erməni-daşnak  qüvvələri Qarabağda törətdikləri özbaşınalıqlara  son  qoymalı və bilməlidirlər ki, vaxt gələcək törətdikləri haqsızlıqlara, günahsız insanların tökülən qanlarına görə cavab verməli olacaqlar. Təcavüzkar erməni-daşnak qüvvələri bunu birdəfəlik dərk etməlidirlər ki, əzəli və əbədi türk torpağı olan Dağlıq Qarabağda ikinci erməni dövlətinin  yaradılmasına Azərbaycan xalqı heç vaxt imkan verməyəcək. Separatçı erməni-daşnak qüvvələrinin Qafqazdakı təcavüzkar fəaliyyətinə son qoyulmalıdır və bu,  Azərbaycan xalqının və  zamanın tələbidir. Dünyanın mütərəqqi  ictimaiyyəti Qarabağda, xüsusilə  Xocalıda  nümayiş  etdirilmiş  erməni  faşizminin  inkişaf etməsinə yol verməməli, bəşəriyyətin birgə  səyləri  ilə dirçəlməkdə olan erməni faşizminin  qarşısı  alınmalıdır.    

 

 

Rafiq  Səfərov,

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 

Sənədlərin nəşri və istifadəsi şöbəsinin 

Baş məsləhətçisi

                                  

 

 



Bugün: 747
Dünən: 816
Bu həftə: 3225
Son həftə: 6294
Bu Ay: 22228
Son Ay: 25108
Bu İl: 288377
Ümumi: 1308798
1308798